Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın gənc istedadı Berlində beynəlxalq müsabiqədə

Azərbaycanın gənc istedadı Berlində beynəlxalq müsabiqədə


19-09-2018, 16:29
 

    Müsabiqənin münsifləri Elvin Xoca Qəniyevin dünya karyerasına artıq hazır olduğuna əminliklərini bildiriblər
Virtuoz skripka ifaçısı, Əməkdar artist, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilmiş Elvin Xoca Qəniyev Almaniya paytaxtında keçirilən 2-ci Berlin Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb.
Mötəbər yarışma dörd bölmə üzrə - piano, simli alətlər (skripka, violonçel), vokal və nəfəs alətləri ifaçılığı üzrə keçirilib.
Simli alətlər üzrə münsiflər heyətində ABŞ, Fransa, Çexiya, İtaliya, Rusiya, Almaniya, Norveç və Polşadan Eduard Qraç, Pyer Amoyal, Marko Ritsi, Jerrom Perno, Kirill Trusov, Linn Çanq, İvan Ştraus, Zvi Karmelli, Eduard Schmieder, Frantişek Briksius, İoqannes Qoritski, Audun Andre Sandvik və Kristov Bakovski kimi dünyaca məşhur 13 musiqiçi yer alıb. Müsabiqədə müxtəlif ölkələrdən 18-35 yaş arası skripkaçılar iştirak ediblər.
Münsiflər heyəti nəticələri elan edərkən Elvinin musiqi duyumunu, ifası zamanı səslənmənin dərinliyini, parlaq texnika və əsərlərin interpretasiyasını xüsusi qeyd ediblər. Münsiflər azərbaycanlı musiqiçiyə uğurlar arzulayaraq, onun dünya karyerasına artıq hazır olduğuna əminliklərini bildiriblər.
Qeyd edək ki, 21 yaşlı Elvin indiyədək bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. İfaçı 2018-ci ilin mayında respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
  
Berlində keçirilən müsabiqədə hər nominasiya üzrə Qran-pri mükafatı, qızıl və gümüş medallar, həmçinin “gənc virtuoz” həvəsləndirici mükafatı verilib.
Simli alətlər üzrə ifaçılıq yarışmasında Azərbaycan təmsilçisi Elvin Xoca Qəniyev ilə yanaşı, Vlad Maistorovici (Rumıniya) və Sumina Studer (İsveçrə) də qızıl medala layiq görülüb. Robert Laguniak (Polşa) fəxri qızıl medal qazanıb.
Sentyabrın 26-da Berlin Filarmoniyasında müsabiqə qaliblərinin iştirakı ilə konsert proqramı keçiriləcək.
 İmza: Elxan
Geri qayıt