Əsas Səhifə > Redaktor seçimi > Görkəmli maarifçi Həsən bəy Sultanov...
Görkəmli maarifçi Həsən bəy Sultanov...2-11-2022, 20:53 |
Görkəmli maarifçilər silsiləsindən Görkəmli maarifçilərdən danışarkən öncə onu qeyd etməliyəm ki,onlar mədəniyyətləri,əxlaqları,əqidələri ilə seçilmiş,xalq içərisində şəxsiyyətləri ilə seçilmişlər. Necə deyərlər canlı nümunəyə çevrilmişlər. Belə həyat tərzi,əslində bütün dünya maarifçilərinə aid olan mənəvi keyfiyyətdir.Bu mənada Azərbaycan maarifçiləri də istisna təşkil etmir. M.F.Axundovun,H.B.Zərdabinin həyatı bir şanlı nümunədir. Onu da qeyd edim ki,Azərbaycanda maarifçilik hərəkatının yaranması və formalaşmasında Axundov,Bakıxanov,Zərdabidən sonra Zaqafqaziya(Qori) Müəllimlər Seminariyasının misilsiz xidmətləri olmuşdur.Rəhmətlik akademik H.Əhmədov deyirdi ki,Moskva Dövlət Universiteti Rusiya üçün hansı tarixi rolu oynamışdırsa ZMS-in Azərbaycan şöbəsi də,Azərbaycan üçün həmin missiyanı daşımışdır.Qeyd edim ki,ZMS-in məzunları məktəb və pedaqoji fikir tariximizin qızıl sütunlarıdır.Onlarsız məktəb tariximizin XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid olan dövrlər çox sönük-işıqsız görünərdi. Elə-obaya,xalqa işıq gətirən belə şəxsiyyətlərdən biri də Həsən bəy Sultanov idi.O 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində anadan olub.O,kənd ibtidai təhsilini başa vurduqdan sonra Qori Müəllimlər Seminariyasında təhsil almışdır.Həsən bəy Sultanov şəxsiyyətinə olan diqqət və marağı məndə mərhum jurnalist,görkəmli tədqiqatçı,etnoqraf alim Ənvər Çingizoğlu oyatmışdı. Onun mənə göndərdiyi “Görkəmli maarif xadimi Həsən bəy Sultanovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans”a dəvətnamə həm Həsən bəy Sultanovun maarifçilik fəaliyyətinə,həm də Ənvər Çingizoğlu tədqiqatına bir ehtiram əlaməti olaraq şəxsi arxivimdə qalmaqdadır.Ənvər Çingizoğlunun bu sahədəki tədqiqatları,misilsiz əhəmiyyətə malikdir.Onun tədqiqatlarına görə Qubadlıda ilk 5 illik təhsil verən məktəb məhz Həsən bəy Sultanovun təşəbbüsü və qismən yardımı ilə tikilmişdir.Həmin məktəb 6-8 qrupda fəaliyyət göstərirdi. İlk illərdə Həsən bəyin idarə elədiyi məktəbdə 120-150 nəfər təhsil almışdır. ZMS-in məzunu olan Həsən bəy Qubadlı məktəbinin direktoru olmaqla şagirdlərə rus dilini və “Hesab”ı tədris edirdi.Tədris etdiyi fənnlərə lazım olan dərslikləri şəxsi vəsaiti hesabına Rusiyadan gətirtdirərmiş.Dövrünün görkəmli maarifçisi,təhsil təşkilatçısı olan Həsən bəy Sultanov həm də xeyriyyəçi,adamlara yardım etməyi sevən biri imiş.Onun sayəsində məltəbə cəlb edilən,qayğısı ilə əhatə edilən istedadlı bir çox həmyerliləri sonralar Azərbaycanın görkəmli ziyalıları,dövlət xadimi kimi tanınmışlar. Ənvər Çingizoğlunun yazdığına görə Həsən bəy Sultanov elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur.El-obasının xeyrinə-şərinə şərik olan,ən başlıcası el-obasına maarif-nur gətirən Həsən bəy Sultanov 1922-ci ildə vəfat etmişdir.Həsən bəy qısa bir ömür yaşasa da unudulmayıb və qədirşünaslar tərəfindən daim xatırlanılır,anılır.Həsən bəy Sultanov və Ənvər Çingizoğlu ruhuna dərin hörmətlə... Əlibala Zalov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Geri qayıt |