Əsas Səhifə > Redaktor seçimi > Tamaşaçı nə istəyir...
Tamaşaçı nə istəyir...13-03-2024, 20:42 |
“Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar” deyib amerikan yazıçı Horasi Cekson Braun. Əlbəttə, uşaq psixologiyası çox mürəkkəbdir. 21-ci əsrə gəlib çatmışıq, lakin hələ də uşaqlara düzgün tərbiyə formullarını axtarırıq. Müasir üsullar hələ ki tam yaxşı nəticə vermir. Çünki bu üsullar hamısı daha çox uşağın istəkləri üzərində qurulur. Amanın günüdür, uşağa tərbiyə məqsədilə nəsə izah edəsən. Bu məqamda 2 aylıq onlayn kurs bitirən “psixoloqlar” və onların kitablarını oxuyan, tiktok videolarını izləyən yeni nəsil qlamur analar botoksdan tərpənməyən üzlərində narazılıq ifadəsini yaratmağa çalışır: “Bu, ona travma yaşada bilər. Sən onun azadlığına toxunursan, gələcəkdə fərdi şəxsiyyət kimi yetişməyinə mane olursan. Nə qədər ki uşaqdır qoy nə istəyir etsin. Təki imkanım olsun uşağım nə istəyir alım. Yaşaya bilmədiyim və ürəyimdə qalan nə arzum varsa o yaşasın. Ürəyimiz istəyəni bizim üçün etməyiblər, amma biz onlar üçün edək. “Bir sözlə, mənim uşağım hamıdan ağıllıdır, hamıdan gözəldir!” deyən valideynlər bizim üçün Z nəslini (dünyada bu termin 1997-2012-ci illərdə doğulan insanlar üçün işlənir) və Alfa nəslini (2010-cu ildən sonra doğulan insanlar) yetişdirdi. Azərbaycanda bu nəsillərin nümayəndələri bu gün sosial şəbəkələrin “Dəli yığıncağını” təşkil edir. “Ürəyin istəyən hər şeyi demək və etmək” onların qızıl qaydasıdır. Ağıl şeytan əməli kimi qələmə verilib deyə bu “yığıncağın” əsas düşmənidir. Elə son günlər ölkəni silkəliyən Z nəslinin “görkəmli” nümayəndəsi Əhmədin amansız cinayəti dediklərimin bariz nümunəsidir. Bu cinayət təkcə bir ailənin dramı deyil, bir cəmiyyətin faciəsidir. Bu faciəni dərk etmək, anlamaq, səbələrini tapmaq çox ağırdır. Övladına istədiyi hər şeyi verən, psixoloji travmalardan qoruyan valideynlər özləri üçün qatil böyütdülər. Nə qədər müxtəlif subyektiv səbəblər olsa da, təəssüf ki, bu cinayətdə valideynlərin öz günahı da qırmızı xəttlə görsənir. Həm məcazi, həm birbaşa mənada sapı özündən olan balta ilə vurulan bu ailə haqqında hazırda hamı danışır, amma mənim danışmağımın səbəbi tam başqadır. Təkcə ailədə yox, cəmiyyətdə valideyn-övlad münasibətlərinin müxtəlif proyeksiyalarını həmişə müşahidə edirəm. Axı bu, həyatımızın digər təmas-ünsiyyət modellərində də özünü göstərir. Necə? Məsələn, xəstəxanada valideyn obrazını həkimlər, kaprizli uşaq rolunu isə xəstələr oynayır. Siz heç ən kaprizli xəstələrin nazı ilə oynayan həkim görmüsünüz? Təsəvvür edin ki, mədə xorası əməliyyatı keçirmiş bir xəstə əməliyyatdan çıxan kimi yağlı bozbaş, yanında tut arağı istəyir. Həkim deyir ki, xəstə nə istəyir onu da verək. Nəticədə, xəstə bir-iki tikədən sonra düşür qanaxmaya. İndi bu xəstənin yaxınları gəlib həkimin üstünə düşür ki, niyə icazə vermisən? Həkim də deyir ki, neyləyim? Xəstə istədi, mən də imtina edə bilmədim. İndi bir müəllim təsəvvür edin. Hər gün məktəbə gəlir və şagirdlərdən soruşur ki, dərs keçək, yoxsa oyun