Əsas Səhifə > Tarix > Baxış bəy Nəbibəyov: Darğalıqdan dartışmaya ...
Baxış bəy Nəbibəyov: Darğalıqdan dartışmaya ...28-10-2019, 15:25 |
Baxış bəy Şuşada tanınmış nəbibəyovlar soyuna mənsubdur. Bu soyun ulu babası Nəbi bəy Lələ Həsən bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Bacarıqlı, bilici adam olduğundan İbrahimxəlil xan onu oğlu Mehdiqulu ağaya lələ təyin etmişdi. O, mülkədar idi. Vərəndə mahalının Şuşukənd kəndində torpağa və rəncbərə yiyələnmişdi. Lələ Nəbi bəy ömrünün sonlarında kor olmuşdu. Lələ Nəbi bəyin törəmələri sonralar Nəbibəyov soyadını qəbul etdilər. Lələ Nəbi bəyin Sadıq bəy, Tağı bəy, Əliməmməd bəy adlı oğlanları vardı. Sadıq bəy Lələ Nəbi bəy oğlu 1789-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Mədrəsə təhsili almışdı. Ata mükünü idarə etməklə keçinirdi. Sadıq bəyin Nəbi bəy, Həsən bəy adlı oğlanları vardı. II Nəbi bəy Sadıq bəy oğlu 1834-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Mədrəsə təhsili almışdı. Ata mülkünü idarə etməklə keçinirdi. II Nəbi bəy Məşədi Həsən Məşədi Zeynal oğlu Sədrəddinbəyovun qızı ilə ailə qurmuşdu. Nəsir bəy, Baxış bəy adlı oğlanları vardı. II Nəbi bəyin ikinci oğlu Baxış bəy 1867-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra şəhər məkəbini bitirmişdi. Şuşa bazarının darğası idi. Baxış bəy Nəbibəyov 19 iyul 1905-ci ildə bazarda öldürüldü. Hadisənin təfsilatı: Bəylər Molla Əsəd oğlu qardaşı Kərbəlayı Salmanla bazarda armud satırdı. Baxış bəy ona “yığışdır” deməsiylə mübahisə partladı. Bu heyndə onun qohumu, qoçu Məşədi Səlim əlaltısı Cəlil Ağakişi oğlu ilə bazara daxil olur. İkitirəlik başlayır. Tapançalar şaqqıldayır. Baxış bəy Kərbəlayı Salman Molla Əsəd oğlunu vurur. Məşədi Səlim tapançasını Muxtar Qaytaran oğluna verir. O da əvəlcə Baxış bəyi, sonra onun dayısı Rüstəm Məşədi Həsən oğlu Sədrəddinbəyovu vurur. Polis gəlir. Araşdırılma aparılır. Məşədi Səlim Kərbəlayı Əli oğlu, Bəylər Molla Əsəd oğlu, Muxtar Qaytaran oğlu və Cəlil Ağakişi oğlu mühakimə edilir. Baxış bəy Nəbibəyovun şahidləri: Nəsir bəy Nəbibəyov, Kərbəlayı Dadaş Məşədi Həsən oğlu Sədrəddinbəyov, İbrahim bəy Mirzə Şirin bəy oğlu Sədrəddinbəyov, Yefrem Mıkırtıçoviç Kasparov, Arakel Sərkisoviç Allahverdov, İsrail Petrosoviç Manqasarov. Mühakimə edilənlərin şahidləri: Mir Cabbar ağa Mir Hüseyn oğlu Ağamirov, Həmid bəy Kərbəlayı Zeynal bəy oğlu Nəzirov, Əhməd bəy Həsən bəy oğlu, Kərbəlayı Abış Məşədi Hüseyn oğlu, Məşədi Əbdürrəhman Məşədi Məmmədbağır oğlu, Fərhad bəy Aslan bəy oğlu, Seyid Həsən Seyid Həşim oğlu, Qasım bəy Kərbəlayı Aslan bəy oğlu Qasımbəyov, Ter-Mesrop Apresyan, Məşədi Qulu (Lotu Qulu) Həsən oğlu, Xosrov bəy Poladov. Ənvər Çingizoğlu, jurnalist-etnoqraf Geri qayıt |