Əsas Səhifə > Redaktor seçimi > Yazıçının həyat həqiqətlərilə rənglədiyi Maral əfsanəsi...
Yazıçının həyat həqiqətlərilə rənglədiyi Maral əfsanəsi...15-12-2024, 20:51 |
-Fariz müəllim, Maral səndədi? -Mən hardan elə bəxtəvər oldum? -Zarafat eləmirəm. -Heç mən də zarafat eləmirəm. -Aç da o seyfi, aç görək Maralı hara qoymusan. ... deyib baxışımla masasının küncündəki hədiyyə qutusuna oxşayan qırmızı “seyfi” işarə edirəm. “Maral” “seyf”dən çıxmayanda redaksiyada Maralı axtarmadığımız yer qalmır. Təəssüflə başımı yelləyirəm: - Oğurlayıblar! Masanın üstündə unutmusan, içəri girən kimsə “Maral”ı götürüb gedib. Düzü“Maral”ın itməsindənsə oğurlanmasına sevinərdim. Oğurluğun heç olmasa bir yaxşı tərəfi də var... demək, kimsə oxumaq eşqinə düşüb, Nüsrət Kəsəmənli olmasa da oğru olmaq istəyib. Bir tərəfim belə desə, bir tərəfim adəti üzrə əsib-kükrəsə də... nə yaxşı ki... Maral elə həmin axşam Çobanoğlunun evdəki yazı masasının üstündə tapılır. Hə, “mən hardan elə bəxətəvər oldum Maralın yerini biləm” deyən Çobanoğlunun... Ehhh, kişilər, kişilər... Elə şeylər var onlar baha deyil, amma adama baha başa gəlir... Səhər işə gəlib “Maral”ı masamın üstündə görəndə hələ bilmirdim ki, Maralı oxumaq mənə baha başa gələcək... Kədər kimi, qəm kimi... Ulduz Qasımı yazıçı kimi sevdirən cəhətlərindən biri də o ki, o hansı mövzudan yazır yazsın, insan sanki başqasını yox, özünü oxuyur. Çünki müəllif özü də bu kədərə, qəmə yad deyil, o, bu kədərin, qəmin tamaşaçısı yox, qəhrəmanıdı. Ulduz Qasımın hər əsəri bir savaş, bir döyüşsə, o, bu döyüşün şahidi, əsgər görüşünə gələn bir doğması, tanışı yox, o, bu döyüşün, bu savaşın bir əsgəri, bir fədaisi, şəhid komandiri, qazisidi... Yaşamasa, yaratdığı obrazları zaman-zaman içindəki yaradıcı xəlbirin gözündən bunca dəqiqliklə keçirməsə, qəhrəmanını özü bu qədər sevməsə, bizə də bu qədər sevdirə bilməzdi. Ulduz Qasımın yazıçı ustalığı da elə burdadır, sevə bilmək bacarığında. Məncə, sənətlərin ən gözəl sevə bilmək sənətidir. Ulduz xanım bir heykəltaraşdı, bənna, rəssamdı... Çünki hər obrazını gözümüzdə bir rəssam, heykəltaraş, bənna istedadı, dəqiqliyi, bacarığıyla ucalda bilir. “Ağ göyərçin”lərin Yusifini deyirəm, “Qürbət Zöhrəsi”nin Zöhrəsini, “Maral”ın balaca Maralını deyirəm... Ötən ilin dekabr ayında “Maral”ın təqdimatına toplaşdığımız tədbirdən xoş xatirələr çox oldu mənim üçün. Heç vaxt unutmayacağım məqamlardan biri isə poliqrafçı-alim Şəddat Cəfərovun karıxıb Ulduz xanıma Maral deməsi idi. Məncə, həmin o bir saniyəlik məqam Ulduz Qasımın ən böyük yaradıcılıq uğuru idi. Bir yazıçı üçün bundan böyük uğur ola bilməzdi. Çünki... Əslində, o, karıxmamışdı... Şəddad müəllim həm ona görə karıxmamışdı ki, Ulduz Qasım əsl Azərbaycan xanımıdır, fiziki və mənəvi simasıyla elə doğrudan da maraldır. Həm də “Maral” romanındakı balaca Maralın hər humanizm və sevgi dolu davranışında, yaşından qat-qat böyük düşüncə və xarakterində bizim hər kəlməsinə, hər sözünə, hər telinə qədər milli və qərib yazarımız Ulduz Qasımı görməmək mümkün deyil. Ömrünün müdriklik çağını yaşayan poliqrafçı alimimiz Şəddad müəllim də Ulduz Qasımın hər əsərini oxuduqca daha yaxşı anlamışdı ki, hər bəyaz telin altında bir ah yeri var, yeri var... Yaşantılar təsadüf deyil, Ulduz Qasımın “Maral”ı da. Elə həmin gün qərar verdim ki, mən də nə vaxtsa karıxıb Ulduz xanıma Maral demək üçün “Maral”ı oxumalıyam. Çünki Ulduz Qasım mənə hər baxımdan maraqlı və tanışdı. Mənə sehrli, sirli görünən bu asta danışan, asta yeriyən, danışanda adamı, yeriyəndə torpağı incitməkdən çəkinən, ehtiyat edən bu qərib yazarımızı elə bil hər əsəriylə bir az da vərəqləyir, bir az da tanıyıram. Nə olsun ki, aramızdakı yolu qatarla ən tezi üç günə getmək olar... hər dəfə hansısa romanını oxuyanda dönüb onla uşaqlıq dostu, tələbə yoldaşı, qonşu, rəfiqə, doğma, qohum oluram. Aylar əvvəl Fariz Çobanoğlunun “Yazıçını cəmiyyətə sevdirən qəlbinin qanı, insan haqqı uğrunda savaşıdır...” publisistik-təhlil yazısı bir oxucu kimi məni “Maral”a sarı bir az da tələsdirmişdi. Maralın yerini məhz Çobanoğludan soruşmağım da təsadüfi deyildi. Çobanoğlu həmin təhlil yazısında Maralın yerini çox dəqiq göstərmişdi bizə.Öz-özünə sağalan insan təhlükəli və güclüdür deyir Breaking Bad...Bax, Ulduz Qasımın “Maral”ı həmin o güclü qadındı... “Sonra onlara kim olduğumu dedim. İkisi də əllərini dəmir gözlüklərə vurdular. Az qaldılar arakəsməni qoparalar. Dişlərini bir-birinə qıcayıb bağırdılar: -Qaraaacaaaaaaaaaa....” “Maral” romanı bu dialoqla bitir, mənim üçünsə “Maral” romanı bu dialoqla başlayır. Çünki bir əsərin bitişi, böyük bir tarixin isə dönəm nöqtəsiydi bu dialoq... 90-cı illərin yeganə problemi Qarabağ deyildi, Qarabağ boyda başqa bir dərdimiz də vardı bizim: qadın savadsızlığı, qadın acizliyi, qadın çarəsizliyi, qadın azadlığı... "Qadın gülərsə şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək"... ...deyirdi Hüseyn Cavid. Elə “Maral” da onu deyir. Qadın savadsızlığının, qadın acizliyinin, çarəsizliyinin hökm sürdüyü dövlərdə Maralın anası, bibisi elə bizim də anamız, bibimiz, xalamız idi... Çarəsiz, əlacsız, bir tikə çörək, bir balaca sığınacaq üçün əzilən, tapdanan, təhqir olunan, söyülən, gün üzü görməyən Zeynəblər, Səfurələr azmı həyatımızda? Bəs Zeynəblərin, Səfurələrin ona ev, isti yuva, isti yemək, isti paltar, isti münasibət - diqqət, qayğı, nəvaziş, arxa, dayaq olduğu Zəfərlər, Həmidlər necə? “İlahi, insanlar niyə bu qədər qəddar olur? Niyə nənəmgil qızlarını belə birisinə əmanət etmişdilər, bir loxma çörəkləri yoxdu ki, oturub doğma evlərinin altında yesin bu qadınlar? Niyə bəzən insanlar kiminsə töhmətindən qorxurlar və belə şeylərin ucbatından övladlarının bədbəxtliyinə səbəb olur, onları ömürlük əzab-əziyyətlərə düçar edirlər. O zamandan özümə söz vermişdim ki, heç zaman ərə getməyəcəm, həm də azərbaycanlı oğlanlara. Atamla Həmidin etdiklərini gözümlə gördükdən sonra ailə həyatı qurmağı bizim qadınlar üçün böyük bir faciə hesab edirdim. Bir loxma çörəkdən və bir balaca sığınacaqdan ötəri ona möhtac olmuşdu. Həmişə düşünürdüm ki, kaş oxuyaydı, savadı olaydı bibimin. Elə olsaydı heç kimdən asılı olmazdı, necə deyərlər, özü öz başının çarəsinə baxardı. Yazıq qadınlarımız, niyə axı sizin bəxtinizə belə bir tale düşüb? Niyə görəsən bizim kişilərin əksəriyyəti bu qədər dar düşüncəli, dar dünya görüşlüdürlər? Niyə bizim kişilərin çoxu qadının xoşbəxtliyini bunda görür? Qüsuruma baxmayın, bəyəm qadınlar, qızlar heyvandı ki, qabağına bir qoltuq saman atasan yeyib-doyalar və bu həyatdan məmnun olalar? Heç fikirləşmirsiniz ki, qadınları sevindirən, onları məmnun edən şeylər tamam başqadır?” “Maral”ı oxuduğum zaman altından xətt çəkdiyim bu sətirlərlə sanki Ulduz Qasım yazıçı missiyasını sonuna qədər yerinə yetirərək özündə bütün qadınların yerinə danışmaq haqqı tapır. Hamımızın yerindən danışmaqda haqlı deyilmi yazıçı? Ürəyimizdən xəbər vermirmi bu sətirlər? Hamımızı düşündürmürmü? Bəlkə də oxucu gözləyir deyəm ki, çox istərdim qadınlarımız “Maral” romanını oxusun, orda özünü görsün. Amma mən kişilərimizin bu əsəri oxumasını daha çox istərdim, çünki onların bu əsərdə özünü görməyə daha çox ehtiyacı var. “Maral” o əsərdir ki, qadınlarımızın fonunda əslində kişilərimizə ayna tutur, onların əsl xarakterini, iç dünyasını göstərir. Çünki heç təsadüfi deyil ki, qadın xoşbəxtliyi kimi qadın faciəsinin də arxasında cəmiyyətin kişisi dayanır. Kişinin qadınına dəyər vermədiyi cəmiyyəti məğlubdu... Azərbaycan qadınları bütün dünyada qeyrət və fədakarlıq nümunəsi kimi barmaqla göstərilməlidir. Çünki onlar pul, içki düşgünü Tatyana, Nina Aleksandırovna deyil, onlar fədakarlıq simvolu Zeynəblər, Səfurələrdi... “Bunu gözlərimlə gördüm. Mənim anama dünyanın əzab-əziyyətini verən atam Tatyananın gözünə heç kül də üfürə bilmirdi”. Müəllif bu bir cümləylə əsər içində əsər yazır. Çünki Azərbaycan kişisinin yaxıngörməsi zəif, uzaqgörməsi yaxşı olub həmişə. Onlar yaxından çox uzağı yaxşı görüb, sevgi və fədakarlıq heykəli olan Azərbaycan qadınını yox, məsələn, Tatyanaları, Nina Aleksandrovnaları... Ona görə də “Maral” romanı Ulduz Qasımın Azərbaycan qadınını heykəl yox, memar görmək arzusudur. Bəlkə də “Maral”a çox uzaqdan başladım, bəlkə çox yaxından – bilmirəm. Bir onu bilirəm ki, indi mən “Maral”dakı hadisələrin necə cərəyan etdiyini oxucuya qısa da olsa çatdırmalıyam, amma necə? Əsərdəki hadisələri olduğu kimi nəql etmək heç ürəyimcə deyil. Çünki müəllifin müxtəlif hadisələr, detallar, işarələrlə nişan verdiyi, hər kəsin öz vicdanına, hiss-duyumuna, düşüncəsinə, məntiqinə buraxdığı hadisələri danışmaqla əsərin sehrini azaltmaq istəməsəm də oxucuya tanıtmaqda tələsdiyim obrazlar da var axı... Əslində mən azərbaycanlı sayılırdım, sadəcə yetimxanada sənədlərimi hazırlayanda məni rus yazmışdılar... Maral belə deyir. O Maral ki, Rusiyada doğulan azərbaycanlıdı. Anası Nərgiz (əsl adı Zeynəb) nənəsinin oğlu Zəfər üçün seçib aldığı təhsilsiz, amma müəllim qız idi. Təhsilsiz müəllim olur? - soruşmayın məndən. Müəllim təhsillə də olmur... Diplom kağız parçası deyilmi? Əsl təhsil davranışda görünmürmü? Nərgiz də eləydi... Əsəri oxusanız əsərdə, yazımı oxusanız sonda biləcəksiz ki, niyə Nərgiz mənim üçün müəllimdi... Zəfərsə başqa sövdaya düşmüşdü... İndi kimsə yazımı oxuyub deyə bilər ki, sən hələ get sevda deməyi öyrən. Amma... Ona dəyər verən, onun üçün fədakarlıq edib ömür-günündən xərcləyən həyat yoldaşını, ata qorumasına, ata qayğısına məhkum körpə qızını çöldəki rus qadınına, onun atasının kim olduğu belə bəlli olmayan qızı Maşaya dəyişən adam kimisə sevə bilərmi ki, ona sevda deyim? Təhlükəli sularda üzürdü Zəfər. Heç bir qüsur tapa bilmədiyi həyat yoldaşı Nərgizi boşayıb Vətənə göndərməsi azmış kimi, gedəndə uşağını da ondan alıb yanında saxlayır. Maralın faciəli taleyi də elə həmin gün başlayır. Analığı Tanya və qızı Maşa ona gün üzü göstərmir, hər cəhdlə onu atasının gözündən salıb yetimlər evinə verməyi özlərinə hədəf seçir, hədəflərinə də asanlıqla nail olurlar... Kimsəsizlər evində Maralın ən yaxın dostu sahibsiz heyvanlar olur... Tatyana və qızının planıyla Zəfər Maralı Moskvada yaşayan bacısı Səfurəyə əmanət edib ona hər ay pul göndərəcəyini desə də, bir müddət sonra Sibirə köçür və ondan bir daha səs-soraq gəlmir. Səfurə təhsilsiz, çarəsiz, nə qədər saf, məsumsa, yoldaşı Həmid o qədər qəddar və insafsızdı. Maralı yetimlər evinə verir. Səfurə demiş, atalı-analı yetim olur? Maral olur... “Ürəyindəki ümid işığı sönmürdü. Bəlkə bir gün doğmalarımdan kimsə gəlib bu qapını açacaq və məni burdan qurtaracaq. Mənim də cizgi filmlərdəki kimi bir isti yuvam olacaq, ailə sevgisinin sevinci içimdəki kədəri əridəcək. Amma çox gözlədim, lakin kimsə bircə dəfə də olsun bu qapını açıb məni soruşmadı”... ... deyir “Maral”. O Maral ki, gərəksiz bir əşya kimi atıldığı kimsəsizlər evində yeganə dostu, həmdəmi pişiklər, sahibsiz heyvanlar, ən böyük ilahi rastlantısı isə Ruslan olur. Sən demə, kimsəzilər evindəki uşaqları heç də hamısını eyni tale birləşdirmirmiş. Ruslanın anası rus, atası azərbaycanlı idi. Atasıyla anası ayrılmış, anası isə içki aludəçisi olduğuna görə müalicə olunmaq üçün Ruslanı kimsəsizlər evinə vermişdi. Valentinananın Ruslanı kimsəsizlər evinə verdiyinə üzülə bilmirəm düzü. Çünki... Əsərdəki rastlantıların heç biri təsadüfi deyil, sanki müəllif yolunu bir-birinə rast saldığı hər obrazla “rastlantı dünyanın ən əski ilahi gücüdür, birinə rastlamağınız bəzən bir mükafatdı, bəzən də bir cəza” deyir... Necə ki, Maralın Ruslana rastalaması onun üçün mükafat, Zəfərin Tanyaya rastlaması isə onun üçün ən böyük cəza olur... Maralın həyatı heç də arzuladığı kimi cizgi film olmur... Bütün arzusu Cizgi filmlərdəki kimi rəngli, isti bir yuva olan Maralın rəngli dünyası bir anda qaralmış, körpə ağlı, düşüncəsiylə nə baş verdiyini belə anlamamışdı. Sanki uçmağı xəyal edən quş ölmək üzrəydi. İndi kimsəsizlər evində bircə sual düşündürürdü onu: "Atam anamı niyə sevmədi? Tatyananın anamdan nəyi artıqdı ki? Hələ əskiyi vardı. Gombul, əlindən yönlü bir iş belə gəlməyən, bişirdiyi ən gözəl yemək toyuq qızartmasıyla kartoşka idi. Yazıq anam sənə hər gün ləziz yeməklər hazırlayırdı. Bir dəfə olsaun sənə səsini qaldırmırdı. Paltaralrını gül kimi yuyub-ütüləyirdi. Amma indi özün ütüləyirsən şalvarlarını... O gün qulaqlarımla eşitdim. Tanya deyirdi ki, mən sənə Nərgiz deyiləm, əziyyət çək, ayaqqabılarını da özün təmizlə”. Anam niyə məni axtarıb tapmır? Axı ola bilməz ki o məni axtarıb tapa bilməsin... Niyə atam-anam ola-ola məni lazımsız bir əşya kimi yetimxanaya verir öz doğma insanım?" Kömək edin mənə deyib içində nə qədər qışqırırdısa səsini özündən başqa eşidən yoxdu, bəzən elə bilirsən heç Tanrı da eşitmirdi Maralı... Yetimlər evində Maralın rastına təkcə Ruslan yox, Sergeylə Vladimir də çıxmışdı. Uşaqlar hamısı gözəl olur, amma Sergeylə Vladimir bu gözəllikdən nəsibini almamışdı. Sanki yaşından çox-çox əvvəl böyüyən, içinə dünyanın kinini, nifrətini, çirkabını yığan bu iki eybəcər Maralın göyçək dünyasını da eybcərləşdirmək üçün əlindən gələni edir. Yetimlər evindəki yeməkxana müdiri İrinanı qorumağı, ona kömək etməyi, pişikləri onlardan qurtarmağı Marala baha başa gəlir. Sergeylə Vladimir ondan intiqam almayıncaya qədər dincəlmək bilmir, hər vasitəylə Maralı incitməyə, təhqir edib, başına pislik gətirməyə çalışır və buna nail olurlar. Kitabxanadan çıxıb yataqxanaya qayıdan Maralı soyuq qış günü kimsəsiz binadakı dirəklərdən birinə bağlayan Sergeylə Valdimir Maralı kirlətməyi bacarsa da, ona ləkə sala bilmirlər. “Gombul əlində tutduğu ağacla başımın araxasından vurdu və boynumdan aşağı nəsə isti bir maye axdığını hiss etdim. Sonrasını xatırlamıram. Gözümü açanda nə baş verdiyini başa düşmədim. Ruslanı, anasını və yetimlər evinin müdirinin başımın üstündə gördüm”. Maralın onlardan başqa kimsəsi yoxdu. Şaxtalı qış gecəsində Maralın həmin binanın dirəyindən xilas edən də elə Ruslan olmuşdu. Maralla yolu kimsəsizlər evində kəsişən Ruslan. Ruslan həmin qarlı, şaxtalı qış günündə Maral üçün doğan günəş idi. Heç şübhəsiz, hər qadın Maralda özündən nəsə tapır. Mənimsə əsərin ən sevdiyim və özümə yaxın bildiyim tərəfi o idi ki... Susuzluq Marala yanlış bardaqdan su içirə bilmir... Bəli... Kimsəsizlik, atılmışlıq, çarəsizlik onu Sergeyə, Vladimirə döndərə bilmir... Çox zaman humanistlik edib ətrafımızdakı hansısa mənfur adamlara hardasa haqq qazandırmaq istəyirik - atasız böyüyüb, ona görə insafsızdır, anasız böyüyüb ona görə sevgi nədir bilmir, yoxsulluq çəkib, ona görə belə qəddar, vicdansızdı... Amma “Maral” deyir, insan içində ruh daşıyır, o ruhun hardan gəldiyi, hara gəlib çıxdığından daha önəmlidi. Necə ki, Sergey və Vladimir də kimsəsizlər evinə atılmışdı, Maral da... “Ürəyimdə onları heç qınamırdım. Bilirdim ki, atılan uşaqların özündən asılı deyildi belə düşünmək. Həmişə kiməsə qəddarlıq etmək, heyif çıxmaq istəyirlər, amma mən onlara heç nə etməmişdim. Mən sadəcə yetimxana həyətindəki kimsəsiz pişikləri onlardan qorumuşdum”. Maral da Sergey və Vladimir kimi körpələr evinə atılmış kimsəsizlərdi, amma... Sergeylə Valdimir palçıq idi, kirlətdikləri həyat təkcə Maralın həyatı olmur... Yetim tez böyüyər məsəli... Maral da tez böyüyür. Günlər ayın, aylar ilin cəlladı olduğu kimi, kədər də ömrün cəlladıdı. Təəssüf ki, həyat Maralı heykəldən belə daha duyğusuz adamlarla qarşılaşdırmışdı. Güvənməməyi güvəndiyi insanlar öyrətmişdi Marala. Daha o kimsəyə güvənmirdi. Haqlı deyildimi? Atasının kimsəsizlər evinə atdığı uşağa başqaları nə etməzdi ki? Zaman hər şeyi bağışlayar, amma Maral zaman deyildi, atasını bağışlaya bilməzdi. Xəyanət insanın qollarını kəsir, bağışlayırsan, amma qucaqlaya bilmirsən deyir “Maral”... Atası xəyanət eləmişdi Marala, onu Tanyaya, Maşaya... kəsəsi doğmasını yada dəyişmişdi Zəfər. Başına gətirilən bütün bəlalarda içindəki səs atasını lənətləsə də, onu bir gün bağışlamışdı, amma atasınının ünvanını öyrənib yanına gedəndə qucaqlamağa bir ata tapmamışdı Maral. Zəfər layiq olduğu yerdəydi, kimsəsizlər qəbiristanlığında. Bu sonu özü seçmişdi. Tatyanayla Maşa kimi... Maral atasını axtaranda onu kimsəzilər qəbiristanlığında, Tatyananı əlil arabasında, Maşanı isə peşmanlıq içində tapmışdı. Bəlkə də müəllif onlar üçün bu sonu yazanda təəssüflənmişdi, mənsə təəsüfləndiyimi deyə bilməyəcəm. Nə yaxşı ki müəllif heç bir obrazını ilahi ədalətdən qaçıra bilmir, çünki ilahi ədalət qarşısında özünü günahkar bilir. Maral oxucuya sual verir: “Gərək həyatdakı bütün kədərli hadisələr mənim başıma gələydi?”... Oxucunu əsər boyu düşündürən suallardan biri bu olsa da, Ulduz Qasım oxucunun bütün suallarına cavab verir. Həyat ya cəsur bir macəradı, ya da heç bir şey... ...deyir. Maral oxuyur, universitetə qəbul olur. Ruslanla anası onu heç zaman tək qoymur. Ruslanın tələbə yoldaşı Leylanın Azərbaycandan Moskvaya təhsil almağa gəlməsilə əsərdəki bütün kədərli hadisələrin üstünə günəş doğur sanki. Mənası qaranlıq, gecə anlamını versə də, Leyla “Maral”ın gündüzü, işıq tərəfi olur. Leyladan Azərbaycana aid hər şeyi- adət-ənənələrimizi, mentalitetimizi, təbiətimizi öyrənən Maral bizi də, dilimizi də günü-gündən daha yaxşı tanımağa, öyrənməyə başlayır. Leylayla tanışlığı Moskva kimi soyuq bir şəhəri belə isitmişdi Maral üçün. Maral indiyə qədər elə bilirdi onu üşüdən Moskva soyuğu, şaxtasıdır, amma onu üşüdən kimsəsizlik, isti bir qəlbin yoxluğuydu. Əsərdə dostluq, birlik, sədaqət, sevgi anlayışı necə gözəl ifadə olunub. Bu ifadənin ən gözəl nümunəsi kimi yaradılan Ruslanı, Leylanı, Orxanı sevməmək olmur. “Səfurə bibim həmişə deyirdi ki, sən çalış yaxşı niyyətindən əl çəkmə, bir gün etdiyin xeyirxahlıqlar gəlib səni tapacaq”. Ruslan, Leyla, Orxan Maralın gəlib onu tapan xeyirxah əməlləriydi sanki. “Doğrusu özümü necə aparacağımı da bilmirdim əslində. Bir azərbaycanlı qızının necə olacağı haqqında nə eşitmişdim, nə görmüşdüm. Atamın mənə etdiyi pisliklərdən biri də buydu”. Leyla sanki Marala atasının etdiyi pislikləri unutdurmağa gəlmişdi. Atasının anasına, ona, Həmidin bibisinə etdiklərindən, bu da azmış kimi Sergeylə Vladimirin başına gətirdiyi pisliklərdən sonra Maral daha heç bir kişiyə güvənmirdi - nə doğmasına, nə yadına. Hansı məhkum qardianını sevər ki? “Amma mənim gözlərim hələ də nə küçədən yığılıb, nə də açılan qapılardan. Elə yanmışam bu günə qədər hələ də içimdəki od közərir. Necə söndürəcəyimi bilmirəm. Hardansa keçəndə, harasa gedəndə hər an dönüb ətrafıma baxıram, yanımda yeriyənin hamısından şübhələnirəm”. Maral kimsəni sevməyəcəyinə, heç zaman ailə qurmayacağına qərar vermişdi. Haqlı deyildimi? Ömür boyu qurunun oduna yaş da yanmayıbmı? Biri bizi aldadanda yüzü də aldatmırmı? Birinin etdiyi mininə də kölgə salmırmı? Müəllifi oxucunu düşündürən bu suallara Ruslan, Leyla, Orxan vasitəsilə cavab verir. “Lakin bütün kişilər belə deyil, inan mənə. Atam anama o qədər qiymət verirdi ki, görsən dəhşətə gələrdin. Azərbaycan kişisi ayrı cür canlanardı gözündə” deyən Leyla da haqlıydı. Nə yaxşı ki, bütün kişilər Zəfər, Həmid, Sergey, Vladimir, Məhərrəm deyildi. Nə yaxşı ki, müəllif Leylanın Rusiyada yaşayan dayısı- Marala öz qohumundan, doğmasından daha artıq dəyər verib sahib çıxan Rafiq dayı, anası Zeynəb Azərbaycana qayıtdıqdan sonra ona isti ev, yuva, uşaq verən, qapısını Marala sevgiylə, doğmalıqla taybatay açan Əziz kişi və içimizdəki bütün şübhələrin üzünə gülümsəyən başqa obrazlar da yaratmış, bizə ümid verməkdən bir an da geri çəkilməmişdi... Rusiya bazarında çalışan zəhmətkeş həmyerlilərimiz, Marala arxa-həyan çıxan Rafiq dayı, oğurlanan pullar içində nə qədər pul itirmişdisə o qədər - nə bir qəpik əskik, nə bir qəpik artıq deyən Salman dayı və digər azərbaycanlı bazar adamları bizə xalqımızı, millətimizi bir az da sevdirir. Ulduz xanımın ən sevdiyim yazıçı xüsusiyyəti isə heç bir obrazını başqa rəngə, şəklə boyamadan yaratması, sünilikdən qaçması, hər obrazının üstünə öz ölçüsünə uyğun don biçməsidir. İnsanı dininə, dilinə, milliyyətinə görə fərqləndirməyən müəllif pis özümüzünkü də olsa onu bizə olduğu kimi təqdim etməkdən çəkinmir- pisi pis, yaxşını yaxşı. Doğmalıq heç də həmişə yaxınında olmur, uzaq da bəzən gəlib yaxın olur. Rafiq dayı kimi, Əziz kişi kimi... Maralı yad eldə, ucsuz-bucaqsız Rusiya vilayətində lazımsız əşya kimi küçələrə atan özününkülər, onu bu adam udan kimsəsiz küçələrdə qoruyub müdafiə edənlər isə yadlar, heç tanımadıqları idi. İnsanın harda böyüməsi önəmli deyildi, Ruslan Rusiyada böyümüşdü, Məhərrəm Azərbaycanda. Amma Məhərrəmin də Sergeylə Vladimirdən bir fərqi yox idi. Şəddad müəllim demiş, Ulduz Qasım bir əsərdə həm milliyyətcə, həm xaraktercə müxtəlif olan insanları bir araya ustalıqla gətirə bilib. Özü də müxtəlif hadisələr fonunda... Hər şeyin yoluna düşdüyünü düşünüb sevindiyimiz anda Ruslanın anasının çarəsiz xəstəlikdən ölümü, Maralın ölüm ayağında olan bu çarəsiz ananın son istəyini yerinə yetirərək Ruslanı heç zaman tək qoymayacağına söz verməsi, Ruslanın iş yerindən müqavilə bağlayaraq Almaniyaya işləməyə getməsi, Maralın Universiteti bitirərək iki türkün tekstil firmasında çalışmağa başlaması və orda Sergey, Vladimirlə illər sonra yenidən qarşılaşması əsərin gedişatını tamam dəyişir. Sanki bu gedişata müəllif özü də müdaxilə edə bilmir. Maral öyrənir ki, Sergeylə Vladimir təkcə kimsəzilər evinin həyətindəki pişiklərə və ona pislik etməyib. Həm də qərib ölkədə çörək arxasınca qaçıb Vətəndəki doğmalarını, ailələrini saxlayan bazar adamlarının illərdir çalışıb zəhmətlə bir yerə topladıqları pulu da bir gecədə oğurlayıb varlanan bu iki şərəfsizdir. Maral Sergeylə Vladimirin ona etdiyi şərəfsizliyi bağışlayardı bəlkə də, amma həmvətənlərinin başına gətirdikləri oyuna göz yuma bilməzdi. Maral müəllifin danışan, susa bilməyən vicdanıydı. Qisas qiyamətə qalmaz deyirdi... Demək, bu iki oğru təkcə Maralın qızlığını, uşaqlığını yox, həm də bazarda çalışan zəhmətkeşlərin də həyatını - aylarını, illərini oğurlamışdı. Maral bunu onların yanına qoymayacaqdı. Çünki Maral düşmanlarından necə istifadə edəcəyini yaxşı bilirdi, onları öz ayaqları ilə tələyə salacaqdı, amma necə? “Maral” əsərini oxuyan oxucu qısa xülasəsini verdiyim bu hadisələrlə bərabər hələ çox həyəcanlanıb, çox əsəb keçirəcək, dişini dişinə qıcayıb hələ çox hiss-duyğunun içindən keçəcək və ya içindən keçirəcək... Amma əsər heç də oxucunun düşündüyü kimi olmayacaq. İlk baxışdan bir çarəsiz, kimsəsiz, atası-anası, vətəni, yurdu ola-ola atasız, anasız, vətənsiz, yurdsuz qalan bu qızın qərib, yazıq, çarəsiz taleyi fonunda kimsəzilər evinə atılan körpələrin, Rusiyada “ağacdan pul toplayır” deyə düşünüb bəxtəvərlik verdiyimiz dost, tanış, qohumlarımızın yad eldə bir tikə çörək dalınca hansı çətinliklərdən, əzab-əziyyətlərdən keçdiklərini, qərib soydaşlarımızın taleyini oxuyub, görsək də, Ulduz xanımın yazıçı dünyası düşündüyümüzdən geniş və ümmansızdı. Necə ki, alimlərin araşdırmasına görə, göy üzündə görünəndən daha çox ulduz var, Ulduz Qasımın yaradıcılıq dünyası da göy üzündəki ulduzlar qədərdi, yəni düşündüyümüzdən də artıq. Məsələn, bütün bu sadaladığım hadisələrin fonunda Qaraba ağrısının dayanması bəlkə də ilk baxışdan kimsənin ağlına gəlməz, amma Ulduz Qasımı düşündürən əsas məsələ yenə də Qarabağdı - yaralı yeri, ömrünün nakam tərəfi... “Maral” müəllifin Qarabağ ağrısıdı. Şuşası, Cıdır düzü, Topxanası yoxdu bəlkə də, amma Maral Qarabağdı... Azərbaycanın dədə-baba sərvətini, dişi-dırnağıyla qurub yaratdığı gözəlliyi gecəylə ələ keçirən rusla erməni obrazı isə Sergeylə Vladimir... Maral Xocalıydı... Atılan, satılan, zorlanan Xocalı... Sergeylə Vladimirin isə biri rusdu, biri erməni... Rusla birləşib onun kimsəsizliyindən istifadə edib ona təcavüz edən, bütün sərvətini talayıb özününkü edən, güclü görünən zavallı, zəif Ermənistan... Ulduz Qasımın “Maral”ını sanki əsər yox, Qarabağın alın yazısı kimi oxuyuram. Əsər barədə rəy və təhlillərini oxuduğum müəlliflərinsə “Maral”ı tarixi roman kimi nəzərdən keçirmədiyinə təəssüflənməyə bilmirəm düzü. Axı mən hər səhifəsində, hər sətirində müəllifin zorlanan, daşı daş üstən qoparılan, bağrı qan Vətən, yurd ağrısını dinləyirəm- "Üşşaq", "Nəva", "Rast", "İsfahan", "Zəngulə" kimi... sanki muğam, saz üstə sızıldayır müəllifin ağrıları. “Maral”ın sonuna yaxınlaşdıqca daha mən kimsəsiz Maralın yox, Azərbaycanın yaralı ürəyi, müəllifin qara bağrı Qarabağ kimi vərəqlədiyim taleyimizə ağlayır, acıyıram. Biz hamımız bu muğamda bir təsnifik - kimimiz “Üşşaq”, kimimiz “Rast”, kimimiz “İsfahan”, kimimiz “Zəngulə”... 30 ildir tək arzusu Vətən olan Ulduz Qasım nəhayət ayrılığı əlindən şüşə kimi salıb sındırır. “Maral” müəllifin duası, çin çıxan yuxusudu. Ona görə də müəllifin “Maral”ın sonunu qələbə, zəfər marşına çevirən taleyə minnətdarlıq, sevgi, təşəkkürünü də eşitməyə bilmirəm. Sanki hər sətiri, sona yaxınlaşan hər cümləsi, hər fikriylə bu taledə onun da sadəcə bir şahmat daşı olduğunu deyir. Mat qalan bir şahmat daşı... Çox sevdiyim bir fikir var: deyir, bir kitab, bir hekayə, bir şeir oxuduqdan sonra oxuduqlarımız ağlımızda qalmasa belə o əsəri oxuduqdan sonra heç vaxt eyni insan olmarıq. Eynən “Maral”ı masamın üstündə tapdığım anla indiki an kimi. Bəlkə 3 ay, 5 ay sonra kimsə məndən Maralın yaşadıqlarını soruşsa, nələrisə xatırlamaqda çətinlik çəkəcəm, bəlkə də tamam unudacam, kim bilir? Amma heç vaxt oxuduğum o hadisələrin məndə buraxdığı izləri unuda bilməyəcəm. Bax, budur əsər, budur kitab... Oxuduqlarının gedib, yaşadıqlarının qalması. Çünki mən “Maral”ı oxumadım, yaşadım. Hardansa bir söz oxumuşdum, deyir, bütün mütaliələr bir gün özünü oxumağı öyrənmək üçündür. Bütün öyrənmə çabaları da bir gün özünü anlaya bilmək üçün. Məncə, Azərbaycan qadını “Maral”ı həm də özünü öyrənə bilmək üçün oxumalıdır. Çünki “Maral”da Azərbaycan qadınını yenidən sevməmək mümkün deyil. İsmətli, həyalı, saf, məsum, təmiz, gücsüz, zəif, qorunmasız, müdafiəsiz təpə bildiyimiz, amma hər çətinliyinin öhdəsindən mərdlik, cəsarətlə gələn alınmaz qala - Azərbaycan qadını... “Maral”, Azərbaycan qadını üçün sən də bir məktəbsən. Səni sətir-sətir oxuyub başa çıxan Azərbaycan qadını sabah səni unuda bilər, amma o heç vaxt əvvəlki zəif, gücsüz, qorunmasız həmin qadın ola bilməz. Ulduz Qasım “Maral” romanıyla həm də onu deyir ki, yeri gəlsə Azərbaycan qadını lap bank da yarar, qorx ondan... Səni quru yurdda da qoyar Azərbaycan qadını... Yetər ki onun isməti, hissi, duyğusuyla oynamağa cəsarət etmə! “Dərsini bilməyən mənəm birinci, salam, dar ağacı... ....əleyküm salam” deyən müəllif özü də bilmədən bizə dərs keçir. Ulduz Qasımın hər romanını bir əsərdən çox, bir dərsə bənzədirəm... “Maral” romanı da sanki bizə dərs keçir. Xoşbəxt insanlar hər şeyin ən yaxşısına sahib olanlar deyil, sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir deyir. Bəli, kimsəzilər evinə atılan balaca Maralın humanizm, saflıq, mərhəmət, şəfqət duyğusundan başqa heç bir sərvəti yox idi həyatda, gün gəldi Maralın hər şeyi oldu həyatda- anası, bacısı, dostu, işi, evi, maşını, pulu, ən əsası isə azadlığı... amma bu duyğulara sahib olmayan Sergey, Vladimirlər isə bütün sərvətini, sahib olduqlarını itirdi, çünki... Bütün çiçəkləri qopara bilərlər, amma baharın gəlişini heç vaxt əngəlləyə bilməzlər... Maral müstəqillik qazanan, özünü yenidən qurub-yaradan Qarabağ, Sergeylə Vladimir isə bu oyunun məğlubları- yəni ermənisi idi. Səsi səslər içində eşidilməyən, imzası imzalar içində görünməyən, hər fürsətdə səsi boğulan Azərbaycan qadını Ulduz Qasım üçün sanki bir dar ağacıydı. Azərbaycan qadınının səsi də, heykəli də o dar ağacından asılmışdı. Ulduz Qasım “Maral” romanıyla sanki Azərbaycan qadınını o dar ağacından xilas edir, ona azadlıq, yeni ruh, nəfəs verir. Ona düşündüyündən daha artığını bacaracağını söyləyir və göstərir. Elə bu qısa dialoq özü... Anlayana nələr demir ki?! “Sonra onlara kim olduğumu dedim. İkisi də əllərini dəmir gözlüklərə vurdular. Az qaldılar arakəsməni qoparalar. Dişlərini bir-birinə qıcayıb bağırdılar: -Qaraaacaaaaaaaaaa....” Yazının əvvəlində qeyd etmişdim ki, “Maralı” romanı bu sətirlərlə bitsə də, əsər mənim üçün burdan başlayır. Qadının azadlıq marşı kimi oxuyuram bu sətirləri. ”Maral”ı oxuyan məni yaxşı anlayar, oxumayansa yəqin ki nə zamansa bu “azadlıq marşı”nı oxumalı olacaq. Azərbaycan qadını onda biləcək ki, yazıçı Ulduz Qasım onu hardan götürüb hara qoyub, müəllif onu hansı zirvədə görmək istəyib və buna necə nail olub. Yaşı hələ çox gənc olan, 2000-ci illərdən sonra pörşələnməyə başlayan qadın azadlığı “Maral”da başqa bir çiçək açır sanki. Sən də “Maral”ı qadına düşündüyündən də güclü olduğunu sübut edən, ona əsl layiq olduğu yeri göstərən əsər kimi oxuyacaqsan. "Yeri gəlsə Azərbaycan qadını bank da yarar" deyəndə Maralı nəzərdə tuturdum, amma Maralın böyük bir bankı necə yardığını, haqqı çalınanların haqqını özünə necə qaytardığını yazıb müəllifin əsər boyu ustalıqla yaratdığı həyəcana kölgə salmayacam, “Maral”ı oxuyanda sən də mənə haqq qazandıracaqsan. “Bütün qisasımı alacam sizdən. Elə bilməyin ki, Maral sizin düşündüyünüz qədər axmaq və gücsüzdür. Təkcə öz qisasımı deyil, ayağını sındırıb atdığınız, öldürdüyünüz pişiklərin, itlərin, hətta tapdaladığınız qarışqaların da heyfini alacam sizdən... Elə bilmə ağıllısan. Sadəcə oğurluqda, alçaq, tərbiyəsizlikdə üstün ola bilərsən. Yadından çıxarma, bu ən asan yollarla qazanılan qazancdı. Hünərin varsa halal zəhmətinlə, savadınla, ağlınla qazan. Bir gecədə heç nəsiz qalmağın necə olduğunu göstərəcəm sizə” - deyən “Maral”ı çox istərdim ki erməni də oxusun. Ən dəqiq bumeranq həyatdı çünki - atdığın bütün daşlar özünə qayıdır. Maral oğruydu... Çanta çalmaq suç, sərvət çalmaq cürət, taxt çalmaq isə ucalıq göstərgəsidir deyir Fredrik Schiller. Maral sərvət çalmışdı, Maral taxt çalmışdı, çanta yox. Maral oğru deyildi, cürətli, güclü, qorxmaz, ən əsası isə ədalətli idi, hər kəsin haqqını özünə qaytarmış, Sergey, Vladimir, Məhərrəm kimiləri quru yurdda qoymuşdu... Məhərrəm əsərin sapı özümüzdən olan baltası idi. Yəni erməniylə rusun aramızdakı dəstəkçisi, köməkçisi. Maralı zorla özününkü etmək istəsə də bunu sadəcə fiziki cəhətdən bacarır, çünki Maralla eyni şəhərdə, hətta eyni binada, eyni otaqda çalışsalar belə Maralın qəlbi ona başqa bir əlçatmaz planet qədər uzaq idi. Ona görə ki... ... Həyatda ən gözəl şey birində həm aşkı, həm arkadaşlığı tapmaqdı. Maral ikisini də Ruslanda tapmışdı. Maralın həyatdakı yeganə şansı, yeganə uğuru Ruslan idi. Təəssüf ki, Ruslan Marala bir ev, yuva versə də, Maralın xəyallarını evsiz qoymuşdu. Uşaq vaxtı əlindən alınan, həyatının düz mərkəzindən bir andaca oğurlanan o isti evi, yuvanı Ruslan ölərkən Marala miras qoysa da, o evdə Ruslan özü olmayacaqdı... Maral hamının ondan keçib getdiyi bir yol, bu yolun sonuncu sərnişini isə Ruslan idi. Balaxan Qərib demiş, bu sevginin uduşu yox, hər ikimiz uduzduq. Müəllifin heç ürəyincə olmasa da bu savaşda hər iki qəhrəmanı uduzur. Ruslan ölümüylə Maralı ikinci dəfə evsiz qoyur. “Keçmişi unut, hər kəsin həyatında kimsə, nəsə çatmır, əksikdi” deyən Ruslana “Çatışmayan bir paltar, bir çanta, yeyə bilmədiyim hansısa şirniyyat, dadlı bir xörək deyil, bu mənim uşaqlığım və gəncliyimdi”- deyən Maralın həyatında daha uşaqlığı və gəncliyi ilə bərabər Ruslan da çatmayacaqdı. Daha Maralın xoşbəxtliyə uzanan əlində əskik barmaq idi Ruslan. Yoxluğun, ayrılığın ona çoxdan tanış olduğu həyatda Ruslanın yoxluğu ona kimsəziliyini bu dəfə ayrı tonda, ayrı ritmdə xatırladırdı... Gedişiylə kimsəsizliyin adını dəyişib sevgi qoyan Ruslan müəllif üçün həyatın işıqlı tərəfiydi, Sergey, Vladimir, Məhərəm isə it hürən tərəfi. Yəni müsəlman ola-ola xristian qəbiristanlığında dəfn olunan Zəfərlə xristian ola-ola bir müsəlman qəbiristanlığında dəfn olunan Ruslan arasında çox fərq vardı. Ruslan kiminsə qəlbində dəfn olmuşdu, Zəfərin isə onu qəlbində dəfn edəcək bir kimsəsi yox idi. Bütün mənfur adamların sonunu kaş Ulduz Qasım yazsa. Ürəyimizdən tikan çıxarmırmı? Tikan demişkən, ən sevdiyim türk filmi yadıma düşür, daha doğrusu o filmdən heç zaman unuda bilmədiyim bir cümlə: “İnsanın kötü huyu dikenidir, en çox kendini yaralar”... Ulduz Qasımın əsərlərini də məhz buna görə sevirəm. Həyat kimidi onun əsərləri... Vüqar, Bəsirə, Gülər, Zəfər, Həmid, Sergey, Vladimir, Məhərrəm kimilərin cəzasını müəllif öz tikanlarının öhdəsinə buraxır. Sonda ən çox özlərini yaralayan tikanlarının... Ulduz Qasımın heç bir obrazı təsadüfən gəlib əsərdə özünə yer etməyib. Nə yaxşısı, nə pisi. Sergey, Vladimir, Tatyana, Maşa, Zəfər, Həmid kimi obrazlar başqasının baharını oğurlayanın bağçası çiçək açmaz deyir bizə. Yalnız ağılllı insanlar öyrənməyi sevər, cahillər isə “dərs” verməyi. Həyat Maralı həm öyrədir, həm Tatyana, Maşa, Sergey, Vladimir, Məhərrəm kimilərlə “dərs” verir. Elə bizə də... Sanki müəllif özü də bu obrazlar vasitəsilə Tanrıya yalvarır ki, heç zaman göy üzündə yaşayış olmasın, insanlar oranı fəth etməsin, kirlətməsinlər. Müəllif necə də haqlıdı. Bizi bu dünyada bütün çirkab və pisliklərdən uzaq bildiyimiz o dünyanın Tatyana, Maşa, Həmid, Sergey, Vladimir, Məhərrəm kimilərdən uzaq olduğu təsəllisi yaşatmırmı? Yoxsa dünyanın cəhənnəmdən fərqi nə olardı?! Yaxşı ki cənnət adamları da az deyil həyatın. “Tanyanın ölümün eşidən anam, “yazıq” dedi. Ona rəhmət dilədi. Elə bil onun bu xasiyyəti anamı gözümdə daha da göylərə qaldırdı. Həyatını məhv edən, övladını əlindən alanlara qarşı içində bir damla da nifrəti, kini yoxdu məni bərk-bərk qucaqlayan bu insanın”. Yazımın əvvəlində Zeynəbə müəllim deyəndə bəlkə də məni qınamışdınız, amma bu düşüncə özü də bir məktəbdi, nəyinki müəllim. Ulduz Qasım xəsislik etmişdi... Maralla Ruslanın ikisinə bir ürək düşmüşdü bu həyatda. Geyimini, yeməyini, otağını, yatağını bölən az görməmişik, amma bir ürəyi bölüşmək... Müəllifin ik nəfərə bir ürək verməsi çox istərdim xəsislik olsun, amma böyüklük idi. Sanki kimsə Ulduz Qasıma “sevgi nədir?” sualını verib, müəllifsə Ruslan obrazıyla bu suala cavab verib. Bir kəlimə qərarını, bir duyğu həyatını, bir insan səni dəyişər deyib. Bax, səni dəyişən o kəs sevgidi. Ruslan Maralın həyatını dəyişir. Bizi dəyişən hər şey sevgi deyilmi? Bizi sevgidən gözəl nə dəyişə bilər ki? Bir fəsil olsaydı sevgi payız olardı deyir müəllif. Ağacdan qopan hər yarpaq onu atıb getməz, yenidən ona dönərdi, onu daha çox sevər, ona daha canlı, yamyaşıl, daha sıxı sarılardı, daha çox sarmaşar, onu son bahardan ilk bahara döndərərdi... “Maral” müəllim deyildi, amma müəllimdi... İnsanlıq, birlik, dostluq, sevgi, əmək, fədakarlıq dərsi keçirdi... Yaxşılıq da bir tərbiyə üsuludu, Maral hamıdan balaca olsa da yaxşılığıyla hamını tərbiyə edirdi. Elə bizi də. “Maral” həkim deyildi... ...amma təkcə heyvanların yox, insanların da yarasını sarıyırdı... Orxan kimi, Maşa kimi... Orxan Maralın bazarda tanıdığı həmvətənlərindən birinin məktəbə getməyən məktəbli oğlu idi. Maral onun oxuması, sənət sahibi olması üçün əlindən gələni edir. Talenin Maralla Orxanı birləşdirməsi həm də kimsəsiz heyvanların şansı idi. Orxan gecə məktəbini başa vurduqdan sonra ali məktəbə qəbul olur və baytar həkim kimi kimsəsiz heyvanlara çarə, əlac, sığınacaq olur. Qarabağ bir "şahmat"sa, Ulduz Qasımın hər obrazını bu şahmatın bir fiquruna bənzədirəm. Orxan bu romanda Maralın ata-anası bir olmayan bacı-qardaşı idi. Yəni Leylayla Orxan da bu romanın Pakistanı idi. Azərbaycan ən çətin günündə tək buraxmayıb ona dəstək olan, onla birgə vuruşan, döyüşən iki silahdaşı... Ruslan isə sanki bu talenin “bir millət, iki dövlət” dediyimiz Türkiyəsidir, əzəli və əbədi sevgimiz... Ulduz Qasımın “Ağ göyərçinlər”ini oxuyanda tanış olub sevdiyim balaca Yusif bütöv Azərbaycanın prototipi idisə, “Qürbət Zöhrəsi”nin Zöhrəsi Azərbaycan qadınının ümumiləşmiş obrazı, “Maral” isə soykökündən, doğmasından, əzəli və əbədi sahibindən uzaq düşmüş Xocalı obrazıydı... Ulduz xanımın "Xocalı şikəstəsi" romanını oxumamışam hələ, amma mənə elə gəldi ki, "Maral"ı da bir Xocalı şikəstəsi kimi oxudum. Pisliyin, ədalətsizliyin hakimiyyət qurduğu bir dünyada yaxşı tərəf olmağı seçmək də Ulduz Qasımın bir üsyanıdı və o, bu üsyanı Maral obrazının üstünə ustalıqla biçə bilib. Maralın oturub sonsuza qədər yaralarına baxmasını müəllifin də könlü razı olmur. Maralın yaralarını sarıb-sarmalamaq üçün əlindən gələni edir. Ulduz Qasım bizi bu savaşdan qalib çıxaran bir komandir, bir ordu, bir əsgər, bir qazi, bir xalq misalıdı... İnsan həyatını seçmir, həyat onu seçir. Ona görə də Maral, bu qatara “saxlayın, düşən var” deyə bilməz, yolun götürdüyü yerə gedəcəkdi... Necə ki Ulduz Qasım özü də illər öncə bu qatara “saxlayın, düşən var” deyə bilməmişdi. İçində ətəyini əlinə toplamış bir dağın küskünlüyü vardı. Daha hər baharda çiçək aça bilməzdi o... Hər dəfə oxucunu bir az da intizarda saxlayan, onu təəccübləndirməyi bacaran müəllif baş qəhrəmanına Maral adını da təsadüfən seçməmiş, onu illərlə həsrətini çəkdiyi, kimsəsiz, talanmış, zorlanmış, tapdanmış, başına nə gəlsə gözəlliyindən, humanizm və xeyirxahlığından gəlmiş sehrli, can alan, ürək yaxan, könül oxşayan marala bənzətmişdi- təbiətin gözəl, nazlı qızına... Bəlkə yüz il düşünsən ağlına gəlməz, amma Ulduz Qasımın ağlına gəlmişdi. Yəqin bu da kimsədə olmayan bir yaradıcılıq istedadıdır. Öncə oxucuya sıradan, adi bir isim kimi gəlsə də əsərin sonlarına doğru anlayırıq ki, müəllif qəhrəmanına Maral deməkdə necə də haqlıdı. Çünki Maral sərt iqlim şəraitinə uyğunlaşmanın ən yaxşı təbiət nümunəsidir. Məsələn, qışda qarın üstündə getmək təhlükəlidir, batmaq olar, ancaq şimal maralları batmır, çünki dırnaqları enlidir. Onlar, hətta bataqlıq yerlərdə belə asanlıqla hərəkət edir. Ulduz Qasımın Maralı da qarın üstündə belə batmayan, bataqlıqda belə dizini yerə qoymayan, yıxıldığı yerdən daha güclü qalxan, Azərbaycan, zorlanmamaq üçün özünü dağdan atan Xocalıdı. Azərbaycan qadınını Maralın timsalında şimal maralına bənzədir Ulduz Qasım. Şimal maralını ovlamaq o qədər də asan iş deyil çünki. Hər əsərini oxuduqca onu bir az da yaxşı tanıdığımı, çözdüyümü düşündüyüm Ulduz Qasımı “Maral”ı oxuduqca sanki yenidən tanıyır, yenidən “vərəqləyir”, müəllifin Vətən eşqinə heyran-heyran baxıram. O Vətən eşqi ki, bu qərib qızın illərdir içində daşıdığı nisgil, çən kimi bütün əsrələrinin ana xəttinə çevrilə bilir. Bəlkə də kimsəsizlər evinə atılan Maralın qərib taleyini gətirib Xocalının taleyinə bağlamağı o özü seçməyib, yazıçı fəhmi, yazıçı duyğusu edib. Axı ən böyük sərxoş yazıçılardı. Yazıçılıq da insanın sərxoş halıdı, ayıqkən düşündüyünü içəndə dilinə gətirən sərxoşlar kimi yazıçının da yazdığı hər əsərin taleyinə özü yox, yazıçı sərxoşluğu qərar verir. Məncə, Ulduz Qasımın ən gözəl “sərxoş”luğu Vətən eşqidi. Elə bil ayıq başla bu dərdi çəkə bilməyən müəllif hər əsəriylə ağrısını yüngülləşdirmək istəsə də, bacarmır. “Maral”ı bir kəlməylə ifadə etməli olsaydım, “Maral” oxucunu fərqli-fərqli hadisələrin fonunda, başqa-başqa istiqamətlərə yönəldib yolunu karıxdıran tarixi romandı deyib nöqtə qoyardım. Bədii həyatın həyat həqiqətlərilə kəsişdiyi yer də demək olar “Maral”a. Çünki Ulduz Qasım əfsanəyə bənzətdiyim “Maral”ını həyat həqiqətlərilə elə ustalıqla rəngləyibsə kimsəsiz Maralın taleyini oxuyan oxucunun bəlkə də ağlına gəlmir ki, o əslində ona görə bu qədər təsirlənib ağlayır ki, o, öz ağrısını, Qarabağının, Şuşasının, Xocalısının taleyini oxuyur. Başqasının iztirablarına şərik olmaq üçün insan olmaq kifayətdir. Əslində biz hamımız “Maralın” həmin o insan obrazıyıq. İztirablara üstün gəlməkdən fərəhli şey yoxdur. Demək, “Maral”ı vərəqləyən hər kəs fərəhlidi, çünki Maralla birlikdə biz də bu iztirablara qalib gəlmişik... Çünki Maralın iztirabı, sənin, mənim, bütün xocalıların iztirabı olduğu kimi fərəhi, zəfəri də bizim idi. “Əziz, Şuşa, sən azadsan”... Ulduz Qasım “Maral”la qadınlarımıza, qızlarımıza qanad taxır, onları daha əngin səmalara uça biləcəklərinə ustalıqla inandırır. Bunun üçün tarixə söykənir. İkinci dünya savaşında təyyarəçi qadınlarımız olduğunu xatırladır bizə. Müəllif daha çox qadınların yüksəklərə qanad çırpmasını istəyir, çünki azadlıq heç zaman qadınların asan əldə edəcəyi bir şey olmayıb - Qarabağ kimi. Müəllif qadın azadlığını da Qarabağın azadlığına bənzədir. Qadınlara heç də asan başa gəlməyən, illərin sınağından çıxmalı, özünü kimlərəsə sübut etməli olan və bunu qanı, canı, illəri, ömrü bahasına edən qadınlara. Sanki müəllif “Əziz, Şuşa, sən azadsan” deyib qadınlarımızı da bir Şuşa bilir. Azadlığını qanı, canı, illəri bahasına əldə edən Şuşa. Ulduz Qasım bir romandan çox taleyimizi yazıb deyərdim... ... çünki “Maral” bizim taleyimizdi. Ulduz xanımın bəlkə də neçə bacarığı var, amma mən onun sevmək bacarığını sevirəm. İllərdir zorla didərgin, uzaq düşdüyü, amma açarını hələ də cibində gəzdirdiyi, illərdir qapısı bağlı qalan evinin xəyalən də olsa qapı-bacasını açıb onu havalandıran, tozunu alan, yerini silib, şüşəsini, aynasını parladan bu sevgiyə necə qibtə etməyəsən?! Hər əsərində ayrı bir hekayə oxusaq da, hamısının ana xətti məhz o Vətən, o yurd, o yuva sevgisidir. Ulduz Qasım illərdir qərib həyatı yaşayır, uzaq Rusiya torpağında yaşayan müəlliflə bizi bir ölkə, bir şəhər, bir qatar, bir təyyarə, bir iqlim, fərqli bir təbiət, dəqiqə, saat ayırsa da biz onu ona görə bu qədər yaxın, doğma bilirik ki, o, bir rusdan, yaşadığı qərib ölkədəki hansısa bir almandan, çinlidən, norveçlidən, qazağıstanlıdan, pakistanlıdan yazmır, bizdən yazır, istəsə, bütün aləmi qoynuna almış üfüqsüz dünyadan da yazardı, amma bizi özü bilməkdən bir an belə vazgeçməyən bu incə, zərif ruhlu xanımı nə zaman oxusanız, nə zaman rastlaşsanız Vətən, yurd eşqindən tanıyacaqsız. Bu sevgi üçün adam ona ayrıca məktub yazıb təşəkkür etmək istəyir. Hə, bir də... Azərbaycan qadınını gördüyü, qoyduğu o uca zirvə üçün... Ulduz Qasıma bütün qadınlarımız adından təşəkkür etmək istəyirəm. Bu haqqı özümdə ona görə tapıram ki, müəlllifin ünvanına gələn məktublar da bunu deyir. Yazdığı hər əsərdə, hər romanda özünü görən oxucu onun qapısını tapa bilməsə də, XXI əsrin verdiyi xoşbəxtliklə “mesaj” qutusunun qapısını tapır. Bu qapını döyən hər oxucunu maraqlandıran əsas sual isə belə olur: “Həqiqətən siz bunları yaşamısınız?”... Məncə oxucunu müəllifin bunları yaşamasından daha çox onu hardan, necə bu qədər dəqiq tanıdığı, onu necə bu qədər detallı və incəlikləriylə qələmə aldığı maraqlandırır. Bəlkə də o oxucunun çoxu uzaqdan uzağa Ulduz Qasımla qohum olduğunu düşünür və bu düşüncəsinə görə özünə haqq da qazandırır: axı yad mənim yaşadıqlarımı hardan "evimin içi" qədər dəqiq bilər ki, yəqin o məni hardansa tanıyır. Kim yanılsa da, oxucu yanılmaz! Ulduz Qasım bizim qohumumuzdu, bizi bizdən yaxşı bilən, tanıyan qohumumuz. Hər əsəriylə bizi müdafiə edən, çalınmış, tapdanmış haqqımızı özümüzə qaytarmaq üçün qələmi də silah bilib vuruşan, savaşan - ruh, məslək, əqidə, inam, tale qohumumuz. Hər əsəriylə bizə... “Mənim kədərimin yaşı min ildi, Sən hələ balaca qəmli uşaqsan” ... deyən Ulduz xanımın gözləri də bir yuvadı, adamın içini isidir. Təkcə adı yox, sanki özü də də bir ulduz misalıdı. Ona bu adı kim seçibsə, özüylə öyünə bilər. Bu gün Ulduz Qasım Azərbaycandan nə qədər uzaq olsa da, Azərbaycanın xaricdə parlayan ulduzu, ayrılmaz bir zərrəsi, parçasıdı. Bunu sevilə-sevilə oxunan, müxtəlif dillərə tərcümə olunan əsərləri deyir, mən yox... Təranə Əlizadə, sənətşünas Geri qayıt |