Əsas Səhifə > Redaktor seçimi > “Dəniz adam” - şeiriyyətimizin yeni bir səhifəsi...

“Dəniz adam” - şeiriyyətimizin yeni bir səhifəsi...


21-07-2022, 20:44
 
    Etiraf edək ki, şeir yazmaq artıq dəb halına çevrilib. Şeir yazanların bəziləri poeziyaya əyləncə kimi baxır. Bəziləri isə ona da şair desinlər deyə yazmağa üstünlük verir. Çox az bir qismi isə sənətin ecazkar diliylə duyğu və düşüncələrini paylaşmaq üçün əlinə qələm götürür. Hələ bunların arasında da qeyri-peşəkar yazanlar nə qədər desən... 

    Ancaq bütün bu xoşagəlməz hallara görə heç kimi qınamaq da olmur. Yazı, düşüncə, fikir azadlığı var axı. Düşünürəm ki, hər kəsin yaradıcılığını zaman özü ələyindən keçirir. Ədəbiyyatın, sənətin yaddaşında kim qalacaqsa, onları da seçib saxlayır. Bu mənada ciddi narahatlığa da bir əsas yoxdur. 
Şair Damət Salmanoğlunun şeirləri təbii ki, şeiri dəb halına çevirənlədən fərqli olaraq ədəbi ictimaiyyət tərəfindən qəbul edilir. Çünki Damətin yazdıqlarında poeziyanın  əlvan dünyasından naxışlar var. Damət səmimi şairdir. Duyğularının hər sətirini çəkinmədən misralara düzərək sevimli oxucularına müxtəlif mövzulu şeirlər ərmağan edə bilir. Şair dənizdən, təbiətdən, onu narahat edən hər hansı bir cəmiyyət hadisəsindən, yaxud bir insan mənzərəsindən yazanda da təbii duyğularına xələl gətirmir. Daha çox dənizə vurğunluğu, dəniz heyranlığı onun şeirlərinin yelkəninə çevrilir. Yaradıcılığına hansı yöndən baxsan o yelkəni görməmək mümkün deyil. Heç də təsadüfi deyil ki, onun yaxın günlərdə işıq üzü görmüş yeni şeirlər kitabı da elə “Dəniz adam” adlanır. 

     Xalq şairi Vahid Əzizin redaktorluğu ilə nəşr olunmuş “Dəniz adam” hər səhifəsindəki nəğmə, ahəng dolu misraları ilə insanın ruhunu dilləndirir. Ruh demişkən, “Beynəlxalq Rəsul Rza və “Səməd Behrəngi” mükafatları laureatı Damət Salmanoğlu poeziyanın əsas şərtlərindən biri olan poetik ruhun əsiridir. Poetik ruha könül vermək, daha doğrusu, ən böyük sevgi qaynağı kimi ona təzim etmək şairliyin bir mərtəbəsidir deməzdim, bəlkə də elə özüdür.
Şairin dəniz haqqındakı şeirləri onun yaradıcılığında doğrudan-doğruya mavi dəniz dalğaları kimi əsir - bəzən də coşub-daşır. Bütün hallarda şairin şeirləri öz oxucusunu ülviyyət məqamına çəkir. Ancaq hərdən də hiss edirsən ki, şair dünyanın acımasız dərdlərindən usanaraq tənhaığa meyillənir. Nə qədər tənhalğa çəkilsə də dənizi özünə yenə həmdəm bilir:
 
Əl gedək, əzizim, uzaq bir yerə.
Bir yaşıl adaya, heç kim olmasın.
Qaçaq bu dünyanın qeyli-qalından.
Orda tək biz olaq, kimsə olmasın.
 
Hər tərəf dənizlə əhatə olsun, 
Yaşıl meşəsində bir koma quraq,
Komada sevginin istisi olsun, 
Səhərlər quşların səsinə duraq. 
 
    Damət Salmanoğlunun şeirləri türkdilli poeziya nümunələri kimi digər türk xalqları arasında da sevgilə qarşılanır. Onun şeirlərinin bir çoxu özbək dilinə çevrilərək özbək ədəbiyyatının da səhifələrini rövnəqləndirir. Özbəkistanla ədəbi-mədəni əlaqələrimizin bugünkü inkişaf mərhələsində Damətin də poeziyasının xüsusi rolu var. 
     Ədəbi yaradıcılığa erkən yaşlarından başlamış, bir-birindən rəngarəng kitabların müəllifi Damət Salmanoğlunun şeirləri barədə müxtəlif mətbuat səhifələrində bir neçə məqaləm də dərc olunub. Bu yazının səbəbi isə ”Dəniz adam” kitabı oldu. Bu kitabdakı şeirlər də səmimi ovqatı ilə seçilir. Mövzu və məzmun rəngarəngliyi, əlvan poetik çalarlar səhifələri bir-bir çevirib oxumağa sövq edir adamı. “Dəniz adam” kitabında fəsillərin hər birinin rəngi, ruhu, ahəngi, ritmi duyulur. Kitabda bahar coşğusu, sözün, düşüncənin yay bərəkəti, poeziyanın payız əlvanlığı və duyğuların qar bəyazlığı hiss olunur. Şair insan mənəviyyatını sənət vasitəsilə mənəvi təmizlənmədən keçirməyə çalışır. Məsələn, şeirlərinin birində “yağış yağır”.
 
Yağış yağır, dəstəmaz alır yer kürəsi,
səcdə edir, namaz qılır gül kolları. 
Çiçək açır, sevinirlər, nazlanırlar.
Sübh çağında sığal çəkib
tellərinə, güllərinə...
Al günəşin nəfəsinin   hənirtisi.
 
Ey insanlar, gəlin sevək dünyamızı,
təbiətin yağışını, günəşini,
sirlə dolu kəhkəşanı,
gəlin sevək insanları, 
gəlin sevək,
bizi sevib yaradanı. 
 
     Müəllifin kitabda Vətən savaşından sonrakı zəfər duyğularından od alan şeirləri də maraqla oxunur. Qazilərimizə, şəhidlərimizə, ordumuzun qüdrətinə, müharibə generallarımıza həsr etdiyi bədii nümunələr hədsiz sevgilə qarşılanır. Eləcə də erməni vandalizminə qarşı nifrətlə yazılmış şeir nümunələri naqis düşmənlə mübarizədə oxucunu daim mətin olmağa səsləyir. Beləcə, Vətən tariximizin salnaməsini poetikləşdirməyə çalışan şair çiyninə götürdüyü sənət missiyasını yerinə yetirməkdə daim israrlıdır. “Dəniz adam” şeiriyyətimizin yeni bir səhifəsidir. İnanırıq ki, şair gələcəkdə daha böyük ədəbi uğurlara imza atacaq.
 
Fariz 
Çobanoğlu 
 
 

Geri qayıt