Əsas Səhifə > Təəssürat > “Şəhid olsam ağlamayın, başınızı dik tutun!” - Topçu Əbdülün HEKAYƏSİ

“Şəhid olsam ağlamayın, başınızı dik tutun!” - Topçu Əbdülün HEKAYƏSİ


30-06-2021, 15:45


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik məqamı... Torpaqlarımızın işğaldan azad olunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

 Bəli, bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın.

Minlərlə şəhidimizdən biri də topçu Əbdülrza Şəmməd oğlu Rəfibəylidir.

 
Arayış:  Əbdülrza Şəmməd oğlu Rəfibəyli 2 iyun 1998-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. 2004-2015-ci illərdə Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 27 iyul 2016-cı ildən 4 yanvar 2018-ci ilə kimi Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək, topçu ixtisası üzrə təcrübə qazanıb. Ailədə üç uşaq olublar: Şahin, Fərhad və Əbdülrza…

 2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində general Polad Həşimovun şəhid olmasından sonra Əbdülrza Rəfibəylinin içindəki qisas hissi daha da artır. Və Azərbaycanın vətənpərvər gənclərindən biri kimi o da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət edir. Sentyabrın 21-dən hərbi təlimlərə qatılan Əbdülrza həmin ayın 27-dən başlayan Vətən müharibəsində Qubadlı, Füzuli, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasına həlak olub. 

 Əbdülün nəşi şəhid olduqdan 40 gün sonra tapılıb. Qəhrəman şəhidi paytaxt ictimaiyyəti böyük izdihamla dekabrın 4-də Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında son mənzilə yola salıb.

Şəhidimizın anası Səkinə Rəfibəyli oğlu barədə daha ətraflı bizə  danışır.

 
“Həmişə “Sarıköynək” mahnısını oxuyardı...”
“Mənim üç oğul övladım var. Onların içərisində Əbdül tamam fərqli idi. Deyib-gülən, gülərüz, hamı ilə mehriban. Uşaqlıqdan torpaq sevgisi ilə böyümüşdü. Hər dəfə danışanda “İnşallah, mənə torpaqlarımızı azad etmək qismət olar” deyirdi. 
O, doğum günülərini çox sevirdi. Özü də ad gününə həvəslə hazırlaşırdı. Ümumiyyətlə, xoş məclislərin adamı idi.
Nədənsə “Sarıköynək” mahnısını çox xoşlayırdı. Hər dəfə də həmin mahnını zümzümə edirdi. 
Oğlumun sevdiyi qız da vardı. Bu yay ailə həyatı qurmağı düşünürdü. Amma qismət olmadı. Bütün arzuları kimi, bu istəyi də onunla birgə torpağa tapşırıldı...”.

 Əbdülrza Azərbaycanın bütün vətənpərvər gəncləri kimi işğal altında olan torpaqlarımızn azadlığı uğrunda müharibənin başlayacağı günü, Ali Baş Komandanın hücum əmrini intizarla gözləmişdi.

Ortancıl qardaşı Fərhad söyləyir ki, Birinci Qarabağ Müharibəsindən bəhs edən filmlərə baxanda Əbdül deyərdi: “İnşallah, torpaqlarımızı işğaldan azad etmək bizə qismət olar!”.

Kiçik qardaşının üstün keyfiyyətlərindən danışan Şahin Rəfibəyli  deyir ki, xarakter baxımdan Əbdülrza ilə çox fərqli olublar: 

 “Mən bir az qaşqabaqlıyam, Əbdül isə çox deyib-gülən, xoşxasiyyət və mehriban idi. Sözündən dönməzdi... Varı bölmək olur, amma yoxu bölmək çətindir. Əbdül yoxu da bölməyi bacaranlardan idi. Məncə elə bu üstün keyfiyyətlərinə görə də o, ən ali məqama yüksəldi...”.

 
Son görüş, son telefon zəngi...
Şəhid anası Səkinə Rəfibəyli:

 “Son dəfə oğlumu cəbhəyə getməzdən 4 gün qabaq görmüşdüm. Çünki bacım iflic keçirmişdi. Onun yanında idim. Oğlumu doyunca qoxlayıb, öpüb yola sala bilmədim. Mən görməmiş getdi, bir daha da görmədim...

Əbdüllə son dəfə oktyabrın 21-i danışmışam. 21-dən öncə bir dəfə zəng etdi. Mənə “Ana,  atamdan, qardaşlarımdan ehtiyatlı ol. Mən bəlkə ön cəbhəyə getdim” dedi. Son dəfə danışanda məndən halallıq da istədi. Dedi ki “Ana, mənə hər şeyini halal elə, halallıq ver”.
 Əbdül bu sözü dedi və səs kəsildi, mən də halallıq verə bilmədim. Deyə bilmədim ki, oğlum hər şeyim sənə halal olsun. Sentyabrın 21-i getdi, oktyabrın 21-i son dəfə danışdı. O gündən sonra oğlumun səsini bir də eşitmədim...

 Əbdül hər gün yuxuma gəlir. Mənə “qapını aç, ana” deyir. Yuxudan dəli kimi, həm də sevinclə oyanıram ki, qapını açım oğlum gəlib. Amma yuxudan oyananda həyatın gerçəkləri ilə qarşılaşıram...

