Əsas Səhifə > Təəssürat > Şəfəq saçan bir ömrün nəğməsi...

Şəfəq saçan bir ömrün nəğməsi...


19-09-2018, 16:08
                                                                                                                       
                                                                                                                 Rəfiqə Məmmədova -80

Silah bir əsgərdi, söz bir əsgər   


 O, ədəbiyyatımızın 80 illik Rəfiqəsidi- ona rəfiqə də demək olar, Rəfiqə Məmmədova da. Çünki Rəfiqə Məmmədova poeziyanı, sözü, dünyanı, balacaları sevən hər kəsin rəfiqəsidir.  Rəfiqə xanımın  şeirlərini oxuyub duyğuları ilə tanış olan oxucu özünə bir rəfiqə, dost qazanır. O, insanın könül qapısını rahatlıqla aralaya bilir. İstər uşaq olsun, istər böyük. Elə ona görə də Rəfiqə xanımın “Yaşadığım ömürdən razıyam” deməyə haqqı çatır. Çünki...
    Rəfiqə xanım yaradıcılığını ömür təcürbəsindən keçirərək bizə təqdim edir. Onun söz bağçası həyat həqiqətlərini əks etdirən müşahidələrin bəhrəsi olduğu üçün şeir və hekayələrindəki daxili duyğularını ən incə çalarlarınadək oxucu yaddaşına ötürə bilir. Şair milli faciələrimizi qələmə alarkən vətəndaş, milli hisslərlə yaşayan bir insan mövqeyi sərgiləyir. Xocalı soyqrımına ithaf etdiyi şeirdə haqsızlığın dərdli ahəngindən söhbət açır. Doğrusu, ifadə bir qədər anlaşılmaz görünür. Haqqın, ədalətin, Allahın çəkdiyi  yolun ahəngi ola bilər. Bəs haqsızlığın ahəngi necə olur- özü də dərdli ahəngi? O, uşaq ədəbiyyatı şairi olsa da, burda artıq uşaq təfəkkürüylə  düşünmək  adama zor gəlir. Xeyli dərinliyə enməlisən. Sözün, fikrin alt qatındakı mənəvi aləmi seyr etmək üçün bəsirət gözü tələb olunur. Bəli, haqsızlığın ahəngi ola bilər. Axı dünya özü ahəngdən yaranıb. Hətta təsadüflər belə, ahənglə səsləşir. Əgər  haqqın ahəngi varsa, onda haqsızlığın da ahəngi var. Sadəcə, biri müsbət qütbün, digəri mənfi qütbün istəyilə nizama düzülür. Ahəng, ritm, hər hansı bir axar olmasa, nə haqq, nə də haqsızlıq ayaq üstə dayana bilər.
     Şair Xocalı faciəsini əks etdirən şeirdə tökülən qanın, məhv olan talelərin, tankların tırtırları altında parça-parça olan günahsız insanların ölümü üzərinə sovet bayrağını örtür, mənzərə bu qanlı bayrağın haqsızlıq üzərinə sərilməsiylə açılır. Müəllif bayrağa, yetmiş il qanımızı içən, müstəqilliyimizi əlimizdən alan, tariximizə, mədəniyyətimizə qılınc çalan imperiya bayrağına nifrət doğura bilir. Biz yetmiş il bu bayrağı başımız üstündəki ucalıqlardan dalğalandırmışıq. Yetmiş il bu bayrağa Vətənimizin, torpağımızın rəmzi demişik. Yetmiş il sevmişik bu bayrağı... Axırı da Azərbaycan torpaqlarının imperiya əlilə qəsb olunması, Qanlı yanvar qırğını, Xocalı qətliamı, işğal olunmuş ərazilərimizdəki qanlı olaylar, azərbaycanlıların kütləvi şəkildə Dağlıq Qarabağın kəndlərindən zorla çıxarılması, onların elə öz həyət-bacalarında vəhşiliklə qətlə yetirilməsi- bütün bunlar imperiyanın, Sovet hərbinin diktəsiylə həyata keçirilib...
       Rəfiqə xanımın yaradıcılığı özünün bədii məziyyətlərinə, daşıdığı ideyalarına görə zaman-zaman diqqətdən kənarda qalmayıb- ədəbi tənqid bu yaradıcılığa münasibət bildirib. Çox jurnalist Rəfiqə xanımın yaradıcılığından, nəsr nümunələrindən qanyanqlanan məqalələrlə mətbuatda mütəmadi çıxış edib. Onun ədəbiyyat aləminə hər səfəri ən müxtəlif oxucu təbəqəsinin sevgisini qazanıb.
    Bildiyimiz kimi, Rəfiqə xanım daha çox uşaqlar üçün şeir yazır. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşovun məqaləsindəki epiqraf da bu baxımdan hədəfə uyğun seçilib: “Bu dünyanın mövzusu da, hakimi də uşaqlardır”
     “Rəfiqə xanımın şeirlərini oxuyan öz uşaqlıq dünyasına qayıtmaya bilmir. Uşaq dünyası şeirsiz, nağılsız, laylasız, nəğməsiz miskin aləmə bənzəyərdi. Bunlar o kövrək dünyanın bər-bəzəyi, yaraşıqlı xonçasıdır. Hamımızın uşaqlıq yaşantılarına xas lövhələrdir – dəcəli, nadinci, ipə-sapa yatmayanı bəxşişdən, hədə-qorxudan çox söz sənətinin nümunələri həlimləşdirib. Nə vaxt yuxuya getdiyimizi, səhərin necə açıldığını hiss etməmişik. Şirin röyalar eşitdiklərimizin təsiri ilə yaranıb. Yenisini dinləmək ümidi ilə növbəti gecələri səbirsizliklə gözləmişik. Böyüklərdən miras qalan təcrübə özümüz valideyn olanda karımıza gəlib. Amma etiraf edək ki, heç birimiz bunu babalar, nənələr qədər bacarmırıq. Ona görə də babalığa, nənəliyə iddialı olanlar vaxtında başlarına çarə qılsınlar. Nəvələr ətəklərindən yapışanda iki-üç nağılın, tapmacanın ümidinə qalmasınlar”.
Millət vəkilinin Rəfiqə xanım yaradıcılığına münasibəti olan bu ifadələrini təsadüfən səsləndirməyib. Rəfiqə xanım istedadlı və təcrübəli yazıçıdır. Onun ədəbiyyatımızı, söz sənətimizi bəzəyən onlarla kitabı işıq üz görüb. Və bu kitabların hər biri uşaqların qəlbinin açarıdır. Yazıçının bir üstünlüyü də ondan ibarətdir ki, onu təkcə uşaq yazıçısı adlandırmaq olmaz. Çünki o, yaşının bu çağına qədər böyüklər üçün də yazıb-yaradıb. Müxtəlif illərdə qələmə aldığı povest və hekayələrində dövrün, zamanın yaşantıları əks olunur. Bu əsərlər zamanı tarixə çevirmək baxımından da qiymətlidir.
...Dünyanı anlamağa çalışan uşaqların əsas maraq hədəfi öncə təbiət olur. Rəfiqə xanımın da şeirlərinin böyük əksəriyyəti  təbiətlə səsləşir. Şair həm də təkcə poetik ifadələr vasitəsilə təbiəti canlandırmır. Həm də təbiət hadisələrinin fonunda cəmiyyətə boylanmağa bir pəncərə açır. Azyaşlılar da bu əlaqələri hiss edib-duyurlar. Və onlarda müxtəlif suallara cavab tapmaq meyli oyanır. Məsələn, “Sığın” adlı bir şeirinə baxaq:
Hər tərəfdə hay-haray,
Hər tərəfdə şaqşaraq,
Uşaqların sığını,
Ürküb, qaçıb doludan,
Gəlin onu axtaraq!
Tufan qopub, qar tutub,
Yolları, keçidləri.
Bəlkə yolun unudub?
Həyandı dağ keçiləri.
Öz mehrini həmişə,
Boz dağlara salır o,
Hardasa fit çalır o,
Tapıb sakit bir guşə,
Bəlkə fırlanır hələ,
Çıxıb qoç döyüşünə,
Döyüşür- zərbdən qaçmır,
Bizi axtarır yenə.
    Yığcam bir şeirlə uşaqlar təbiət mənzərələrilə tanış olurlar. Dağ keçiləri, onların yaşadığı mühit, aralarında düşən qovğalar, çarpışmalar, təbiətin müxtəlif havaları, qarlı-çovğunlu və s. Və sonda cəsur, bir-birinin zərbəsindən asanlıqla qaçıb qorxmayan təbiətin azad varlıqları- dağ keçiləri haqqında bu şeir vasitəsilə uşaqlar bilgi alır.
