Əsas Səhifə > Redaktor seçimi > “BABAM, ATAM VƏ MƏN” KITABI BÖYÜKLƏRİN RUHUNA BİR XATİRƏDİR...
“BABAM, ATAM VƏ MƏN” KITABI BÖYÜKLƏRİN RUHUNA BİR XATİRƏDİR...4-10-2023, 15:36 |
Müasir ədəbi mühitdə kifayət qədər tanınan Sabir Şirvanın (Zalov Sabir Əvəz oğlu) “Babam, atam və mən” adlı kitabını birər-birər oxudum. Kitab “...bir böyük ailə, bütöv bir nəslin tarixi ilə bağlı kövrək, mənalı, kiçik həyat hekayələri ilə dolu, xatirədir, memuardır. Burada didaktika, etnoqrafiya folklor nümunələri var. (Rövşən Yerfi)”. Kitabın hər cümləsində yaşadığım həyəcan bir başqa idi. Oxudum və oxuduqca da əmin oldum ki, kitabın içindəki məlumatlar, xatirələr tək bir insanın yox, bir elin həyatıdır. Xairələrin hər birində haqqında söhbət açılan qəhrəmanların ömrünün bir səhifəsi hiss olunur, yaşadığı anların möhrü görünür. Bir neçə il bundan qabaq “Atamın xatirələri” (Əli ZALOV, “Atamın xatirələri” (hekayələr), Bakı -2021, 224 səh.) adlı kitabımın üzərində işləyirdim. Və onda dərk etdim ki, dünyada ən ağır dərd, ən ağır iş sənə doğma, əziz, məhrəm bir adam haqqında xatirə yazmaqdır. İndi artıq keçmişdə qalan hadisələri yazdıqca adamın içində bir göynərti dörd nala çapır. Artıq həyatda olmayan sənə doğma insanın surətiçəkilmir gözlərimin önündən, onunla bağlı xatirələr adamı qanadlarına alıb uzaq keçmişə aparır, oraya ki, orda o danışır, gülür, söhbət edir, başıma tumar çəkir, düz olmayan nəyəsə qəzəblənir... Yəqin Sabir Şirvanda mənə tanış olan bu hisslərin məngənəsində sıxılıb, atəşində yanıb, qovrulub. Yoxsa qələmə aldığı həyat hekayələri bu qədər şirin, cəlbedici olmazdı. Kitabda toplanmış hekayələrin əsas qayəsi ailəsini halal zəhmətlə dolandırmaq üçün ömrünüyollara səpən insanların öz peşəsinə və doğma torpaqlarımıza olan sevgisi təşkil edir. Kitabdakı hekayələrin qəhrəmanının timsalında insan gücünün hüdudsuzluğu ön planda verilir. Müəllif əsərində halal zəhmətin insanın ucalmasında mühüm rol oynadığını və nə olur olsun, sonda bütün yaxşılıqların mənəvi işığının bir hüzur kimi qəlbimizə dolduğunu göstərməyə çalışıb. Atam Zal kişi böyük əmisi Zal oğlu Qaytaran – Sabir Şirvanın əsərinin baş qəhrəmanı haqqında bizə çox danışmışdı. Əvəz əmini isə özüm yaxşı tanıyırdım. Nifrəti də bütöv idi, məhəbbəti də, dağın böyüklüyünü, onun əzəmətini ondan uzaqlaşdıqca dərk edirsən. Doğmaları üçün həmişə hər şeyə hazır olan Əvəz kişi çox qayğıkeş, dostcanlı, qohumcanlı, ailəcanlı idi. Xatirələri oxuduqca özümün də yaşadığım həyat – atam Zal Əziz oğlunun isti nəfəsi ilə böyüdüyüm illər, böyük evimizin tikilib başa çatırılmasında uzun aylar, illərlə dülgər kimi çalışan Əvəz əmimin şirin söhbətləri bir kino lenti kimi gözlərim önündən gəlib keçdi. Bu bir insanın, həm də namusla, vicdanla, zəhmətlə yoğrulmuş insanın həyatıdır. Bu həyat həmin insanın bağrından qopduğu bir elin, elatın acılı, şirinli – gələcəyə görk olası bir həyatdır. Belə həyat çətin olduğu qədər şərəflidir, nümunə olmağa layiqdir. Örnəkdir. 1993-cü ildə Cəbrayılın şimalında Gordu baba ilə Xələf dağları arasında yerləşən namus, qeyrət qalası olan bizim doğma kəndimiz Xələfli dədüşmənlərimiz tərəfindən yandırılıb odlara qalandı, torpağı da, daşı da talan oldu. Təkcə torpağı daşı yox, bu gün haqqında yana-yana danışdığımız mərd kişilərdə elindən obasından pərən-pərən düşdülər. Biz də onlardan axıra qədər görüb, götrə bilmədik, öyrənmədik. Əvəz əmi iti baxışlı, yoğun biləkli bir kişi idi. İçəri dünyası da çöldəki böyük dünya qədər geniş, əhatəli, enişli-yoxuşlu, istili-soyuqlu, əlvan idi. Sevəndə içəridən, daxildən, bir könüldən min könülə sevirdi. Nəyəsə, kiməsə olan bir balaca sevgi toxumu, iç dünyasında, daxili aləmində cücərər, pöhrələyər, boy atardı. O torpağını, suyunu ən vacibi isə insanı çox sevərdi. “Babam, atam və mən” kitabı həm dilinə, həm də yazılış üslubuna görə dəyərlidir. Müəllif sanki kitabdan oxucu ilə danışır. Kitabdakı xatirələr, həyat tərzi, qəhrəmanın dilindən yazılan hər bir söz reallığı əks etdirir. Yəni, buradakı hadisələri insanlar real həyatda yaşayıblar. Qarabağ elinin yadda qalan,unudulmaz insanlarından – olan Əvəz Qaytaran oğlu atasını çox erkən itirdiyindən acınacaqlı uşaqlıq illəri keçirmiş, həyatın bütün keşməkeşlərindən çıxmış, hər cür məşəqqətlərə tab gətirə-gətirə, yaşamı boyu mübariz insanın heykəlini yaratmışdır. Sabir müəllim, “Babam, atam və mən” dəyərli bir əsərdir. Sən atan – Əvəz kişinin ruhuna ən böyük hədiyyə eləmisən. Sənə daha böyük yaradıcılıq uğurları arzulayıram. Əli ZALOV Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Geri qayıt |