Əsas Səhifə > Tarix > Cənnətim Qarabağ, sərvətim Qarabağ...

Cənnətim Qarabağ, sərvətim Qarabağ...


19-09-2018, 15:39
                         
 Ədəbiyyatımızın nadir siması    – Süleyman Sani Axundov                                                                                                           
       XX əsrin birinci yarısında formalaşan maarifçi Azərbaycan ədəbiyyatının öyrənilməsi, onun inkişaf xüsusiyyətlərinin üzə çıxarılması və izlənilməsi baxımından özünəməxsus tarixi ənənələrə malik ölkəmizdə ədəbi proseslərin təşəkkül tarixinin tədqiqinə ehtiyac böyükdür və bu, hər bir zaman ədəbiyyatşünaslığımızın, habelə mədəniyyətşünaslığımızın aktual problemlərindəndir.
Bu mənada Qarabağ mühitində bir meteor kimi parlayan və ədəbi-bədii yaradıcılıq xüsusiyyətləri ilə ayrıca bir məktəb meydana gətirən ədəbiyyatımızın nadir siması  Süleyman Sani  Axundovun həyat və fəaliyyətinin obyektiv şəkildə bitkin mənzərəsinin yaradılması  yönündə həyata keçirən işlər mühüm məna kəsb edir. Süleyman Sani Axundov gözəl hekayə ustası, dramaturq, fədakar müəllim, mədəniyyət xadimi kimi, Azərbaycan ədəbiyyatında  maarifçilik xəttinin dönməz simalarından biri olaraq qalacaqdır.
     Azərbaycanda maarifçilik xətti fədakar aydınlarımızın deyim ki, hər bir yoldan üstün tutduğu, millətin yeganə çıxış yolu olaraq gördüyü bir çarə kimi qəbul edilməlidir. İctimai böhrandan çıxış yolunu xalqın bilik və mədəniyyətə yiyələnməsində görən  Azərbaycan maarifçiləri özlərinin milli dəyərlərimiz deyə biləcəyimiz qiymətli mənəvi ənənələrimizi təbliğ və təşviq etdikləri əsərləri ilə birmənalı olaraq xalq ideologiyasının və fəlsəfəsinin təşəkkülünə təkan verirdilər.  Bunun da nəticəsində Azərbaycanda mənəvi-mədəni dəyərlərə möhkəmcə arxalanan maarifçilik cərəyanı yaranıb güclənməkdə idi. Get-gedə maarifçilər adı verdiyimiz bu dəstə böyüyür, əsrin sonunda artıq Azərbaycan gerçəkliyinin sosial-mədəni inkişafının şərtlərinə cavab verən və  davamlılığı ilə səciyyələnən maarifçilik hərəkatının ideologiyası və fəlsəfi görüşləri formalaşırdı.
Qeyd etdiyimiz kimi, ölkənin ideologiyasında maarifçilik cərəyanına diqqətin artmasının əsas səbəbi xalq təhsilinin artıq yarıtmaz olduğunun özünü aydın şəkildə göstərməsində və bu üzdən də milli oyanışı ləngitməsində idi. Azərbaycan maarifçiliyinin mədəni bazası və ölkənin sosial-siyasi vəziyyəti Qərb və Rusiya maarifçiliyindən bir sıra xüsusiyyətləri ilə, ilk növbədə dini xürafatın ictimai münasibətlərdə oynadığı geriləyici rolu ilə də fərqlənirdi. Bu fərqi yaradan real obyektiv səbəb dini xürafarın yaydığı cəhalət və nadanlıq ictimai inkişafa ağır zərbə vururdu Azərbaycan xalqını dilindən və milli mədəniyyətindən uzaqlaşdırıb ayrı salırdı. Bir də maneçilik ən çox Rus çarizminin xalqı etnik assimilyasiyaya uğratmaq siyasətindən gəlirdi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi.
