Əsas Səhifə > Tarix > Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı tanıyan varmı?
Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı tanıyan varmı?25-09-2018, 14:56 |
İndi bir-iki kəlmə söz deyəcəm. Amma xahişim budur ki, heç kəs yalançı vətənpərvərlik şüarları deməsn. Nə qədər ki düzü düz, əyrini əyri deməyəcəyik, yalanlar bizi aşındıracaq və məhv edəcək. Məsələ belədir. Demək olar ki, rus dilində az qala hansı məlumatı əldə etmək istəyirsən, hansı informasiyaya nəzər salırsan, hansı xəritəyə baxırsan, hansı medianı izləyirsən, hansı verilişi seyr edirsən, oradan “erməni barmağı” çıxır. Həm də söhbət təkcə erməni və ya keçmiş Sovetlər Birliyi məkamında olan “şəbəkələrdən” getmir. Lap elə qonşu və dost Türkiyə haqda rusca dərc olunmuş kitabların çoxunda “erməni izi” aydın sezilir. Tez-tez “rus dili” deyirəm ona görə ki, mənim az-çox bildiyim dil elə bu dildir. Yəqin ki digər dillərdə gedən məlumatlar da elə bu cür “faktlarla” zəngindir. Məsələ burasındadır ki, elə Türkiyədə dərc edilən bir çox mətbuat orqanında belə, müəyyən elm və mədəniyyət sahələrində çalışmış ermənilərin rolu həddən artıq şişirdilir. Əgər türkcə və rusca çıxmış kitablara və hazırlanmış saytlara baxsanız görərsiz ki, hətta Türkiyə teatrının əsasının da ermənilər tərəfindən qoyulduğu iddia olunur... Keçək özümüzlə bağlı problemə. Azərbaycandakı rayon və bölgələrlə bağlı rusca hazırlanmış ensiklopedik-məlumat tipli, əsasən də vikipediyalarda gedən yazıların əksəriyyətində ermənilərlə, onların fəaliyyəti ilə, mədəniyyəti ilə bağlı nəsə deyilir. Deyilsin. Amma olan deyilsin. Heç kəs inkar edə bilməz ki, marşal Baqramyan və ya Babacanyan Azərbaycanda anadan olmayıb. Heç kəs Şirvanzadənin bizim ilk Xalq yazıçımız olduğunu inkar edə bilməz. Futbolçu Markarovun vaxtilə “Neftçi”də oynadğını da hamı bilir. Sayat Novanın dilimizdə şeir yazdığı da məlumdur... Amma... Bəzən elə məlumatlara rast gəlmək olur ki, adamın necə deyərlər, matı-qutu quruyur. Bu yaxınlarda təsadüfən vikipediyada Gədəbəylə bağlı rus dilində bir məlumat rastıma çıxdı. Rayonun tarixi, coğrafiyası, təbiəti, arxeologiyası, əhalisi ilə bağlı verilən informasiyalara bir iradım yoxdur. Lakin... Oradakı bölmələrdən biri belə adlanır: “Известные уроженцы”. Yəni bu bölgənin tanınmış adamları (Bəribaşdan orasını deyim ki, mən özüm də həmin bölgədənəm və özümü heç də “tanınmışlar”dan hesab etmirəm). Həmin bölmədə, səhv etmirəmsə, yeddi nəfərin adı çəkilir ki, onların da iki nəfəri idmançı, biri biznesmen, biri də alman mənşəli dəniz döyüşçüsü olub. Düzü, şəxsən mən o siyahıdakılardan, yəni o yeddi nəfərdən cəmi bir-ikisini tanıdım. Söhbət indiki halda heç mənim kimisə tanıyıb-tanımamağımdan da getmir. Söhbət ondan gedir ki, həmin o qısa siyahıda Syuni Qriqor Mirzayan adlı “məşhur bəstəkar” təqdim edilir. Düzünü deyin, kim belə bir bəstəkarın adını eşidib? Heç olmazsa erməni əsilli məşhur bəstəçilərdən Arno Babacanyanın, Aram Xaçaturyanın, Aram Xaçaturyanın, Mikael Tariverdiyevin və ya onlar səviyyədə hansısa bir mədəniyyət xadiminin adı çəkilsə, adam təəccüb etməz. Axı kimdir bu Syuni Qriqor Mirzayan? Gədəbəydə doğulub və Amerikada ölüb. Guya. Lap belə bir adam tutaq ki, lap həqiqətən olub da. Amma, lakin və fəqət... Əgər haqqında söhbət gedən rayonun taninmış adamlarından söhbət gedirsə, bir az diqqətli və insaflı olmaq pis olmazdı. Gədəbəyin yüzlərlə elm adamı, ictimai-siyasi, mədəniyyət və dövlət xadimi, tanınmış ziyalısı, şairi, yazıçısı, aşığı, qəhrəmanı olub. Mən demirəm ki, hansısa bir təqdimatda hansısa bir rayonda doğulmuş bütün tanınmış insanların ad-soyadlarının sadalanması vacibdir. Yox. Amma az qala heç kəsin adını eşitmədiyi, tanımadığı, xatırlamadığı bu Syuni Qriqor Mirzayan axı nə vaxtdan “məşhur” bir sima kimi hansısa bir rayonu və ya ölkəni təmsil edir?.. İndi yenə, dübarə sual edirəm: əcaba, Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı kim tanıyır? İmza; Firuz Mustafa Geri qayıt |