Əsas Səhifə > Redaktor seçimi > İstiqlal şairi Əhməd Cavad.“Çırpınırdı Qara dəniz” nəğməsinecə yarandı...

İstiqlal şairi Əhməd Cavad.“Çırpınırdı Qara dəniz” nəğməsinecə yarandı...


2-11-2022, 20:56

      Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Gəncə quberniyasına bağlı Şəmkirin Seyfəli kəndində tanınmış bir ailədə dünyaya gəlmişdir. Çox kiçik yaşlarından atasız qalan şair ilk təhsilini Gəncədə Şah Abbas məscidinə bağlı Ruhani Seminariyada almışdır. Lakin yeni əsr başlamaqla bərabər özü ilə azadlıq ruhu, milli kimliyini dərketmə coşqusu iləbir dəyişmə, yenilənmə havası da gətirirdi. Müəllimlər də  ruhani seminariya müəllimləri olsalar da uşaqlara yalnız dərs verməklə qalmır, onlara həm də söhbətlərində vətən sevgisi, millət qayğısı kimi milli ruh aşılayırdılar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşünas Abdulla Sur, Şeyxülislam Pişnamazzadə, İdris Axundzadə  kimi tanınmış simalar var idi. Əlbəttə, ustadına, tərbiyəçisinə bağlı bir gənc olaraq onların aşıladığı  fikir və qayəsini izləyənyeniyetmə Cavadıazadlıq istəkləriistiqlal yoluna gətirib çıxardı. Elə buna görə də bəxtinə düşən elm-maarif bayraqdarlarının açdığı yolun işığına öz emosional davranışı və çılğınlığı ilə seçilən gənc Əhməd bu illərdə - yeniyetməlik çağlarından gələcək şeirlərinin ilk təcrübəsinə başlayır. Lakin bu yolun bir ömrü işıldada biləcək bəhrələri vardıysa da digər istiqlalçılar – mühacir Almas Yıldırım,Mirzə Bala Məmmədzadə, Ceyhun Hacıbəyli,Əli Mərdan bəy Topçubaşov  və general Məmmədsadiq bəy Ağabəyzadə, mücahid Sarı Ələkbər, erməni gülləsinə tuş gələcək olan Həsən bəy Ağazadə,  Fətəli xan Xoyski, Behbud xan Cavanşir kimi bir kədərli ömür payı da varmış…

Hələlik bunlar qalsın...

Əhməd bəyin qısa yarımçıq ömrü təkcə ölkəmizin deyil, hətta Qafqazın da deyil, dünyanın silkələnib dağıldığı böyük çevrilişlər, inqilablar, müharibələr, bunlar da azmış kimi bu savaşların gətirdiyi mənəvi dağıntılar dövrünə düşür. Əsrin ilk onilliklərində Türkiyəni, ardınca dünyanı bürüyən savaşlar onu da atılan top səsləri diksindirər kimi Əhməd Cavadıda diksindirib məhvərindən çıxarır. Türkiyənin düçar olduğu Balkan hərbində İstanbula gedir, orada təşkilatlanan Qafqazlı könüllülərə qoşulur. Faciə isə günü gündən böyüyür, dünyanı saran I Dünya mühaibəsi başlayır, ən qanlı savaş meydanı olan rusların bitərəf sakit, zərərsiz sandığı Qafqaz cəbhəsi açılır.   Çar II NikolayınQafqaz cəbhəsinə gəlişi, Kars və Sarıkamış cəbhələrində imperiyanın Qafqaz Ordusu əsgər və zabitləri ilə görüşü və erməni kilsəsindəki provaksiyon çıxışı, ermənilərə müraciəti öz meyvəsini verir. Bir neçə zamandı fəallaşan ermənilər açığa çıxır, artıq müharibə soyqırıma çevrilir. 
Yaş az, təcrübə yoxsa da düşüncə, öz soyuna-sopuna sevgi çox yetkin, bişgin... Gənc Əhmədi gah cəbhələrdə, gah da Rus basqısı altında olan Ərzurum, Qars, Acarıstan bölgələrində qırğına məruz qalan əhalisinə yardım üçün yaradılmış “Qardaş köməyi” təşkilatında qızğın fəaliyyətdə görürük. Gördüyü yerlərdəki qətl-qarətlər onun yanar ürəyinə od salır. Həmin ürəyin odunda şeirinin atəşli misraları doğulurdu. Əhməd Cavad şeirinin hər misrası bir çağırışdır, azadlığa, hürriyyətə səslənişdir.
Mənim qələm dostum Nəsiman Yaqublunun dediyi kimi Azərbaycan ədəbiyyatı tarixində istiqlal şairi mövqeyini qazanmaq məhz Əhməd Cavada nəsib oldu. Bütün Şərqdə və Türk dünyasında ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyətini o, böyük sevgi və vətən məhəbbəti ilə tərənnüm etdi. 
Türk və Azərbaycanın birləşmiş qüvvələrilə birlikdə addımlayaraq   Bakının xilasına tələsən bu zaman ərzində “Nə gördümsə”, “Türk bayrağına”, “Türk ordusuna”, Xəlil paşaya həsr etdiyi “Röyasını görmüşdüm” və“Ey əsgər” (Ordumuza ərməğan) “Bismillah”,   “Qalx, sarmaşıqlı məzar altından”və b.k. şeirlərində Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından doğan ümid və sevinc hissləri  bu bədii nümunələrdə çağlamaqdadır.
Tarixdən yarpaqlar 1918-ci il avqustun 5-dəsübhtezdən Birinci Bakı döyüşü başlandı. İlk saatlardaTürk qoşununun hücumu qarşısında erməni, rus və ingilislərdən meydana gələn Bakını “müdafiə” qüvvələri geri çəkilmək məcburiyyətində qalmışdılar. Şəhərə hakim olan Bayıl təpələri də ələ keçirilmişdi. Şəhərin xristian əhalisi xof və dəhşət içində qaçmağa qalxmışdı. Bakının qurtuluşu yaxınlaşmaqda idi. Lakin topçuların irəliləyən qoşun hissələrinə verdiyi atəş dəstəyi getdikcə azalmağa başlamış və günortadan sonra tamam kəsilmişdi. Beləliklə, top mərmisi ehtiyatının olmaması üzündən hücum başa çatdırıla bilmədi. Bol silah-sursatla təchiz olunmuş düşmənin top və makinalı tüfəng atəşləri qarşısında türk birlikləri Heybət-Biləcəri dəmiryolunun qərbindəki xəttə çəkilməyə məcbur oldular.Orduda böyük məyusluq başlanmışdı. Milli istiqlal şairimiz “Bismillah” şeirini Bakı altında  məğlubiyyətə düçar olmuş ordunu ruhlandırmaq məqsədilə yazmışdı.

Atıldı dağlardan zəfər topları
Yürüdü iləri əsgər bismillah
O Xan sarayında çiçəkli bir qız 
Bəkləyir bizlərdən zəfər bismillah! 

Əhməd Cavad bu şeirini Güzdəkdə,Bakını mühasirəyə almış, xilasa çalışan Qafqaz İslam Ordusuna  yazmışdı. Yenə həmin gün “Bən röyada nazlı yarın Tellərini örmüşdüm. Bu sevincli zamanların röyasını görmüşdüm...”  (“Azərbaycan” qəzeti, 14 təsrini əvvəl (oktyabr) 1918- ci il sayında çap olunmuşdur) şeirini Əhməd Cavad Şərq Orduları qrupu komandanı Xəlil Paşaya həsr etmişdi. 
Əhməd Cavadın qəhrəman Türk ordusuna sevgisi bitib tükənmir. Qurulmuş müstəqil Cümhuriyyətin mövcudluğunu bu ordunun zəfərində görür.
 
  Ey şanlı ölkənin şanlı ordusu,
  Unutma Qafqaza girdiyin günü!
  Gəlirkən qovmağa Turandan Urusu,
  Ayağını Qara dəniz öpdümü?!
 
Bəs “Çırpınırdı Qara dəniz” şeiri və nəğməsi necə yarandı...
Böyük Britaniya (admiral Kaltorn) və Türkiyə (Rauf Hikmət və Sədulla bəy) nümayəndələri arasında 30 oktyabr 1918:İngiltərənin Mudros limanında (Ege dənizi, Lemnos adası) dayanmış “Aqamemnon” krayserində sülh imzalanmışdı. Mudros barışığının şərtləri Türk ordusunun danışıqsız təslim olmasını, Türk ordusunun İrandan, Kilikiyadan, Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan vəDağıstandan çıxarılmasını nəzərdə tuturdu. Mudros barışığının 11-ci maddəsinə əsasən, Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edildi.Bundan sonra bu mənhus “sülh”ün məhdudlaşdırıcı şərtlərinə görə Qafqaz İslam Ordusu öz azadlıq və qardaşlıq missiyasını şərəflə başa vuran  və indi Azərbaycanı tərk etməli olan Qafqaz İslam Ordusunun komanda heyətinə minnətdarlıq ifadə edən vida ziyafəti hazırlıqlarına başlanır. Bu möhtəşəm ziyafət həmin günlərin mətbuat səhifələrində geniş işəqlandırılmışdı:Təşrini -sani (Noyabr ayı)nın10-da Bakılı milyonçu Ağa Musa Nağıyevin Yay klubunun zalında(indi Zabitlər Evi – müəllif) bu ayrılığı ayrılıq kimi deyil, böyük şərəfli bir iş kimi – xilaskar Türkiyə ordusunun və baş komandan qəhrəman Nuri Paşanın qələbəsi naminə  böyük bir ziyafət başlamışdı. Bu gecə həm də indi bir Türk xalqları birliyinin himni kimi qarşılanan “Çırpınırdı Qara dəniz” nəğməsinin doğuş gecəsiydi...Gecə çox şahanə təşkil olmuşdu. O zamanın Abbas Mirzə Şərifzadə isə Osmanlı generallarına məxsus tam Ənvər Paşanın qiyafəsində yalnız ona məxsus vüqarla salona daxil oldu. Nuri Paşa qardaşı Ənvər Paşaya  yazdığı məktubda hətta özünün bir anlığa şaşqın hala düşdüyünü,  içəri girən artistin həqiqətən qardaşı olduğunu zənn etdiyini də göstərirdi. O günlərdə  “Azərbaycan” qəzetinin “Ə” imzasıyla gedən “Nuri paşa həzrətləri şərəfinə böyük ziyafət” adlı məqalədə Bakı şəhəri əhalisi tərəfindən Qafqaz İslam Ordusu komandanı Nuri paşanın şərəfinə verilən vida ziyafətindən, baş nazir Fətəli xanın Azərbaycan türklərinin əsarət zülmündən qurtulmasında tökülən Osmanlı türklərinin qanına işarə ilə dediyi “Nə bu qan, nə bu qan tökülən mübarək yerlər heç vaxt unudulmaz və xatirdən çıxmaz” tarixi sözlərindən, habelə həmin axşam söylənilən çıxışlardan söz açılır.Lakin daha yaddaqalanı isə Bakı məktəblilərindən təşkil olunmuş xorun ifasında “Çırpınırdı, Qara dəniz” nəğməsinin ifası olmuşdu. Tədbirə hazırlıqlar zamanı əlüstü musiqisi yazılan və Bakı məktəblilərinin birləşmiş böyük xorunun coşqu və həyəcanla ifa etdiyiilk bənd - 

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!...” deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.

...oxunan kimi salon eynən tufana, borana düşən Qara dənizin özü kimi dalğalanır. Böyük alqışlarlar  qopur; ara verməyən bu alqışlar gözləri  yaşardırdı. Ard-arda baş verən müharibələr görmüş hərb adamlarında bu şərqinin oyatdığı o kövrək duyğular indi gözlərdən yaş olub axırdı. Xüsusən sondakı “Yol ver Türkün bayrağına!” harayı damarda qanı coşduran son damla oldu. Bir-birindən artıq qanlı savaşlara girmiş, çıxmış hərb adamlarının sevinc həyəcanlı bağırtıları möhtəşəm salonu titrədirdi.
Şeir Rusiyanın “Kazbek” və “Kaqul”,yunan “Averof”zirehli gəmisinə meydan oxuyan məşhur“Həmidiyyə” hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdı.
... Müharibələrdən dolayı Türkiyəyə, xüsusən Qaradəniz sahillərinə xeyriyyəçilik fəaliyyəti zamanı yolu tez-tez düşürdü.Bu səfərlərdən yaranan bir çox şeirləri vardıysa da Türk birliyinə məhəbbətini izhar edən ən möhtəşəmi isə 1914-cü ilin dekabrında Gəncədə qələmə aldığı “Çırpınırdı Qara dəniz” şeiridir.Türkiyədədahaçox “Yol ver türkün bayrağına” adıylaböyük şöhrət qazanmış və Üzeyir Hacıbəylinin 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra böyük qələbə münasibəti ilə musiqisini bəstələdiyi “Çırpınırdın, Qara dəniz” şeirinin sevilmə səbəblərindən biri şairin türkçülüyü, Türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idi. Lakin bir səbəbi də 1912-ci ildə Balkan hərbi zamanıbaş verən dəniz savaşında admiralHüseyn Rauf Orbayınkomandasındakı Türkiyənin məşhur “Həmidiyyə” zirehli gəmisinin Yunanıstanın “Averof” hərbi gəmisini məhv etməsi, yenə ardıncaI Dünya müharibəsində “Həmidiyyə”kreyseri ilə gecə rusların dəniz qüvvələrinin Osmanlı donanmasını vurmağa hazırladıqları “Kazbek” və “Kaqul” adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırması;Odessa limanını bombardman etməsidir. Osmanlı dövlətinin I Dünya müharibəsinə qoşulmasından həyəcanlanan Əhməd Cavad bu tarixi şeirə səbəb olacaq, onu ilhamlandıran Türk flotunun Balkan hərbində qazandıığı qalibiyyətli olaylardan nə qədər ruhlansa da  işğalçı Rusiyaya qarşı Türkiyənin savaşa qoşulması da (1914 noyabr)  onu bir o qədər həyəcanlandırıb coşdurmuş, onda böyük ümidlər doğurmuşdu. Gənc şair də 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ilin dekabrında həmin şeiri yazmışdır. 
Əhməd Cavad tədqiqatçılarının yekdilliklə bütün Türk dünyasının ortaq himni adlandırdığı bu şeir daha irihəcmlidirsə oxunan bəndləri bunlardır:

Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!

İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!

“Həmidiyyə” o Türk qanı!
Həç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Qurban Türkün bayrağına!

Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun bütün Turan ellər
Heyran Türkün bayrağına!

“Çırpınırdı Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı olan “Dalğa”ya  daxil edilərək nəşr olunmuşdur.
 


PS.: Şairin Bayıl türməsində edamından sonra mahnının taleyi naməlum qalmış, yaddaşlardan silinmiş, sonrakı nəsillər bundan uzun illər xəbərsiz qalmışdı.1990-cı ildə İstanbul Texniki Universitetinin müəllimi, o zaman Azərbaycan Dövlət Konservatoriyasında təcrübə keçən Süleyman Şenel Hacıbəyovun xatirə ev-muzeyinə bu mahnını məlumatverdi.Mahnı ilk dəfə Bakıda 1993-cü il martın 10-da Respublika Sarayında Əhməd Cavadın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan ictimaiyyəti qarşısında səsləndirilmişdir.


Professor Minaxanım Nuriyeva Təkləli,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
 

Geri qayıt