Əsas Səhifə > Redaktor seçimi > 1954-cü ildə kimya üzrə Nobel mükafatçısı – LAYNUS KARL POLİNQ (1901-1994)
1954-cü ildə kimya üzrə Nobel mükafatçısı – LAYNUS KARL POLİNQ (1901-1994)13-06-2025, 11:45 |
![]() Amerikalı kvant kimyaçısı vəbiokimyaçı, kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi tanınanLaynus Karl Polinq ABŞ-da Oreqon ştatında Portlend şəhərində əczaçı ailəsində anadan olmuşdur (1901-ci il fevralın 28-də). Polinqin ailəsi alman imiqrantlarından hesab olunurdu. Laynus Polinq ABŞ-ın Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. Atası Herman Henri Uilyam Polinq (1876–1910) Missuri ştatının Konkordiya şəhərindən, anası Lusi İzabella Darlinq (1881–1926) isə Oreqon ştatının Lonerok şəhərindən idi. Herman əczaçı idi və işində uğursuz bir adamdı. Buna görə də 1903-1909-cu illər arasında Oreqon ştatında bir neçə dəfə (son olaraq Portlendə) köçmüşdü. Hermen mədə xorası nəticəsində ölmüşdü (1910). İzabella sonradan Cozef Ney ilə evlənənə qədər övladları Laynus, Pol və Frensis ilə tək qalmışdı.Laynus Polinq oxumağı çox sevən uşaqdı. O, məktəbə getməmişdən əvvəl oxumağı öyrənmişdi. Atasının yazdığı məktub və kitabları oxuyurdu. Onun doqquz yaşı olanda artıq Bibilyanı və Darvinin “Təkamül təlimi” əsərlərini oxumuşdu. Məktəbdə oxuduğu zaman kimya və biologiyanı sevmiş və müxtəlif herbarilər toplayırdı. Laynus Polinq ibtidai sinifdə oxuyarkən, dostu Lloyd Ceffers öz otağında kiçik bir kimya laboratoriyası qurmuşdu. Laynus Polinq sonradan kimya mühəndisi olmasına bu laboratoriyanın təsiri olmuşdur. Orta məktəbdə oxuyarkən Laynus Polinqin kimyaya olan marağı davam elədi. O, atasının iş yerinə yaxın olan polad müəssisəsində gecə mühafizəçisi olaraq işləməyə başladı.Laynus Polinq məktəbdə “Amerika tarixi” dərsindən lazım olan qiyməti ala bilmədiyi üçün məktəbdən buraxılış sənədi ala bilmədi. 45 il sonra, Laynus Polinq Nobel mükafatını qazandığı zaman məktəb bu sənədi ona hədiyyə etdi. Orta məktəbi bitirdikdən sonra Laynus Polinq Oreqon Aqrar Kollecinə daxil olmuşdur (1917). Bura hal-hazırda Oreqon Ştatı Universiteti olaraq fəaliyyət göstərir. Kollecdə oxuduğu illərdə Delta Upsilon adlı birlik ona dəstək göstərdi.Çünki maddi cəhətdən çətinlik çəkirdi. O, düşünürdü ki, eyni anda həm oxumağa, həm də işləməyə məcburdur. Kollecin ikinci ilində anasına maddi cəhətdən dəstək olmaq üçün işə başlamağı planlaşdırırdı, amma kollec ona kurslarda köməkçi olmağı təklif elədi. Bu təklif ona təhsilini davam etdirməyə kömək oldu.Növbəti iki ildə atom və kimyəvi maddələrlə bağlı apardığı tədqiqatlarla Gilbert Levis və İrvinq Lenqmuirin maraq dairəsinə düşməyi bacarmışdı. O, fizika və kimya sahəsində tədqiqatlara və kvant kimyasının bünövrəsini qoymağa başladı. Laynus Polinq kolleci fərqlənmə ilə bitirdikdən (1922).Sonra Kaliforniya Texnologiya İnstitutunda Roskoe Dikinsonun yanında kimya mühəndisliyi ixtisasında təhsil almağa başladı. Bu müddət ərzində o, rentgen şüalarının kristallara