Əsas Səhifə > Redaktor seçimi > Qardaşım oğlu Şahinə həsr edirəm...

Qardaşım oğlu Şahinə həsr edirəm...


5-01-2023, 23:11

 Allah olsun dayağın...


Görüm səni, ən uca bir zirvədə.
Fəxr eləyim, qürur duyum hər vədə.
Sayılıb, seçiləsən, tanınasan bu ölkədə.
Sənə əlçatmaz olsun, imkansızlıq, ehtiyac.
Allahın sağ əliylə başına qoyulsun tac.

                                ***

Neyləyim, necə edim, ömrü boyu deməyəsən.
Əməllərinlə tanın, hamı sənə desin əhsən!
Tanrı olsun dayağın, deməsinlər ki, təksən.
Ətrafında dolansın minləri-milyonları.
Nə qədər varlı olsan, incitmə sən onları.

                              ***

Səninlə həmdəm olsun, uğurlar, nailiyyətlər.
Qəlbində düşünəsən həmişə xoş niyyətlər.
Sənə əlçatmaz olsun dedi-qodular, qiybətlər.
Elə dolan, elə gəz, incitmə sən heç kəsi.
Olarsan Tanrımızın ən sevimli bəndəsi.

                             ***

Səni ucaltmaq üçün o kişiyə yalvarım.
Ondan başqa heçkimə qalmayıb etibarım.
Qulağına sırğa olsun, ay Şahin, bu şüarım !
Nə qədər varlı olsan, tanı Allahı tanı.
Özündən uzaq elə nanəcibi, şeytanı.

                            ***

Heç bir kəsə xoş gəlmir, insan harın olanda.
Cızığından, yolundan çıxma varın olanda.
Xeyir tapmayıb heç kəs nə şərdə, nə yalanda.
Qarşına çıxsın, Şahin, mənim bu dediklərim.
Bu arzulardır mənim ən böyük şah əsərim.


Müəllif: Hüseynova Sücayət Qənbər qızı.
Laçın. 10/06/2022

Geri qayıt