Əsrin qovşağında meydana çıxan bu yeni dövr – həqiqətən insani münasibətlərin, amalların, fikirlərin çarpışmaları dövrü kimi xarakterizə edilən milli oyanış, məfkurə, söz azadlığı tələblərinin ortaya çıxdığı bu yeni dövr Azərbaycan ədəbiyyatının dolğun və obyektiv mənzərəsini yaratmaq kimi bir işə yardım göstərmək, xüsusən də həmin tarixi mərhələdə mövcud olmuş ədəbi-mədəni həyatı daha təfərrüatlı şəkildə işıqlandırmaq baxımından da elmi aktuallıq kəsb edən bir mərhələ idi.
Belə bir zaman kəsiyində vəzifə yükü XX əsr Azərbaycan ədəbiyyatında realist ədəbi məktəb zəminində yetişmiş, görkəmli klassiklərdən biri olan Süleyman Sani Axundovun da çiyinlərinə düşürdü.
Süleyman Sani Axundovun bədii əsərlərində işıqlı fikirlərin , xeyirxah əməllərin təbliği onun başlıca idealları kimi təzahür edir. Yazıçının nəsr əsərlərində, həmçinin səhnə əsərlərinin əksəriyyətində bir-biri ilə mübarizə edən iki böyük qüvvə - qaranlıq və işıq kimi rəmzi səciyyə daşıyan əksliklər mövcuddur. Adam inanır ki, heç nəyə baxmadan bu ziddiyyətlər, əksliklər bir göz qırpımında aradan götürülə bilər və biləcək də. Oxucu buna bərk inanır, çünki sevgidən yoğrulmuş bu obrazlar dünyanı dəyişməyə qadir insanlardır; kiçiyi ilə də, böyüyü ilə də.
         Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində bəy ailəsində doğulmuşdur. Böyük maarifçi ədibin mənsub olduğu Axundovlar Qarabağın köklü-köməcli ailələrindən sayılırdılar. Nəslin  ulu babası Molla Əli, özünün Kəbirli soykökündən də bilindiyi kimi məşhur Kəbirli tayfasına mənsub olmuş və bu elin Seyidli obasında sayılıb-seçilən, savadlı bir din alimi idi. O Qarabağın hakimləri İbrahimxəlil xan CavanşirMehdiqulu xan Cavanşirin zamanında yaşayıb fəaliyyət göstərmişdi. Deyirlər ki, Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan verdiyi sərəncamda onun haqqında yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri indi də Axundov soyadını daşıyırlar. Hələ körpə ikən atasız qalan və anasının himayəsində böyümüş gələcək ədibin təlim-tərbiyəsi ilə bilavasitə dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov (1861-1902) məşğul olmuşdu. Süleyman Sani onun himayəsi altında 1885-ci ildə Qori Müəllimlər seminariyasına daxil olmuş, mübaliğəsiz deyə bilərik ki, bununla burada milli, klassik rus və dünya ədəbiyyatı qapıları onun üzünə açılmışdır. Beləliklə, nəticədə Rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə - maarifçilik təmayüllərinin yaranıb inkişaf etməsinə faydalı təsir göstərmişdir. Məktəbsizliyi, müəllimsizliyi  milli faciə bilən gələcək yazıçı  xatirələrində təəssüf hissi ilə yazırdı: "O, vaxt Bakıda əhalinin türk /azərbaycanlılar/ hissəsi üçün ancaq üç xalq məktəbi var idi. Mövhumatçı mollaların təsiri altında olan avam camaat öz uşaqlarını bu məktəblərə buraxmırdılar. Halbuki qaranlıq, rütubətli zirzəmilərdə yerləşən məhəllə məktəbləri-mollaxanalar şagirdlərlə həmişə dolu olurdu. Bu düşüncələri daşıyan gənc Süleyman 1894-cü ildə seminariyanı bitirərək Bakıdakı III dərəcəli Rus-tatar məktəbinə müəllim təyin edilir.
Elə həmin ildən də o, öz müasirləri olan digər tərəqqipərvər maarifçilərlə birlikdə xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var qüvvəsi ilə çalışmışmaq yolunu tutur. Demək ki, ədib Sabir, Səhhət, S. Qənizadə kimi həm müəllimlik edir, həm dərsliklər yazır, həm uşaqlar üçün bədii əsərlər ortaya qoyur, bir sözlə, tərbiyə işi ilə əlaqədar olan bir neçə sahəni öz fəaliyyətində birləşdirməyə çalışirdı.
