Əsas Səhifə > Redaktor seçimi > Durnaların qanadında...
Durnaların qanadında...4-10-2018, 15:21 |
Bu, bizim əsgərimizdir- “Qarabağa aparan yol”un əsgəri. Biz ona güvənirik. Çalışdığımız, işlədiyimiz qəzetin əqidəsinə, amalına, vətənpərvər mövqeyinə güvəndiyimiz qədər də bu yolun əsgərinə güvənirik. Biz əsgərimizi yola salanda, arxasınca su atdıq- yolu aydın olsun deyə. Əsgərimizi yola salanda qələbə müjdəsilə geri dönməsi üçün dilimizin, qəlbimizin ən şirin sözlərindən çələng hörüb uğur dilədik ona- yolları uğurlu olsun deyə. Bu gün əsgərimiz Sarənc Zallı ön cəbhədə xidmət edir. Düşmənlə üz-üzə, səngər-səngərə dayanıb Sarənc. Əmisinin ona verdiyi bu ad tarixi bir addır. Ululardan ulu, qədimlərdən qədimdir. Muğamdilli bir tarixi var. Bu adda Şahmalı Kürdoğlunun, Yaqub Məmmədovun, Xanın, Cabbarın, Seyidin səsi, nəvası, ruhu var. Qısası, biz əsgərimizlə qürur duyur, fəxr edirik. Və elə bu məqamda Sarəncin hələ lap aşağı siniflərdən çox sevdiyi şair Məmməd Arazın əzbər bildiyi misraları daşıdığı isminə, adına həmdəm kimi burda da yazırıq. ...Neçə-neçə daşa dönmüş dinməz dinər! Oddan bitər, qandan bitər əyilməzlər! Mərd oğullar-mərdliyilə öyünməzlər! Torpaq altda ölümlüyə gömülməzlər. Varım, yoxum, səninləyəm, Azım, çoxum, səninləyəm, Şirin yuxum, səninləyəm. Yıxın məni söz atından, Atın məni tank altına. Əzin məni xıncım-xıncım, Kəsmir əgər söz qılıncım, Didin məni didim-didim, Atın məni tank altına. Qundaqdakı bir körpəni xilas edim. Neçə "səni", neçə "məni" xilas edim… Əsgərin ən böyük şücaəti, ən böyük qəhrəmanlığı onun xilaskarlıq missiyasıdır. Əsgər dediyimiz şərəfli varlıq haranısa işğal etmək, haranısa qəsb etmək niyyətilə əlinə silah götürməməlidir. Əsgər anladığı, başa düşdüyü həqiqət, gerçəklik uğrunda savaşmalıdır. Bizim əsgərimiz mənfur Ermənistan ordusu tərəfindən işğal və talan edilmiş torpaqlarımızın azadlığı uğrunda döyüşdə, cəbhədədir. Döyüşün mübarək olsun, əsgər! Fəth etdiyin zirvələrdə, dolaşdığın, vuruşduğun cəbhələrdə bayrağın həmişə dalğalansın. Dizin təpərli, qeyrətin ovxarlı olsun. Elə daim dilinin ucunda pıçıldadığı Vətən sevdalı misralarda deyildiyi kimi, neçə səni, neçə məni xilas edə biləsən. Yağı düşmən tərəfindən elə qundaqdaca boğulmuş, qanına bələnmiş körpələrin intiqamı səni gözləyir. Səninsə gözləməyə haqqın yoxdu. Bir əsgərin sevinc dolu təəssüratında necə deyilirdi, mən də elə demək istəyirəm. Vur, əsgərim, vur! Vur, komandir, vur. Sarənc bir söz də deyirdi. Dövlət başçımızın, Ali Baş Komandanımızın vur əmri verilərsə, önümüzü heç kəs kəsə bilməyəcək. Qılıncımızın, topumuzun, tüfəngimizin qarşısında heç bir qüvvə duruş gətirə bilməyəcək. Biz hər zaman irəliyə doğru gedəcəyik. Əgər qələbə müjdəsini öz səsimizlə, öz dilimizlə çatdıra bilməsək, durnaların qanadında göndərəcəyik. İndi payızdı. Həmişə son bahardan- qızıl payızdan sonra qış gəlir. Amma qışın ardınca yenə yaz gələcək. Kim nə deyir, desin, bu yaz bizim yazımızdı. Əsgər olmaq, bu şərəfli taleni yaşamaq isə mənim yazımdı. Məncə, əsgərin ədalət uğrunda qanla yazdığını heç bir qüdrətli yazıçı, rəssam, bəstəkar, şair qələmlə yaza bilməz. Əgər birinci əsgər özü yazmasa. Mənim səsimi, mənim sözümü, ruhumu eşidənlər və duyanlar, Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə görüşərik! Əsgər içdən yaşadığı qürurunu, qəlbindəki mərdanəliyi aydın görünən simasında bir kitab kimi nə qədər oxutdura bilirsə, elə ata da o qədər qürurlu və mərd görünür. Elə bizim qəzetin redaktor müavini Fariz Çobanoğlu kimi. İmza: Təranə Əlizadə Geri qayıt |