 Mənimlə eyni dərdi yaşayan şəhid analara demək istəyirəm ki, başınızı dik tutun. Düzdü, övlad itkisi çox çətindir. Fəxr etsinlər ki, vətən yolunda şəhid olan igid oğlu var. 
Düzdür, övladımı itirmişəm, çox ağırdı. Amma oğlumla fəxr edirəm...”.

 Əslən Masallının Boradigah qəsəbəsindən olan Şəmməd Rəfiyev Bakı şəhərində dünyaya gələn üçüncü oğluna İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş atası Əbdülrzanın adını qoymuşdu. Hitler faşizmi üzərində qələbədə Azərbaycan əsgəri kimi payı olan baba Ədülrza Böyük Vətən Müharibəsi adlanan o qanlı-qadalı döyüşlərdə üç dəfə yaralanmışdı. 1988-ci ilədək Boradigah qəsəbəsində yaşayan və orada da dünyasını dəyişən babanın adının işığında boya-başa çatan nəvə Əbdülrzanın da taleyinə erməni faşistləri ilə döyüşmək yazılmışdı. Fəqət erməni faşistləri Odlar yurdumuzun dilbər güşəsi Qarabağı işğal edəndə Əbdülrza Rəfibəyli kimi Vətən uğrunda canından keçən oğullar hələ dünyaya göz açmamışdılar. Atasının dediyinə görə, boyca ailədə hamıdan uca olan Əbdülün (əzizləri onu belə çağırardılar) Vətən sevgisi də hamıdan çox hiss olunurdu.

 Bir anın içində insanın dost-doğmalarından ayrılıb torpağın qoynuna əbədi köçməsi çox ağır iztirabdır. Əbdülrzanın ayrılığı isə ata-anası, dost-doğmaları üçün ikiqat iztirab idi. Çünki şəhidlik sorağı gəlsə də, nəşi bir müddət döyüş bölgəsində qalmışdı. Atası Şəmməd kişinin daxilindən gələn səs ona oğlunun nəşinin gec-tez tapılacağını deyirdi.

Söhbətimizə Əbdülrzanın atası Şəmməd Rəfibəyli ilə davam edirik.

 Atanın sözlərinə görə, şəhidimiz hələ uşaqlıqdan həmişə böyükləri niyə torpaqları ermənilərin işğal edə bildikləri barədə sorğulayırmış:

 “Mənim 3 oğul övladım var. Övladlarım içərisində ən çox vətənə o bağlı idi. Əbdül ən kiçik övladımdır.
Oğlum müharibə müddətində hər dəfə bizimlə danışanda hər şeyin yaxşı olduğunu, geri qayıdacağını deyirdi. Hər şey yaxşı oldu, amma o geri qayıtmadı...
Oğlum uşaqlıqdan vətən eşqi ilə yaşayırdı. Hər dəfə danışanda mənə deyərdi ki, “bizim doğma torpaqlarımızı niyə ermənilərə vermisiniz? Mən böyüyüb torpaqlarımızı geri alacam”. 

 Şəmməd kişinin oğlumun uşaqlıq arzusu gerçəkləşdi... Torpaq uğrunda can qoydu...

 “Oğlum şəhid oldu, amma nəşi çox gec tapıldı. Ölümündən 40 gün sonra nəşi ailəmizə təhvil verildi. Hiss edirdim ki, gec-tez oğlum tapılacaq.
Beləcə 40 gün getmədiyim ünvan, döymədiyim qapı qalmadı. Övladımı torpağa tapşırmaq niyyəti ilə hətta müharibə bölgəsinə də üz tutdum”.

Bibisi Tehran Ramazanova da Əbdülrzanın səmimiyyətindən, Vətənə sədaqətindən söz açır:

 “Övladım yox idi, mən Əbdülü özümə övlad götürmüşdüm...”.

 Oktyabrın 21-də evə zəng edəndə erməni faşistləri ilə sona qədər döyüşəcəyini bildirən Əbdülrza deyib: “Atamın iki oğlu var, şəhid olsam ağlamayın, başınızı dik tutun!”.

Bu, Vətən müharibəsinin 22 yaşlı qəhərəmanının doğmaları ilə son telefon danışığı idi...

 Düşmənin məhv edilməsi və Qubadlıda, Füzulidə, Xocavənddə ərazilərimizin işğaldan azad olunmasında şücaət göstərən Əbdülrza Rəfibəyli topçu olmasına baxmayaraq, həmişə öndə vuruşmağa can atırdı. Növbəti hərbi əməliyyatların birində arzusuna çatdı və könüllü olaraq həmlə bölüyünə qoşuldu. 

 23 oktyabr 2020-ci ildə Xocavənd -Şuşa ətrafında döyüşlər zamanı ön cəbhədə adını Vətən tarixinə əbədi yazaraq, şəhadətə yüksəldi...

 Əbdülrza Rəfibəyli Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 Hazırda 57 saylı məktəbin sinif otaqlarından biri şəhid Əbdülrza Rəfibəylinin adını daşıyır.

 Şəhadətin mübarək, qəhrəman şəhid!

 
Fidan İlqar
 

Geri qayıt