Əsas Səhifə > Redaktor seçimi > YUSİF DİRİLİNİN YARADICILIĞI HAQQINDA YAXUD TİKANI GÜLƏ ÇEVİRƏN ŞAİR...

YUSİF DİRİLİNİN YARADICILIĞI HAQQINDA YAXUD TİKANI GÜLƏ ÇEVİRƏN ŞAİR...


20-09-2021, 21:35
    “Tikanı gülə çevirən şair” ifadəsinini siyasi xadim M.Ə.Rəsulzadə 1936-cı ildə Parisdə nəşr edilmiş “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabında böyük şairimiz M.Füzuli haqqında işlədib.
Yusif  Dirilinin (Mahmudov Yusif Məhəmməd oğlu) yaradıcılığı haqqında bu məqaləni hazırlayanda hiss etdim ki, onun  yazdıqları adi söz nümunələri deyil, gərgin axtarışların və zəhmətin məhsuludur. Ona görə də həmin ifadəni yazının başlığında verməyi qərara aldım.  Beş yüz ildən çoxdur ki, Füzuli sehrinə bürünmüş çağdaş poeziyamıza bir işığı da Diridağı ellərindən qanadlaıb gəlmiş Yusif  Dirili gətirib.
    Dünyanın ən şöhrətli yazıçılarından olan Qabriel Qarsia Markes dəfnində bir kolumbiyalı ziyalı demişdi: “Sağ ol Qabo, sən bizim dünyaya baxışlarımızı dəyişdin. Bizi başqa bir dünya ilə tanış etdin”.  Gözəl və düşündürücü sözlər idi. Yazıçının, sənət adamının əbədi yaşayacağına təminat verən sözlər idi.
Bu fikrin elə Yusif  Diriliyə də aid olduğu qənaətindəyəm. O, öz yaradıcılığı ilə oxucunu yaşadığı həyatdan fərqlənən bir dünya ilə üz-üzə qoyur, maraqlandırır, həyata, sevgiyə, vərdiş etdiyi qaydalara baxışlarını dəyişir.
     Yusif  Dirilinin yaracılığında böyük cazibə qüvvəsi var, bir dəfə baxdın, daha ayrılmaq istəmirsən ahənrüba kimi adamı özünə çəkir. Dilinin şirinliyi və əlvanlığı, yeri gəldikcə işlətdiyi ədəbi-bədi piroymları, obrazlarının koloritliyi, dolğunluğu onun yaradıcılığını axıra qədər adamı oxumağa sövq edir.
Yusif  Dirili Cəbrayıl rayonun Xələfli stansiyasında  anadan olub (1960). Orta məktəbi bitirib (1977), orduda xidmət edib (1978-1980), müxtəlif  təşkilatlarda fəhlə işləyib, Texniki Məktəbdə (1981-1982) və Bakı Dövlət Universitetində təhsil alıb. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində metodist və şöbə müdiri vəzifələrində çalışıb (1999-2006). Təhsil Nazirliyinin göndərişı əsasında Qobustan rayonunun İ.İbrahimov adına Dərəkənd kənd tam orta məktəbində biologiya-kimya müəllimi kimi fəaliyyət göstərir.
“Azərbaycan Respublikasında ətraf mühitin qorunması tarixi. 1991-2011” mövzusunda dissertasiya müdafiə edib (2018). O,   elmi-pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Onlarla kitabın və qırxdan çox elmi əsərin, yüzlərlə bədii-publisistik məqalənin müəllifidir. Dirili Qurbani Məclisinin sədri, «Dirili Qurbani» qəzetinin, sonralar eyniadlı dərginin təsisçisi və baş redaktorudur. Azərbaycan Zooloqlar Cəmiyyətinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1996).
    Yusif Dirilinin fəaliyyəti çox geniş və həddindən artıq şaxəlidir. Onları bir məqalədə əhatə etməyin özü çox böyük ustalıq tələb edir. O, yaşadığı ömürü bada verməmiş, illərlə yaddaşlarda qalaçaq, mən deyərdim tarix yaratmışdır. Belə ki, müdriklər deyiblər tarix insanın əqidəsi, inamı uğrunda mübarizəsidir. İnsan öz saf əqidəsi uğrunda mübarizədə mənsub olduğu xalqa, bütün insanlığa xidmətdə ardıcıl, dönməz olduqca parlaq şəxsiyyətə, tarixin yolçusuna çevrilir. İnsanlar dünyadan  fiziki baxımdan köç etdikdən sonra, qəlbimizdə ruhən – adları, əməllləri ilə yaşayırlar. Müəllifin “Mənim sazlı-sözlü dünyam” (2002), “Heyvanların eşq-məhəbbət dünyası” (2006), “Üz tutdum Diridağa” (2006), “Malik Əhmədoğlunun yaradıcılıq dünyası” (2008), “Dərdli Cavad dastanı” (2009), “Eyvatlıdan Xələfliyədək” (2010) – (tarixi-etnoqrafik ədəbiyyat,  Sabir Şiirvanala brlikdə) “Diridir dərdim mənim” (bayatılar, 2011), “Məktəbli pyesləri” (2011), “Nuh peyğəmbər, Mazan Nənə və Sofu ocağı” (El şairi S.Bilalın şəcərəsi, həyatı və yaradıcılığı əsasında, (2012)),  “Ekologiyadan əvvəlki ekologiya” (BDU-nun professoru Qara Mustafayev və dosent Anar Məmmədovla birlikdə) (2017) kitabları ona daha çox şöhrət gətirmişdir. 
Görkəmli söz adamı Yusif Dirilinin müxtəlif illərdə yaradıcılığına diqqət yetirdikdə onların bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi görürsən.
Yusif Dirilinin  elmi-ədəbi publisistik yöndə yazdığı “Nuh peyğəmbər, Mazan Nənə və Sofu ocağı” adlı kitabı Qarabağ ellərində tarixən mövcud və məhşur olan müqəddəs Sofu ocağının layiqli nümayəndəsi olan Sofu Bilalın ulu şəcərəsindən, şəxsi həyatından, onun bir şair kimi yaradıcılıq taleyindən bəhs edir. Əzəli haqq aşığı, el şairi Dirili Qurbaniyə bağlanan bu şəcərənin ləyaqətli davamçıları olan Sofu Fərəc və Sofu Usubun əfsunlu möcüzələri, onlar haqqında maraqlı xatirələr, tədqiqat xarakterli materiallar kitabda toplanmışdır. Əsərdə Sofu Usub oğlu Sofu Bilal daha çox şair kimi diqqəti cəlb edir. Şair Sofu Bilalın indiyədək nəşr edilmiş on iki kitabından toplanmış bütün ədəbi nümunələr müəllif  Yusif Dirili tərəfindən təhlilə çəkilmiş, onun əsərləri və mənsub olduğu ocaq barədə elm və sənət adamlarının rəyləri yazıya alınmışdır.  
     Gözəl əməllərlə ölçülən mənalı ömür anlayışı olumla ölüm arasındakı zamanın badi-fənaya getməmsi deməkdir.  Yusif Dirili çoxları üçün xeyirxah əməllər mücəssəməsi kimi tanınır. Ehtiyacı olanlara bacardığı köməyini əsirgəməyən bu insan haqqında kimi dindirsən, yəqin ki, ancaq xoş sözlər deyər, gözəl əməllərindən söz açar.
     Cəmiyyət Yusif Dirili kimi işıqlı adamların cığırı ilə yol gedir. Bu elə bir cığırdır ki, onun işığı haqdan yanır... Bu, qəlbində, mənəviyyatında cəmiyyətə, insanlara məhəbbət olanların işığıdır. Belə İNSANLAR Yer üzərində yaşasalarda, haqdan gəlir, GÖYLƏRİN övladı olurlar...
     Yusif Dirili çoxdandır ədəbi mühit tərəfindən qəbul edilib, sevilir və tərənnüm edilir. Qəlbən vətənə, torpağa, elə-obaya bağlı olan Yusif Dirilinin kitablarından biri də “Üz tutdum Diridağa” (2006) adlanır. Kitabın ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, ustad şair-publisist İsmayıl İmanzadədir. “Avazı  Diridən  gələn   şair” başlığı altında verilən ön söz poeziyamızın ağsaqqalı, ustad İsmayıl İmanzadənin ədəbi mühit tərəfindən Yusif Dirili yaradıcılığına verilən dəyərin meyarıdır. Ona görə də həmin fikirlərin bəzilərini müəllifdən halallıq istəyərək burada verirəm.
“...Quş öz yuvasını heç vədə tərk edə bilmədiyi kimi, insan da doğulub boya-başa çatdığı el-obanın oxşarını ömrü boyu axtarsa da, tapa bilmir. Arada keçilməz sədlər olanda insan doğma məkanla yuxularda görüşür,ürəkdə közərtisi qalan xatirələrlə özünü ovundurur. Mən inanıram ki, elə Yusif Dirilinin özü də Diri dağını yuxularında, qələminə kəlmə-kəlmə pıçıldadığı bayatılarında axtarıb-gəzir. Onu xəyalən əzizləyir:
Bu görükən Diridi,
Sal daşları iridi.
Perik düşan ellərin
And yeridi, piridi.
   Dünyaya göz açdığı gündən  Diridən dirilik uman  şair, düşmən tapdağı altda qalan dağların  səsini, sorağını eşitmək ümidiylə “uman yerdən küsərlər” deyimini ayrı tərzdə dilə gətirir:
Bu dağın yanı dağlar,
Yox sayı, sanı dağlar.
Bircə yol dedinizmi:
“Yusifim hanı”, dağlar?
Yusif Dirili səmimi qələm sahibidir. Diri həsrətli bayatılarını söyləyəndə də, uşaqlar üçün şeirlər yazanda da olduğu kimi görünür. Əhatəsində olduğu adamlardanda düzlük umur. Aşağıdakı misralarlında dediyi kimi:
Yalandan dilinə gətirmə məni,
Cücərdib gözündə bitirmə məni.
Öldür  də, dirilt də gündə yüz dəfə,
Təki ürəyində itirmə məni”.
     Azərbaycan şifahi xalq poeziyasının ən geniş yayılmış janrlarından biri də bayatıdır. Yusif Dirili bu janrda bədii-esteik və fəlsəfi cəhətdən zəngin,  məzmunca çox müxtəlif, bir-birindən maraqlı, orjinal nümunələr yaratmışdır. Onun bayatılarının əsas ana xəttini otuz il işğal altında qalmış torpaqlarımızı özündə ehtiva edən yurd ağrıları, didərginlik həyatından və cəmiyyətin içindən doğulan çətinliklər təşkil edir. Vətən, məhəbbət, təbiət, cəmiyyət, insan, uşaq mövzusu, ənənəvi bayatı çeşidləri  – şikayət, sədaqət-vəfa, qarğış, qəm-kədər, sancma, ağılar, laylalar, kömək-dayaq, gün-güzaran, xoyrat, sayalar, tapmacalar və.s.) əsasında qurulmuşdur.
    Yusif Dirilinin “Diridir dərdim mənim” (2011) bayatılar toplusuna 400-ə yaxın bayatısı daxıl edilmışdir.
    Müasir Azərbaycan poeziyasının bir daha fəth edilməz zirvələrindən olan, ilhamı, təbi coşqun çaylara bənzəyən böyük ustadımız Zəlimxan Yaqub “Diridir dərdim mənim” kitabına yazdığı “Ruhun bayatı qanadı” adlı ön sözündə Yusif Dirilinin bayatılarına sərraf gözü, zərgər dəqiqliyi ilə qiymət vermişdi. 
     “…Bu bayatıların hər sətrindən, hər bəndindən Vətən ətri, Diridağ ucalığı, Qurbani təravəti baş qaldırdı. Zamanın amansız çaxnaşmalarında qaçqına, köçkünə dönən şairin dili sazımızın, ruhumuzun, Xudafərinimizin, Aşıq Pərimizin, həsrətimizin dilidir. Elə bir dil ki, bu dildə Xətai danışıb, Miskin Abdal könüllər ovsunlayıb, Qurbani sözdən saraylar qurub. Yusif də öz ulu babalarının yolu ilə gedib qoynunda boya-başa çatdığı torpağı, o torpağın hər daşının altından coşqun bir şairin ilhamı kimi fışqıran bulaqları, çəmənləri, çiçəkləri incə bir ruhla dilə gətirir. Onun bayatılarında həsrətini çəkdiyi vətən torpağının ağrılı-acılı xatirələri, unudulmaz anları, müqəddəs məqamları dilə gəlir, insan düşündükcə düşünür, yandıqca yanır, o torpağa qovuşmaq üçün xəyalında arzudan, istəkdən saraylar, kaşanələr qurur. Forma baxımından olduqca zəngin olan bu əsərlərin içində əzizləmə də, tapmaca da, alqış da, qarğış da, sayaçı sözlər də, yurd və toy-düyün deyimləri də, məhəbbət duyğuları da, ağrılar da geniş yer tutur. Bu formaların hamısında bir şair ürəyi döyünür.
Yadıma Murov düşdü,
Tələ qurdum, ov düşdü.
Həsrətini çəkməkdən,
Könlümə qrov düşdü.
      Dağa düşən qrova nə var, gün düşən kimi əriyib yox olur, vay o gündən qrov ürəyə, qəlbə düşə. Bax, onda insanın yaman günü başlanır. Əslində elə bayatılar yaman günlərin, dərdli düşüncələrin barı-bəhrəsidir. Bu günə qədər qəm üstündə minlərlə bayatı yaransa da, sevincdən, nəşədən bayatı yaranmır, yaransa da ömrü gödək olur, yaddaşlarda yaşamır…” 
     Yusif  Dirili qəlbindən xarici aləminə nur süzülən, ədəb-ərkanı, ağır oturub batman gəlməsi, əxlaqı, tərbiyəsi ilə tay-tuşlarının bir çoxundan seçilən, ədəbi mühitdə tanınmış yaradıcı şəxsiyyətlərdən biridir. O, yüksək insani keyfiyyətlərilə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir.
      İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, məqsəd və məramına çatmaq üçün gərgin əmək sərf etmək bacarığıdır. Doğrudan da zəhmət, əmək insanı şərəfləndirir, ona məmnunluq, bəxtiyarlıq bəxş edir. Bu məsələlər yorulmaq bilməyən, daim yazıb-yaradan, xeyirxah əməllər sahibi, yazıları ilə Vətəninə, xalqına xidmət göstərən, özünü həmişə millətinin əsgəri hesab edən istedadlı qələm sahibi Yusif Dirilinin həyat kredosudur. O, həyatda həmişə öz gücünə, təfəkkürünə arxalanaraq cəmiyyətdə öz layiqli yerini qazanmışdır. 
İstedadlı jurnalist, şair və tədqiqatçı kimi tanıyıb, əsərlərini həvəslə oxuduğumuz Yusif Dirilinin “Məktəbli pyesləri” kitabı balaca oxucular üçün nəzərdə tutulmuşdur.       Pyeslər məzmunca müxtəlif olduğu kimi, obrazlar da səciyyəsinə görə fərqlidir. Lakin bu pyeslərin tərbiyə edicilik, öyrədicilik məqsədi onları birləşdirir. “Qanlı şənbə gecəsi” pyesində “20 yanvar” faciəsindən bəhs olunur. Silahsız sakinlərə silahlı rus ordusunun verdiyi işgəncə, İlham və Fərizənin sönməz məhəbbəti, onların şəhidlik zirvəsi, xalqın azadlıq yollarında düçar olduğu əzablar qabarıq şəkildə ortaya qoyulmuşdur.
     “Qanunsuz ov” pyesində sosial problemlərini həll edə bilməyən insanların düşüncələri, yollar araması yığcam şəkildə tamaşaçının diqqətinə çatdırılır.
“Yazgün” pyesində isə Novruz bayramının özəllikləri balacalara təqdim olunur. Diqqətçəkən pyeslərdən biri “Qış baba”dır. Əsər dinamikliyinə, məzmun təzəliyinə, hadisələrin inkişafı və həllınin təbiiliyinə görə oxucunu razı salır, daha doğrusu, onda xoş razılıq təbəssümü doğurur.
    Təqdim olunan pyeslər tərbiyəvi əhəmiyyət kəsb etməklə bərabər, şagirdlərin müəyyən biliklər əldə etmələri baxımından da çox faydalıdır.
İxtisasca  bioloq olan Yusif Dirili anadan olduğu Cəbrayıl rayonunun ərazisində yerləşən Gordubaba, Xələfdağı və Diridağının təkrarsız relyefi, təbiətinin füsunkar gözəlliyi, bitki və heyvanlar aləmi onun hisslərinə hakim kəsilmiş, təbitə sonsuz maraq oyatmışdır. Təbiət elmlərini dərindən öyrənmək marağı onu BDU-nun biologiya fakültəsinə gətirib çıxarmışdır. O, təbiət və onun qorunması barədə bir sıra maraqlı elmi, elmi-populyar yazıları ilə müxtəlif qəzet və jurnal səhifələrində çıxış edir: təxminən 35 ilə yaxın bir müddətdir ki, təbiətin qorunmasından, əhalinin ekoloji maariflənməsindən yazır. Təbiətin nadir flora və faunasının itib getməsinə səbəb olan problem məsələləri aradan qaldırmaq, onu zəngin görmək məqsədilə bir sıra aktual fikirlər söyləyir. Bu yazılar cəmiyyətdə  təbiətə  qarşi  mərhəmət  hissinin formalaşmasına, onun ekoloji maariflənmasinə gətirib  çıxarır.
      Yusif Dirilinin elmi-kütləvi ədəbiyyat seriyasından olan “Heyvanların eşq-məhəbbət dünyası” (2006) kitabında heyvanların çoxalma  davranışındakı hər bir hərəkətin mahiyyəti açılır. O, təbiətə vurğunluq hisslərini poetik bir şəkildə ifadə etməyi bacarır  və təbiət haqqında yazılmış 20-yə qədər elmi, yüzlərlə  elmi-kütləvi məqalənin müəllifidir. 
    Ölkəmizdə ekologiyanın tarixi indiyədək əhatəli öyrənilməyib. Əhali¬nin ətraf mühitə mübnasibətinin tarixi kökü çox qədimlərə gedib çıxır və onu öyrənməyin ekoloji problemlərin həll edilməsində əhəmiyyəti vardır. Yusif Dirilinin də (Yusif Mahmudov) həmmüəllif (BDU-nun professoru Qara Mustafayev və dosent Anar Məmmədova birlikdə) olduğu “Ekologiyadan əvvəlki “ekologiya”” adlı monoqrafiya bu sahədə vacib tədqiqatları özündə birləşdirir.
      Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq insanların ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Müəlliflər Azərbaycanın tarixi qaynaqlarında, tarixi - mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibəti və folklorumuzda, şifahi xalq ədəbiyyatında, dastan və nağıllarda, atalar sözləri və el məsəllərində, bayatı, tapmaca və laylalarda, aşıq sənəti, xalq mahnıları və xalq rəqslərində ətraf mühitə münasibəti tədqiq etmişlər. Monoqrafiyada qədim türk abidələri və şumernamələrdə, “Avesta” qanunlar toplusunda, “Kitabi - Dədə Qorqud” dastanında təbiətə münasibət, Novruz bayramının ekoloji aspektləri ön plana çəkilir. İslam dinində ətraf mühit komponentlərinə qayğıkeş münasibətin nümunəviliyi xüsusi vurğulanır. Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir. Alimlərin, səyyahların və müxtəlif peşə sahiblərinin ölkəmizin təbiəti haqqında qeydləri təqdim edilir. 
Yusif Dirilinin istər poyeziyası, istərsədə elmi və elmi-kütləvi əsərlərinin dili Azərbaycan ədəbi dilinin gözəl nümunələrindəndir. Onun əsərlərində xalqın zəkası, kədəri, sevinci, arzu və istəkləri təcəssüm edir.
       Zaman və İnsan münasibətləri haqqında mülahizələr heç bir düşünən beyindən yan keçmir. Bəlkə də Zamanla ən çox çarpışan da yaradıcı insanlardır: həm özləri üçün, həm də başqaları üçün bu mübarizəni təsvir etməyə çalışırlar. Axıb gedən Zaman Yusif Dirilinin yaşının üstünə yaş gətirdikcə saçlarını ağartsada, mənəvi baxımdan onu kamilləşdirir, ağsaqqallaşdırır, müdrikliyini artırır. Yusif Dirilinin poeziyasını, publisistik, elmi-kütləvi, elmi yaradıcılığını araşdırdıqca onun hər bir sahədə öz sözünü layiqincə dediyinin şahidi olursan.
Onun gözəl şair, istedadlı publisist-yazıçı kimi oxucular və Azərbaycan Respublikasında ətraf mühitin qorunması tarixinin ekoloq tədqiqatçısı kimi elmi ictimayyət arasında böyük nüfuzu vardır. Müəllifi olduğu müxtəlif səpgili kitabları öz oxucuları tərəfindən sevilə-sevilə oxunur. Onun istər poeziyasında, istərsə də publisistikasında klassiklərimizin zəngin ənənələri yaradıcı şəkildə davam etdirilir. Yazılarında ürək yanğısı, qəlb ağrısı, Vətənimizin torpağına, daşına, gülünə, çiçəyinə sevgi və məhəbbət, düşmənlərimizə isə nifrət aydın şəkildə duyulur. Öz adına, ünvanına yazdığın Qarabağın bir parçası olan Diridağının ucalığı, zirvəsi Azərbaycan poeziyasında Yusif Dirlinin ucalığının simvoludur. “Qarabağ, Diridağı” mövzusunda yazdığı əsərlərdə çılğın bir qəlbin üsyanı ilə bərabər, sabaha inam işığı aydın şəkildə duyulur. Zaman göstərdi ki, yaradıcılığında kölgədən daha çox işıq olan Yusif Diruli bu gümanında – Qarabağın nə vaxtsa azad olunacağında da yanılmayıb. Bax bu işıq Yusif Dirilinin yüzlərlə oxucularının qəlbinə nur saçır. Onun yaradıcılığının mahiyyətinə, nüvəsinə varanda görürsən ki, xeyr şər üzərində qələbə çalır, işıq qaranlığı yarır, insanı ucalır, tərənnüm edilir.
     Sonda onu demək istəyirəm ki, Yusif Dirili yaradıcılığına bələd olanlar  bilirlər ki, o, sözün qədir qiymətini yaxşı bilir, onun məna yükünü bol edir, lokanizmi çox sevir. 
     Müəllim, şair, publisist, ekoloq-alim Yusif Diriliyə daha böyük yaradıcılıq uğurları və istəklərinə yetmək arzusu ilə...



Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
 Analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru

Geri qayıt