Əsas Səhifə > Siyasət > Paşinyan indi də Rus Dram Teatrını hədəfə alıb

Paşinyan indi də Rus Dram Teatrını hədəfə alıb


18-10-2018, 16:07

      Planın arxasında Qərb fondlarının maliyyələşdirdiyi QHT-lərdən birinin rəhbəri olmuş yeni mədəniyyət nazirinin dayandığı ehtimal olunur

    Növbədənkənar seçkilərə getmək yolunda bütün maneələri aradan qaldırmağa müvəffəq olan Ermənistanın baş naziri Nikol Paşinyan yenidən əvvəlki hakimiyyətdə təmsil olunanlarla mübarizəyə girişib. Baş nazirə yaxınlığı ilə seçilən "1in.am” saytında dərc olunan məqalədə müəllif Sarqis Arçruni yazır ki, eks-prezident Robert Koçaryan nə qədər əlləşsə də, mübarizə aparsa da onun yolu həbsxanadır. Müəllif yazır ki, nüfuzlu Bloomberg nəşri şərhində R.Koçaryanı Kremllə sıx əlaqələrə malik olan birisi kimi xarakterizə edib. Və bu şəxsin siyasətə yenidən dönməsini hakimiyyətə qarşı çıxmaq istəyi ilə bağlayır. Məqalədə vurğulanır ki, Koçaryanın müsahibəsində rusiyapərəstlik çağırışları artıq neçə gündür ki, aktiv şəkildə reklam olunur. "Müsahibəsində yeni heç nə deməyən Koçaryan yenə də Rusiya ilə sıx münasibətləri və prezident Vladimir Putin ilə dostluq münasibətlərindən bəhs edib. Koçaryan yeni hakimiyyətin inqilabi romantizmini də tənqid edib. "Mən yeni hökumətin çatışmazlıqlarını görürəm, ona rasional tənqid gərəkdir”, - deyə eks-prezident bildirib. Müəllif yazır ki, Koçaryan yenə öz stilində qalır - Paşinyan hakimiyyətini tənqid edərək, alternativ olaraq hər hansı bir fikir səsləndirmir. "Bloomberg”ə müsahibəsində eks-prezident bir məsələyə də aydınlıq gətirib ki, qarşıdan gələn dekabr növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Koçaryan bildirib ki, "mənim bildiyimə görə, seçkilər dekabrda baş tutacaq və Nikol Paşinyanın şəxsi qələbəsi olacaq. Lakin bu, həm də ölkənin ciddi məğlubiyyəti demək olacaq”, - deyə o bildirib. İkinci prezident onu da deyib ki, qarşısına baş nazir olmaq kimi məqsəd qoymayıb. Lakin "1in.am”ın şərhçisi yazır ki, Koçaryanın bu fikri əvvəlkilərlə təzad təşkil edir: "Belə ki bir neçə dəfə bəyan edib ki, məhz siyasətə dönüşünə görə barəsində cinayət işi açılır, həbs edilib. İndi isə deyir ki, parlament seçkilərində iştirak etməyəcək və baş nazir olmaq fikri yoxdur. "Koçaryan əlbəttə ki, yalan danışır və böyük həvəslə baş nazir olmaq istərdi. Əgər oktyabrın 2-də parlamentdə təşkil etdiyi "çevriliş” cəhdi baş tutsaydı, dərhal bu arzusunu reallaşdırmağa çalışardı”.
Öz növbəsində, erməni siyasi texnoloqu Karen Koçaryan hesab edir ki, R.Koçaryan növbədənkənar parlament seçkisinə hazırlaşa bilməyəcək. "Koçaryan təcrübəli siyasətçidir. Paşinyanın televiziyada çıxışından və oktyabrın 2-də xalqı parlamentin qarşısına yığmasından sonra iki ay ərzində heç bir qüvvə yarada bilməyəcəyini anladı. Koçaryan uduzmağı sevmir, ona görə də seçkidə iştirak etməyəcək. Gələcəkdə Koçaryan hansısa yeni qüvvə və blok yarada biləcək”, – deyə o bildirib. Başqa bir erməni politoloqu Vigen Akopyan isə deyib ki, Ermənistanın yeni hökumətiylə eks-prezident arasında qeyri-rəsmi razılaşma var: "Hökumət hazırda Koçaryanı unudub. Mənə elə gəlir ki, tərəflər arasında bir-birinə hücum etməməklə bağlı hansısa razılaşma var. Bu situasiyanın nə qədər davam edəcəyini söyləmək çətindir. Bu, bəlkə də təkcə ölkədəki situasiya yox, həm də geosiyasətlə bağlıdır. Koçaryanın siyasətə qayıtmasına gəlincə isə, o, hansısa müxalifətin formalaşdırılması üçün birləşdirici qüvvə ola bilər, amma elektoral planda qəbuledilməz fiqurdur. Koçaryanın siyasi, maliyyə və geosiyasi resurslarını nəzərə alsaq, onun hansısa siyasi konqlomerat yarada biləcəyini deyə bilərik”, – deyə politoloq bildirib.
Yeri gəlmişkən, Ermənistanda hakimiyyət başında olan antirusiya hökuməti Moskvanı incik sala biləcək daha bir sensasion qərar verib. "Regnum” erməni agentliyi xəbər verir ki, Yerevanda Stanislavski adına Rus Dram Teatrını bağlamağa hazırlıq gedir. Bu işin arxasında Mədəniyyət Nazirliyi və Qərb fondlarının maliyyələşdirdiyi QHT-lərdən birinin rəhbəri olmuş nazir Lilit Makunts dayanır. Belə ki nazirlik teatra Ermənistanda tanınmış rejissor Suren Şahverdiyanı bədii rəhbər təyin etməyə hazırlaşır. Bu, həmin Şahverdiyandır ki, Ermənistanda ümumiyyətlə, rus teatrının mövcud olmasını absurd sayır. Hesab edir ki, müstəqil Ermənistanda rus teatrı ola bilməz. Şahverdiyanın fikrincə, Yerevanın mərkəzində yerləşən Rus Dram Teatrının binasında hansısa rus teatrı deyil, sadəcə olaraq teatr yerləşməlidir. Onilliklər boyu rus teatrı Aleksandr Qriqoryanın hesabına ayaqda qalıb. Hazırda isə situasiya dəyişib-rus teatrı erməniləşib və onun aktyorları rus dilindən çox erməni dilində danışırlar, populyar erməni seriallarına çəkilirlər. Teatrın bədii rəhbəri olmağa digər namizəd uzun müddətdir Moskvada işləyən Karen Neersisyandır. O, teatrın ənənələrini bərpa etməyə hazır olduğunu deyir, lakin nazirlik məhz Şahverdiyanın namizədliyini dəstəkləyir. Şahverdiyan isə bədii rəhbər olandan sonra teatrı ya bağlayacaq, ya da tamamilə erməniləşdirəcək.

                                                                                           Azər NURİYEV
Geri qayıt