Əsas Səhifə > Redaktor seçimi > Azərbaycan polisinin işıqlı siması...

Azərbaycan polisinin işıqlı siması...


30-06-2022, 23:51
  
Sınaqlardan çıxan ömür...
 

     Mənim də bir tərəfim laçınlıdı - Rahib Qarayev tərəfimi deyirəm.  O Rahib Qarayev ki, polis nəfəri olub, polis leytenantı olub,  polis polkovniki olub, amma bir tərəfi həmişə şeir, poeziya olub. Qələmi deyirəm, elə mənim də könlümü, taleyimi bağladığım qələm.
... Ötən ilin bir gecəsindəki tanışlıq “Ötən ilin son gecə”sinə qədər gətirib çıxardı bizi, polkovnik! 
     İsti avqust günlərinin birində işdən evə gələndə həyətimizdə məni sən qarşıladın.  Heç ağlıma gəlməzdi ki, uşaqlığımdan bəri adı evimizdə böyük sevgi, ehtiramla çəkilən, imzası evimizdə mənə ən doğma guşə olan kitabxanamızdan üzümə təbəssüm edən Rahib Qarayev bir gecə qapımızı döyəcək. Özü də təsadüfən. Təsadüfən deməyimə baxma, əslində, təsadüflərə inanmıram. Taleyimdən bircə ona görə razıyam ki, yaxşı adamları tanımaq şansını mənə əsirgəməyib. Bəzən elə bilirəm bütün yaxşı adamları mən tanımışam, başqalarına kimsə qalmayıb. 
  
Bir yaşdan sonra insan ürəyinin üstündə cib axtarır...
 
     Adam tanıyıram, bütün gücünü səfərbər edib özündən şair yaradıb, adından şeir yazdırıb, adam görmüşəm pulu var, bilmir hara xərcləyə, nasir olub, hekayə yazdırıb, roman çap etdirib. Polkovnik də tanıyıram  cibindən şeir çıxır. Zamanla qəzetdən oxuyub bəyəndiyin şeirləri kağıza köçürüb cibində saxladığını bilirəm. Hə, bir dost diliylə desək, bir yaşdan sonra insan ürəyinin üstündə cib axtarır, polkovnik... 
 
     Bizim redaktor müavini səni tanıyanda “mənə elə gəlir polkovnikin iki ürəyi var”- demişdi. Doğrudan da... biri ən çətin situasiyalarda asayişin keşiyində polis kimi dayanmağa köklənir, digəri isə daim söz, sənət eşqi ilə çırpınaraq səni hər kəsə doğma bir insana çevirir.
     
     Sən cibindən çıxan solğun sətirləri oxuduqca düşünürürəm, polis hara, şeir hara? Həm də düşünürəm, polis şeir oxumazmı? Oxuyar, amma polis həm də soyuqqanlı olar. Polisin şeiri də, poeziyası da, hekayə, povesti də hadisədi axı. Polis də var şeir onun üçün hadisədi -  sənin kimi, Qarayev. Axı Sən təkcə yaxşı adamlara yox, yaxşı misralara də tapıntı kimi baxırsan. 
 
 Həyat belədi... hər şeyin cibi var, ürəkdən başqa 
 
     Hər dəfə internetdə ürək videolarına baxanda təəccüblənmişəm: “Aaa, ürək budur? Bir əlçimdi ki...” demişəm. Dağ boyda bildiyim ürəyi ovuc içi boyda görmüşəm. Sənin kimi adamları görəndə isə əksini düşünmüşəm, ovuc içi qədər ürəyi dağ boyda görüb, “bu boyda ürək olar?” demişəm... 
       Olanda olur, polkovnik. Ürəyin cibi yoxdur dedim, amma bəzi adamların ürəyinin də cibi var deyəsən. O “cib” ki orda 30 illik həsrətlə bərabər, həyata, insana, insanlığa, təbiətə, sözə, sənətə, qələmə sevgi həmahəng olub. Sevgin də, həsrətin də bir ürəkdən qat-qat böyükdü sənin. 
      Hər dəfə gözün yol çəkdikcə, görən deyər, bəs bir polis polkovniki ürəyindəki Mikayıl Müşfiq küçəsindən elə indicə sola buruldu... Elə asta yeriyirsən, elə bil cibində gəzdirdiyin misralar gizli pasport kimi indicə üstündə tutulacaq...
    Bəli, adam var şeir onun ikinci “pasport”u  -  gizli kimliyi, çoxunun sezə bilmədiyi tərəfidi. Bax, biz həm də o tərəfdən qohumuq, polkovnik. Necə ki, ruhuna doğma adamları “qəlb yoldaşım” deyib çağırırsan. Necə də haqlısan. Bizim kimi adamlara arxayın olunmaz, hər an cibimizdə şeirlə tutula bilərik...
     
  Sevginin ömrü bir an, qalanı xatirədi...
    

     Rahib Qarayevin kimliyin tanıyan çoxdu, sənin ölkə üçün hansı nüfuz sahibi olduğunu çoxu yaxşı bilir... Ona görə də onları yazmayacam, səni hamının tanıdığı tərəfindən yazmaq istəmirəm. 
      Qarayev olsan da, üzü ağ adamsan Sən. Keçmişinin qarşısında o qədər üzüağsansa qələmin həmişə xatirələrdən yazır. Hər dəfə “525”də yazıların oxuduqca elə bil kimsə qulağıma astaca pıçıldayır ki, bu solan yarpaqların qalanı xatirədi.  Laçından qaçqın düşən xatirələr, yenidən Laçına qayıdıb yerini-yurdunu tapmayan xatirələr. 
“Laçına getmişdim” yazırsan . “Laçına getmişdim”i oxuduqca təəssüf edirəm ki, Laçına getmisən, amma Laçına qayıda bilməmisən. 
Getdiyin Laçında “Taksi Nəcəf” yoxdu. Demək, səni qarşılayan da yoxdu heç.  Bahadur dayını axtarırsan, məlum olur ki, Bahadur dayı “Kəndə gec-gecə gəlirsən a, bacıoğlu” deməyəcək sənə... Məlum olur ki bu Laçın o Laçın deyil. Laçın qocalıb, gənc polis işçisini hər dəfə fərəh, sevinclə qarşılayıb əlini sıxan Laçının gözü yol çəkir indi...
Mən yarpaqların dilini bilirəm, - deyir.
Məsələn, "xış-xış",
yə'ni "aman ayrılıq əlindən!" 
 
 Sən hər yerdən rütbəylə qayıdırsan; dostluqdan, etibardan, sədaqətdən...
     

     İndi fikir verdim ki, bütün xitablarım “Siz”lə başlayır. Geri qayıdıb hamısını bir-bir “Sən” eləmişəm. Özünü qələmə doğma bilən adama özünü yad bilməyəsən deyə... Axı bizimki həm də qələmdaşlıqdı...
    Qələmdaşlıq deyirəm, amma səndə nəsə ayrı bir kəramət var. Fariz müəllim hər dəfə təəccüblənir. Deyir, polkovnik hamıya ayrı-ayrılıqda diqqət göstərir, dağların, dərələrin, təbiətin hər guşəsinə bələd olduğu kimi, insan duyğularının da hər sətirinə bələddir. Adam dəniz kimidir, sahilə təbəssüm atan hər dalğasıyla həyata sevgi oyadır. O qədər qayğı, nəvaziş göstərir ki, deyirsən, mən niyə belə ola bilməyim? 
     Çobanoğlu haqlıdı. Deyirik, amma ola bilmirik. Çünki səndə ulduz işığı var, polkovnik - polis poqonundakı ulduz işığı... O qədər duru, aydın, işıqlı adamsan ki, bir göz qırpımında doğmalaşmağı bacarırsan. Atatürkün türk polisinə sözdən biçdiyi qiyafə necə də əyninədir sənin. “Polis əsgər qədər disiplinli, hüquqçu qədər ədalət adamı, bir ana qədər şəfqətli olmalıdır” deyirdi Atatürk. 
     Hə, eynən sənin kimi... Hər istəyimizə dediyin “baş üstə”lər kədərləndirir məni. Başım da ağrıyanda istəyirəm yazam, başım ağrıyır, başıma tapşırasan məni. Ürəyim ağrıyanda istəyirəm zəng vurub bir zənginlə ürəyimə tapşırasan məni. Xətrimə nəsə dəyəndə istəyirəm daxili nömrəsini yığıb kövrəkliyimə tapşırasan məni...
      Hüquqşünassan, polkovniksən, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisisən, jurnalist, qələm adamı, yazıçısan, daha ötəsi, sən qohumsan. Gör adama nə qədər doğma tərəfin var. Amma mənim üçün sən dostsan, yəni bütün bu sadaladıqlarımın fövqündəsən. Dostluq yeganə libasdır ki, dünyanın ən usta dərzisi də o libası insanın üstünə biçə bilməz...  
       Sən dost adamsan, polkovnik... hardan bilirəm? Yeni ilin ilk günüydü. Atam qarşısına qoyulan yeməyin yanına kiçik bir badə qoydu. Fikirləşdim yəqin kiminsə sağlığına içəcək.
      ...İçdi, amma deyəsən, sağlığına yox. Çünki qəribsəmişdi...  Mənsə atamın dost itirən yaşına təəssüflənib dost itirməyə düşməyən yaşıma sevindim açığı.
       Atam dünyadan köçən dostlarını xatırlayıb badəni qaranəfəs başına çəkəndə “bir dostun yoxdumu ki, sağlığına içəsən?” zarafatımdan qalmadım. Mən o biri otağa keçib qayıdanda atam Sənlə danışırdı. Özü də sağlığına içə-içə. Demək, mən dost deyəndə atamın yadına Sən düşmüsən. 
      Hə, polkovnik, məsələ belədi ki, indi mən də dost deyəndə yadıma Sən düşürsən. Xatirələrindən danışanda, “əsgərlikdən rütbəylə qayıtdım”, deyirsən. Sən hara getsən rütbəylə qayıdırsan; dostluqdan, etibardan, sədaqətdən... Bunlar hərəsi bir sınaq körpüsüdür və indi sənə sınaqlardan çıxmış ömür də demək olar...
      ...Düzü, haqqında hələ aylar öncə yazdığım bu yazını çapa vermək üçün bir bəhanə axtarıb doğum gününü gözləsəm də, açığı, bir tərəfdən də yazını çapa verməyə tərəddüd edirdim. Hələ tamamlamadığım yazımın ilk oxucusu həmişəki kimi həmkarım Çobanoğlu oldu. Nə yaxşı ki, yazıda işıq gördü və sanki duyğularım, qələmim bir az da işıqlandı. Bir daha əmin oldum ki, mən elə doğrudan da işıqlı bir aləmdən, işıqlı bir insandan yazmışam. İndi bir sual da beynimi məşğul edir. Axı insanı sevdirən nədir görəsən? Bir az fikirləşsəm, bir çox keyfiyyət, xarakterin bir çox təzahürünü sadalaya bilərəm. Amma bütün bunlar kiçik görünə bilər. Axı daha böyükləri var - insanı sevdirən şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi, fədakarlığı... 
      Polkovnik, sən həm də bir mənəviyyat insanı olaraq bütün bu uca keyfiyyətlərə sahibsən. Sənin ən böyük var-dövlətin, elə ən böyük silahın da bunlardır. Qarşılaşdığın hər bir adamı özünə dost edə bilirsən. Mənə elə gəlir ki bunun üçün öncə bizi əhatə edən hüdudsuz həyatın özü ilə dost olmaq, ona qırılmaz sevgi bağlarilə bağlanmaq gərəkdir. Nə xoş sənə ki, həyatı nə qədər sevirsənsə, həyat da səni bir o qədər sevir.
     Biz də bu həyatın bir parçasıyıq. Bu sevgidə, bu istəkdə bizim də payımız var. Bir günəş qədər, heç bir ay qədər olmasın, bir ulduz işartısı qədər olsun; hər halda, bu böyük sevginin, bu böyük dostluğun bir zərrəsidir. Bu düşüncə zərrələri sözə çevrilib qələmimdən keçəndə mən də xoşbəxt oluram. Bəzən bir anın xoşbəxtliyi bir ömrün xoşbəxtliyinə səbəb ola bilir... 
     Bu gün sənin günündür. Elə sabah da sənin günündür, polis baba. Sən 62 yaşını qeyd edirsən, Azərbaycan polisi isə 104-cü yaşını. Nə xoş sənə ki, Azərbaycan polisinin 104 illik fəaliyyətinin 35 ilində adın, xidmətin, əməyin, fədakarlığın, özümüzü belə əmin-amanlıqda hiss etməyimizdə böyük payın var... 

Təranə Əlizadə, 
Sənətşünas
Geri qayıt