     Rəfiqə xanımın təbiət hadisələrilə zəngin şeirlərini oxuduqca, adama elə gəlir ki, müəllif bütün həyatını təbiətin qoynunda yaşayıb. Bu, ilk baxışdan belə görünür. Rəfiqə xanım uşaqlıq yaşlarında kənddə böyüsə də, yeniyetməlik çağlarını şəhər mühitində yaşayıb, fiziki və mənəvi cəhətdən böyüyüb inkişaf edib.  Rəfiqə xanım mütaliəli insandır. Yazdıqlarının çoxu təsəvvürün, dünyagörüşün, geniş üfüqlərə meydan açan şair təfəkkürünün məhsuludur. Əlbəttə, birbaşa müşahidələrinin də yaradıcılıq nümunələrinin  canlı alınmasında rolu böyükdür.  Ancaq lazım gəlir ki, bir çox məqamlarda şair öz xəyallarının diliylə də danışa bilsin. Mövzularında əsasən reallıqlar üstünlük təşkil edir.  Həyatın poeziyadakı təcəssümündə şair gördüklərinə daha çox meyil edərək həqiqi yaşantı və duyğularını qələmə almaqda üstün maraqlara sahibdir.  Bu baxımdan “Bülbül nəğməli meşə” şeiri olduqca həzin səslənir və oxuduqca, eşitdiyin səsin ardında kövrək izlərin qaldığını duyursan.
      Rəfiqə xanım da bir sənət adamı, bir şair-yazıçı olaraq yaradıcılığının demək olar ki, 90 faizini mənəvi-ekoloji tarazlığın nizamlanmasına yönəldib. Bu fikirlər təkcə mənim qənaətim olaraq qiymətləndirilməməlidir. Düşünürəm ki, Rəfiqə Məmmədovanı tanıyan, onun şeirlərinə, nəsr əsərlərinə, bədii cəhətdən özünəməxsus çəkisi ilə seçilən digər miniatür məqalə və hekayələrinə bələd olan hər bir kəs bu fikirdədir ki, müəllif təkcə tanınması, imzasını hər kəsə sevdirməsi üçün yazıb-yaratmır. O, içdən gələn duyğu və düşüncələrini bir vətəndaş missiyası olaraq sənətə, ədəbi-bədii bir örnəyə çevirərək müxtəlif vasitələrlə -qəzet və jurnalların, digər ədəbi dərgilərin, nəşr etdirdiyi onlara kitabın köməyilə paylaşır.
   Yuxarıda qeyd etdiyim kimi bu yay Rəfiqə xanımın 80 yaşı tamam oldu. Bu münasibətlə tanınmış yazıçını, uşaq ədəbiyyatının istedadlı bir nümayəndəsini mətbuat dünyamız böyük bir səmimiyyətlə təbrik edir, bundan sonra da yazıçıya sağlam ömür və yeni yaradıcılıq uğuralrı  arzuladılar.  “Ədəbiyyat qəzeti” də öz missiyasını yerinə yetirdi. Azərbaycan Yazıçılar Birliyi adından ədəbiyyat sahəsində çoxillik təcrübəyə sahib  sənətkarı yubiley ərəfəsində gənc nəslə yenidən xatırlatdı. Rəfiqə xanım  təvazökar bir insan olduğu qədər də iddiasız bir yazıçıdır. O, bu vaxta qədər heç kimdən, heç bir ədəbi təşkilatdan zərrə qədər də təmənna ummadan beləcə yazıb-yaradır. Məncə, sənətdə onu yaşadan ilkin şərtlərdən biri də elə budur.
   Qarabağın işğalından sonra Rəfiqə xanımın yazdıqları ədəbi nümunələrdə bir həsrət, bir ayrılıq yaşantısı açıq-aşkar hiss olunur. Çox vaxt o, misralarda, sətirlərdə həsrətin, ayrılığın obrazını yaratmağa üstünlük verir və buna nail olur. Qarabağ, Şuşa, Cəbrayıl həsrəti bir tərəfdən, yazıçını kədərləndirsə, bir tərəfdən də, onu yazıb-yaratmağa sövq edir. Yazıçı torpaqların işğaldan azad olunmasının bir yolunu da elə sözdə görür. Sağlam, dəyanətli, özüylə tarixi həqiqətlərimizi yaşadan cəsarətli sözü yazıçı elə silah qədər güclü hesab edir. Silah bir əsgərdi, söz bir əsgər. Bu da Rəfiqə xanımın çox sevdiyi fikirlərdən biridir.
   
Fariz Çobanoğlu
    

Geri qayıt