Əsas Səhifə > Redaktor seçimi > Hardan başlayacağımı, necə yazacağımı bilmirəm...
Hardan başlayacağımı, necə yazacağımı bilmirəm...14-10-2022, 20:40 |
Getmək xəyalına düşəndə, nədənsə çəkinirdim. O xarabalıqların həqiqi olduğunu öz gözlərimlə görməkdən qorxurdum. Yerində qoyub gəldiyim gözəlliklərin yox olduğunu bilməkdən qorxurdum. Sanki hələ də möcüzə olacağına azacıq ümidim vardı...İstəyirdim, yuxuya çevrilsin olub-keçənlər, eşitdiklərim, oxuduqlarım. Barəsində yüzlərcə səhifə yazdıqlarım... Nələr yaşamadım ora aparan yollarda... Necə olacaq, necə baxacam oralara, danışa biləcəmmi, fikirlərimi, hisslərimi çatdıracammı... Az. Tv-nin əməkdaşı, gözəl insan, savadlı jurnalist Ülviyyə Heydərova anlayırdı içimdən keçənləri, suallar verir, məni qara fikirlərdən uzaqlaşdırmaq istəyirdi.
"Mehdili" sözü yazılan tablonu görəndə həyacanım daha da artdı. Heç bir möcüzə baş vermədi. Eşitdiklərim, duyduqlarım, yazdıqlarım doğruydu. Yox idi daha Mehdili, ömrümün yarısını keçirdyim doğma kəndimi yerlə-yeksan eləmişdilər. Bütün dağıntılara baxmayaraq, məhləmizə dönən yolu o dəqiqə tanıdım. Gözlərim yaşardı. Ən dəhşətlisi də o idi ki, uçurulub-dağıdılmış yerlərə getməyə də icazə vermirdilər. ANAMA –ın əməkdaşı dəmir yoldan aşağı enməyə qoymadı. Minaların olduğu işarələri göstərdi mənə. Buna baxmayaraq, o dağıdılmış ev qarşımdaydı. Həzin, kədərli görkəmiylə mənə baxırdı. Bu dünyada ən gözəl həyat müəllimim olmuş, əvəzsiz insanın, rəhmətlik möhtərəm atamın öz halal zəhmətiylə uzun illər tikdiyi iki mərtəbəli evdən qalan divarlara ürək ağrısıyla baxırdım. İçimdəki yaranın qaysağı qopmuşdu. Verilən suallara doğru-düzgün cavab verə bilmirdim. İçimdən keçdi ki, minalara baxmayaraq, evimizə gedim. Əlimi yerinə, torpağına sürtüm. Həsrətimi azacıq da olsa, dindirim. Lakin qanunu pozmaqdan utandım.
İçimə axan göz yaşlarımı heç bir sözlə, heç bir cümləylə anlada bilmərəm sizə. O tablonu heç bir kəlmə ifadə etmək gücündə deyil...Uşaqlığım, gəncliyimin bir hissəsini yaşadığım ata yurdumu, bu şəkildə görməyin nə demək olduğunu bilirsiniz. Sanki o müasir kənd, bağlı-bağatlı, yaraşıqlı oba, yurd olmayıb heç. Müharibənin insanlığa verdiyi bundan artıq nə ola bilərdi ki...Budur müharibə, xaraba qalmış evlər, yanmış, qurumuş ağaclar, məhv olmuş uşaqlıq, gənclik, ümidsiz qocalıq, qərib ölüm... Ayrılmaq istəmirdim dağıdılmış, sadəcə iki divarı qalmış o evə baxmaqdan. İçimdən nələrlər gəlib keçmirdi? Nələrləri, kimləri xatırlamırdım ki... Valideyinlərimi, doğmalarımı, qohumlarımı, qonum-qonşunu. Evdəki hər şeyi, hətta, orda qalıb, məhv olan dəftərlərimi.
İndiyə qədər çox kədərli film izləmişəm, çox acı dolu roman oxumuşam. Amma həyat...indi gördüyüm mənzərə o kədərli sənət əsərlərinin hamısından daha ağrı doluydu. Tanrıya çox məsələdə əl açıb yalvarmışdım, amma indi, vaxtın, saatın durmasını dilədiyim qədər heç nəyi belə yanğı ilə istəməmişdim uca Yaradandan. Əlimi uzatsam, çatacaq qədər yaxın olan yurduma yaxınlaşa, əlimi uçuq divarlara surtə də bilmirdim minaların əlindən. Hiss edirdim yanımdakılar getmək istəyir, amma məni bu mənzərəyə baxmaqdan ayırmağa qıymırdılar. Kövrəlsəm də, hönkürə bilmirdim.Boğazıma tıxanmışdı qəhər...Kaş ki, bir gün içimdəki əzablardan azad ola biləydim. Tək mən deyil, bütün Qarabağ torpağından didərgin düşənlər bacaraydı bunu. Çox ağırdı bu yükü daşımaq. Məzlum-məzlum gendən durub doğma ocağına saatlarla baxmaq, dağıdılmış yuvaların sənə yalvarışlı baxışlarını qaldırmır insanın çiyinləri. Sanki, cansız sandığımız uçuq divarlar da insan nəfəsinə, insan ünsiyyətinə həsrətdilər...
Cəbrayıl rayonun mərkəzinə irəlilədikcə erməni varvarlarının dağıtdıqları kəndlərə baxırdım ürək ağrısıyla. Bircə ev, bir tikili salamat deyildi. Bulağın sərin suyu da alovumuzu-odumuzu söndürə bilmədi. Yaraşıqlı, mənzərəli rayon mərkəzinin yerlə yeksan olduğunu görüb, özümə yer tapa bilmədim. İndiyə qədər də, elə bil, oraları gəzirəm, daim gözümün önündə canlanır o mənzərələr. Yuxularıma girir, ayrıla bilmirəm o səfərdən. Xudafərin körpüsünün ziyarəti də unudulmazdı. Birinci dəfə tələbəlik illərində rəfiqəmlə getmişdik ora. Tez-tez də xatırlayırıq o səfəri. Nələr xatırlatmırdı bu qədim abidə insana? Adi körpü deyildi bu. Özündə şahidi olduğu çox sirrləri, çox hadisələrin tarixini qoruyub saxlayırdı... Arazı lap yaxından gördüm yenə. Onun səsiylə, laylasıyla böyüdük biz. Əsərlərimizin, yazılarımızın qəhramanlarına çevrilən, bir xalqı ikiyə bölən çayın suyunda da bir həzinlik, bir kədər vardı...
Yol boyu yenə Allaha yalvarırdım ki, kaş bütün gördüklərim xəyala çevriləydi. Dəhşətli bir yuxu olaydı. Ayılıb_ həqiqət olmadığını görüb sakitləşəydim. Dərindən nəfəs alaydım. Kaş...
Ulduz Qasım
Geri qayıt |