Əsas Səhifə > Xəbər > Azərbaycan Himni ilə bağlı QANUN DƏYİŞDİ: bundan sonra…
Azərbaycan Himni ilə bağlı QANUN DƏYİŞDİ: bundan sonra…9-03-2019, 21:01 |
“Dövlət Himninin istifadəsi qaydaları haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilib. Qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib. Millət vəkili bildirib ki, Dövlət Himni yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin təntənəli andiçmə mərasimində (Azərbaycan Respublikasının Prezidenti and içdikdən sonra), Prezident Milli Məclisinin iclaslarına gəldiyi zaman, Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı, dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, hər gün milli televiziya və radio verilişlərinin əvvəlində və axırında, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat və ya incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya lövhələrinin açılışı zamanı,dövlət orqanları, yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları və ya siyasi partiyalar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırıldıqda və ya asıldıqda), Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra) ifa edilməlidir. Millət vəkili bildirib ki, Dövlət Himni farağat vəziyyətində dinlənilməlidir. “Dövlət Himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Azərbaycan Respublikası vətəndaşları Dövlət Himnini “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavə olunmuş mətninə uyğun olaraq ayaq üstə və sona qədər oxumalıdır (oxumadıqda isə ayaq üstə və sona qədər dinləmək). Dövlət Himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağandır. Dövlət Himni bu Qanunda nəzərdə tutulmuş qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, Dövlət Himninə qarşı hörmətsizlik edən şəxslər isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Geri qayıt |