 Süleyman Sani Axundov maarif və mədəniyyətimizin inkişafına əməli işi ilə də böyük xidmətlər göstərməkdə idi. Bu işdə teatrın əvəzedilməz rolunu başa düşən ədib "Tənqid-təbliğ" teatrının yaranmasında yaxından iştirak etmiş, bu teatrın repertuarını dövrün tələblərinə cavab verən kiçik formalı pyeslərlə zənginləşdirmişdi. 1894-cü ildə S.S.Axundov əqidə dostları Nəriman Nərimanov, Soltan Məcid Qənizadə, Mahmud bəy Mahmudbəyov və başqaları ilə birlikdə Azərbaycan səhnəsində həvəskar aktyor kimi, oyunlarda iştirak etmiş və ilk dəfə səhnəyə N.Nərimanovun "Nadanlıq" adlı pyesinin tamaşasında çıxmışdır. Bu əsərdə aktyor kimi oynaması demokratik maarifçi görüşlərlə onun fikirləri arasında yaxınlıq olması ilə bağlı idi. Yazıçını aktyorluğa sövq edən amil, xalqımızın gözünü açmaq, avamlığa, köhnəpərəstliyə nifrət doğurmaq arzusu idi. O, yaxşı bilirdi ki, teatr vasitəsi ilə avam, nadan insanları tərbiyə etmək olar. Təsadüfi deyildir ki, bu yolda o, Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Nəriman Nərimanovun "Nadanlıq", " Nadir şah" əsərində şəxsən aktyor kimi çıxış etmişdir.
Süleyman Sani ədəbi-ictimai, pedaqoji fəaliyyətinin bütün dövrlərində Azərbaycan ədiblərinin - XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayan və formalaşmaqda olan yeni ədəbiyyatın (realizm, tənqidi realizm və romantizm) nümayəndələri Abbas Səhhət, Soltan Məcid Qənizadə, Abdulla Şaiq,  Nəriman Nərimanov və bu k. maarifçilərin cərgəsində dayanır və həqiqətən də xalq mənafeyini müdafiə etməyə nail oludu.
1905-ci il ixtişaşları nəticəsində Süleyman Sani Bakıda yaradılan "Nicat", "Nəşri-maarif", "Səfa", "Səadət" və s. mədəni-maarif cəmiyyətlərinin apardığı işlərə qoşularaq qızğın fəaliyyət meydanına atılır və çox keçmir ki, bu bacarıqlı maarif xadiminin yazıçılıq fəaliyyəti üzə çıxır: Bakıda nəşrə başlayan Azərbaycan mətbuatı səhifələrində - “İrşad”, “Tərəqqi” qəzetlərində çıxış edir və “Məktəb”, “Dəbistan”, “Rəhbər” kimi uşaq dərgilərində də hekayələri çap olunur. “Ümid çırağı”, “Tutuquşu”, “Qan bulağı”, “Qatil uşaq”, “Kövkəbi hürriyyət”, “Yuxu” hekayələri tezliklə yazıçıya böyük şöhrət gətirir.
Axundovun özünün qeyd etdiyi kimi: "Nicat" cəmiyyətinin məqsədi türklər (azərbaycanlılar) arasında maarifi inkişaf etdirmək və ali və ibtidai məktəbdə oxuyanlara ianə vermək, milli dilin və milli ədəbiyyatın tərəqqisinə səy etmək idi. Dramaturgiya sahəsində 1906-cı ildə özünü bir daha sınayan S.S.Axundovun "Dibdad bəy", "Türk birliyi" kimi siyasi mövzuda qələmə aldığı əsərləri məhz milli şüurun oyanmasına və möhkəm türk birliyinin yaradılması zəruriyyətinə həsr edilmişdi.