olan təsirini müşahidə etmişdir. Bir neçə il sonra fiziki kimya və fiziki riyaziyyat mövzuları üzrə doktorluq müdafiə etdi (1925). XX əsrin 20-ci illərinin sonunda o, professor və rentgen kristalloqrafiyası üzrə ilk mütəxəssislərdən biri olur. Həmin dövrdə Polinq özünün rezonans və ya hibridləşmə nəzəriyyəsini irəli sürür (1928). Bu nəzəriyyə benzolun quruluşunu dəqiqləşdirməyə imkan vermişdir. Onun işlədiyi üsul sonralar müxtəlif maddələrin molekullarının xasələrini öyrənərkən istifadə olundu. Amma onun üçün başlıca istiqamət zülalların biokimyasının tədqiqi olmuşdu. O, ilk dəfə olaraq rentgen kristalloqrafiyasından istifadə edərək zülaların və aminturşuların atom və molekulyar quruluşlarını öyrənməyə başlamışdır.Polinq əməkdaşları ilə birlikdə ilk süni antitellər almağa nail olur, həmçinin qanda olan və qlobulin kimi tanınan zülalların bəzilərinin kimyəvi strukturunu dəyişə bilir (1942). Aydın olur ki, orqanizmə virusların, bakteriyaların və toksinlərin daxil olduğu zaman xüsusi hüceyrələr tərəfindən antitel adlanan qlobulin molekulları sintez edilir. Polinq və C. Bidll poliomelit virusunun sinir hüceyrələrini dağıtma mexanizmini tədqiq etmək üçün uzun müddət tədqiqatlar aparmışlar (1947). Elmi tədqiqat işləri ilə yanaşı Polinq müəllimlik fəaliyyətini də davam etdirir və bir il müddətində Oksford universitetində professor vəzifəsində çalışır. Polinq irsi orağabənzər anemiya xəstəliyinə tutulanların (venada oksigenin miqdarı az olur) yalnız venoz qanında qırmızı qan hüceyrələrinin orağa bənzər olduğunu bilərək bu xəstəlik üzərində tədqiqatlar aparır (1949). Hələ işin başlandığından Polinq belə bir ehtimal irəli sürür ki, qırmızı qan hüceyrələrinin orağabənzər forması eritrositdə hemoqlobinin dərinliyində genetik defekt səbəbindən əmələ gəlir. Üç il sonra Polinq sübut edə bilir ki, anomaliyanın səbəbi molekulun zülal hissəsində kənaraçıxmadır. Polinq və Kori 14 il davam edən tədqiqatların nəticələrini çap etdirirlər (1951). Bu, zülalların molekulyar strukturlarının ilk təsviri idi. Tük, yunda, əzələlədə, dırnaqda və digər bioloji toxumalarda zülalların analizi üçün rentgen kristalloqrafiya üsulunu tətbiq edərək onlar aşkar etmişlər ki, zülalda aminturşu zəncirləri biri digərinin ətrafında elə burulmuşdur ki, spiral əmələ gəlmişdir. Polinqin fikrincə DNT üç qat spiral olmalıdır. Lakin, bir neçə ay sonra Frensis Krik və C.D. Uotson özlərinin sonradan məşhurlaşan məqaləsini çap etdirərək DNT-ni iki qat spiral kimi təsvir etmişdilər. Aydın olur ki, Polinq iki spiral burumlarının biri-birinin üzərinə yerləşməsi imkanını nəzərə almamışdır. Laynus Polinq “kimyəvi əlaqənin təbiətinin tədqiqinə və onu birləşmələrin strukturunun müəyyən olunması üçün istifadəsinə görə” kimya üzrə birinci dəfə Nobel mükafatına layiq görülmüşdür (1954). Polinqin həyatı sanki iki bərabər hissəyə bölünür. Birincisi elmə həsr olunmuşdur. O, heyrətləndirici intuisiyaya malik idi və təkcə çoxlu kəşflər etməyi