Əsas Səhifə > Redaktor seçimi > 1934-cü ildə kimya üzrə Nobel mükafatçısı – HAROLD KLEYTON YURİ (1893-1981)
1934-cü ildə kimya üzrə Nobel mükafatçısı – HAROLD KLEYTON YURİ (1893-1981)Dünən, 16:40 |
![]() Harold Kleyton Yuri ABŞ-ınİndiana ştatının Uolkerton şəhərində məktəb müəllimi və Breten kilsəsinin keşişi Samuel Kleyton Yuri və onun həyat yoldaşı Kora Rebekkanın (qızlıq soyadı Reinoel) ailəsində anadan olmuşdur (1893-cü ilin aprelin 29-da). Onun Klarens və Marta adlı kiçik qardaş və bacısı var idi. Bir qədər sonra ailə Kaliforniyanın Qlendora şəhərinə köçür. Orada ailə başçısı Samuel vərəmdən ağır xəstələndiyindən, onlar Koranın dul qalmış anası ilə yaşamaq üçün yenidən İndianaya qayıdırlar. Samuel Yuurinin altı yaşı olanda vəfat edir. Yuri 14 yaşında bitirdiyi Amiş İbtidai Məktəbində və daha sonra İndiana, Kendalville Liseyində oxuyub. Məzun olduqdan sonra (1911) o, Erlham Kollecində müəllimlik sertifikatı alır və İndiana ştatında kiçik bir məktəbdə dərs deyir. Daha sonra o, anasının o vaxt yaşadığı Montanaya köçür və orada dərs deməyə davam edir. Yuri Montana Universitetinə daxil olaraq (1914) Zoologiya üzrə bakalavr dərəcəsi alır (1917). Birləşmiş Ştatların Birinci Dünya Müharibəsinə daxil olmasından sonra Yuri Filadelfiyada partlayıcı maddə - trinitrotoluol istehsal edən Barrett Kimya Şirkətində hərbi işə girir. Müharibədən sonra o, kimya müəllimi kimi Montana Universitetinə qayıdır.Yuri hiss edirdi ki, akademik karyera doktorluq dərəcəsi tələb edir. Ona görə də Urey Berkli Kaliforniya Universitetində doktorluq dissertasiyası üzrə Gilbert N. Lewisin rəhbərliyi altında elmi-tədqiqata başlayır və burada termodinamikanı öyrənir (1921). Onun ilk elmi işii sezium buxarının ionlaşması ilə bağlı idi. O, elmi işində müəyyən çətinliklərlə qarşılaşmışdı. Belə ki, onunla eyni vaxtda hindli bir fizik eyni mövzuda daha dolğun məqalə dərc etdirmişdir. Yuri daha sonra ideal qazın ionlaşmış halları ilə əlaqədar işlərini genişləndirib və bu haqqda məqalə yazır. Həmin məqaləni Astrophysical Journal nəşr etmişdir. Yuri doktorluq dissertasiyası müdafiə etdikdən sonra (1923) Kopenhagendəki Nils Bor İnstitutunda təhsil almaq üçün Skandinaviya Fondunun təqaüdünü qazanır və burada Verner Heisenberg, Hans Kramers, Volfgang Pauli, Georg von Hevesi və Con Slater ilə görüşür. Təsilini başa vurduqdan sonra Almaniyaya səfər edir və burada Albert Eynşteyn və Ceyms Frank kimi böyük alimlərlə tanış olur. Birləşmiş Ştatlara qayıtdıqdan sonra Yuri Harvard Universitetində işləmək üçün Milli Tədqiqat Şurasından, həmçinin Con Hopkins Universitetində tədqiqatçı olmaq üçün təklifi alır. Ancaq o, Con Hopkins Universitetində tədqiqatçı kimi fəaliyyət göstərməyə üstünlük verir. Yuri işə başlamazdan əvvəl anasını ziyarət etmək üçün Vaşinqton ştatının Sietl şəhərinə gedir. O, Vaşinqton ştatının Everett şəhərində yaşayan dostu Keyt Daumun ilə görüşür. Keyt Yurini bacısı Frida ilə tanış edir. Yuri və Frida tezliklə nişanlanır və Kanzas ştatının Lourens şəhərindəki atasının mülkündə evlənirlər (1926). Bu nigahdan onların dörd övladı - Gertrude Bessie (Elizabet) (1927), Frida Rebecca (1929), Meri Alisa (1934) və Con Kleyton Yuri (1939) dünyaya gəlir. Yuri, Rudolph Schönheimer, David Rittenberg və T. I. Taylor kimi alimlərlə əməkdaşlıq etdiyi Kolumbiya Universitetində kimya üzrə dosent olur (1929). Cons Hopkins Universitetində Yuri və Artur Ruark ilə birlikdə kvant mexanikası və onun atom və molekulyar sistemlərə tətbiqi ilə bağlı “Atomlar, Kvantalar və Molekullar” adlı kitab yazırlar (1930). Daha sonra Kopenhagenə gəlir və Nəzəri Fizika institutunda atomların strukturları sahəsində elmi işlər üçün N. Bora qoşulur. Bundan sonra o, nüvə fizikası ilə maraqlanır. Sonralar bu, ona deyteriumu kəşf etməyə imkan vermişdir. Xeyvmayerdə Kolumbiya Universitetində onun kabineti hazırda professor Brus tərəfindən istifadə olunur. Sinif lövhəsinin küncündə belə bir yazı var: Bu kabinet deyteriumu kəşf edən Harold Yuriyə aid idi”. Uilyam Jiok və Herrick Johnson Kaliforniya Universitetində oksigen izotoplarını kəşf etdilər. Ancaq o zaman izotoplar haqqında məlumat az olduğundan yaxşı başa düşülmürdü. Ceyms Çadvik neytronu yalnız (1932) kəşf edib. Onları təsnif etmək üçün kimyəvi və fiziki xassələrə əsaslanırdılar. Oksigenin atom çəkisinin hidrogenin atom çəkisindən demək olar ki, düz 16 dəfə çox olduğu bilindiyi üçün Raymond Birge və Donald Menzel hidrogenin də birdən çox izotopdan ibarət olduğunu irəli sürdülər. İki metodun nəticələri arasındakı fərqə əsaslanaraq, 4500 hidrogen atomundan yalnız birinin ağır izotop olduğunu proqnozlaşdırdılar. Yuuri onu axtarmağa başladı (1931). Yuri və Corc Merfi Balmer seriyası ilə hesabladılar ki, ağır izotopun 1,1 və 1,8 angstrem arasında qırmızı sürüşmə xətləri olmalıdır. Ancaq 4500-də yalnız bir atom ağır olduğundan, spektroqrafdakı xətt çox zəif idi. Buna görə də, Yuuri nəticələrinin dərcini onun ağır hidrogen olduğuna dair daha inandırıcı sübutlar alana qədər təxirə salmağa qərar verdi. Yuri və Merfi Debay modeli ilə hesabladılar ki, ağır izotop yüngüldən bir qədər yüksək qaynama temperaturuna malik olacaq. Beş litr maye hidrogeni bir mililitr qalana qədər distillə etdikdə o ağır izotopla 100-200 dəfə zənginləşər. Beş litr maye hidrogen əldə etmək üçün onlar Vaşinqtondakı Milli Standartlar Bürosunun kriogen laboratoriyasına getdilər və burada onlara Yurinin Con Hopkins Universitetində tanış olduğu Ferdinand Brikved kömək etdi. Brikvedinə göndərdiyi ilk nümunə 1 atmosfer (100 kPa) təzyiq altında 20 K temperaturda buxarlandırıldı. Heç bir nəticə əldə olunmadı. Onda onlar ikinci təcrübəni 7,1 kPa təzyiq altında 14 K temperaturda buxarlandırdılar. Bu nümunə üçün ağır hidrogenin Balmer xətləri yeddi dəfə daha sıx idi. İndi deyteriumun kəşfini elan edən məqalə Yuri, Merfi və Brikvedde tərəfindən birgə nəşr edilmişdir (1932). Harold Kleyton Yuri “ağır hidrogenin kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülüb (1934). O, qızı Meri Alisin ad günündə iştirak etdiyinə görə Stokholmda keçirilən bu mərasimə qatıla bilmədi. Yuri və Vaşbourne təmiz ağır su almaq üçün elektrolizdən istifadə etməyə çalışdılar. Yuri və David Rittenberq Born-Oppenheimer yaxınlaşmasından istifadə edərək tərkibində hidrogen və deyterium olan qazların xassələrini hesabladılar. Onlar biokimyada indikator kimi istifadə oluna bilən karbon, azot və oksigen birləşmələrinin zənginləşdirilməsi üzrə təcrübələrini genişləndirdilər, nəticədə kimyəvi reaksiyaların tədqiqinin yeni üsulu yaratdılar. Juri Fiziki Kimya Jurnalını təsis etdi (1932), onun ilk redaktoru oldu və bu vəzifədə səkkiz il çalışdı (1940). Kolumbiyada Yuri universitetin Demokratiya və İntellektual Azadlıq Federasiyasına rəhbərlik edirdi. Atlantizm ideyalarını və Klarens Streytin böyük dünya demokratiyaları federasiyasını yaratmaq çağırışlarını dəstəklədi və İspaniya vətəndaş müharibəsində Respublikaçılar tərəfini dəstəklədi. O, alman nasizminin ilk əleyhdarlarından biri idi və qaçqın alimlərə, o cümlədən Enriko Fermiyə ABŞ-da iş tapmaqda köməklik göstərmişdir. İkinci Dünya müharibəsi zamanı, o, Kolumbiyada bir neçə layihələr üzərində işləyir ki, onlar da amerikda atom bombası yaradılması üzrə Manxetten layihəsinə böyük töhvə verir. O, uran-235 və uran -238 atomlarını ayırmaq üçün qaz diffuziyası üsulunu işləyib hazırlamışdır. Harold Yuri C. Peqrem ilə birlikdə Böyük Britaniyada atom bombası yaradılması üzrə birgə iş qurmaq üçün diplomatik missiyaya rəhbərlik etmişdir. İkinci Dünya Müharibədən sonra o, Nüvə Tədqiqatları İnstitutunda kimya professoru olur, sonra Çikaqo universitetində professor kimi fəaliyyət göstərir. Daha sonra Yurinin tədqiqatları kosmokimya sahəsini inkişaf etdirməyə kömək etdi. Yuri özü kosmokimya terminin banisi hesab olunur. Yuri “Planetlər: Onların mənşəyi və inkişafı” (1952) əsərində kosmokimya haqqında tədqiqatlarını ümumiləşdirmişdir. Yuri, Yerin ilk atmosferinin ammonyak, metan və hidrogendən ibarət olduğu fikirini irəli sürmüşdür. Onun Çikaqolu aspirantlarından biri, Stenli L. Miller təcrübi olaraq göstərdi ki, belə bir qarışığı elektrik boşalması və su qızdırdıqda həyatın mənbəyi hesab edilən amin turşuları əmələ gətirə bilər. Sonradan bu təcrübə Miller-Yuri təcrübəsi kimi tanındı. Yuri Təqaüdə çıxdıqdan sonra bağçılıqla məşğul olmuşdu. O, səhləb yetişdirməyi çox sevirdi. Harold Yuri 88 yaşında Kaliforniyanın La Jolla şəhərində vəfat etmişr və İndiana ştatının DeClub qraflığındakı Feyrfild qəbiristanlığında dəfn edilmişdir (1981-ci il yanvarın 5-də). O, Nobel mükafatından əlavə Amerika Kimya Cəmiyyətinin Willard Gibbs mükafatına (1934), London Kral Cəmiyyətinin Devi medalına (1940), Franklin İnstitutu Franklin medalına (1943), Silliman mühazirələri (1950), Guthrie medalı və mükafatına (1957), Kolumbiya Universiteti Hamilton Mükafatına (1961), ABŞ Milli Elmlər Akademiyasının Lourens Smit medalına (1962), Paris Universitetinin medalına (1964), ABŞ Milli Elm Medalına (1964), Kral Astronomiya Cəmiyyətinin Qızıl medalına (1966), Amerika Meteorit Cəmiyyətinin Frederik Leonard medalına (1969), Amerika Geologiya Cəmiyyətinin Artur L. Day medalına (1969), Linus Pauling mükafatına (1970), Amerika Kimyaçılar İnstitutunun Qızıl medalına (1972), NASA-nın görkəmli elmi nailiyyətlərə görə medalına (1973), V. M. Qoldşmidt Mükafatına, Geokimya Cəmiyyətinin Ən Yüksək Fərqi (1973) və Amerika Kimya Cəmiyyətinin Priestley medalına (1975) layiq görülmüşdür. Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Geri qayıt |