Əsas Səhifə > Redaktor seçimi > ÇOX YAŞA... ÇOX YAŞA Kİ, İNSANLIQ DA YAŞASIN...

ÇOX YAŞA... ÇOX YAŞA Kİ, İNSANLIQ DA YAŞASIN...


5-01-2021, 19:20
 
Cənab polis mayoru, hörmətli Hüseyn İsbəndiyar oğlu!
Bu gün sizin ad gününüzdür. Siz Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmusunuz (01.01.1957). İndi o kənddə çoxlu sayda müxtəlif şərəfli peşə sahibləri – polis, hərbiçi, alim, həkim, müəllim, mühəndis, bənna, dülgər var. Siz isə oz sahənizdə bu kəndin birincisi – ilk polis işçisi olmusunuz. Həyatınızın qocaman bir hissəsini, nə az, nə çox, düz 42 ilini bu şərəfli peşənizə - cəmiyyətdə asayişin qorunmasına həsr etmisiniz. Bu yolda sıravi işçidən polis mayoru rütbəsinə qədər yüksəlmisiniz. Birinci Qarabağ savaşı zamanı - ordu quruculuğu zəif olduğu dövürdə siz qarlı, yağışlı soyuq səngərlərdə havadarlarının köməyi ilə Azərbaycanın üzərinə əsən dəhşətli səmum küləyinin – erməni işğalçılarının qarşısını almaq üçün qəhrəman Azərbaycan oğulları ilə birlikdə əlində sillah düşmən qarşısında canlı polad sipərə çevrilmisiniz. Döyüş əməliyyatlarını praktik olaraq düzgün və kifayət qədər yaxşı bacardığınızdan daim düşmənə ciddi tələfatlar vermisiniz. Hər an həyatınızın təhlükədə olmasına baxmayaraq doğma torpaqları təlükədən xilas etməyə çalışmısınız. Daxili qoşunların nəzdində Füzuli rayonunun 22 kəndinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad olunmasında iştirak etmisiniz (1994, yanvar). Qüsursuz xidmətə görə polis “Usta”sı və müxtəlif medallarla təltif edilmisiniz.
Əziz Hüseyn İsbəndiyar oğlu, siz ləyaqətli Vətən övladı olduğunuz kimi, həm də çox şərəfli atasınız. Sizin atanız İsbəndiyar kişi Xələfli kəndinin sayılıb-seçilən ağsaqqallarından olub. Bu gün siz də atanızın younu şərəf və ləyaqətlə davam etdirirsiniz. Sizin ailədə boya-başa çatmış beş övladlınız - bir oğlunuz, dörd qızınızın hər biri ali təhsil alıb və öz sahəsində cəmiyyətin layiqli üzvüləridir.
Bilirəm, bu yaş kifayət qədər ciddi işarə olmasada... uzun illərin gərgin zəhmətlərinə dözmək, ağır, çətin həyat sərtliklərinə davam gətirmək kimsəyə asan gəlməsin...
Siz ziyalı ləyaqəti, peşənizdən irəli gələn inadlı iradənizlə bu yolu keçdiniz. Doğma kəndinizin ilk polis əməkdaşı kimi tarixin yaddaşına yazıldınız...
İctimai həyatda fəal mövqeyinizlə yola çıxdınız... öz təvazökarlığınız, ədəb ərkanınızla hörmət və nüfuz sahibi oldunuz...
Ətrafınızın, sizi sevənlərin sizin haqqınızda etdikləri xeyr-duaların dəfələrlə şahidi olmuşam... Bir dəfə bir yaşlı dünya görmüş ana sizin haqqınızda demişdi: “çox yaşa... çox yaşa ki, ay oğul, insanlıq ölməsin...” çox dəqiq müşahidədir... istəsə də yaxşı ola bilməyənə ən üstün görkdür... bu milli düşüncəli insanın həyatına verilən dəyərdir...
Hər kəs inanır ki, halal adamların haqqı bir gün güzgü kimi üzünə tutulur... Açdığın insanlıq yolu ilə övladların inamla, sizinlə fəxr edərək gedə bilərlər.
Bu gün artıq yeni il – 2021-ci il gəlib. 2020-ci il bizim üçün BÖYÜK QƏLƏBƏ ili oldu. Bu il hamımızın arzuladığı kimi QRABAĞA QAYDIŞ ili olacaq. Bizi illərlə üzünə həsrət qaldığımız doğma QARABAĞIMIZA qovuşduracaq bu il övladlarınızla – oğlunuz, qızlarınız, nəvələriniz ilə birlikdə böyüyüb boya-başa çatdığınız doğma torpaqlarınızı - kəndinizi, müqəddəs yerlərinizi, gəncliyinizin keçdiyi dərələri-təpələri ziyarət edə biləcəksiniz. Bax həmin anın sevincini yaşamağı nəsib etmək üçün Uca Tanrı sizi vaxtı ilə qarşılaşdığınız hər anı ölüm ola biləcək təlükələrdən qoruyub saxlayıb.
Bu yazının təsiri altında bu gün dünyanı cənginə almış koronovirus adlanan bəlanın təsirindən bir qədər aralandım.
Cənab polis mayoru, hörmətli Hüseyn İsbəndiyar oğlu yeni yaşınız mübarək olsun. Sizə sağlam ömür, can sağlığı arzulayıram. Çox yaşayın... çox yaşayın ki, insanlıq da yaşasın...
Əli ZALOV,
kimya elmləri doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri

Geri qayıt