Yazıçı ilk qələm təcrübələrindən də aydın göründüyü kimi millətin nicat yolu olaraq qəbul etdiyi maarifçilik yolundadır; bu yolda heç bir fəaliyyətdən kənarda qalmır. Nadir Vəlixanlı yazıçının seçilmiş əsərlərinin ön sözündə yazdığı kimi, 1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərmiş, həmin qurultayda ana dilində proqram tərtib etmək üçün ayrılan komissiyaya seçilmiş, 1908-ci ildə Abdulla Şaiq, Mahmud bəy Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur "İkinci il" dərsliyini tərtib etmişdir.
Onun uzun illər pedaqoji fəaliyyətlə məşğul olması və geniş pedaqoji çalışmaları nəticəsində uşaqları yaxşı tanıması onların psixologiyasına yaxından bələd olmasına, nəhayət uşaq həyatından maraqlı əsərlər yazmasına səbəb oldu. 1912-1913-cü illərdə Süleyman Sani Axundovun beş hissəli (“Əşrəf”, “Əhməd və Məleykə”, “ Abbas və Gülgəz”, “Nurəddin”, “Qaraca qız”)“Qorxulu nağıllar” adı altında toplanmış hekayələri “Məktəb” jurnalında dərc olunmuşdur. Məmməd Arifin dediyi kimi: "Bu hekayələr doğrudan da qorxulu nağıllar idi. Lakin bunlar uşaqları qorxutmur, uşaqlara həyat həqiqətinin işıqlı-qaranlıq cəhətini açır, xeyirin və ədalətin təntənəsini - əks etdirir".
Nəzəri edən odur ki, ədib bu gənc qəhrəmanlarında müşahidə etdiyi  bütün müsbət, gözəl keyfiyyətləri maariflə, tərbiyə ilə bağlayır. Əgər onlar diribaş və ağıllı, yaxud rəhmdil, mehriban, qayğıkeşdirsə bu onun ailə tərbiyəsi ilə əlaqədardır. Eləcə də qarşılaşdıqları maneə və çətinliklərdən sağ-salamat çıxırlarsa da, bunun üçün onlar əlbəttə məktəbə, elmə, müəllimə borcludur və s.
1916-cı ildə kitab halında çapdan çıxan "Qorxulu nağıllar" məzmun və üslub etibarilə tamamilə yeni hadisə olmaqla uşaqlara gözəl hədiyyə idi. Əsərlərin mövzu dairəsinə və ideya-məzmun xüsusiyyətlərinə  nəzər saldıqda görmək olur ki, yazıldığı vaxtdan uzun zamanlar keçməsinə baxmayaraq bu nağıllar  ilk vaxtlarda olduğu kimi hələ də öz əhəmiyyətini saxlamaqda, hətta eyni məhəbbətlə sevilməkdədir.
Yıxılan quruluşun haqsızlıqlarından, ictimai bərabərsizlikdən və yoxsulluqdan bəhs etmək üçün bu nağıllar yeni dövr uşaq ədəbiyyatı sahəsi üzrə əvəzsiz vasitə idi və bu baxımdan geniş şöhrət qazanmışdır.
