Əsas Səhifə > Redaktor seçimi > Xocalı dərdini dağ da götürməz

Xocalı dərdini dağ da götürməz


9-03-2019, 20:47
 


Faciəni lentə alan Azərbaycan Ordusunun ilk hərbi operatoru belə deyir...
 
Bir həqiqət var ki, hər hansı faciənin canlı şahidi olmaq, eşitməkdən və ya onu televiziya ekranlarından görməkdən daha dəhşətlidir. Çünki çox zaman bu hadisələr insanı ömür boyu öz təsirində saxlayır, dəhşət dolu xatirələr adamı rahat buraxmır. Xocalı faciəsinin şahidləri də, necə deyərlər, bu əzabı çəkməyə məhkumdurlar. Onlardan biri də Azərbaycan Ordusunun ilk hərbi operatoru, istefada olan polkovnik-leytenant Seyidağa Mövsümlüdür.
Seyidağa müəllim 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, tale elə gətirib ki, tamamilə başqa bir istiqamətə-televiziya sahəsinə gedib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. 1988-ci ildə erməni daşnaklarının törətdikləri cinayətləri videolentə çəkmək üçün dəfələrlə Şuşa, Laçın, Zəngilan, Naxçıvan və digər bölgələrimizdə olub. Özünün də dediyi kimi, həyatının ən ağır anları başımıza gətirilən müsibətləri lentə aldığı günlər olub. 1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıda qırğınlar törədəndə Seyidağa müəllim həyatını təhlükəyə ataraq bu dəhşətli səhnələri çəkmişdi. Qarabağda qızğın döyüşlərin getdiyi günlərdə isə o, Azərbaycanın müdafiəsinə qalxmış, könüllü olaraq cəbhəyə yollanmışdı. 1991-ci ilin son ayından atəşkəs elan olunan dövrədək müxtəlif döyüş bölgələrində olmuş, bəzən kamerası ilə o anları tarixin yaddaşına köçürmüş, bəzən isə vaxtilə Sovet İttifaqının xüsusi təyinatlı dəstəsində xidmət etmiş təcrübəli hərbçi kimi, silahdaşları ilə birlikdə hərbi əməliyyatlarda yaxından iştirak etmişdir. Onun ən böyük xidmətlərindən biri isə 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdiyi insanlığa sığmayan dəhşətli qətlləri lentə almasıdır.
Faciənin ildönümü ərəfəsində hadisələrin canlı şahidi olan Seyidağa müəllimlə söhbətimizdə həmin dəhşətli gündən söz açıram. Gülərüzlü və səmimi olan bu insanın sifətindəki ifadələr dərhal dəyişir. Sanki o günləri yenidən yaşayır, dəhşətli anları qəlbinin dərinliyində hiss edir. Bu zaman onun necə mənəvi əzab çəkdiyini hiss etməmək mümkün deyil. Görünür, illər keçsə də, dəhşətli xatirələrin təsirindən hələ də xilas ola bilməyib.
— Həmin vaxtlar mən hərbi operator kimi Müdafiə Nazirliyinə yenicə təyinat almışdım, — deyə Seyidağa müəllim aram-aram söhbətə başlayır. — Fevralın 26-da səhər işə gəldim və eşitdim ki, Xocalıda dəhşətli faciə baş verib. Dərhal Ağdama getməyi qərarlaşdırdım. O vaxt bizdə kamera yox idi. Buna görə də kamera üçün Azərbaycan Dövlət Teleradio Komitəsinə müraciət etdik, lakin bizə kamera vermədilər. Nəhayət, bir nəfərin şəxsi videokamerasını ala bildik və vaxt itirmədən Ağdama yola düşdüm. Ağdama axşamüstü çatdım. Sanki burada qiyamət qopmuşdu. Şəhər Xocalıdan qaça bilən adamlarla doluydu. Ermənilərin hücum edəcəyindən xəbərsiz olan bu insanlar yarıçılpaq, ayaqyalın baş götürüb qaçmışdılar. Çoxu yaralı idi. Hər tərəf qan gölünə dönmüşdü. Yaralıların iniltisi, ana-bacıların fəryadı ərşə dirənmişdi. Hamının gözü Xocalı tərəfə zillənmişdi. Çünki erməni zülmündən qaçıb canını qurtaranların çoxunun əzizləri orada qalmışdı. Hərə öz yaxınlarını, qohum-əqrəbasını axtarır, göz yaşı tökürdü. Necə dəhşətli bir faciənin baş verdiyini dərk etmək üçün bu səhnəni görmək kifayət idi...
Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırovla Əsgəran yolundakı keçid məntəqəsinə yollandıq. Düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitalik adlı bir nəfərlə görüşdük. Allahverdi ona bildirdi ki, biz həm meyitləri götürməli, həm də çəkiliş aparmalıyıq. Vitalik əvvəlcə çəkilişin aparılmasına razı olmadı. Lakin Allahverdinin təkidindən sonra razılaşdı. Bu şərtlə ki iki erməni silahlısı bizi axıra qədər izləməli, onların icazəsi olmadan heç bir çəkiliş aparılmamalıydı. Razılaşdıq və onların maşınlarına minib Xocalıya doğru irəlilədik. Bizimlə iki yük maşını da getdi. Maşında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də vardı. Onlar meyitləri yığacaqdılar. Ermənilər mənə xüsusilə nəzarət edirdilər. Avtomatı başıma tuşlamışdılar. Artıq hərəkətə yol versəydim, məni öldürə bilərdilər. Arabir bunu mənə xatırlatmağı da unutmurdular. Ancaq necə deyərlər, ermənilərin öz dilindən tutduğum söz mənim çox köməyimə gəldi. Ağdam batalyonunun komandiri A. Bağırovun erməni Vitaliklə görüşündə Allahverdi ona dedi ki, siz bizimlə döyüşürsünüz, bəs dinc əhalini niyə qətlə yetiribsiniz? Kişi belə hərəkət etməz! Vitalik də yalandan cavab verdi ki, bu qırğını biz yox, 366-cı motoatıcı alayın əsgərləri, yəni ruslar törədiblər. Bu alayın əsgərlərinin əksəriyyətinin ermənilərdən ibarət olduğunu bilirdik. Lakin faciəni lentə almaq naminə, A.Bağırov dedi ki, madam siz törətməyibsiniz, demək, bunun sizə dəxli yoxdur. Əgər belədirsə, onda imkan verin çəkiliş də aparaq. Bundan sonra bizə icazə verdilər. Mənə nəzarət edən erməni silahlıları da hərdən mane olmaq istəyəndə Vitalikin sözlərini xatırladırdım. Onda deməyə söz tapa bilmirdilər.
Biz Əsgəran körpüsünə çatanda, burada çox dəhşətli mənzərə ilə qarşılaşdıq. Körpünün altı və ətrafı insan cəsədləri ilə dolu idi. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Mən nə qədər cəhd göstərsəm də burada çəkiliş aparmağa imkan vermədilər. Bizimkilər meyitləri yığmağa başladılar. Çox dəhşətli mənzərə idi. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Açıq-aşkar görünürdü ki, onlar işgəncələrə məruz qalmış, vəhşiliklə qətlə yetirilmişdilər. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər...
