Əsas Səhifə > Redaktor seçimi > QARABAĞDA TALAN VAR... (davamı)

QARABAĞDA TALAN VAR... (davamı)


26-02-2024, 22:46

Atam qardaşlarımdan birinə öz atası Əzizin adını qoyub. Ailəmizin son beşiyi olan Fariz haqqında isə –“o, mənim dədəmə oxşayır, onunla heç kimin işi olmasın”, –deyirdi. Bu böyük köçdə təsadüfdənmi, yoxsa nədənsə atamın yanında onun əcdadlarının mənəvi ruhunu daşıyan bu iki qardaşım olmuşdu. 
Böyük qaçqınçılıq köçü elə bil günbatandan başlayıb gündoğana qədər uzanmışdı. İnsan səsi heyvan səsinə, heyvan səsi maşın səsinə qarışıb toz duman içində qəribə bir uğultu, anlaşılmayan bir cəhənnəm ab-havası yaratmışdı. Maşınların təkərləri altında qalan heyvanlrın səsi, insanların qara-qışqırığının yaratdığı dəhşətli səhnə elə bil əzrayılın bu yerlərin üzərinə çöküb qılıncını çəkməsini əks etdirirdi. 
Qarabağdan Muğana qədər uzanan bu əzablı yolların ağır mənəvi yükü, yəqin atamın, Əzizin və Farizin ömründən illəri qoparıb aparıb. 
...Atam artıq çox illər idi ki, qışda Muğana gəlmirdi. Sürüsünü elə Qarabağda – ya Aragüldə, ya da Horovlu kəndindən bir qədər aşağıda, Safarşa kəndinin qarşısında, yada ondan daha aşağıda Molla Alı deyilən ərazidə saxlayırdı. Mən də qışda ora çox gedib gəldiyimdən həmin ərazini kifayət qədər yaxşı tanıyırdım. Safarşa kəndindən aşağıya tərəf çaylağın sağ və sol tərəflərində qışda körpə quzuların otlaması üçün payızda arpa əkilərdi. Körpə quzular qışın sonunda yamyaşıl arpa zəmisinin içərisinə qara-ağ daşlar kimi səpələnər, mavi göyün, parlaq günəşin şüaları altında əvəzsiz bir təbiət tablosu yaradardı. Safarşadan Molla Alı yatağına tərəf gələndə arpa zəmisinin kənarlarında çoxdan qazılmış və yerin altında bir-biri ilə əlaqəsi olan, indi suyu qurumuş quyular var idi. Bu quyuların içərisindən gələn su arxı bir qədər aşağıda yerin üstünə çıxırdı. Arxın enindən və dərinliyindən hiss olunurdu ki, burada vaxtı ilə necə boyük bir su mənbəyi var imiş. Sonrala baxımsızlıq ucbatından həmin quyuların gözü tutulmuş, bir çay kimi axan kəhrizdə qurumuşdu. Quyuların qarşı tərəfində, çaylağın solunda arpa zəmisinin ortasınan bir bulaq çıxırdı. Bulğın suyu çoxda irəli getmədən yerin altına batırdı. Bulağın ətrafında bir qədər tut ağacı, nar kolları var idi. Bu yerrə camaat “Qarlı bağ” deyirdi. Bu yovşanlı çöllərdə, yarım səhra ərazidə niyə bura Qarlı bağ adlanırdı inidə mənə müəmallı qalıbdı. 
Qarlı bağdan aşağıda, fermanın yerləşdiyi yerdən bir qədər sağda dərənin içindən Həddindən artıq bol və dadlı suyu olan bir bulaq çıxırdı. Qışda qar yağan vaxtlarda bulağın suyu o qədər ilıq olurdu ki, bulağın gözündən qalxan buxar adama elə bil yanan ocağın tüstüsü kimi görünürdü. Bulağı quzey tərəfə adlaynda yamasın döşündə qədim tikililərin kalafaları var idi. Köhnə tikililərin qalıqları burada yəqin nə vaxtsa heyvandarlıqla məşğul olan insanlara aid idi. Bulaqdan aşağıya dərə ilə elə gur su axırdı ki, bir tərəfdən o birisinə keçmək mümkün olmurdu. Dərənin içərisində, dərə boyunca güneydə və quzeydə müxtəlif ağaclardan, kol-kosdan, qarğı-qamışdan elə bir cəngəllik əmələ gəlmişdi ki, içəriçinə girməyə insan cürət etməzdi. 
Aşağıda Cəfərabad kəndinin – Arazboyu düzənlikdə ki,  bu yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırmışlar (“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb”, 2007.) – yuxarısındakı pir kimi camaatın ziyarət etdiyi böyük çinar ağacını yuxarısında dərədən axan su qəfələtən qumun altına batıb yox olurdu. Bir sözlə bol suyu olan Molla Alı yatağı qış vaxtlarında atamın heyvandarlıq üçün bəyəndiyi ən gözəl yerlərdən biri idi. Elə buna görədə atam son vaxtlar daha sürüsünü Muğana – uzaq yerlərə çəkib aparmırdı. Ancaq 93-cü ilin yayı Qarabağın talanı oldu, bu yerlərdən əli üzülən atamgil onda birbaşa onun gənclik illərinin keçdiyi Muğana Sarı su gölünün sahilinə gəlirlər.
Avqust ayını sonları idi. Muğan, Sarı su gölünün sahilləri günəşin al şəfəqlıri altında gündüzlər təndir kimi qızırdı. Allı-güllü yaylaqlardan şoran torpaqlara gələb düşən insanların və heyvanların bir qismi çətin şəraitə dözməyib istidən qızdırma xəstəliyinə tutulub məhv oldular. 
Atam, anam, qardaşım Əziz maliyariya xəstəliyindən – damarlarında qanı donduran qızdırmadan zorla qurtula bildilər. Atam və anam Bakıda bizim yanımızda müalicə olundu. Əzizi isə Minə həkim müalicə etmişdi. Minə həkimin atası Seyfəddin kişi, anası isə Kübra xanım idi. Bu ailənin xətrini atagil çox istəyirdi. Minə xanımın Yasəmən adlı bacısı mənimlə Cəbrayıl şəhərində orta məktəbdə oxumuşdu. Minə xanım  və Yasəmən xanım hər ikisi çox cavan vəfat elədilər.
İlin yay fəslində ağcaqanad görməyən insanlar havada duman kimi qaynayan ağcaqanadın əlində əsir-yesir olmuşdular. Yayda buz kimi bulaqlardan içən adamlar yosunlarla dolu olan kanalların içərisindən axan qan kimi qaynar suya möhtac qalmışdılar. (ardı var)
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt