Əsas Səhifə > Redaktor seçimi > 1956-cı ildə kimya üzrə Nobel mükafatçısı - NİKOLAY NİKOLAYEVİÇ SEMYONOV (1896-1986)

1956-cı ildə kimya üzrə Nobel mükafatçısı - NİKOLAY NİKOLAYEVİÇ SEMYONOV (1896-1986)


18-06-2025, 15:33

 
​Nikolay Nikolayeviç SemyonovSaratovda anadan olmuşdur (1896-cı il aprelin 15-də). Rus və sovet fiziki-kimyaçısı və müəllimi olan bu böyük alim fiziki kimya elminin əsaslarını qoyanlardan biri olmuşdur. Ata Nikolay Alek sandroviç  Semyonov təqaüdə çıxmış zabit, daha sonra məmur idi, ömrünün sonuna qədər dövlət müşaviri və şəxsi zadəgan rütbəsi almışdır. Ana, Elena Alexandrovna (qızlıq soyadı Dmitrieva), aristokrat bir ailədən idi. Onun atası  mənşəcə rus olan Alexander Dmitrieviç Dmitriev idi.​Nikolay Semyonov Petroqrad Universitetinin professoru filoloq və Dantenin tərcüməçisi Mariya İsidorovna Boreyşa-Liverovskaya (1879-1923) ilə evlənmişdir (1921). O, Semyonovdan çox böyük idi, ilk evliliyindən dörd yetkin uşağı var idi. M.İ.Lirovskaya xərçəng xəstəliyindən vəfat etdikdən (1923) bir il sonra Semyonov onun qardaşı qızı, musiqi müəllimi Natalya Nikolaevna Burtseva ilə evlənmişdir (1924). Bu evlilikdə iki uşaq dünyaya gəlmişdir: oğlu Yuri (1925-ci il təvəllüdlü) və qızı Lyudmila (1928-ci il təvəllüdlü; musiqi müəllimi, akademik V. İ. Qoldanski ilə evlənmişdir). 1971-ci ildə Semyonov çox sonralar, 75 yaşında Natalya Nikolayevnadan boşandı və köməkçilərindən biri olan Lidiya Şerbakova ilə evləndi. Samara gimnaziyasının 7-ci sinifində oxuyanda (1912) onun fizika müəllimi Kazan universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş V.İ.Karmilov olmuşdur. Məhz bu müəllim Nikolayı elmə bu qədər həvəsləndirmişdir. Nikolay Semyanov ömrünün sonuna qədər onunla dostluq əlaqələrini kəsməmişdir. Gimnaziyanı qızıl medalla bitirən (1913) Nikolay Sankt-Peterburq politexnik institutunun fizika-riyaziyyat fakultəsinə daxil olur və məşhur rus fiziki A.F. İoffenin (Abram Fedoroviç İoffe (1880-1960) - rus və sovet fiziki, elm təşkilatçısı, adətən “sovet fizikasının atası” adlandırılan akademik (1920), SSRİ Elmlər Akademiyasının vitse-prezidenti (1942-1945). 
A.Aleksandrov, M.Bronşteyn, J.Dorfman, P.Kapitsa, İ.Kikoin, B.Konstantinov, İ.Kurçatov, N.Semyonov, J. Frenkel, H. B. Abdullayev kimi bir çox görkəmli sovet fiziklərini dünyaya bəxş dən elmi məktəbin banisi. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı) ətrafında cəmləşmiş tələbələr qrupuna daxil olur. 
Nikolay Semyanov burada İoffenin rəhbərliyi altında elektron zərbələrində atom və molekulların ionlaşmasına dair bir neçə təcrübə aparır. Universiteti bitirdikdən sonra orada  aspiranturada saxlanılır (1917). Bundan sonra Nikolay Semyanov bir müddət orduda – ağqvardiyaçıların xalq ordusunda süvari artilleriya bateriyasında könüllü xidmət etmişdir (1918).
Üç həftə xidmət etdikdən sonra Semyonov atasının ağır xəstəliyi (tezliklə vəfat etmişdir) haqqında xəbər alır və evə qayıtmaq üçün məzuniyyət götürə bilir. Samarada o, “yeni yaradılmış Ufa batareyasına özü üçün köçürmə təşkil edir”,  lakin yeni xidmət yerinə getməmiş müharibə başlayır. O, daha orduya getməyib yaxınlıqdakı universitet şəhəri olan Tomska gəlir. İki ilə yaxın, (1918-1920) (fasilə ilə) o, Tomsk Universitetində və Tomsk Texnologiya İnstitutunda çalışmışdır. Semyonov Kolçak ordusuna səfərbər olunur (1919-cu ilin sentyabrında)  və əvvəlcə Tomsk artilleriya batalyonunda xidmət edir və bir ay sonra universitet professorlarının müraciəti sayəsində radio batalyonuna köçürülür və Texnologiya İnstitutuna göndərilir. Burada elmi tədqiqatlarını davam etdirmişdir. Tomsk Qırmızı Ordu tərəfindən işğal ediləndə (1919-cu ilin dekabrında), radio batalyonu onun tərkibinə daxil olur və Semyonov Tomsk komendantının əmri ilə xidmətdən uzaqlaşdırılaraq elmi və pedaqoji işini davam etdirməyə başlayır.
