Əsas Səhifə > Redaktor seçimi > Qayıdan ruhumun sevinci...

Qayıdan ruhumun sevinci...


31-01-2019, 16:20
 

                                                                                        Allahların Allahıdı yaxşılıq,
                                                                                       İnsanların pənahıdı yaxşılıq
                                                                                                               S.Tahir

       İçindən ayrılıq, həsrət libasına bürünmüş qoca Füzuli dərdini loğmana necə açır, təbibə necə söyləyirdi?! İlk misralar yaddaşıma daş üstünə yazılan yazı kimi həkk olunub.
Gah şövqi-vüsali, gah bəlayi-hicrilə zarəm,
Özüm bilməzəm həm dərdim nədir, mən necə bimarəm...
       İndi mən də necə xəstə olduğumu və dərdimin hardan qaynaqlandığını bilmədən çar-naçar qalmışdım. Bir neçə həkimə üz tutsam da, azarımı  bilən olmadı. Amma özlüyümdə bilirdim ki, uzun illərin yurd ağrısı, Vətən nisgili bütün qəlbimi, vücudumu sarmış, ağrıyır, sızlayırdım. Ruhum elə bil ya indicə məni tərk edəcək, ya da ki, gözüm baxa-baxa can verəcəkdi. Nərimanov rayonunda yaşayan bir bacım var. Qardaş, bizim poliklinkada bir yaxşı həkim var,- dedi: bəlkə onun da yanına gedək?
     Getdik. Əvvəlcədən bizə demişdilər ki, səhər erkəndən gedib növbə tutmaq lazımdı. Çünki həkimin xəstəsi olduqca çox olur. Biz də belə etdik. Növbəmizi tutub, gözlədik. Deyilənlərin həqiqət olduğunu gözlərimizlə gördük. Nə qədər xəstə boynunu büküb həkimin növbəti xəstəni qəbul etməsini səbirsizliklə gözləyirdi. Nəhayət, növbə bizə də çatdı. Çox incə, nəcib və müdrik təbəssümünü əsirgəmədən həkim bizi də qəbul etdi. Nərimanov rayonundakı 4 nömrəli poliklinikanın nevropatoloq həkimi Kəmalə xanım Mehdiyevadan söhbət gedir. Kəmalə xanım mənimlə bir xeyli söhbətdən sonra, müəllim, sizin ruhunuz xəstələnmiş,- dedi: onu uzun müddətə-  yavaş-yavaş müalicə etməmiz gərək.
      Bir xeyli müayinədən sonra mənə müxtəlif iynə və dərmanlar yazdı. Olan-qalan pulumuzu toplayıb yaxın qohum-əqrəbanın da yardımından istifadə edib deyilən dərmanları aldıq. Üç-dörd günlük müalicədən sonra özümdə yaxşıya doğru dəyişiklik hiss etməyə başladım. Bəli, mən həyata qayıdırdım. Əvvəlki Vətənlə, yurdla bağlı doğma ağrılarımı yenə hiss etməyə başlamışdım. Demək, mən sağalırdım.  Bir neçə gündən sonra həkimin yanına dönüb ona təşəkkürümü çatdırdım və müalicəmin yeni mərhələsinə başladım.
      Kəmalə xanım Mehdiyeva Lənkəran rayonunda doğulub. Açığı demək lazımdır ki, Azərbaycan səhiyyəsində bu bölgədən – yəni Lənkərandan, Astaradan, Lerikdən... çoxlu sayda savadlı həkimimiz var. Onlardan biri də elə Kəmalə xanımdır. Kəmalə xanım xəstənin şüuruna, onun mənəvi dünyasının dərin qatlarına təsir etməyi, enməyi bacarır. Belə desək, xəstəni kompleks  şəkildə müalicə edir. Mən çox qürur duydum. Hərdən deyirlər ki, Azərbaycanda naşı həkim çoxdur, ancaq belə görünür ki, yaxşıları da kifayət qədərdir. Sadəcə tanımaq lazımdır. Hələ həkimin növbəsində dayanarkən xəstələrin həkim haqqında xoş sözlərinin şahidi olmuşdum. Sazını sinəsinə basıb eldən-obadan oxuyan, xalqın ruhunu diri saxlayan aşıq da söyləyir ki, “elin sözü əvvəl-axır düz olar”. Elə bu dəfə də gerçək oldu. Həqiqətən də Kəmalə xanım öz dövrünün, zamanının çox dəyərli həkimi və loğmanıdı. Bu müqəddəs peşənin əsl sahibidir. Onun əyninə geyindiyi ağ xalatı da özü kimi müqəddəs hesab edirəm. Ağ xalatın işığı təkcə sağlamlığın işığı deyil, inanın ki, həm də insanlığın işığıdır. İnsanı həyata qaytaran ağ xalatlı həkim üçün bundan böyük qürur qaynağı, bundan böyük səadət qalası ola bilməz. Kəmalə xanım, sizə təşəkkür edirəm, məni təzədən doğma ağrılarıma qovuşdurduğunuz üçün. İndi fiziki ağrılarım ötüb və mən yenidən ayrılığın, həsrətin acısını yaşamağa başlamışam, qəlbimdə yuva salmış və heç bir təbiblik, loğmanlıq olmayan, ancaq qeyrətə pənah deyib döyüşə başlayaraq düşmən çəkmələrinin əzdiyi yurdun mənə  bəxş etdiyi mənəvi iztirablarımla da vidalaşmaq, o müqəddəsliyi birdəfəlik özümə qaytarmaq istəyirəm...
     Elə həkimə getməkdə məqsədim də o idi ki, bu hissiyyadan məhrum olmayım, ruhum özümə qayıtsın. Qayıdan ruhumun sevincini sizinlə bölüşmək istədim...
   

Fariz Çobanoğlu
Geri qayıt