bacarmaqla fərqlənmədi, həmdə bir neçə elmi sahələrin inkişaf yollarını müəyyən etməyi bacardı. Onun həyatının ikinci yarısı sülh uğrunda mübarizəyə həsr olunmuşdu. Təsadüfi deyil ki, o, iki dəfə Nobel mükafatına layiq görülmüşdür – kimya sahəsində kəşflərə görə və ictimai fəaliyyətinə görə. O, nüvə müharibəsinin təhlükələri haqqında mühazirələr oxuyurdu (1945-1946). Çünki, o, bioloq kimi digərlərindən yaxşı bilirdi ki, nüvə silahı ətraf mühitə necə dəhşətli təsir edə bilər. Polinq Albert Eynşteyn və digər yeddi atomçu alimlər tərəfindən təsis olunmuş atomçu alimlərin Fövqəladə Komitəsinin yaradıcılarından biri olmuşdur (1946). Bu alimlər nüvə sınaqlarının atmosferdə keçirilməsinin əlehinə mübarizə aparırdılar. Polinq nüvə sınaqlarını dayandırmaq tələbi olan müraciətnamənin layihəsini tərtib etdi (1957). Bu müraciətnaməni 49 ölkədən 11 mindən çox alim imzalamış vəPolinq bu sənədi o vaxt BMT-nin baş katibi olan Daq Xammerşeldə təqdim etmişdi. Polinqin cəhdləri nəticəsində elmi əməkdaşlıq və beynəlxalq təhlükəsizlik uğrunda alimlər hərəkatı təsis olundu. Beynəlxalq təhlükəsizlik hərəkatının tərəfdarlarının birinci konfransı Kanadada Paquoş şəhərində çağrıldı (1957). Hərəkat Paquoş hərəkatı adını aldı. Laynus Polinq antihərbi kompromissiz fəaliyyətə görə sülh Nobel mükafatına ikinci dəfəlayiq görülmüşdür (1963). Özünün ikinci Nobel mükafatını aldıqdan sonra polinq müəllimlik işini dayandırır və Kaliforniya ştatında Santa-Barbara demokratik institutların öyrənilməsi mərkəzində professor – tədqiqatçı işləmişdir. Amma alim elmsiz yaşaya bilmir və artıq iki ildən sonra San Dieqoda Kaliforniya universitetində kimya professoru işləməyə başlayır. Polinq zəngin fəaliyyətinə görə çoxlu sayda digər təltiflərə də layiq görülmüşdür: Hukenhaym mükafatı (1926, 1927, 1965), Amerika kimya cəmiyyətinin mükafatı (1931), İrvinq Lənqyumir (1931), Sillimal mühazirələri mükafatı (1945), Hibbs mükafatı (1946), London kral cəmiyyətinin Devi medal (1947), Messencer mühazirələri mükafatı (1959), Hümanist il mükafatı (1961), Qandi adına Dünya sülh mükafatı (1966), Laynus Polinq mükafatı (1966), Reblinq medal (1967), “Xalqlar arasında sülhü möhkəmlətməyə görə” beynəlxalq Lenin mükafatı (1971), “Pi, Beta, Kappa” elmi mükafatı (1971), ABŞ-ın milli elmi medalı (1974), “Elmi nailiyətlərə görə” ABŞ-ın Milli elmi fond medalı (1975), SSRİ Elmlər Akademiyasının Lomonosov adına qızıl medalı (1978), Amerika Milli Elmlər Akademiyasının kimya üzrə mükafatı (1979), Amerika kimya cəmiyyətinin Pristli medalı (1984), Lavuazye medalı (1986), Venvera Buş medalı (1989), Tolmen medalı (1990), Amerika fəlsəfə cəmiyyətinin Bendjamin franklin medalı (1994). XX əsrin 70-ci illərində Polinq molekulyar təbabət üzrə tədqiqatlarla məşğul olmuşdu. Alim insan orqanizminə C vitaminin bioloji təsiri ilə maraqlanmışdı. Lazımi material əldə etmək üçün Polinq həyat yoldaşı ilə birlikdə bu vitamini qəbul etməyə başlamışdı. Polinq Palo-Altoda Elmi