Əsas Səhifə > Manşet / Redaktor seçimi > El gücünə bərabər sel - Əsgər şücaəti, zabit qeyrəti, vətəndaş məhəbbəti...

El gücünə bərabər sel - Əsgər şücaəti, zabit qeyrəti, vətəndaş məhəbbəti...


9-10-2018, 16:14

     Tovuz rayonunun N saylı ön xəttində xidmət edən oğlumun yanına yola düşəndə, çox pəjmurdə idim. Harda qalacağım, harda gecələyəcəyim məni olduqca narahat edirdi. Elə ona görə də yola düşməzdən əvvəl feysbuk səhifəmdə belə bir paylaşım etdim: “Mən elə bilirdim hər rayonumuzda, hər bölgəmizdə heç olmasa, bir dostum, bir tanışım var. Ancaq nə qədər fikirləşirəm, Tovuzdan bir nəfər də yadıma düşmür”.
    Bu sətirləri ona görə yazmışdım ki, yadıma düşməyən kimsə varsa, üzə çıxsın. Tovuza çatanda isə tamam başqa mənzərə ilə qarşılaşdım. Açığı, bu yerlərə gəlişim də birinci səfər idi. Tovuzda yaşayan yazıçı- şair dostumuz Vaqif İsaqoğlunun mənə çox köməyi dəydi. “Tovuz” rayon qəzetinin baş redaktoru Çingiz Qəribli bizi qarşıladı. Onun xarakterik keyfiyyəti, işıqlı düşüncəsi, yumorlu təbiəti və digər gözəl xüsusiyyətlərilə Tovuz eli, Tovuz camaatı haqqında bizdə ilkin təssürat yarandı.
     Tovuzda qaldığım bir neçə gün ərzində şahidi oldum ki, bu dağlar diyarında yaşayan insanların hər biri, sən demə, insana bir dost, bir qardaş, bir doğma imiş. Bilmirəm, təbiətindəndi, suyundan, torpağındandır, hər nədəndirsə, bu el, bu oba mənə çox doğma, çox məhrəm gəldi. Uzaqdan gələn qonaqlara, rayon ərazisində xidmət edən əsgərlərin valideynlərinə xüsusi bir diqqət, qayğı gördüm. Hər kəs biləndə ki, uzaq yoldan gəlmisən və burda xidmətdə olan əsgər oğluna baş çəkəcəksən, onda kimliyindən asılı olmayaraq səni evinə qonaq dəvət edir.
      Biz də bir kişinin evində gecələdik. Ev sahibi Qəfər adlı fiziki-mənəvi sağlamlığı ilə seçilən zəhmətkeş bir oğlan idi. Onlardan ayrılıb gedəndə, həyətlərindəki payız barından alma, qoz, fındıq və s. meyvələrdən bizə pay da qoyub- əsgərlərə verərsiniz,- dedilər. Biz də elə o payı əsgərin özünə və alaydakı dostlarına çatdırdıq.
    ...Nəhayət, Tovuz rayonundakı N saylı ön xəttə yerləşən yüksəkliyə qalxırıq. Dağlar o qədər hündürdür ki, başını qaldırıb yuxarı baxdıqca, adamın alnı, sifəti qırışır. Dağların başında da soyuq rüzgar daşlara, qayalara çırpılır və insan sifətində əks-səda verir. Çox zəngin meşələr, addımbaşı çağlayan soyuq bulaqlar bu yerlərin görkəminə və ruhuna hüdudsuz bir gözəllik qatır. Bu dağların, bu yerlərin əşrəfi isə elə o dağların zirvəsində düşmənlə üz-üzə dayanmış, barmağı tətikdə olan əsgərlərimiz, zabitlərimizdir.
     ...Əsgərlərlə görüşürəm. Olduqca şən əhval-ruhiyyədədirlər. Amma mən çox üşüyürəm. Bilmirəm, canımda gəzən üşütmə, titrəyiş bu zirvədəki soyuğa görədir, yoxsa bu zirvədən görünən – düşmən tapdağında qalmış Vətənin paramparça yerlərinə görə. Hər halda, bu ağrını içdən yaşayıram. Və sən demə, bu, kənardan da açıq-aydın sezilirmiş. Məni dərhal aşağı endirdilər. Düşmənin sığındığı səngərlərə, mövqelərə isə baxmağa belə imkan vermədilər. Yəni təhlükəsizliyimi təmin etdilər. Hərbi qayda-qanunlara, nizamnaməyə hər bir əsgər kimi, o yüksəkliyə qalxan əsgər ata-anaları da əməl etməlidirlər və edirlər də.
     Tovuzu əhatəyə almış uca dağalrın zirvələri boyu əsgərlərimiz keşikdədir. Həftənin şənbə-bazar günləri valideynləri ilə əsgərlərin görüş imkanı var. Əsgərlərimiz kimi, valideynlərin də ruhunda bir döyüş əzmi, bir mübarizə ovqatı olduğunu görməmək mümkün deyil. Orda olduğum qısa müddətdə mənə “ad” da vermişdilər- gürcü filmi “Əsgər atası”ndakı Maxaraşvili obrazına oxşayırmışam.
      Demək istəyirəm ki, ordumuzda da, vətəndaşlarımızda da torpaqlarımızı azad etmək, düşməndən intiqam almaq, qələbə qazanmaq istəyi gördüm.
        
     Fürsətdən istifadə edib oğlumun da tabe olduğu ön xətdəki mövqelərin birinin tabor komandiri ilə görüşə bildim. Ayaqüstü üç-beş dəqiqəlik söhbətimiz əsnasında onun nə qədər cəsur bir zabit olduğunun da fərqinə vardım. Piriyev Rəşad Piri oğlu Samux rayonunda doğulub. 34 yaşlı zabitin keçdiyi uğurlu döyüş yolu Azərbaycan tarixinin artıq geridə qalmış şanlı səhifələrindən birinə çevrilib. Gələcək nəsillər bu səhifələri qürurla oxuyacaqlar.
     Gənc yaşında mayor rütbəsinə sahib olmaq xırda məsələ deyil və zabitimiz Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komanı cənab İlham Əliyevin xüsusi fərmanı ilə təltif olunub. Lələtəpə döyüşlərinin kapitanı bu uğurlu əməliyyatdan sonra vaxtından əvvəl mayor rütbəsinə yüksəlib. Elə həmin döyüşlərdə Rəşad general Səməd bəy Mehmandarov adına medala da layiq görülüb. Bu gün də gənc zabitimiz aldığı medalı və çiyinlərində gəzdirdiyi hərbi nişanı fəxarətlə daşıyır. Onun dağların zirvəsindən düşmən tərəfə boylanan qırğı gözlərindən heç nə yayına bilməz. İti və çevik addımlarla yeriyən, hərəkətlərilə şimşək işığını yada salan Azərbaycan zabiti həm də olduqca sadə və mehribandı. Əsgərlər komandirlərinin diqqət və qayğısından, nəvazişindən, həmçinin onun hərbi nizamnaməyə uyğun sərt davranışlarından olduqca razıdırlar.
        
       Rəşad Piriyev gözümdə təkcə özünün fərdi xüsusiyyətlərilə ucalmadı. Həm də məndə Azərbaycan zabitinin ümumiləşmiş bir obrazını yaratmış oldu. Mənəvi-əxlaqi dürüstlüyü, fiziki-psixoloji hazırlığı məndə həm bir əsgər atası, həm də bir yaradıcı insan kimi yadımdan çıxmayacaq xoş təəssürat yaratdı.
     ...Dağlardan üzüaşağı enəndə, artıq addımlarımı arxayın atırdım. Kürəyimə söykənən dağlar gülləkeçirməz idi. Öz kökü ilə qayalarda lağım atan min illərin qocaman ağacları öz mərdanə duruşları ilə hərəsi bir əsgərə bənzəyirdi. Elə həm də əksinə demək olar. Əsgərlərimizin, zabitlərimizin hər biri gözümdə dağların sinəsində fəsillərin sərt üzünə duruş gətirən o şahanə ağaclar qədər qüdrətli idi. Oğlumun komandiri mayor Rəşad Piriyev isə valideynlərə həm də sözləri ilə böyük təskinlik verməyi az qala bir pedaqoq, psixoloq kimi məharətlə bacarır: “Ordumuz  peşəkar bir səviyyədədir, artıq 90-cı illərin ordusu deyil. Daha Vətənimizin, torpağımızın vahid komandanlıq altında birləşən, müasir silahlarla təmin olunmuş nizami bir ordusu var. Və bu nizami ordunun arxasında ona öz misilsiz məhəbbətilə dəstək olan xalqımız dayanır. Hökumət, xalq, dövlət birliyi - bax, bu gördüyünüz yüksəkliklərdə keşik çəkən əsgər və zabit heyətinə, o cümlədən bütövlükdə, ordumuza daim qol-qanad verir. Biz güclüyük. Təkcə silah-sursatımızla, hərbi texnikamızla, mənəvi-psixoloji hazırlığımızla deyil, həm də haqqımızı tələb etməkdə, ədalətimizə güvənməkdə güclü, qüdrətliyik. Biz işğalçı, qəsbkar deyilik. Biz qansız, cəllad ermənilər kimi zalım bir ordunun əsgər və zabitləri deyilik. Biz humanizm prinsiplərilə hərəkət edirik, dinc insanlarla heç bir işimiz yoxdur. Hətta təsadüfən bir silahsız erməni, bir kənd sakini əlimizə keçsə, onu düşmən tərəfə təhvil verərik”.
       ... Telefonun çağırış səsindən Azərbaycan himni və Ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” məşhur fikri eşidilən zabit, Lələtəpə fatehi Rəşad Piriyev bütün hallarda haqlıdır.  Ordumuz tezliklə qarşıdakı dağları aşaraq düşmənin doğma torpaqlarımızdakı yuvalarını, mövqelərini dağıdaraq, onları Azərbaycan ərazisindən çıxarmağa müvəffəq olacaq.  
    Lələtəpə uğrunda onlarla dostunu, doğmasını şəhid vermiş, intiqam hissiylə yaşayan cəsur komandirin özü də belə dedi. Ali Baş Komandanın bircə əmri yetər ki, düşmən bütün istiqamətlərdə külli-kuf olsun.
    ...Əsgər şücaəti, zabit qeyrəti, vətəndaş məhəbbəti- bunlar ayrı-ayrılıqda bəlkə də hərəsi bir bulaq, dağ çeşməsidir. Amma birləşəndə kükrəyən sel olur- el gücünə bərabər sel...
   
 İmza: Fariz Çobanoğlu, yazıçı-publisist, prezident təqaüdçüsü
Geri qayıt