Əsas Səhifə > Xəbər > Moskvada “Azərbaycanın payız sovqatları”
Moskvada “Azərbaycanın payız sovqatları”25-10-2018, 16:59 |
Şəhərcikdə ölkəmizin mədəniyyəti, sənətkarlıq nümunələri, milli mətbəxi və təbiətinin bar-bərəkəti nümayiş etdirilir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva hökumətinin təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi ilə oktyabrın 17-dən 21-dək Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərib. Oktyabrın 18-də şəhərciyin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Moskva hökumətinin naziri, ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər. Aleksey Nemeryuk mərasimdə çıxış edərək bildirib ki, ilk dəfə Moskvada bu formatda Azərbaycan günləri keçirilir: “Azərbaycanın ən yaxşı istehsalçıları Moskvada öz məhsullarını nümayiş etdirirlər. Şəhərcikdə Azərbaycan məhsulları nümayiş etdirilir, ziyarətçilər ustad dərslərində iştirak edə biləcəklər. Bir neçə gün ərzində burada maraqlı tədbirlər keçiriləcək. Ümid edirik ki, belə tədbirlər mütəmadi təşkil olunacaq”. Səfir Polad Bülbüloğlu Azərbaycan məhsullarının nümayişi üçün şərait yaradıldığına görə Moskva hökumətinə, Rusiya paytaxtının meri Sergey Sobyaninə təşəkkürünü bildirib: “Bu gün təşkil olunan sərgi Moskva hökuməti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın təzahürüdür. Mən şəhərciyin gözəl təşkilinə görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Heydər Əliyev Fondu bütün dünyada Azərbaycanın tanıdılması istiqamətində böyük işlər görür. Çox şadam ki, Azərbaycan mədəniyyətini təbliğ edən Heydər Əliyev Fondunun xətti ilə Moskvada da çoxsaylı tədbirlər keçirilir”. Polad Bülbüloğlu sərgidə Azərbaycanın turizm potensialının da əks olunduğunu bildirərək, moskvalıları Azərbaycana dəvət edib. O, həmçinin belə sərgilərin ənənəvi keçiriləcəyinə ümidvar olduğunu bildirib. Şəhərcikdə Azərbaycan mədəniyyəti və tarixi, milli mətbəx nümunələri təqdim edilir, misgərlik, xalçaçılıq, müxtəlif sənətkarlıq növləri üzrə məhsullar nümayiş etdirilir. Beş gün ərzində Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində konsert və sərgilər təşkil olunacaq, şəhərciyə gələnlərə Azərbaycanın müxtəlif milli sənətkarlıq nümunələrinin hazırlanması və milli rəqslər, musiqi alətlərində ifa üzrə ustad dərsləri də keçirilib. Tədbir çərçivəsində Azərbaycan mətbəxini təqdim edən restoranlar, çay evi, ölkəmizdə istehsal olunan müxtəlif məhsulların satışı təşkil edilib. Həmçinin “I Love Baku” milli suvenir brendinin məhsulları da təqdim edilib. Heydər Əliyev Fondunun müxtəlif nəşrləri Moskva sakinlərinə və Rusiya paytaxtının qonaqlarına ölkəmiz barədə ətraflı məlumat əldə etməkdə yardımçı olacaq. Şəhərciyin fəaliyyət göstərdiyi günlərdə bədii proqram təqdim edilib, Azərbaycanın rəqs və musiqi kollektivlərinin, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının, tarzən Şəhriyar İmanovun çıxışları olub. Şəhərciyə gələnlər rəngarəng ərzaq çeşidləri və suvenirlər almaq, müxtəlif sənət növləri üzrə ustad dərslərində iştirak etmək, fotosərgi ilə tanış olmaq, yaradıcı kollektivlərin çıxışlarını izləmək imkanı əldə edərək, peşəkar aşpazlardan milli xörəklərin hazırlanmasını öyrənib və mətbəximizin nümunələrinin dadına da baxa biliblər. Geri qayıt |