Ciddi, yaddaqalan psixoloji şərait və kəskin dönüşlü süjet xətti ilə bərabər bu hekayələrin daha qiymətli cəhətləri vardır: xalq ruhundan bal kimi süzülüb gələn hekayətlər, doğma dilin dadı-duzu hopmuş şirin təhkiyə üslubu və füsunkar Qarabağ təbiətinin təsviri. Şübhəsiz, bu keyfiyyətlər ədibin doğulub boya-başa çatdığı  mühitin xoş töhfələri idi. Bu barədə yazıçının özünün dünyaya göz açdığı kəndinə aid xatirələrinə nəzər salaq. Çünki bu füsunkar təbiətə malik kənd həm də Abbasla Gülgəzin, Tutu ilə Ağcanın, Əhmədlə Məleykənin doğma ovlağı idi:
“Seyidli kəndi indiki Ağdam şəhərinin bir hissəsidir. Uşaqlıq həyatımın böyük hissəsi bu kənddə keçmişdir. Seyidli və onu əhatə edən kəndlərin bağ-bağatı o dərəcədə boldur ki, ətrafda ot və ağacdan savayı göz bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də bağ. Hətta göyün üzü ağacların arasında parça-parça görünür. Dar doqqazlarından başqa açıqlıq yer yoxdur. Buranın üzüm bağları Gürcüstan bağları kimi gələsər deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışdır. Payız fəsli üzüm salxımları budaqlardan sallanaraq ağacları yolka kimi bəzəyirlər. Mən gözlərimi açdıqca özümü belə zəngin təbiət içində gördüm. O məni mərhəmətli qucağında yaşadarkən, həyatın ağır zəhərli hallarını, yetimlik, yoxsulluq məşəqqətini unutdururdu. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq, yenə də bağa qaçardıq. Cürbəcür meyvələr orada; çiçəklər, göy otlar orada; rəngin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər bunlar idi. İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi”. (“Uşaqlıq həyatımdan xatirələr”)
20 əsrin başlanğıcı… Dövrün yeni ədəbiyyatını yaratmaq lazım idi. Bu illərdə yaranan əsərlərin əksəriyyətinin “köhnəliklə yeniliyin mübarizəsi, münaqişəsi” üzərində qurulmasını tənqidçilər “təsadüfi kimi deyil, zəruri və təbii bir hal” kimi qiymətləndirirlər: “Çünki köhnə cəmiyyət daxilində yerləşən yeni münasibətlər saf, təmiz halda, göydəndüşmə şəkildə əmələ gəlmirdi. Onda içərisindən çıxdığı cəmiyyətin bir sıra xüsusiyyətləri bərkimiş, sabitləşmiş şəkildə qalırdı. Bu cəhət özünü xüsusilə geriliyə və fanatizmə, mövhumata və başqa təsisatlara içtimai əzabın, istismarın amansız buxovlarından yenicə azad olmuş adamların münasibətlərində özünü göstərirdi
Bu mənada Süleyman Sani Axundovun uşaqlar üçün yazdığı şirin nağıllarla yanaşı onun yaradıcılığında əsas yeri həm də köhnəliklə yeniliyin mübarizəsinə həsr etdiyi dram əsərləri tutur. “Tamahkar” (1899), "Dibdat bəy" (1906), "Türk birliyi"(1906) əsərləri ilə yanaşı müasir mövzularda: “Çərxi-fələk” (1921), “Laçın yuvası”(1921), "Qaranlıqdan işığa" (1921), realist faciə nümunəsi olan "Eşq və intiqam" (1922) və komediya janrının ilk örnəyi də - "Molla Nəsrəddin Bakıda" (1921), "Şahsənəm və Gülpəri" (1921), "Bir eşqin nəticəsi" (1922), “İki yol”(1923), "Yeni həyat" (1923) onun qələminin məhsuludur. Süleyman Saninin yazmış olduğu "Qan bulağı" (1923), "Ümid Çirağı" (1923), "Cəhalət qurbanı" (1923), "Nə üçün?" (1925), "Təbrik" (1925), "Sona xala" (1926),"Namus" (1926), "Mister Qreyin köpəyi" (1927), "Son ümid" (1927), "İki dost, iki düşmən" (1927), "Gənc maşinistka və qoca yazıçı" (1935) hekayələri sovet dövrü Azərbaycan nəsrinin ilk nümunələrindən olmaqla həm də yeni nəsrimizin gözəl əsərləridir. Yazıçının kiçikliyindən və böyüklüyündən asılı olmayaraq bütün qəhrəmanları mübarizlik nümayiş etdirir və bu saf ürəkli qəhrəmanlar məqsədlərinə çatmağa çalışırlar.
20-ci ildən sonra yazılan əsərlərdə Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağda davam edirdi. S.S.Axundovun “Molla Qasım” hekayəsi bu cəhətdən “ibrətamiz” sayılır və hekayədə əhvalat inqilabdan əvvəl baş versə də, keçmişlə bu günün müqayisəli təsviri əsasında yazılsa da, “müasir səslənirdi.
30-cu illərdə Azərbayjan bədii nəsri “coşqun inkişaf mərhələsinə” qədəm qoydu, ictimai həyatda baş verən dəyişikliklə bağlı olaraq, ədəbiyyatın da qarşısında “yeni tələblər dururdu, “başlıca vəzifələrdən biri ictimai varlığı dolğun və hərtərəfli əks etdirən, zəhmətkeşlərdə quruculuq işinə sədaqət ruhu aşılayan dərin mündəricəli, “bitkin formalı” əsərlər yaratmaqdı, bunlar həm tanınmış, həm də gənc yazıçıların qarşısına qoyulan vəzifələr idi. Onlar yeni bir ədəbiyyat uğrunda mübarizə aparır, nəsrin geniş imkanlarından yararlanmaqla qələmə aldıqları həyatı geniş, hərtərəfli təsvir edir, insan mənəviyyatı, psixologiyasında gedən yeniliyi, inkişafı bədii boyalarla ifadə edir, yazdıqları əsərlərdə aktual məsələləri ön plana çəkir, yeni şüurun, ictimai əxlaqın, humanizm ruhunun formalaşmasını, yaşanılan tarixin ayrı-ayrı mərhələlərini bədii sənətin qüdrəti ilə yenidən canlandırırdılar.
Qeyd olunan zaman kəsiyində bədii nəsr sahəsində fəaliyyətini davam etdirən S.S.Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, Cəlil Məmmədquluzadə ədəbi-bədii nümunələri, Qantəmirin “Kolxozıstan”, Böyükağa Talıblının «Dirək», Ənvər Məmmədxanlının “Burulğan”, “Bakı gecələri”, Mehdi Hüseynin “Daşqın”, “Komissar”, İlyas Əfəndiyevin “Kənddən məktublar” kimi əsərlərində “dövrün bir sıra diqqətəlayiq və səciyyəvi  ictimai-mənəvi məsələləri əks etdirdiyini ” tənqidçilər qeyd edirlər.
         Nəhayət Azərbaycanda sovet quruluşu qələbə çalan kimi Qarabağa gələn dövlət nümayəndələrinin tərkibində Süleyman Sani də var idi.  1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirsə də həmin il avqustun 9-da ana vətəni Qarabağda vilayət Maarif şöbəsinə müdir təyin edilməklə öz həqiqi postunu bulmuş olur. O, bu  işdə həvəslə çalışır; Qarabağ və o zaman Azərbaycanın bir parçası olan Zəngəzur əyalətlərində məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında yaxından iştirak edir. Azərbaycanda mədəni maarif işlərinin sürətlə yüksəlməsi işində əlindən gələn qədər səy göstərir. 1922-ci ildə Süleyman Sani Mahmud bəy Mahmudbəyov, Süleyman Əbdürrəhmanzadə, Faiq Ağazadə, Abdulla Şaiq, Əziz Əfəndizadə kimi ziyalılarımızla  birlikdə "Yeni türk  əlifbası" dərsliyini yazır. Həmin ildə o, "Azərbaycan ədib və şairlər ittifaqı”nın sədrliyinə seçilir və ədəbi gəncliyin yetişdirilib tərbiyələnməsi üçün böyük əmək sərf edir. Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə daha da fəallaşan düşmənlər yenə Qarabağın yalançı “hüquqi statusu” yolunda fitnəkar nyyətlərini sürdürməkdə idilər və mənhus “ideyalarına” qismən nail olurlar; Qarabağin dağ bölgələrini əhatə edən DQMV-ni yaratmağa nail olurlar. Yazıçı Bakıya köçür və 1923-cü ildən nəşrə başlayan "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dövrün tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir.
Süleyman Sani Axundovun əsərləri bütün oxucular kimi, məktəblilər tərəfindən də ikiqat sevilərək mütaliə edilir. Ədəbi irsinin təravəti, ictimai-tərbiyəvi, bədii, estetik məzmunu solmayan bu sevimli yazıçının parlaq xatirəsi xalqın qəlbində yaşayır .
          Süleyman Sani Axundov 1939-cu il mart ayının 29-da Bakıda vəfat etmişdir. Onun qəbri Bakının sinəsində,  Fəxri xiyabandadır.           

İmza: Ətrabə Gül-Hüseynli,
BMU-nun dosenti
F. e. üzrə Fəlsəfə doktoru
Geri qayıt