tibbi institut yaratmışdı (1973). Polinq təsdiq edirdi ki, hiss olunacaq dərəcədə C vitamini qəbulu ömrün uzanmasına və müəyyən xərçəng növlərinə tutulmuş xəstələrin vəziyyətinin yaxşılaşmasına kömək edir. Qeyd edək ki, Polinqin “Xərçəng və C vitamini” adlı kitabı çap olunmuşdu (1979). Amma xərçəng xəstəliklərinin tanınmış (nüfuzlu) tədqiqatçıları onun arqumentlərini inandırıcı qəbul etmirlər. Sonralar o, vitaminlər əsasında bütöv seriya yeni dərmanlar yaratdı. Maraqlıdır ki, Polinq uzun müddət onların seriyalı istehsalına cəhd etmədi. Polinq ilk dəfə olaraq özünün inqilabi tədqiqatlarını praktikada həyata keçirmək qərarını qəbul edir (1993). O, “İrvin” firması ilə müqavilə bağlayaraq öz preparatlarının istehsal hüququnu bu firmaya vermişdr. Bundan başqa Polinq “ömürün uzadılması formulu” adlandırılan xüsusu kompleks qida əlavələri də işləyib hazırlamışdı. Laynus Polinq etdiyi kəşflərlə elmə və insanlığı böyük xidmətlər göstərmişdir. "New Scientist" jurnalına görə "ən böyük 20 alim" sırasına daxil edilmişdir. O, “Nature” jurnalında Qautam R. Desiraju tərəfindən yazılan “Milenyum” adlı məqalədə dünyanın ən böyük nəzəriyyəçiləri arasında, Nyuton, Qaliley, Eynşteynlə bir sırada göstərilmişdir. Bundan başqa Laynus Polinq kvant mexanikası, qeyri-üzvi kimya, üzvi kimya, zülal quruluşu, molekulyar biologiya və tibbə böyük xidmətlər etmişdir. Laynus Polinq çağdaş kvant kimyasının atası hesab olunur. Bundan əlavə elmi ədəbiyyata hibridləşmə və elektromənfilik anlayışlarını daxil etmişdir. Frensis Krik onu molekulyar biologiyanın atası hesab edir. Laynus Polinq Nobel Sülh mükafatını və Lenin Sülh mükafatını qazanandan sonra o, “Milli İcmal” (ing. The National Review) jurnalının hədəfinə tuş gəldi, xüsusilə, jurnalın 17 iyul, 1962-ci ildəki sayında olan “Kollaboratorlar” başlıqlı məqaləsində. Polinq sadəcə kollaborator deyil, həm də Sovet üslublu kommunizm tərəfdarlarının “yoldaş”ı adlandırılırdı. Jurnalın bu məqalələri 3 il davam edən məhkəmə iddiasına gətirib çıxardı. Polinq jurnalı, yazar Uilyam Raşeri və redaktor Uilyam Baklini məhkəməyə verərək 1 milyon dollar tələb etmişdir (1965). Ardınca, o məhkəməni və sonra isə appelyasiya məhkəməsini uduzmuşdur (1968). Hər iki məhkəməni uduzmasına və jurnal tərəfindən davamlı ittihamlara baxmayaraq Polinqin hörmətinə xələl gəlməmişdir. Laynus Polinq Ava Helen Miller (Oreqon) adlı qadınla ailə qurmuşdur. Onun üç oğlu – [Laynus Karl Polinq (1925, Honoluluda yaşayır), Piter Ceffers Polinq (1931–2003), kimyaçı və kristallarla maraqlanan alim olmuş, ölənədək Uelsdə yaşayıb, Edvard Krellin Polinq (1937–1997), San Fransisko Ştatı Universiteti və Kaliforniya Universitetində biologiya professoru] və bir qızı olub [Linda Helen Polinq (1932)]. Onun 15 nəvəsi və 19 nəticəsi vardır. Laynus Polinq Kaliforniya ştatında Biq-Sur şəhərində prostat xərçəngindən vəfat etmişdir (1994-cü il avqustun 19-da). Əli Zalov Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |