Əsas Səhifə > Redaktor seçimi > Dostum Fariz Çobanoğlunun ad gününə
Dostum Fariz Çobanoğlunun ad gününə22-04-2025, 17:19 |
Bəzən bir insanı tanımaq üçün onun bir sahədəki uğurlarına baxmaq kifayət etmir. O, həm elmə könül verib, kimya kimi mürəkkəb bir sahədə çalışıb, müəllim işləyib, həm qələmini iti saxlayaraq jurnalistika meydanında sözünü deyib. Onun haqqında düşünəndə ilk olaraq zəhmətsevərliyi, mehribanlığı, kövrəkliyi və daim öyrənməyə açıq ruhu yada düşür.
O, qələmini yalnız yazmaq üçün deyil, düşündürmək üçün götürürdü. Yazdığı hər publisist məqalə bir çağırış idi; cəmiyyətin gözdən qaçırdığı ağrılı nöqtələrə toxunan, səssizlərin səsini ucaldan yazılar. Sözə məsuliyyətlə yanaşırdı, çünki bilirdi ki, yazdığı hər sətir kiminsə düşüncəsində iz buraxa bilər. O, jurnalistikanı peşə deyil, missiya kimi qəbul edirdi. Onun publisist yazılarında həm saf vətəndaş mövqeyi, həm də analitik düşüncə tərzi bir araya gəlirdi. “Kredo” qəzetindəki yazıları birnəfəsə oxunurdu. Bu yazılarda bəzən acı bir həqiqətlə üz-üzə qalırdın, bəzən də ümid dolu bir gələcəyin xəritəsi çəkilirdi. Fariz Çobanoğlu jurnalistika aləmində elə bir iz qoyub ki, onun yazılarını oxuyan hər kəs təkcə informasiyaya deyil, həm də dəyərlərə sahib olur. “Qarabağa aparan yol” qəzetinin redaktor müavini kimi fəaliyyəti, sözün əsl mənasında, bir missiyaya çevrilib. O, bu qəzetin səhifələrini sadəcə xəbərlərlə deyil, həm də düşüncə ilə doldurur. Onun yazılarında Qarabağ təkcə coğrafi bir məkan deyil, milli kimliyimizin, mübarizəmizin, ruhumuzun simvoludur. Fariz müəllimin publisist yazılarında bir xətt açıq şəkildə hiss olunur: o, qələmini xalqının haqq səsinə çevirməyi bacaran publisistlərdəndir. Müharibədən sonra yaranan yeni reallıqlar, sülhə gedən yolun çətinlikləri, məcburi köçkünlərin həyatı və Qarabağın bərpası kimi mövzular onun yazılarının əsas sütununu təşkil edir. O, hadisələrin içindən yazır - romantik, gerçəkliyə yaxın, amma ruhlandırıcı üslubda. Oxucu onun yazılarında nəinki faktları, həm də duyğuları görür. Hər abzasda vətən sevgisi, xalqına inam və sarsılmaz əqidə hiss olunur. Onun yazıları təkcə oxunmur, həm də yaşanır. Fariz Çobanoğlunun publisistikası onu fərqli edən əsas cəhətlərdən biridir. Çünki o, kimyaçı təfəkkürünü jurnalistikada analitik düşüncə ilə birləşdirir. Elmdəki dəqiqliyi sözə də tətbiq edir. Heç bir cümləsi təsadüfi deyil. Hər sözündə ölçü, məna və məqsəd var. Fariz Çobanoğlunu təkcə yazılarında tanıyanlar onun prinsipiallığını, sözə məsuliyyətlə yanaşmasını görür. Amma onu şəxsən tanıyanlar yaxşı bilirlər ki, bu insanın daxilində həm də böyük bir ürək, dərin bir ailə sevgisi və insanlara qarşı səmimi münasibət var. O, yalnız ictimai aləmdə deyil, ailəsində də örnək bir insandır. Həyat yoldaşı və övladları üçün bir dayağa çevrilib. Onun ailə modeli - sakit, anlayışlı, dəstək verən, daim ünsiyyətə açıq bir başçı obrazıdır. Ən diqqətçəkən cəhətlərindən biri odur ki, o, işdə nə qədər məşğul olsa da, ailəsinə vaxt ayırmağı heç vaxt ikinci plana keçirmir. Onun üçün ailə - həm güc mənbəyi, həm də daxili tarazlığın əsas ünvanıdır. Fariz müəllimin uşaqları üçün nümunəvi ata, həyat yoldaşı üçün isə sirdaş və yol yoldaşı olması, onu daha da bütöv və dəyərli bir obraz kimi göstərir. Həm peşədə uğurlu, həm cəmiyyətdə sayğılı, həm də ailədə möhkəm insanlar çox olmur. Fariz Çobanoğlu o nadir insanlardandır ki, hər sahədə sabitliyi, dürüstlüyü və insani keyfiyyətləri ilə seçilir. Onun həyatı və fəaliyyəti, sözün həqiqi mənasında, gənc nəslə örnək ola biləcək bir həyat hekayəsidir. Elmə könül vermiş, publisistikada iz qoymuş, ailəsində sevgi və hörmət yaratmış bir insan. Bu portretin adı Fariz Çobanoğludur. Əslində onun bircə şeri də öz portiretini parlaq şəkildə cıza bilir.
Ömrü ağac kimi yaşadım, Bulaq başında bitən, kökləri suya çatmayan...
Ömrü çiçək kimi yaşadım, Üzü bahara deyil, borana tərəf açan...
Ömrü bulaq kimi yaşadım Axıb-axıb nəhrə qovuşmayan...
Ömrü kəndli kimi yaşadım, Böyük şəhərdə axına qarışmayan,
Ömrü köçəri quş kimi yaşadım, Yollarda qanadı qırılıb, yurda qayıtmayan...
Ömrü sahildəki torpaq kimi yaşadım, ayağı dənizlərə çatmayan ...
Ömrü hicran, həsrət içrə yaşadım, Yurdunda daşı daş üstə qalmayan.
Ömrü iztirabla yaşadım, Kədərinə heykəl ucalmayan...
Ömrü adamlar arasında yaşadım Axtaranda bircəsini tapmayan...
Ömrü sözün ağrısında yaşadım, Bircə dərdimə dərman olmayan.
Ömrü bir adada yaşadım, Adam deyiləm ha, sildim son hərfi, ada kimi yaşadım...
Nə yer, nə göy adamıyam, Çobanoğluyam - Dünya məndən o yanadır, İçimdə bir dünya yaşadım...
![]()
Hörmətlə: Elçin KAMAL Geri qayıt |