Əsas Səhifə > Redaktor seçimi > 1935-ci ildə kimya üzrə Nobel mükafatçısı - FREDERİK JOLİO-KÜRİ (1900-1958)

1935-ci ildə kimya üzrə Nobel mükafatçısı - FREDERİK JOLİO-KÜRİ (1900-1958)


21-04-2025, 11:54

 

Frederik Jolio-Küri  Parisdə tacir Henri Jolionun və Emili Rodererin ailəsində altıncı uşaq olaraq dünyaya gəlmişdi (19 mart 1900-cu ildə). Frederikin anası  ağıllı, mehriban və insanpərvər idi. Anası ona tez-tez deyərdi: “Həyatda başlıca olan ədalətsizliyə qarşı mübarizə aparmaqdır”. Frederik bütün həyatı boyu bu sözlərə sadiq qalmışdır.
Fredirik əyalət internat məktəbi olan Lacanal Liseyinə oxumağa göndərildi (1910), lakin atasının ölümündən yeddi il sonra Parisə qayıtdı və orada təhsilini davam etdirmişdir. Birinci Dünya Müharibəsinin başlanğıcında onların ailəsinə böyük  faciə üz verdi. Onun böyük qardaşı cəbhədə öldürüldü (1914). Frederik 18 yaşına çatan kimi öz yaşıdları ilə birlikdə xidmətə çağrılmışdır. Amma, o, cəbhəyə çatmamış müharibə qurtarır və sülh müqaviləsi bağlandıqdan sonra Frederik liseyi bitirir.
O, Paris Ali Fizika və Tətbiqi Kimya Məktəbinə daxil oldu və üç il sonra oradan qrupda ən yaxşısı tələbə olaraq məzunu olmuşdur. Diamaqnetizim və paramaqnetizm nəzəriyyəsinin banisi olan professor Pol Lanjeven köməyi ilə  o, Parisdə radium institutunda dahi Mariya Skladovskaya – Kürinin şəxsi laborantı kimi işə qəbul olunur (1925). Burada Frederik, durulaşdırılmış məhlullarda radioaktiv və digər elementlərin elektrokimyəvi xassələrini tədqiq etməklə məşğul olurdu. Amma, gənc alimi radioaktivlik xüsusilə maraqlandırırdı. O, İren Küri ilə birlikdə çalışırdı. İren Frederikə nəzərən bu hadisə haqqında daha çox bilirdi və tez-tez ona kömək edirdi.
Növbəti il (1926) o, bu institutda işləyən Mari və Pier Kürinin qızı İren Küri ilə evləndi. Ailə qurduqdan sonra İren soyadını dəyişərək Jolio-Küri olur, Frederik də ikili soy adı istifadə etmişdir. Onların bir oğlu və bir qızı olmuşdur. Ovladlarının hər ikisi alim olmuşdur. Fredirikin qızı Elen Lanjevan-Jolio (1927) nüvə tədqiqatçısı, oğlu Piyer Jolio (1932) isə bioloq olmuşdur.  
Onların birgə işləri öz başlanğıcını 1926-cı ildən götürür. Onların ilk birgə işi çap olunmuşur (1928). Frederik radioaktiv polonium  elementinin elektrokimyəvi xassələrinin tədqiqinə görə doktorluq dərəcəsinə layiq görülmüşdür (1930) . Həmin ildə də alman fiziki Valter Bote Frederikə kondensasiya kameralı həssas detektor yaratmaqda kömək etmişdir.  Bu aparatın köməyi ilə İren və Frederik poloniumun alfa-şüalanmasının effektlərini tədqiq etmək üçün güclü polonium mənbəyi hazırlamışdırlar (1931). Təmiz poloniumun ayrılması, onun təmizlənməsi və toplanması olduqca təhlükəli və mürəkkəb əməliyyatdır. İren və Frederik poloniumun ayrılması və təmizlənməsi zamanı ən yüksək dozada şüa almışdılar. Radioaktiv şüalar həmin vaxtdan bu alimlərin qan hüceyrələrini dağıtmışdı. Sonrakı işlərdə  Frederik neytronun xassəsini və onların əmələ gəldiyi müxtəlif tip nüvə reaksiyalarını tədqiq etmişdir.  İren və Frederik ilk dəfə olaraq qamma kvantların yaratdıqları elektron və pozitronun izləri olan fotoşəkil almışdırlar (1933). Həmin ilin sentyabrında Frederik SSRİ-yə gəlir: o, Leninqradda atom nüvəsi üzrə birinci Ümumittifaq konfransına dəvət olunmuşdu. Frederik bu konfransda neytrona və pozitrona aid iki böyük məruzə etmişdir. İren ilə birlikdə Frederik sürətli alfa-hissəciklərlə yaranan radioaktivlik hadisəsini kəşf etmiş və bir sıra radioaktiv izotoplar almışdırlar (1934). Bir il sonra bu kəşfə görə Frederik və İren kimya üzrə Nobel mükafatına layiq görülmüşdürlər (1935). 
Cəmi doqquz il müddətində adi laborant dünya şöhrətli alim  olur. Artıq Frederik Sarabon universitetinə professor vəzifəsinə dəvət edilmiş (1935) və onun üçün xüsusi olaraq nüvə kimyası kafedrası yaradılmış və Milli elm fondunun tədqiqatlar direktoru (1936), astrofiziki tədqiqatlar üzrə komitənin üzvü, fiziki sabitlər cədvəlinin hər il nəşri üzrə Komitənin prezidenti olmuşdur. Bundan bir il sonar Kollej de Fransa professor və nüvə fizikası və kimyası laboratoriyasına direktor vəzifəsinə dəvət olunmuş (1937) və eyni vaxtda o, İvridəki Milli tədqiqatlar mərkəzində atom sintezi laboratoriyasının direktoru olmuşdlur. 
Frederik alman radiokimyaçıları O.Qann və F. Ştrassman ilə təxminən eyni vaxtda uranın neytronlarla bölünməsi  hadisəsini kəşf etmişdir (1938). O, əməkdaşları ilə birlikdə ağır suya əsaslanan nüvə reaktoru tikmişdir (1939). Lakin, Fransa İkinci Dünya Müharibəsində alman faşistləri tərəfindən işğal olunduğundan bir il sonra (1940-cı ilin mayından) tədqiqatlar dayandırılmışdır. Müharibə başlayarkən Frederik Jolio-Kürinin tədqiqatları gizli aparılırdı. Öz laboratoriyasında o, fransa partizanları üçün partlayıcı maddələr hazırlayırdı. Onun ən yaxın köməkçiləri gizli olaraq elmi tədqiqat işlərinin sənədlərini və ağır suyun qalanını İngiltərəyə aparmışdılar. Müharibə  qurtardıqdan sonra ağır su qaytarılır və Frederikin rəhbərliyi ilə işə salınan ilk fransız nüvə reaktorunda istifadə olunur (1948-ci ilin dekabrın 15-də). Frederik Jolio-Küri Paris Elmlər Akademiyasının üzvü (1943), SSRİ Elmlər  Akademiyasının xarici üzvü seçilmişdi (1949).
Məlumdur ki, radioaktiv şüalanmanın nəticəsi şüa xəstəliyidir. Frederik və İren ağır xəstələnmişdilər. Frederikdə qara ciyər xəstəliyi inkişaf etmişdi. Hər ikisi bilirdilər ki, onların həyatlarının sonu yaxınlaşır. Xəstəliyin ilk pristupu Frederiki  hələ 1955-ci ildə yıxmışdı. O, Parisdə köhnə Sent-Antuan hospitalında öz xəstəliyinə təcrübə kimi baxırdı: analizlərə nəzarət edir, öyrənir, qrafiklər qurur və cədvəllər tərtib edirdi. O, həkimlərə yeni diaqnostika üsulları təklif edirdi və onları öz üzərində yoxlayırdı.
Əvvəl ölüm İren Jolio-Kyurini yaxaladı (1956-cı ilin martın 17-də şüa xəstəliyindən vəfat etdi). Frederik bu itkini əzabla yaşadı, çətinliklə özünə gəldi və həyata qayıtdı. İki il sonra o, son dəfə SSRİ-yə gəlir (1958-ci ilin mayında) və dostları İ.V. Kurçatov, D.İ. Skobeltsin və digər sovet fizikləri ilə  görüşür. Təxminən iki ay sonar (1958-ci ilin avqustun 11-də) gecə onda güclü daxili qanaxma baş verir və ağır vəziyyətdə o, Sent-Antuan hospitalına gətirilir. Əməliyyatdan sonra ümumi sepsis əmələ gəlir və  təbabətin bütün vasitələri gücsüz qalır. 
Həyatının 58-ci ilində Frederik Jolio-Küri uzun sürən ağır xəstəlikdən vəfat edir (1958-ci ilin avqustun 14-də).

Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt