Əsas Səhifə > Redaktor seçimi > Xalqına, millətinə xəyanət etmiş qələmdən danışmayaq...

Xalqına, millətinə xəyanət etmiş qələmdən danışmayaq...


9-07-2020, 00:13

Aynur Turanı tanıyaq...
  
     Həmsöhbətim F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi-metodiki işçisi Aynur Turandır. O, tanınmış jurnalist və ictimai fikir tariximizin zənginləşdirmək yolunda qələm işlədən bir həmkarımızdır. Hər birimiz qələmin müqəddəsliyini tanıyırıq və elə düşünürük ki, qələm gerçəkdən də insanı ucaltmalıdır. Amma Aynur Turan indiyə qədər qələm haqqında heç yerdə rast gəlmədiyim bir ifadə işlədir və deyir ki, Allah qələmi bəzən insana özünü rüsvay etməsi üçün də verir...
     Dövlətinə, xalqına, milli maraqlarına, dəyərlərinə arxa çevirmiş, xəyanət etmiş qələmlər, yazıçılar, şairlər tarixdə azmı olub? Qələm öldürmək, sürümək üçün öz xalqını hədəf seçəndə rüsvay olur. Təkcə o qələm rüsvay olmur, həm də o qələmi tutan barmaqlar rüsvay olur. Gəlin, belə qələmdən danışmayaq...


— Aynur xanım, siz tanıyanlar ayrı, axı tanımayanlar da var. Ona görə də gəlin, söhbətə “Siz kimsiniz?” sualına necə cavab verəcəyinizdən başlayaq.
— Mən cəmiyyətin bir üzvü, bu dünyanın sakini, bir azərbaycanlı və ümumilikdə vətənin hər gülünü, çiçəyini, hər  daşını sevən ölkə vətəndaşı.                
Naxçıvanda müəllim ailəsində doğulmuşam, Nizami rayon 12 saylı orta məktəbi bitirdikdən sonra BDU-nun jurnalistika fakültəsinə daxil olmuşam. İlk jurnalistlik  fəaliyyətim jurnalla başladı. Hazırda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi-metodika şöbəsində işləyirəm. “Azad Azərbayca qəzeti”nin və “Azərbaycan dünyası” jurnalının müxbiriyəm, bununla bərabər bir neçə ayrı adda mətbu orqanlarda  “Türküstan”, “Mədəniyyət” qəzeti və  “Mədəniyyət” jurnalında da mütəmadi olaraq yazılarım dərc olunur. Həftə sonları isə “Avesina” kursunda “bədii-qiraət” bölümündən  dərs deyirəm. Müəllimlik fəaliyyəti də məni çox sevindirir.

— Rənglər aləmi, hansı rəng sizə oxşayır?
— Bir çox  rəngləri sevirəm, bir-iki rəng istisna olmaqla. Bəzən günün və yaşadıqlarımın ağırlığını özümdə hiss edirəm. Rənglərin aurasına inanan biriyəm və bənövşəyi rəng hər zaman mənə enerji verib. Bənövşəyinin açıq və tünd çalarları məni hər zaman özünə çəkməyi bacarır. Bəzən axşamlar bənövşəyi şamlar yandırıram və üzərinə də rozmarin, ilanq-ilanq və ya apelsin yağı damcısı tökürəm. Onun gözəl ətri və enerjisi mənə stimul verir. Sarı rəngi və  məsumluğun rəngi ağı da sevirəm. Soyuq rənglər sözün əsl mənasında üşüdür məni. Buz mavisi, açıq qəhvəyi niyəsə kədər hissi yaşadır mənə. Bu rənglər doğrusu sevimlilərim arasında deyil. Uğurlarımın rəngi bənövşəyi, uğursuzluqlarımın rəngi isə boz rəngdir deyərdim. Ancaq sən hansı rəngsən” sualına heç düşünmədən “qırmızı” deyərdim. Qırmızı mənim dünyamın rəngidir.

— Bizim yaralı yerimiz-torpaq həsrəti, ayrılıqlarımız...
— Bizim sağalıb qaysaq bağlamayan ürək yanğımızdır yurd  həsrətimiz... Qarabağ deyəndə gözümün önünə böyük bir kitab gəlir. Hər səhifəsi ayrı salnamə, bəşərə gedən yol... Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. O, Azərbaycanın sələfi Albaniyanın tərkibində yerləşmişdir. Qarabağ çiçəklənən torpaq kimi dünyaya çoxlu məşhur ad bəxş etmişdir. Bu torpaq deyərdim ki, başdan-başa mədəniyyət beşiyidir. İndi düşmən onun gözəlliyindən əsər-əlamət qoymayıb.
                       
Əizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ.

 
Hər birimizin qəlbində bir vətən nəğməsi var. Gec-tez hamı onu oxumalıdır. Bu nəğmə ən böyük konsert salonlarında, ən ali kürsülərdə də oxuna bilər, bir sısqa axan bulaq başında, bir yanını mamır bürümüş qoca ağac altında da. Ən böyük nəğməmiz həsrət nəğməmizdir, yurd yanğımızdır. Oxuduqca göz yaşımız qurumayan segahımız, çahargahımızdır...
Ancaq bu muğamların bəmindən zilinə qalxmalıyıq. Düşünürəm ki, yol almalıyıq - Vətənə sarı. Qibləyə doğru gedərcəsinə yol almalıyıq bir xalq olaraq. Bizim xalqımız qəhrəmandır. Bu xalqın bir adı da cəsarətdir, haqdır, ədalətdir. “Millət yoludur, xalq yoludur, tutduğumuz yol”... deyib yol almalıyıq o həsrət qoxuyan Qarabağımıza. Qarabağ bizim halal yolumuzdur, ata-baba yurdumuzdur. “Orda babalarımızın ayaq izi var”...
Umidliyəm, əminlik var qəlbimdə. Bilirəm ki, qovuşduracaq bizi tale, qovuşduracaq bizi zaman, bir də yurdumun mərd oğulları, öncül siyasətimiz. O yurd yerlərimin şehi çəkilməmiş çöllərində  kənd evlərinin üzü günəşə açılan pəncərələri kimi Günəş doğacaq Qarabağıma.

— Sevgi və eşq -sizcə bunlar eynidirmi?
— Eyni olmasalar da, bir-birindən doğan yaxın hisslər deyərdim. Hər ikisi gözəldir, alidir. Kin nifah gəzdirən bir qəlbdənsə, eşqi, sevgini bəsləyən bir qəlbin bağçasındakı güllər daha ətirlidir. Tibbdə serotonin deyilən bir hormon var ki, adına xoşbəxtlik hormonu da deyilir. İnsan ən gözəl, sevincli  anında bu hormonu ifraz edir. Belə deyərdim, sevgi dənizin dərinliklərində gizlənən bir mirvari, eşq isə dənizin üzündə rəngli, göz oxşayan bir kağız parçasından düzəltdiyimiz gəmidir. İlk baxışdan əsrarəngiz görünsə də, ömrü az ola bilər.

— Ucalmaq və alçalmaq... Çətin, asan yollar...
— Doğrusu, heç birini pik nöqtədə yaşamamışam. Mən sadə bir vətəndaşam, axı, qeyri-adilərdən deyiləm. Hamı kimi yüksəliş və enişlərim də olub əlbəttə. Alçaldıqlarım qədər ucalmışam.  Kədərlərim, qayğılar, mənəvi enişlərim mənə güc verib. Əlbəttə, ümidim də itib, gümansız da qalmışam, ancaq ümidimin quruduğu yerdən də göyərmişəm. Barışmazlıqlarım məni dənizin boşluğundan sahilə aparıb. İnsan cəmiyyətdəki duruşu üçün, namusu üçün, doğmaları və övladı üçün alçala bilir, susa bilir bəzən.
Təbiətən mübariz xanımam, inadkar biriyəm, əsla yıxıldığım yerdə qalmamışam. Cismim yıxılsa da, ruhum dik qala bilib.. Yüksəkliklərim də qeyri-adi olmayıb.

— Sizi məyus və vüqarlı edən səhnələr hansılardır?
— Hər ikisi çox olub. Və hər ikisi də bəzi məqamlarda  bütün həyatıma təsir edib. Buna bizim mentalitetimiz, aldığımız tərbiyə, mühit də təsir edə bilər. Ən böyük məyusluğum itirilmiş torpaqlarımızı xatırladıqda olub. 1941-1945-ci illərin dünya müharibəsindən sonra ən iri miqyaslı  soyqırım mənim torpağımda olub. Dərdimin adıdır Xocalı,  mən necə  məyus olmayım?! Xalqımın Xocalı kimi faciə abidəsi, yaxınlarımın, xüsusən övladlarımın hər hansı narahatlığı məni məyus edib. Bir də mən repressiya qurbanlarından yazarkən daha çox məyus olmuşam. 20-dən artıq Vətən övladının repressiya burulğanından keçmiş həyatını qələmə almışam, mərd ziyalılarımızın, azadlıq sevdalılarımızın mühacirət həyatından yazmışam. Bütün səmimiyyətimlə deyim ki, ağlaya-ağlaya yazdığım o günahsız “müqəssirlər”dən yazanda aldığım o məyusluq duyğusunu ən yüksək nöqtədə dadmışam. Onların yandırılmış, yox edilmiş əsərlərindən bir misra, cümlə tapan zaman özümü  beşik başında beşik yırğalayan ana kimi duyğulanıb, yaralı övladıma lay-lay çalar kimi hiss etmişəm. Bir də  məni bu gün istədiyim yerdə olmamağım narahat edir. Bütün bunlarla yanaşı, onu da deyim ki, çox pozitiv biriyəm. Nə olur olsun, uzunmüddətli qəmə köklənmək xarakterimə ziddir.  Gözəl düşünürəm, gözəl olanı seçirəm. Qürurlu məqamlarım isə, kiçik dünyama böyük sevinclər gətirən iki övladımı böyüdüb, biliyə və təhsilə, yiyələndirməyimdir. Bu yolda onlara maddi, mənəvi və fiziki gücümü səfərbər etmişəm. Həyatlarının hər məqamlarında onları dəstəkləyib, məsləhət vermişəm. Cəmiyyətə xeyirli, təhsilli, azad düşünən yararlı iki vətəndaş bəxş etmişəm deyə bilərəm.
Anam səhhəti ilə bağlı ağır narahatlıqla üzləşdi. Cətin anlar yaşadı. Müalicə müddətində mən evimi, işimi, övladlarımı qoyub aylarla anamın yanında oldum. Mənəvi və fiziki köməyimi sona qədər ondan əsirgəmədim. Anam müəllimdir...
Bir də yazdıqlarım mənim stimulum, təkanım, mənəvi dünyamın sönməyən məşəlidir. Mənəviyyata çox üstünlük verirəm və  düşünəndə ki, tarixdə bir sözüm, bir fikrim qalır, onda yenə uğurlarım gözlərim önündə səhifələnir.

— Qələmin ikiləşməsi, qələm və şəxsiyyət haqqında nə demək olar?
— Qələm, istedad tanrının, kainatın, təbiətin vergisidir, insanın özünün rolu çox azdır.  Qaynayan bulağı nə saxlamaq olur, nə də müdaxilə etmək. O axacaq, axacaq və bəşəriyyət sənin yazdığın, yaratdığın o nəhəng əsərlərlə töhfələnəcək. İnsanın özünü yetişdirməsi, formalaşdırması isə məhz həmin şəxsin özündən asılıdır. Tanrı və təbiətin bu yöndə rolu azdır. Sən ömrünü qələmə, sözə, ümumilikdə məqsədə həsr edə bilərsən, ancaq bir sözün, hərəkətinlə nə qədər cılız qaldığının və istedadının bihudə olduğunu göstərə bilərsən. Qələm, düşüncə və amal vəhdət olarsa, istedaddır və sən böyük söz ustadısan. Allah qələmi bəzən insana özünü rüsvay etməsi üçün verir.

— Fəryadımı, yoxsa çal-çağırımı tez eşidirsən?
— Hər ikisini də həssaslıqla duyuram. Biganə qala bilmirəm.  Çin təbabətinə görə insan “İn” və “Yan” a ayrılır. İnsan ikilidir. Əhrimanla Hürmüzdür, Bəzən sevinc olur, bəzən kədər. Sevincli hislərimə kədər, kədərimə isə sevinc naxış qoya bilir.

— Təbiətlə baş-başa qalmaq, duyğularınla söhbətdən təsirlənmələriniz olurmu?
— Məyyən vaxt yoqa ilə məşğul olmuşam. On ildən artıqdır ki, bu yöndə kiçik araşdırmalarım da var. Kuant fəlsəfəsi, metofizik düşüncə və mediasıyanın gücü haqqında müəyyən bilgilərim var. Çox olub İsmayıllıda bir çayın kənarında, bir meşənin sərinliyində meditasiya edim. Və ya çayla danışmışam. Bir ağaca  sarılıb ondan güc diləmişəm (Çin fəlsəfəsində belə bir inanc var).  Ətrafa baxıb özümdən biixtiyar hansısa bir şeir səslənib dodaqlarım arasında. Pıçıldamışam səssizcə. Mən şeir yazmağı da, deməyi də, dinləməyi də  çox sevirəm.

— Dünyanda kimlərə yer var?
— Hamı kimi mənim də dünyamda doğmalarıma-valideynlərimə, övladlarıma, rəfiqələrimə, sözündən, düşüncəsindən doya bilmədiyim gözəl niyyətli, ziyalı, maraqlı insanlara, gözəl misraya, maraqlı kitaba, sanki məni mənə danışan bir mahnıya, araşdıran, daim yaratmaq istəyən ruhuma, nə olursa olsun, sınmayan amallarıma, məsum duyğularıma, inanclarıma, bəzisini  heç vaxt ata bilmədiyim əşyalarıma, hətta düzlərimə getmək üçün məcburiyyətdən etdiyim səhvlərimə belə yer var.

— Hansı tip ədəbiyyat ideya baxımından sənə doğmadır?
— İşlədiyim müəssisənin mənə verdiyi ən böyük avantajlardan biri də kitablarla zəngin olmasıdır. Mütailə isə mənim uşaqlıqda anamın mənə aşıladığı ən böyük uğurum, sevinc payımdır. Xarici və yerli ədəbiyyatdan çox nümunələr deyə bilərəm. Alman ədəbiyyatı ustünlük verdiklərimdir. Müasir  ədəbiyyat məni daha çox özünə çəkir və düşündürür. Bəzən irihəcimli bir əsərin bölük-bölük səhifələrindən götürdüyüm çox az olur və əsərdəki   hadisələr zamanla beynimdən silinir. Bəzən isə kiçik bir kitab günlərlə məni özü ilə aparır. Hər hansı yazarın yaratdığı o obrazda, olayların  baş verdiyi küçələrdə, həmin qəhrəmanın qəlbində bəzən günlərlə sakin ola bilirəm.

— Hazırkı məşğuliyyətin və planların?
— Hazırda  yaxın rəfiqəmlə birgə “Umay” qadın birliyi  yaratmaq fikrindəyik. Bu yöndə çalışmalarımız fəaldır. Tam şəkildə qadın problemlərini, qadınlara dair məlumatlar, qadınların tarixdə, ədəbiyyatda, cəmiyyətdə rolu haqqında məlumatlandırmaq  fikrindəyik. Mənə elə gəlir ki, cəmiyyətin ağlayan və çarəsiz qadınlara deyil, yaradıcı və mübariz qadınlara ehtiyacı var. Cəmiyyəti yetişdirən də elə qadındır. “Qadın gülərsə dünya gülər”.

Fariz Çobanoğlu

Geri qayıt