Bir az qabağa gedəndə xeyli sayda döyüşçümüzün cəsədlərini gördük. Onlar döyüş vəziyyətində idilər. Hiss olunurdu ki, bu igidlər mülki əhalinin xilas olması üçün axıradək vuruşublar. Azərbaycanın qəhrəman oğlu Əlif Hacıyevin də meyiti orada idi. Əlif ermənilərə qarşı döyüşdə çox qəhrəmanlıq göstərmişdi. Qardaşları ilə birlikdə son ana qədər Xocalıda döyüşmüş, şəhərin müdafiəsi mümkünsüz olduqdan sonra sağ qalan əhalini düşməndən qorumaq üçün əlindən gələni etmişdi. Geri çəkilərkən, ermənilərə divan da tutmuşdu. Xocalı aeroportunu parlatmış, yerlə-yeksan etmişdi. Bu zaman sevinə-sevinə oraya can atan ermənilərdən xeylisi cəhənnəmə vasil olmuşdu. Daşnaklar Əlifdən o qədər dad çəkmişdilər ki, onun başına qiymət də qoymuşdular. Yaxşı ki Əlifin sırıqlısının ətəyi üzünə düşmüşdü. Ona görə də onu tanımadılar. Yoxsa, aparmağımıza imkan verməyəcəkdilər. Bir az qabaqda isə ağsaqqal kişinin meyiti ilə rastlaşdıq. Vəhşilər onun qulaqlarını kəsmişdilər. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Ermənilər Xocalını işğal edəndə əhali xilas olmaq üçün dəstə-dəstə müxtəlif istiqamətə üz tutmuş və yollarda pusquda duran ermənilər bu biçarə insanların heç birinə aman verməmişdilər. Ona görə də yol boyu tez-tez ana-bacılarımızın, körpə uşaqların cəsədlərinə rast gəlirdik. Yolda yaşlı ər-arvad gördüm, onları bir-birinə məftillə bağlamışdılar. Ermənilər amansızcasına kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər. Qadının isə qulaqlarını və burnunu kəsmişdilər. İnanın, elə vəziyyətlə qarşılaşırdıq ki, hərdən bir anlığa dayanıb özümüz-özümüzə toxtaqlıq verməli olurduq. Elə şeylər görürdük ki, adamın dili gəlmir ki, onu ifadə etsin. Əhaliyə elə dəhşətli işgəncələr vermişdilər ki, mən o dəhşətli mənzərələri görən kimi elə oradaca saçlarım ağardı. Bir də o vaxt gördüm ki, mənimlə bərabər gələnlər təəccüblə ağarmış saçlarıma baxırlar. Ancaq bütün bu əzablı anlara baxmayaraq gördüklərimin hamısını lentə köçürməyə çalışırdım.
Xocalı faciəsinin bəzi kadrlarını köçürüb kaseti Bakıya göndərdim. Sağ olsunlar, gec olsa da, AzTV-nin “Xəbərlər” proqramında verdilər və camaat da gördü ki, necə dəhşətli hadisələr baş verib.
— Sizin çəkdiyiniz kadrları efirdən çox izləmişik. O dövrdə bu kadrlardan kifayət qədər istifadə olundumu?
— O vaxtlar Xocalı faciəsi ilə bağlı komissiya yaradılmışdı. Heç kəs mənə müraciət etmədi, mən də bu işə qarışmadım. Sözün açığı, mənə elə gəldi ki, məsələyə biganə münasibət göstərilir. Çünki mənim çəkdiyim kadrlar kifayət qədər əsaslı faktlardır. Bundan istifadə edərək, erməniləri ifşa etmək mümkündür. Bu məqsədlə mən həmin kadrların əsasında “Xocalı — əsrin faciəsi” adlı sənədli film hazırladım. Onu Türkiyəyə, Fransaya, Almaniyaya və başqa ölkələrə göndərdim. Yalnız bundan sonra çox çətinliklə Azərbaycan televiziyasında yayımlandı.
— Siz faciənin törədildiyi ərazilərdə çəkiliş apararkən başqa operatorlarla qarşılaşdınızmı?
— Rəhmətlik Çingiz Mustafayev Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Bizimkilər bura vertolyotla gəlmişdilər. Ermənilər vertolyotu atəşə tutdular və heyət aradan çıxdı. Çingiz döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı. Sonra yaxşı ki bir nəfər azərbaycanlı pilotun yadına düşmüş və gəlib Çingizi aparmışdı.
Biz yüksəklikdə idik və bütün bunları görürdük: şumluqla iki nəfər ermənilərə tərəf gedirdi. Onlardan biri “Səhər”in müxbiri Şamil Sabiroğlu, o birisi isə xarici jurnalist idi. Uzaqdan görürdüm ki, ermənilər onları pusquya salıb əsir götürmək istəyirlər. Şamilgilin isə bundan xəbəri yox idi. Mən onları duyuq salmaq üçün məcbur olub avtomatla başlarının üstündən atəş açdım. Şamilgil yerə uzananda atəşi daha da gücləndirdim. Danışa bilmirdim. Çünki ermənilər yanımızda idilər. Yaxşı ki mənə atəş açmağa mane olmadılar. Görünür, ermənilər də anlaya bilmədilər ki, mən nəyə görə özümüzünkülərə atəş açıram. Nəhayət, istədiyimə nail oldum. Şamilgil sürünə-sürünə geri qayıtdılar. Mən tam əminəm ki, vaxtında duyuq düşməsəydilər, mütləq onları girov götürəcəkdilər.
— Seyidağa müəllim, əvvəllər də, bu gün də Xocalı soyqırımının qarşısının alınmasının mümkünlüyü barədə fikirlər səsləndirilir. Siz döyüşlərdə iştirak edən təcrübəli hərbçi kimi Dağlıq Qarabağ ərazisində ümumi hərbi vəziyyəti də bilməmiş deyilsiniz. Düşmən tərəfin taktiki gedişlərinə nəzər yetirdikdə Xocalını işğal edəcəklərini əvvəldən bilmək mümkün idimi?
— Xocalı çox önəmli strateji mövqedə yerləşirdi. Döyüşlərin gedişindən də görünürdü ki ermənilər daha çox ərazini işğal etmək üçün strateji yüksəkliklərə can atırlar. Bunu hərbçilikdən az-çox başı çıxan hər kəs yaxşı bilirdi. Hadisələr də sırf bu istiqamətdə inkişaf edirdi.
O vaxtlar Azərbaycan rəhbərliyində olanlar da bunu çox yaxşı bilirdilər. Ancaq təəssüf ki, erməni qətliamının qarşısını almaq üçün tədbir görmürdülər. Görünür, Azərbaycan xalqını qorxutmaq, əhali arasında vahimə yaratmaq kimlərəsə sərfəli imiş. Hələ bu, azmış kimi baş vermiş faciəni o vaxtkı hökumət gizlətməyə çalışırdı. Əgər yadınızdadırsa, faciə törədilən gün Azərbaycan Televiziyası Xocalıda ikicə nəfərin öldüyü barədə məlumat yaydı.
Ayaz Mütəllibov və onun komandası xalqın ağır günlərində tamam laqeyd mövqe tutur və əsl həqiqəti xalqdan gizlətməyə çalışırdılar. Fikir verin, Xocalıda misli görünməmiş faciə baş verir, amma Azərbaycanın o vaxtkı başçısı buna məhəl qoymur. O ağır günlərdə, Xocalı əhalisinin Ağdama pənah gətirdiyi vaxt bir nəfər də olsun, dövlət məmuru burada görünmədi. Halbuki belə bir çətin vaxtda A.Mütəllibovun özü ora getməli idi. Axı, dövlət rəhbəri hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısıdır. Maraqlıydı ki, Ağdam Rayon İcra Hakimiyyətində heç kəs yerində deyildi. Görünür, Bakıdan işə getməmək barədə tapşırıq verilmişdi.
CNN və BBC-nin müxbirləri hadisələri lentə almaq üçün Ağdama gəlmişdilər. Onlar informasiyanı və şəkilləri süni peyk vasitəsi ilə xaricə çatdıra bilərdilər. Ancaq həmin jurnalistlərin maşınlarında olan benzini çəkmiş və maşının təkərlərini partlatmışdılar ki, onlar çəkiliş apara bilməsinlər. Vəziyyəti belə görəndə o dövrdə Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı, baş leytenant Elxan Sadıqov rayon prokurorluğuna getdi ki, xarici jurnalistlərə benzin alınmasına kömək etsin. İnanın ki, kömək etmək əvəzinə onların fotoplyonkalarını alıb yandırmış, özlərinə də tapşırmışdılar ki, Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə birlikdə Ağdamı tərk edərək Bərdəyə getsinlər. Yerli məmurlarsa, jurnalistlərin çəkdikləri lentləri, audiokasetləri, fotolentləri oğurlamışdılar. Deyirdilər ki, Bakıdan belə göstəriş verilib. Sonra da şikayətlənirik ki, informasiya blokadasındayıq. Təəssüf ki o dövrdə biz hakimiyyətdəkilərin göstərişi ilə müəyyən mənada dünyadan təcrid olunmuşduq. Yaxşı yadımdadır, həmin vaxt bir veriliş hazırladıq. Verilişdə bir qadın deyir ki, “Ayaz Mütəllibov kimi rəhbər bizə lazım deyil”. Bir oğlan isə “bizə Heydər Əliyev lazımdır”, — deyirdi. Bəli, bu sözləri insanlarımız bizim o ağır günlərimizdə demişdilər.
— Həmin günlərdə siz həm də könüllülər sırasında ermənilərə qarşı vuruşmusunuz. Hansı döyüşlərdə iştirak etmisiniz?
— Bizim könüllülərdən ibarət dəstəmiz 1991-ci il dekabrın 9-da çox mühüm strateji yüksəklikdə yerləşən Şuşa şəhərinə gəldi. Mən Sovet Ordusunda xüsusi təyinatlı dəstədə xidmət etdiyimə görə, orada öyrəndiklərim burada köməyimə çatdı. Şəhərə çatan kimi ətrafda keşikçi postlarının qurulması barədə tapşırıq verdim. Çünki əsgərlərimizi gətirən ikinci vertolyot da gəlməli idi və ermənilər onlara atəş aça bilərdilər. Sonra şəxsi heyəti yığıb mahnı oxuya-oxuya Şuşanın mərkəzinə getdik. Üçrəngli bayrağımızı döyüşçülərimiz qollarına, papaqlarına, sinələrinə tikmişdilər. Yerli əhali bizi sevincdən doğan göz yaşları ilə qarşıladı. O zaman vətənpərvərlik, ruh yüksəkliyi vardı uşaqlarımızda. Biz iki hissəyə bölündük. Bir tağım Daşaltı istiqamətinə, digər tağım isə “Zapravka” deyilən yerə yollandı. Bizim tağım Daşaltı tərəfdə idi. Ermənilər atəş açır, biz cavab verirdik. Atışma səngimirdi. Bəhruz, Zərdan, Nizami və başqa döyüşçülər qəhrəmanlıq göstərir, ermənilərə qan uddururdular. Onlar tərəfdən çoxlu tələfat oldu.
Sonra o biri rotalarımız da köməyə gəldi. Biz Kərgicahana yollandıq. Dekabrın sonunda Xocalı soyqırımında iştirak edən 366-cı alayın əsgərləri Kərgicahan üzərinə hücuma keçdilər. Onlar ermənilərə hərtərəfli kömək göstərirdilər. Bizim əsgərlərimizdən bir neçəsi düşmən səngərinə yaxınlaşıb qumbara ilə ZTR-i, PDM-i məhv etmişdilər. O zaman televiziyadan kamera vermədilər ki, bunları lentə köçürüm. Bu da qəhrəmanlıq tarixi idi. Ayın 21-də mən ağır döyüşlər zamanı sağ ayağımdan yaralandım. Yaralandığımı heç kəsə bildirmədim. Çünki atışma gedirdi və mən də bölük komandiriydim. Əgər uşaqlara bu xəbər çatsaydı, mənə köməyə gələrdilər, düşmən də bundan məharətlə istifadə edərdi. Necə oldusa, Zərdanla Köçəri yaralandığımı bildilər, məni aparmaq istədilər, razı olmadım. Özüm birtəhər döyüş meydanını tərk etdim. Məni Şuşa xəstəxanasına, oradan da Bakıya Travmotologiya İnstitutuna gətirdilər. Burada müalicə olunarkən, şair-hərbçi Ramiz Duyğun yanıma gələrək dedi ki, Müdafiə Nazirliyində mətbuat mərkəzi yaradılır. İstəyirəm ki, sən də hərbi operator kimi ora gələsən. Fevral ayının 19-da həmin mərkəzin hərbi operatoru kimi əmrim verildi və beləliklə, Azərbaycan Ordusunun ilk hərbi operatoru oldum.
Xocalı faciəsini də hərbi operator kimi lentə köçürdüm. Ancaq o vaxtlar çox istəyirdim ki, ordumuzun şanlı qələbəsini, onun zəfər marşlarıyla irəliləyən hissələrini çəkim. Təəssüf ki, belə olmadı. Ümid edirəm ki, torpaqlarımız qayıdar və biz də bu qədər itkilərdən, faciədən sonra, heç olmasa, bununla təsəlli taparıq. Yoxsa, inanın Xocalı dərdini dağ da çəkməz.

Rauf Kəngərli
Geri qayıt