​Peterburqa döndükdə İoffe fiziki-texniki rentgenoloji insititut yaratmaqla məşğul idi. Nikolay Semyanov böyük alim İoffenin təklifi ilə həmin insititutda müəllim kimi fəaliyyətə başlayır (1920) və tezliklə onun direktor müavini olur (1922). Orada P.Kapitsa (Pyotr Leonidoviç Kapitsa (1894-1984) — sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). İki 1-ci dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü). London Kral Cəmiyyətinin üzvü (1929), ABŞ Milli Elmlər Akademiyasının əcnəbi üzvü (1946), Leopoldin üzvü (1958). Altı Lenin ordeni kavaleri) ilə birlikdə maqnit sahəsində atomların maqnit momentinin ölçülməsi metodunu işləyib hazırlayır. Məşhur fizik-nəzəriyyəçi Yakov Frenkel İoffe ilə birlikdə Semyonov bu hadisələrin  ümumiləşdirici nəzəriyyəsini işləyib hazırlayır (1925) və onun işlərinin nəticələri sonralar yazdığı “Elektronun kimyası” kitabında təqdim olunmuşdur (1927). 
Semyonov həm də Leninqrad Politexnik İnstitutunun professoru (1928), fizika-mexanika fakültəsinin dekan müavini (1928-1932) və institutda kimyəvi fizika üzrə ixtisaslaşmanın təşkilinin təşəbbüskarı olmuşdur. Semyonov Moskvaya köçənə qədər Leninqrad Politexnik İnstitutunda işləyib. Fizika İnstitutunun kimya-fizika sektorunun müdiri olmuş (1927), onun əsasında SSRİ Elmlər Akademiyasının daimi direktoru olduğu Kimyəvi Fizika İnstitutunu təsis etmişdir (1931). Yarandıqdan bir neçə il sonra institut Moskvaya köçmüşdür. 
İkinci Dünya Müharibəsinin başlaması ilə Semyonov Kazana təxliyə edilmiş (1941), burada yanma və partlayış problemləri ilə məşğul olmuşdur. O, iki il sonra Kimyəvi Fizika İnstitutu ilə birlikdə evakuasiyadan Moskvaya qayıdır (1943).
Semyonov Moskva Dövlət Universitetində dərs demişdir (1944-cü ildən). Həmin il (1944) alim Moskva Universitetinin Kimya fakültəsində 40 ildən çox rəhbərlik etdiyi kimyəvi kinetika kafedrasını təşkil etmişdir. O, P. L. Kapitsa ilə birlikdə Moskva Fizika-Texnika İnstitutunun yaradıcılarından biri (1946), eyni zamanda bu İnstitutun Molekulyar və Kimyəvi Fizika şöbəsinin yaradıcısı və elmi rəhbəri olmuş və sovet atom layihəsində iştirak etmişdir (1940-1950).
Sonralar onun çalışdığı kimyəvi-fizika sektorunun əsasında SSRİ Elmlər Akademiyasının Kimyəvi fizika institutu yaradılmış (1932) və Nikolay Semyanov ömürünün axırına qədər həmin insititutun drektoru vəzifəsində çalışmışdır. Orada aparılan tədqiqatların əksər istiqamətləri hələ də onun ilk elmi maraqları ilə əlaqədardır. Semyonov SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1929) və həqiqi üzvü seçilmişdir (1932).
Bu vaxta qədər Semyonov zəncirvari reaksiyaların dərin tədqiqatlarını aparmışdı. Bu reaksiyalar kimyəvi proseslərin xüsusi növüdür. Başlayan zəncirvari reaksiya son mərhələ başa çatana qədər davam edir. Belə reaksiyaların mövcudluğunun mümkünlüyünü vaxtilə alman kimyaçısı Maks Bodenşteyn ehtimal etmişdi (1913). Nikolay Semyanov isə zəncirvari reaksiyaların mərhələlərini və onun sürətini izah edən nəzəriyyə yaratmışdır. Onun fikrincə reaksiyanın başlanğıcı kimi sərbəst radikalların (sərbəst radikallar-sərbəst elektrona malik olan atom və ya atomlar qrupu olub, olduqca kimyəvi aktivdirlər) əmələ gəlməsini qəbul etmək lazımdır. Xüsusi əhəmiyyət kəsb edəni zəncirvari reaksiya şaxələnmiş zəncirvari reaksiya hesab edilir. Bu reaksiyalar Q.A. Kramers və İ.A. Kristiansen tərəfindən  kəşf edilmişdir (1923).
Nikolay Semyanov ilk dəfə olaraq fosforun su buxarları ilə oksidləşməsini öyrənərkən bu hadisəni müşahidə etmişdi (1926). Bu reaksiya nəzəriyyəyə uyğun olan qaydada getmirdi və bu uyğunsuzluğu onunla izah edirdi ki, maddələr arasında şaxələnmiş zəncirvari reaksiya başlayır. Onun fikirləri əksər kimyaçıların, o cümlədən Maks Bodenşteynin özünün etirazına səbəb olmuşdur. Nikolay Semyanov “Kimyəvi kinetika və zəncirvari reaksiyalar” monoqrafiyasını çap etdirmişdir (1934). Alim sübut edir ki, bir çox kimyəvi proseslər, o cümlədən polimerləşmə reaksiyaları zəncirvari və ya şaxələnmiş reaksiyalar kimi gedir. Sonralar onun “Kimyəvi kinetikanın bəzi problemləri və reaksiya qabiliyyəti haqqında” kitabı nəşr edilir. Bu kitabda o, öz nəzəriyyəsi üzərində işlədiyi zaman etdiyi kəşflərin nəticələrini ümumiləşdirilmişdir (1954).
Nikolay Nikolayeviç Semyanov “kimyəvi reaksiyaların mexanizmi sahəsində tədqiqatlara görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1956). O, bu mükafatı Kiril Norman Hinşelvud ilə bölmüşdür. Bundan əlavə o, bir çox mükafat və medallara da layiq görülmüşdür. Belə ki, Stalin mükafatı (1941), Lenin ordeni (1976), Qırmızı Əmək Bayrağı ordeni (1946), Lomonosov adına böyük qızıl medalına (1969), iki dəfə Sosialist Əməyi Qəhramanı (1966 və 1976) adına layiq görülmüşdü. Nikolay Semyonov İngilis kimya cəmiyyətinin fəxri üzvü (1943), Hindistan Elmlər Akademiyasının fəxri üzvü (1954), London kral cəmiyyətinin xarici üzvü (1958), Almaniya Təbiətşunaslar Akademiyasının üzvü (1959), Macarıstan Elmlər Akademiyasının  fəxri üzvü (1961), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (1963), Rumıniya Elmlər Akademiyasının fəxri üzvü (1965) olmuşdur. O, Oksford (1960), Brüssel (1962), London (1965), Budapeşt Texniki Universitetinin, Milan politexnik institutunun (1964) fəxri  doktoru seçilmişdir. 
Onun əsas elmi nailiyyətlərinə kimyəvi zəncirvari reaksiyaların miqdari, istilik partlayışı və qaz qarışıqlarının yanması nəzəriyyəsi daxildir. Semyonovun məşğul olmağa başladığı ilk məsələ (1916-cı ildən)  qazın ionlaşması problemidir. Dielektriklərin parçalanma mexanizmləri üzərində işlərə başlanıldıqdan sonra (1920-ci illərin əvvəllərində), parçalanmanın istilik nəzəriyyəsi yaradıldı və bu alovlanmanın istilik nəzəriyyəsinin (1928) əsasını təşkil etdi. Bu nəzəriyyə yanma və termal partlayış nəzəriyyəsi üzrə işlərdə (1930-cu illərin sonu - 1940-cı illərin əvvəlləri) daha da inkişaf etdirildi. Bu, alovun yayılması, detonasiyası, partlayıcı maddələrin yanması kimi prosesləri nəzərdən keçirməyə imkan verdi. O, P. L. Kapitsa ilə birlikdə qeyri-homogen maqnit sahəsində paramaqnit atomlarının şüasının əyilməsini hesabladı (1920). O.Ştern və V.Qerlax tərəfindən aparılan oxşar təcrübələr fəza kvantlaşdırma konsepsiyasına gətirib çıxardı (1921). Yu.B.Xariton ilə birlikdə kondensasiyanın kritik sıxlığını və temperaturunu kəşf etmiş (1924),  sonralar bir sıra maddələrin oksidləşməsində (1926-1928) kimyəvi reaksiyanın gedişatına məhdudiyyət qoyan kritik hadisələr aşkar edilmişdir.Semyonovun bir sıra əsərləri katalitik proseslərin tədqiqinə həsr olunub, o, katalizin ion-heterogen tipini kəşf edib, heterogen kataliz nəzəriyyəsini yaratmışdır (1955, V. V. Voevodski və F.F.Volkenşteynlə birlikdə). Semyonovun müxtəlif istiqamətlərdə əldə etdiyi nəticələr praktikada geniş tətbiq sahəsi tapmışdır.
Nikolay Semyonov 90 yaşında Moskva şəhərində vəfat etmiş (1986-cı ilin aprelin 3-də) və Moskvadakı Novodeviçi qəbiristanlığında dəfn edilmişdir.
 
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt