Əsas Səhifə > Redaktor seçimi > ŞUŞA ETÜDLƏRİ
ŞUŞA ETÜDLƏRİ13-12-2021, 15:46 |
İSMAYIL MƏRCANLI İMANZADƏ Şuşa etüdləri (lirik poema) 1. Ta uzaqdan boylanıb Səni soraqlayanda, Acımadım halına. “Zəfər yolu”yla gedib, İllər ayrısı kimi Qovuşdum vüsalına. Daş köynəkli ərənim, Zəfər müjdəli qalam - Ulu dastanım Şuşa. Yadlara baş əyməyən Yenilməz şah vüqarlı - Xanım, sultanım Şuşa. Qoy, öpüb əzizləyim Şəhid qanı çilənən Daşını, torpağını. Unut dərdi-ələmi, Yaşa sevinclə, yaşa, Təmtəzə növrağını! 2. Varlığından söz açır Xoş keçən hər çağımız. Qələbə müjdəlidir, Başın üstə yellənən Üçrəngli bayrağımız. Dikəltdikcə qəddini Göz oxşayır al-əlvan Çiçəyin-gülün sənin. Təkçə ətir saçmır haa, Dönüb daş heykələ də Xarı bülbülün sənin... 3. Qayıdıbdı qoynuna Natəvanın, Üzeyirin, Bülbülün heykəlləri. Xoş avazla səsləyir Mir Mövsüm, Cabbar, Seyid Obaları, elləri. Gəlir Cıdır düzündən Yenə də Xanın səsi. Könülləri oxşayır “Qarabağ şikəstəsi”. “Zəfər yolu”, Daşaltı Yolçuları elə hey Salamlayıb, dindirir. Al günəş, səhər mehi Pənah xanın nigaran Ruhunu sevindirir. 4. Xoş gördük, Molla Pənah Vaqif, Əziz şair babamız. Görüşünə can atır, Neçə-neçə doğma Elimiz-obamız! Gorevini talayan, Ruhunu odlara qalayan Qarı düşmən Ərənoğullarımızın Zəhmindən xoflanıb Yanlarını tuta-tuta Çıxdılar aradan. Heç zamanın özü də Adını ürəklərdən Silməyə qadir deyil! Axı, sənə əbədi olaraq Yaşamaq haqqı veribdi, Böyük Yaradan! Ta rahatol, gor evində - Abad son mənzilində. Adın bundan sonra da, Zaman-zaman, nəsil-nəsil Yaşayacaq hamının dilində!.. 5. Salam, Xan qızı Natəvan, Bizim xanım-xatın Şairə nənəmiz! Uzun illərdən sonra Şuşaya qayıdışın mübarək! Dumanlı-çənli yazın, Qarlı qışın mübarək! Xoşladığın ucalıqda Üzeyirlə, Bülbüllə Dayanmısa yanaşı. Şükürlər olsun, daha İsminə yaraşan çeşmədən Yenə dədumduru su gəlir. Elə bil hər damladan Turşsuyun avazı, Yarpızın-nanənin Ətri-qoxusu gəlir! Ovuclarımı qoşalayıb Su içdim adını süsləyən Bulaqdan. Ruhuna tapınıb, Sənə rəhmət dilədim Dönə-dönə Haqqdan... 6. Yurdumun ərən oğulları Bir göz qırpımında Qayalarını dırmanıb, Sənin harayına çatdılar. Sədləri keçə-keçə, Türk oğlu türkün Yenilməyən gücünə Tükənməyən güc qatdılar. “Dəmir Yumruq” Zəfər soraqlı Bu döyüşdədə Uğurlu sonluqla Tamamladı öz işlərini. Başları əzilən “hay”lara Dönə-dönə xatırlatdı Şərəfsiz keçmişlərini… 7. Dağlardan, təpələrdən Keçən yel kimi, Sərt enişli-yoxuşlu Dərələrdən sel kimi Adlayıb görüşünə gəldik, Xəzinə qayalı, Cıdır düzlü Qürub çeşnili, dan üzlü Xanım, Bəyim, Sultanım. Əzəli-əbədi məskənim, Yurd yerim, ünvanım. Nəğməkar İsa bulaqlı, Ay-ulduz nişanlı Zəfər bayraqlı Şuşam. Yeniməz gücünlə hayqırıb Şimşək kimi çax! Bir qəfil leysan kimi Yağdıqca yağ! Qoy, silinsin yağıların Daşına-torpağına hopmuş Murdar nəfəsləri. Dikəlt qəddini, rahat yaşa, Ta birdə qoymarıq Yaxınına gələ, İllər boyu sabahına Qənim kəsilən yadları, Əlləri qanlı nakəsləri!.. 8. Yolun-cığırın təzə Aylı-ulduzlu gecən, Nur saçan səhərin var. Ta dilim gəlmir deyəm Nalə çəkən sızıltın, Nisgilin, qəhərin var. Hərdən başının üstən Ruhuma sığal çəkən Əlçim-əlçim çən keçir. Şəhid ucalığından Tanrının dərgahına Gedən yol səndən keçir! 9. Beşiyisən Qarabağın, Dil açır pöhrən-budağın. Göz dağıdır daşın-dağın - Yağıya, namərdə, Şuşa! Yurdun taleyi-baxtısan. Əbədi xanlıq taxtısan. Nəğmə-sənət paytaxtısan - Bir cənnətsən yerdə, Şuşa! Nə xoşdur avazın-səsin, Aləmə sığmır həvəsin! Var olsun Topxanan, Kirsin - Məlhəmsən min dərdə, Şuşa!.. Xarıbülbülün bir dadım, Gözəl hüsnündən doymadım… Yadında qaldımı adım - Gələsiyəm bir də, Şuşa! 04-17.09.2021 Mingəçevir şəhəri Geri qayıt |