Əsas Səhifə > Redaktor seçimi > 1955-ci ildə kimya üzrə Nobel mükafatçısı – VİNSENT DU VİNO (1901-1978)
1955-ci ildə kimya üzrə Nobel mükafatçısı – VİNSENT DU VİNO (1901-1978)13-06-2025, 20:36 |
![]() Amerikalı biokimyaçı Vinsent Du Vino İllinoys ştatında Çikaqo şəhərində fransız əsilli mühəndis – maşın ixtiraçısı və konstruktoru Alferd Du Vinonun və Meri Teresa du Vinoun ailəsində anadan olmuşdur (18 may 1901-ci ildə). O, Çikaqoda Karl Şulsun orta məktəbini bitirdyi (1918) zaman Birinci Dünya müharibəsi gedirdi. Gənclər fermada kömək etməyə cəhd edirdilər. Ona görədə Vino fermada işləyir və inək sağırdı. Bu işlər onu gələcəkdə fermer olmağa sövq edirdi. Ancaq bacısı Beatris onun fikrlərini dəyişdirir və Vino İllinoys universitetinə daxil olur (1919) (1867-ci ildə yaradılmış İllinoys Universiteti Urbana və Şampaign birləşmiş şəhərlərində yerləşir. Bu universitetdə 51 mindən çox tələbə və aspirant təhsil alır, 2,5 mindən çox müəllim çalışır. Onlardan 11-i Nobel mükafatçısıdır. Universitetin büdcəsi ildə bir milyard dolları ötür (2006-cı ildə 1,371 milyard) və burada yaxşı inkişaf etmiş kompüter şəbəkəsi fəliyyət göstərir.) və burada üzvi kimya üzrə ixtisaslaşır və bakalavr dərəcəsi (1923), növbəti ildə kimya üzrə magistr dərəcəsi alır (1924).Vino Lyusin biokimyadan və Rozenin dietologiyadan mühazirələrini dinləyirdi. Sonralar o Fladelfiyada hərbi qospitalda həkim Valter Karrın yanında işləmişdir. Həmin ilin yazında professor C.R.Murlinin təklifi ilə o, Roçester universitetində yeni yaradılan Tibb məktəbi nəzdində həyat təminatı iqtisadiyyatı fakultəsinə (hazırda endokrinologiya və metabolizm fakultəsi) keçir (1925). (Reçester Universiteti Nyu-Yorkun Roçester şəhərində yerləşən ABŞ-ın özəl tədqiqat universitetidir. Universitetə nüfuzlu Eastman Musiqi Məktəbi də daxil olmaqla 6 məktəb daxildir. Universitet 1850-ci ildə yaradılıb və o vaxtdan bəri tədqiqat və təhsil sahəsində əhəmiyyətli irəliləyişlər əldə edib. Universitet əməjdaşlarından 8 nəfər Nobel Mükafatı, 54 nəfər isə Dünyada çox nüfuzlu sayılan müxtəlif mükafatlar almışlar. Universitetinin əməkdaşları NASA-ya məsləhət verən alimlərin təxminən dörddə birini təşkil edir.) Vinonun insulinə marağı hələ universitetdə oxuduğu zaman yaranmışdı. Reçester universitetində Vino insulinin kimyəvi tərkibini tədqiq edir və “İnsulinin tərkibində kükürd” adlı dissertasiya müdafiyə edərək kimya üzrə doktor dərəcəsi alır (1927). İki il sonra o, yazmışdı ki, insulin yəqin ki, aminturşuların törəməsidir. O, həmçinin kəşf etmişdi ki, insulin yalnız aminturşulara və amonyaka malikdir, amma sonradan sübut olunmuşdur ki, ammonyak əlavə məhsuldur. Gənc yaşında Du Vino biokimya professoru olur və Corc Vaşinqton universitetinin Tibb məktəbində biokimya fakultəsinə rəhbərlik edir (1932). O, əməkdaşları ilə birlikdə üç amin turşunun kompleks birləşməsi olan qlutationu sintez etmişdir (1936). Dyu Vino Nyu-Yorkda Kornelsk universitetinin Tibb kollecinin biokimya fakultəsinin dekanı olmuşdur (1938). Burada o, oksitosin və vazopressin hormonlarını ayırmaq, təmizləmək və sintez etmək cəhdlərini davam etdirmişdir. O, həmçinin, qara ciyər toxumasından və süddən biotin fermentini ayırmışdır. Bu ferment hüceyrənin tənəffüsündə iştirak edir. Du Vino sübut etmişdir ki, bu ferment strukturuna və xassələrinə görə o dövrdə H vitamini və ya R fermenti kimi tanınan maddə ilə eynidir. Du Vino və onun əməkdaşları ilk dəfə olaraq kristallik oksitosin alır və o, doğuşu stimullaşdırıcı maddə kimi qadınlarda sınaqdan keçirilmişdir. Onlar sübut etdilər ki, oksitasin kilinik tətbiq üçün səmərəlidir. Bu, polipeptid hormonun laboratoriya şəraitində sintezinə ilk cəhd idi. Dyu Vino “bioloji aktiv birləşmələrlə iş və hər şeydən əvvəl ilk dəfə olaraq polipeptid hormonun sintezini həyata keçirdiyinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1955). O, İtakda Kornelsk universitetinin kimya üzrə professoru (1967-1975), Rokfeler tibb tədqiqatlar institutunun, artrit və metabolik xəstəliklər Milli institutunun və Nyu-Yorkda sağlamlıq tədqiqat institutunun şurasının üzvü olmuşdur. O, həmçinin Qarveevsk cəmiyyətinin və Amerika bioloji kimya cəmiyyətinin prezidenti və eksperimental biologiya üzrə amerika cəmiyyətləri Fedarasiyası şurasının sədri olmuşdur. Bundan əlavə Du Vino ABŞ Milli elmlər akademiyasının (1944), Amerika fəlsəfə cəmiyyətinin (1944), Upsal Kral cəmiyyətinin (1950) üzvü, Edinburqda Kral cəmiyyətinin (1954) və London Kral cəmiyyətinin (1959) fəxri üzvü olmuşdur. O bir sıra mükafatlarla təltif edilmişdir. Onlardan Vaşinqton kimya səmiyyətinin Qllebrand mükafatını (1936), Amerika kimya cəmiyyətinin Nikol medalına (1945), Amerika Tibb kollecləri assosiyasiyasının Borden mükafatını (1947), ABŞ hökumətinin hərbi tədqiqatlarına görə Merita mükafatına (1948), Lasker mükafatını (1948), Messencer mühazirələri mükafatına (1949) və Ullard Hibbs mükafatına (1956) layiq görülmüşdür. Vinsent du Vino görkəmli elmi nailiyyətləri ilə yanaşı əla müəllim və mühazirəçi idi. Onun əməkdaşlarından biri Klaus Hofman sonralar xatırlayırdı ki, du Vinyonun tələbələrə mühazirələri maraqlı və yaxşı hazırlanmışdır. O, tədrisin vacibliyini vurğulayaraq, tədrisin tədqiqatdan daha vacib olduğunu həmişə deyirdi. Onun elmi məqalələri kimi diqqətlə hazırlanmış və təkrarlanan təqdimatlarını dinləmək əsl zövq idi. Onun laboratoriyası olduqca yaxşı təşkil olunmuşdu. O, çox məşğul insan olduğundan və həmişə məsləhətləşmək üçün əlçatan olmadığından, onunla ünsiyyət qurmaq üçün rəngli zolaqlar sistemi icad etdi. Çəhrayı çubuq yeni ideyalar və yeni tədqiqat yanaşmaları təklif etmək üçün, yaşıl çubuq tədqiqat nəticələrini bildirmək üçün, nəhayət ağ çubuq mikroanaliz sorğusu üçün idi. Ən çox du Vino yaşıl zolaqları sevirdi. İstəyirdi ki, qrupdakı hər bir tədqiqatçı onları hər həftə ona versin. Və onları böyük diqqətlə oxudu. Du Vino deyirdi ki, ona bir sıra tədqiqat nəticələri təqdim edildikdə, o, hər gün bu tədqiqatlarda iştirak etdiyi üçün bütün təcrübələrdən xəbərdar idi. Bir çox əməkdaş onun hər bir araşdırma hesabatında təfərrüatlara görə yaddaşına heyran idi, hətta aylar və illər keçsə də, o, mövcud problemə aid olan təfərrüatları xatırlaya bilirdi. İndi yaşıl zolaqların rolu aydın olur! Laboratoriyada heç kim boş durmurdu və ağır iş gündəlik iş idi. Magistratura tələbələrindən həftədə bir neçə axşam, bazar gününün bir hissəsi olmaqla laboratoriyada keçirmələri tələb olunurdu və yazı çox vaxt gecə gec saatlara qədər tamamlanırdı. Professor du Vino Nyu-Yorkun ətraflarında yaşayırdı. Elə axşamlar olurdu ki, işçilərini ziyafətə dəvət edirdi. Güclü barmaqları arasında zərif bir şəkildə tutduğu siqarını yandıran du Vino sərinləşdirici içkilər içərək və son araşdırma nəticələrini müzakirə edirdi. Du Vino laboratoriya nəticələrinə tənqidi yanaşma ilə xarakterizə olunurdu. Layihənin hər bir mümkün tərəfi uzun müddət müzakirə edilirdi, problemə aydınlıq gətirə biləcək yeni yanaşmalar və ideyalar dərindən öyrənilirdi. Təbii ki, du Vino bir komandada işləyirdi və işçiləri tərəfindən çox hörmətlə qarşılanırdı. İnsanlarla asanlıqla ünsiyyət qururdu. Hər il Vincent du Vino bütün komandasını voleybol gəzintisi və digər fəaliyyətlər üçün Skarsdeyldəki evinə dəvət edirdi. Professor du Vino insult keçirdikdən sonra onun elmi karyerası qəfil kəsildi (1974). Dyu Vino 77 yaşında Nyu-York ştatında Skarsdeyl şəhərində vəfat etmişdir (1978-ci il dekabrın 11-də). Onun həyat yoldaşı Zella bir il əvvəl vəfat etmişdir. Vincent du Vinonun bir oğlu və bir qızı var idi. Onların hər ikisi tibb təhsili almış və həkim işləyirdilər. Əli Zalov Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |