Əsas Səhifə > Redaktor seçimi > 1944-cü ildə kimya üzrə Nobel mükafatçısı – OTTO QAN (1879-1979)
1944-cü ildə kimya üzrə Nobel mükafatçısı – OTTO QAN (1879-1979)Dünən, 23:30 |
![]() Alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşf edən, nüvə kimyasının atası sayılan Otto QanAlmanyada böyük şüşə istehsalçısı və ticarətçisi Henrix Qanın ailəsində Frankfurtda anadan olmuşdur (1879-cu ilin martın 8-də). Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir. O, Frankfurtda orta məktəbi bitirdikdən sonra Marburq universitetində kimya və mineralogiyanı, ikinci dərəcəli fənlər kimi isə fizika və fəlsəfəni də öyrənmişdir (1897). Bir neçə ildən sonra Otto Qan Münhen universitetində Adolf fon Bayerin yanında təhsilini davam etdirmişir (1899-1900). O, professor T. Sinkin yanında üzvi kimya üzrə “Bromlu izoevqenol törəmələri haqqında” adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır (1901). Bir illik hərbi xidmətdən sonra gənc kimyaçı Qan iki il elmi rəhbəri professor Teodor Sinkin yanında mühazirə assistenti kimi elmi-pedaqoji fəaliyyətə başlayır (1902). Otto Qanı Nobel mükafatına aparan yol tam təsadüf nəticəsində onun qarşısında açılmışdır. Belə ki, radiokimya sahəsində işlərə o, bu və ya digər dərəcədə təsadüfən başlayır. Kimya firmalarından birinin direktoru Ottonun elmi rəhbəri professor Sinkə müraciət edir ki, lazım gəldikdə xaricə göndərmək üçün bir gənc kimyaçı təklif etsin. Uyğun olaraq axtarılan namizəd ən azı xarici dillərdən birini bilməli və təkmilləşmə üçün təxminən yarım il hansısa xarici laboratoriyada işləməli idi. Professor Sink Otto Qanı təklif edir və kömək edir ki, London Universitet kollecində, dövrünün əlçatmaz zirvəsi hesab edilən kimyaçı alim Uilyam Ramzay öz laboratoriyasına onu qəbul etsin. Uilyam Ramzay Otto Qana radioaktiv elementlər kimyası sahəsində işləməyi təklif edir və o bununla razılaşır. Bununla belə Otto Qan etiraf edir ki, radioaktiv elementlər haqqında heç nə bilmir. İlk tapşırıq barium xlorid nümunəsindən radiumun ayrılması olur. Ramzayın fikrincə nümunədə 10 mq radium olmalı idi. Amma, Ramzayın Qana verdiyi barium duru uran mineralından yox, uran və toriuma malik mineraldan alınmışdı. Bu duzu ayırarkən Otto Qan müəyyən edir ki, onun tərkibində radiumdan əlavə olaraq yeni radioaktiv maddə də var (sonralar toriumun izotopu 228Th olduğu müəyyən edilmişdir). O vaxtlar izotop anlayışı mövcud olmadığından Otto Qan, bu maddəni radiotorium adlandırmışdır. Bu ilk uğurdan sonra Qan radiokimya ilə maraqlanır və bu yeni, maraqlı sahədə əsaslı biliklər və vərdişlər qazanmaq üçün payızında Kanadanın Monreal şəhərinə gedir (1905). Burada o dövrdə artıq məşhur olan Ernest Rezerford işləyirdi. Bir il sonra yayda Otto Qan Almaniyaya qayıdır və Berlin universitetində Emil Fişerin əməkdaşı olur (1906). O, Berlin universitetində professor işləmək hüququ əldə edir (1907). Burada ona olduqca primitiv avadanlıqları olan laboratoriya verilir. Primitiv avadanlıqları olmasına baxmayaraq burada Otto Qan torium və radiotorium arasında parçalanmanın aralıq məhsulunu kəşf edir və onu mezotorium adlandırır (sonradan aydın olur ki, bu məhsul iki maddənin qarışığıdır – mezzotorium I (228 Ra) və mezotorium II (228Ac)). Həmçinin orada o, toriumun izotopu 230Tb kəşf edir və onu ionium adlandırır. Mezotoriumun (228 Ra) kəşfi praktiki əhəmiyyətə malik idi, belə ki, onun yarımparçalanma dövrü 512 ildir və bu səbəbdən də toriumdan ayrılmış preparat ən azı 10 il müddətində kifayət qədər aktivliyini saxlay bilir. Bu səbəbdən də eyni aktivliyə malik olan mezotorium əvvəllər tibbdə istifadə olunan radiumdan (226 Ra) iki dəfə ucuz olduğundan uğurla tibb müəssisələrində istifadə olunurdu. Mezotorium I-in kəşfinə görə Adolf fon Bayer ilk dəfə Otto Qanın kimya üzrə Nobel mükafatına namizədliyini irəli sürmüşdü (1922). Otto Qan kayzer Vilhelm adına kimya institunun direktoru olmuşdur (1928-1946). O, görkəmli kimyaçılar Eynşteyn, Haber, Plank, Şlenk və fon Lauenin təklifi ilə Prussiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (1924). Otto Qan radiozotopların kimyada istifadə üsulunu (o cümlədən kristalların yetişdirilməsində və nişanlanmış atomların kimyəvi reaksiyalarda istifadəsini də) işləyib hazırladı və bununla da kimyanın yeni sahəsini - tətbiqi radiokimyanı yaratdı (1920-ci ildən başlayaraq). Tətbiqi radiokimya ümumi və fiziki kimyanın problemlərini həll etmək üçün radioelementlərdən istifadə edir. Onun ingilis dilində “Tətbiqi radiokimya” (“Applied Radiochemistry”) kitabı nəşr olunmuşdur (1936). Həmin kitab bir neçə il sonra rus dilinə tərcümə edilmişdir. Bir neçə ildən sonra Otto Qan və onun əməkdaşları həlledici təcrübəni apararaq radium, barium və mezatoriumu fraksiyalara ayırdılar (1938-ci ilin dekabrın 17-də). Bunun əsasında O. Qan müəyyən etdi ki, uran nüvəsi “partlayır” və daha yüngül elementlər əmələ gəlir. Nüvənin parçalanması belə kəşf olunmuşdur. Qan və Ştrassmanın təcrübələrinin çap olunmuş nəticələri uranın daha yüngül elementlərə parçalanmasının inkar edilməz təsdiqi oldu (1939). Bu kəşfi edən Qan Meytnerə məlumat vermişdir. Meytner öz qohumu Otto Robert Fişer ilə birlikdə ingilis jurnalı “Nature” -də nəzəri fiziki əsaslandırmanı çap etmişdir (1939-cu ilin fevralın 11-də). Bu məqalədə Fris sonralar beynəlxalq qəbul olunan yeni termini - nüvənin parçalanması (“ingiliscə nuclear fission”) elmə daxil edir. Otto Qan və Fris Ştrassmanın nüvənin parçalanmasını kəşf etmələri bəşəriyyət tarixində yeni eranın başlanğıcı oldu. Otto Qan və onun həyat yoldaşı Edit faşizmin əlehdarları idilər. Müharibənin sonunda Qan Tailfingendə (indi Albştadtın nəzdindədir) həbs olunur (1945). O, digər 9 alman fiziki, o cümlədən Maks fon Laue, V.K. Heyzenberq və K.F. fon Vayzekker ilə birlikdə İngiltərəyə Kembric yaxınlığındakı Farm-Xolla gətirilir. Bir il sonra isə alman alimlərinə Almaniyaya qayıtmağa icazə verirlər (1946). 1945-ci ildə İsveç Kral elmlər akademiyası Otto Qanı “ağır atom nüvələrinin parçalanmasının kəşfi üçün” kimya sahəsində Nobel mükafatına layiq görmüşdür (1944). Həmin vaxt Otto Qan İngiltərədə Farm-Xollda həbsdə olduğundan mükafat ona bir il sonar (1946) təqdim olunmuşdur. Ömrünün sonuna qədər o, dünyanı sürətli nüvə silahlanmasının və torpağın radioaktiv çirklənməsinin təhlükəsi olması ilə xəbərdar etmişdir. Müharibədən sonrakı illərdə Otto Han Maks Plank cəmiyyətinə rəhbərlik edir, ona dünyada böyük uğur gətirir. O, bu cəmiyyətə on beş il (1946-1960) rəhbərlik etmişdir. Müharibədən sonra Otto Han nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsi əleyhinə çıxışlara qoşulur və bu hərəkətdə fəal iştirak edir. Qan Maynau qətnaməsinin təşəbbüskarlarından biri olur (1955). Bu qətnamədə o digər Nobel mukafatçıları ilə birlikdə nüvə silahının təhlükəsi haqqında xəbərdarlıq edirlər. Otto Qan 45 akademiyanın və elmi cəmiyyətin üzvü və ya fəxri üzvü seçilmişdi. Həyatı boyu Qan ölkəsinin və beynəlxalq ali mükafatlarına 37 dəfə layiq görülmüşdü. Bu mükafatlar arasında Almaniyanın “Xidmətlərinə görə” ordeni, Fransa Fəxri legionunun zabit adı, Papa Yohan XXIII tərəfindən Romada verilən qızıl medal və digərləri vardır. Otto Qan SSRİ Elmlər Akademiyasının fəxri üzvü seçilsədə (1958) o, bundan imtina etmişdir. Alman jurnalı “Focus” 500 aparıcı təbiət elmləri nümayəndələri, mühəndislər və həkimlər arasında sorğu apararaq (1999) XX əsrin ən əsas tədqiqatçılarını müəyyən etmək istəmiş və sorğunun nəticələrini çap etdirmişdir. Kimyaçı Otto Qan fizik nəzəriyyəçilər Albert Eynşteyn və Maks Plankdan sonra üçüncü yeri tutmuşdur və beləliklə də o, öz dövrünün ən əhəmiyyətli emprik tədqiqatçısı adlandırılmışdır. Onun şərəfinə Almanyada 5 marka pul kəsilmişdi (1979). Otto Qan 90 yaşında Qettingendə vəfat etmişdir (1968-ci ilin iyulun 28-də). Əli Zalov, Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının Geri qayıt |