oynayaq? Şübhəsiz ki, uşaqların əksəriyyəti oyunu seçəcək. Hər gün bu oyunları oynayan uşaqlar böyüyüb ən yaxşı halda maraqlı oyunbaz ola bilər. Hamımız irad bildirəndə müəllim də bizə deyə bilər ki, şagirdlər nə istəyir onu da etməliyəm. Bəs bir cinayətkarı tutan polis nə etməlidir? Qoy soruşsun ki, cəza istəyirsən, yoxsa azadlıq? Cinayətkar “Azadlıq” deyə bağırsın. Polis də onu bağışlasın ki, təki cinayətkar məmnun qalsın. Əslində, çox gülməli və absurd situasiyalardı. Əlbəttə ki, işini bilən yaxşı həkim heç vaxt xəstənin kaprizləri ilə oynamır. Çünki onun ali məqsədi xəstəni sağaltmaq, ayağa qaldırmaqdır. Məhz o, bilir xəstəyə nə olar-nə olmaz. Təbii ki, əsl müəllimin də missiyası bilik verməkdir, uşaqların hər istəyi ilə oynamaq deyil. Vicdanlı polisin məqsədi heç bir cinayəti cəzasız qoymamaq, “kaprizli uşaq” olan cinayətkarı isə islah etmək və gələcək cinayətlərdən çəkindirməkdir. Yəni, ali məqsədi ədaləti bərqərar etməkdir. Bu cür işinin despotları olmasaydı, dünyada nə sağlam, nə bilikli, nə də cinayət törətməyən insan qalmazdı. İndi isə gəlin baxaq ki, bizim televiziyaya məsul şəxlər nə deyir: “Tamaşaçı nə istəyir onu da göstəririk!” Valideyn-övlad münasibətlərini indi bura proyeksiya edək. Tamaşaçı ərköyün uşaq kimi ən çox əylənməyi istəyir, düşünməyi isə sevmir. Bu tamaşaçı elə həmin o uşaqdır ki, məktəbdə dərs əvəzinə oynamağı sevirdi. Bu həmin o xəstədir ki, dərman içmədən sağalmaq istəyir. Bu həmin o cinayətkardır ki, cinayət törədib cəzasız qalmaq istəyir. Ərköyün tamaşaçıya istədiyi hər şeyi verən televiziyaların böyütdüyü tamaşaçılar bu gün cəmiyyətin üz qarasıdır! Çünki tamaşaçı körpə uşaq kimi bilmirdi nə istədiyini. O çox şey istəyə bilərdi, amma əsl peşəkar televiziyaçı bilməli idi ki, tamaşaçıya əslində nə lazımdır? Bəli, məhz “nə istəyir?” yox “nə lazımdır?”. Təəssüf ki, bu illər ərzində ərköyün tamaşaçının zərərli istəklərini yerinə yetirənlər hələ də bu sualı özlərinə vermirlər. Həmişə bu məqamda fransızların məşhur “Oyuncaq” filmindən bir səhnə yadıma düşür. Deməli, məşhur qəzet redaksiyasının prezidenti Rombal-Koşe ən sadiq işçisi olan Blinakı otağına çağırır və əmr edir: “Soyunun və redaksiya boyu lüt gəzişin! Blinak bir az tərəddüt etsə də, etiraz etmədən soyunmağa başlayır. Bu məqamda Romabl-Koşe soruşur ki, nə edirsiniz? Niyə soyunursunuz? Blinak cavabında deyir ki, axı siz əmr etdiniz. Bu an Rombal-Koşe bir az fikrə gedir və sual verir: “İndi deyin görək bizim ikimizdən hansımız daha alçağıq? Sizə bu əmri verən mən, yoxsa dalını açıb redaksiya boyu gəzməyə razılaşan siz?”. Qəhrəmanların hər ikisi bu sualın cavabını tapa bilmir. Amma mən həmişə dərhal bir cavab verirdim: “Əlbəttə ki, əmri verən yox, yerinə yetirən!” Sonra böyüdüm və mən də KİV-də çalışmağa başladım. Amma mən nə qədər Rombal-Koşelər görsəm də, heç vaxt Blinak olmaq istəmədim, ola bilmədim. Heç mən Blinakın düşdüyü vəziyyətə də düşmədim. Çünki mən KİV-in, xüsusən də televiziyanın gücünü dərk edirdim(əm). Amma zaman keçdi və İndi Blinaklar rəhbər vəzifələrdə oturublar. Ətraflarına da balaca Blinlər doldurublar. Onlar dallarını açıb bizə göstərməkdən utanmırlar. Hələ göstərmək azmış kimi, ekranı tualet əvəzi istifadə edib təbii ehtiyaclarını elə bir başa ora ötürürlər. Əbəs yerə, son illər televiziyaya telekanalizasiya demirlər ki. Əslində, bu söz məni ixtisaslaşmış televiziyaçı kimi nə qədər ağrıtsa da, bəzən hətta təhqir də etsə, razılaşmaya bilmirəm. Amma özümə təskinliyi bir onda verirəm ki, mən o dalını göstərən Blinaklarla bərabər deyiləm və onların tualetinə girmirəm. Ətrafa boylanıb baxıram ki, ətrafım peşəkar televziyaçılarla doludur. Uşaqlığımın sevimli verilişlərini hazırlayanlar indi mənimlə bərabər qaranlıq bir otaqda kilitləniblər. Lakin bu qaranlıq bizi qorxutmur. Çünki əlimizdə o qədər işıq var ki, bu işıq bizə yetər. Elə məhz bu işıqdan qorxan Blinaklar “Əşi maariflənmək kimə lazımdır?!” “Əşi bizə qara camaat lazımdır!” Əşi millət ağıllı söhbətlər yox e, qırğın istəyir” “Nə olur olsun-reytinq olsun!” deyə-deyə bir də gördük ki, işıqlarımızı qoltuğumuza vurub saldılar qaranlığa. Bir vaxtlar milli mənəvi dəyərlərin üzərində qurulan tv indi böyük və çirkli tualetə dönüb. Yəni, Azərbaycan dili, azərbaycançılıq, millətin gözəl adət-ənənələri, savadlı milli musiqi, əxlaq normaları, etik qaydalar, böyük-kiçik münasibətləri, düzgün ailə modeli özəl telekanalları maraqlandırmır. Qaranlıqda kilitlənən peşəkar televiziyaçılar isə hər qaranlıq gecənin bir işıqlı sabahı var deyə günəşin doğmağını gözləyir. Bu qaranlıqda bizi zülmətdən qoruyan bir ay işığıdır. O da Aztv, İtv, CBC kimi tamaşaçısına hörmət qoyan televiziyalardı. İndi Blinaklar deyəcək ki, onlara dövlət pul ayırır, dotasiya var, filan-peşməkan. Amma biz ancaq reklamla maliyələşirik. Reklam da reytinqli proqramlara gəlir. Reytinqi də insanlığın üz qaraları verir. Ona görə işçilərimizin yanında üzümüz ağ olsun deyə, ailəmizə 3 manat aparaq deyə sizə (oxu xalqa) bütün üz qaralarını göstərməliyik. Sizi zəhərləməliyik ki, özümüz də yaşayaq. Axı bizim də ailəmiz var, uşağımız var. Bəs onların qarnını necə doyuraq? Əvvəla işləyə bilmirsinizsə, düzgün yolla pul qazana bilmirsinizsə, işləməyin. Nə məcburdu? Gedin başqa işlə məşğul olun! İlkincisi, bu “bəraətləri” eşidəndə belə bir misal çəkirəm. Fahişə deyir ki, bu yola balalarıma görə düşmüşəm. Narkotik satan bariqa da deyir ki, uşağımı saxlamalıyam. Buna görə də başqalarının uşaqlarını zəhərləyir, öldürür. Yaxşı, bəs əxlaqsızlıqla və şərəfsizliklə qazanılan pul ilə böyüyən uşaqdan hansı şərəfi gözləyirsiniz? Və indi siz öz efirinizdən milyonları zəhərləyərək, cəmiyyəti məhv edərək xoşbəxt övlad böyütməyi özünüzə rəva bilirsinizsə və hələ də “Tamaşaçı nə istəyir onu da göstəririk!” deyirsinizsə...Əla! Bravo! Bütün tamaşaçıların yerinə sizi ayaqüstə alqışlayıb üzünüzə tüpürürəm! Amma təəssüf ki, artıq üzünüz də qalmayıb. Axı hər bir telekanal rəhbərinin siması onun efiridir. Efir daha çox ayaqyolunu xatırladırsa, deməli, məsul şəxslərin simasını ayrı yeri əvəzləyib! Elçin Elxanlı, rejissor Geri qayıt |