Əsas Səhifə > Redaktor seçimi > Halal zəhmətin Azəri…

Halal zəhmətin Azəri…


10-02-2021, 14:46

Qara qızıl çıxaran əllər...
 
     Torpaqlarımızın işğalından sonra uzun illərdi Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayıram. Bu qəsəbə tarixən fəhlə, neftçi qəsəbəsi olub. Çoxlu neftçi dost-tanışlarım var. Onlardan biri də Mahmudi Azər Mahmud oğludur. Elə mənimlə yaşdaş olar. 1968-ci ildə Ağcabədi rayonunun Qədim Sarıcallı kəndində doğulub. Zəhmətkeş bir ailə və dünyaya göz açıb. Anası evdar qadın, atası elə Azərin oxuduğu Sarıcallı kəndindəki orta məktəbdə gözətçi işində çalışıb. Bu zəhmətkeş ata-ana həyata faydalı övladlar bəxş edə bilib. Bu ailədən həkim də, mühəndis də, əli qabarlı fəhlə də həyata vəsiqə alıb. Azərgil 4 qardaş 3 bacıdırlar. Bir bacısı ginekoloq-həkim, bir qardaşı isə həkim-terapevtdir. Ailənin digər övladları da ali və orta ixtisas təhsillidirlər. Azər özü isə qəsəbədəki tanınmış neftçilərdən biridir. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini postsovet məkanında 1985-1988-ci illərdə Xabarovskı şəhərinin Komsomolski Amur diyarında başa vurub. Azər orduda da nümunəvi əsgər olub. Ordudan qayıtdıqdan sonra yeraltı sərvətlər diyarı Qaradağ rayonunda böyük qardaşı Hüseyn Mahmudinin məsləhətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyi Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsində operator vəzifəsində işə düzəlir. Azər burada gənc işçi kimi tez bir zamanda hörmət-izzət qazanır. Dənizdəki neft buruqlarını incəliklərinə qədər öyrənir və nəticədə o, bu işdə çoxillik təcrübə sahibi olur. Azər Mahmudi artıq 30 ilə yaxındır ki, həmin  idarədə çalışır. Neft buruqlarının təmirində xüsusi xidmətlərilə fərqlənir. Deyir ki, biz növbəli işlə çalışırıq. Hər kəs öz növbəsində məsuliyyətli olmalıdır. Buruqların təmiri-bərpası işlərində xırda bir səhv böyük fəlakətə, faciəyə səbəb ola bilər. Odur ki, texniki təhlükəsizlik qaydalarına son dərəcə diqqət və ayıq başla əməl etməlisən. Dövlətimizin taleyi neft sərvətləri üzərindən qurulduğundan biz bu işin məsuliyyətini hamıdan çox dərk edirik. Doğrudur, mənim ailə təhsilim yoxdur, amma həyat təcrübəm mənə çox şey öyrədib. Ən əsası, ailəmi bu işlə dolandırıram. Mehriban bir kollektivdə çalışıram. Kollektivdəki dostlarımız- bizə rəhbərlik edən müdiriyyətin də etibarını qazanmaq asan iş deyil. Hər zaman çalışmışam ki, onların yanında bu etibarı doğruldum, həyatda olduğu kimi, çalışdığım sahədə də inam, güvənc yeri ola bilim. 
    Bizim ailəni siz də yaxşı tanıyırsınız. Çörəyimiz, qazancımız minbir zəhmətlə süfrəyə gəlib çıxır. Mən əliqabarlı fəhləyəm, işimi də çox sevirəm. Aldığım maaş ailəmə çatır. Əgər çatmasa, başqa işlərin də qulpundan yapışıram. 
    ...Əlbəttə, mən Azərin dediklərinə inanıram, çünki onu yaxşı tanıyıram. Azər sadə, təvazökar və bir az da sadəlövh oğlandı. Hətta o qədər sadəlövh ki, düzlüyünün qurbanı da ola bilər. Azərlə çox yoldaşlığım olub. Onun maşınıyla Qubaya, Xızıya, İmişliyə, Saatlıya, Bərdəyə birlikdə getmişik. Yadımdadır, bir dəfə səhər-səhər yola çıxmışdıq. Qəfl əks istiqamətdə öndən üzərimizə şığıyan ağır tonnajlı KaMaz maşınını gördüm. Həyəcanla, Azər, maşını kənara çək, -dedim. Azər isə əhvalını pozmadan maşının səmtini dəyişmədi, “günah məndə deyil ki” dedi. 
     Biz orda qəfl faciə nəticəsində ölə də bilərdik. Nə yaxşı ki, yük maşınının sürücüsü anındaca ayıldı və biz xilas olduq. Bu epizodla demək sitəyirəm ki, Azər düzün, düzlüyün adamıdı. Ona bu əyri dünyanın düz adamı da demək olar. Hətta o qədər ki, düzlüyü ona ölüm bahasına başa gəlsə də, geri çəkilmir. İstəyirsən, adını sadəlik, istəyirsən sadəlövhlük qoy.
    Azər həm də qayğıkeş ailə başçısı, üç övlad – iki qız, bir oğul atasıdır. Qızları orta ixtisas təhsilli, oğlu Vasif Mahmudi isə birinci sinif şagirdidir. 
    Azərin bir özəlliyi də vətəndaş olaraq dövlətimiz, hökumətimiz, Azərbaycanımızla qürurla yaşamağı sevməsidir. Söhbət əsnasında mənimlə torpaqlarımızın mənfur düşmən tapdağından azad olunmasının fərəhini də bölüşür: “ Bilsən nə qədər sevindim. Hər zaman özümdən çox 30 ildir həsrətlə yaşayan məcburi köçkünlərin taleyi məni düşündürüb. İndiysə nəhayət ki, onlar doğma yurdlarına qovuşdular. Ayrılıqları, həsrətləri bitdi. Prezidentimizin dediyi kimi, ayrılqı, həsrət əzabları cəhənnəmə, gora getdi. Prezidentimiz, ordumuz, xalqımız, birlikdə əl-ələ verərək düşməni öz yerinə oturdutdu, Qarabağımız azad olundu. Qarabağın bir ucu da mənim elim-obam Ağcabədi rayonu Sarıcallı kəndidir. Biz də qarabağlıyıq. Mən bir neftçi vətəndaş kimi Ali Baş Komandanımıza çox-çox minnətdaram. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız, ərazilərimiz gör nə qədər genişləndi. Bu genişlənmənin təsirini yaxın bir neçə ildə hiss edəcəyik. İnanıram ki, o torpaqlarda kənd təsərrüfatı dirçələcək. Xalqımız, millətimiz ərzaq bolluğu içərisində yaşayacaq. Biz hamımız buna çalışmalı, prezidentimizin ətrafında sıx birləşməliyik 
      Azər Mahmudiyə öz işində, öz yolunda uğurlar arzu edirik. Azərbaycan adının işığını atasının verdiyi isminə cəmləşdirmiş Azərin bu dünyada ən böyük güvənci halal zəhmətidir. Güvəncin daha da bol olsun deyirik, Azər.    

Fariz Çobanoğlu
Geri qayıt