İngilis biokimyaçısı və fiziki kimyaçısı
Arçer Con Porter Martin Böyük Britaniyada London şəhərində anadan olmuşdur (1910-cu il 1 mart). Martin Kembric universitetində oxumuş (1929-1932), biokimya üzrə bakalavr dərəcəsi (1932), doktor dərəcəsi almış (1936) və bir neçə il həmin universitetdə çalışmışdır (1936-1938). Lidsdə yun sənayesinin tədqiqat assosiasiyasında (1938 -1946), “Buts Pyut Drer” kompaniyasında (1946-1948), Dövlət tibbi tədqiqatlar şurasında çalışmış (1948-1952) və Milli tibbi tədqiqatlar institutunda fiziki kimya bölməsinə rəhbərlik etmişdir (1952-1956). Sonra Milli tibbi tədqiqatlar institutunun fiziki kimya bölməsində kimya üzrə məsləhətçi olmuşdur (1956-1958). Martin Ebbotsbarda sənaye şirkətinin tədqiqat laboratoriyasının direktoru vəzifəsində işləmişdir (1959-1970). Böyük karyeraya malik olan Martin Hollandiyada Eyndxoven texnoloji institutunda (1964-1974), ABŞ-da Hyuston universitetində dərs demişdir (1974-1979).Əsas elmi işləri bioloji əhəmiyyətli birləşmələrin ayrılması və bölünməsi üsullarının işlənib hazırlanmasına həsr olunmuşdur. Hələ Kembric universitetində tələbə olduğu zaman Martin E vitaminin və nikatin turşularının ayrılması üzərində təcrübələr aparmışdır (1934). Sonralar Martinin elmi rəhbəri ona zülal molekullarının əsasını təşkil edən aminturşuların bölünməsi üzərində işləməyi təklif etmişdir. Analiz üçün bu komponentləri çıxara bilən vasitənin yaradılması cəhdi uğurla nəticələnmədi. Martin kalon xromatoqrafiyasına əks axın qovulması prinsipini tətbiq etdi. Bu analitik yanaşma paylayıcı xromatoqrafiya adlandırıldı, çünki, onda xromatoqrafiya texnologiyası istifadə olunsa da, o, həm də aparatda istifadə olunan iki həlledici arasında həll olan maddənin kimyəvi paylanmasından da asılıdır. Martin tədqiqatlar zamanı müəyyən etmişdir ki, sellüloza kalon xromatoqrafiyası üçün yaxşı su uducu mühitdir. Bu kəşf sonralar kağız xromatoqrafiyasının işlənib hazırlanmasına gətirib çıxardı (1944). Bu xromatoqrafiyada daşıyıcı kimi filtr kağızı istifadə olunur. İkiölçülü kağız xromatoqrafiyası yüksək maddi məsrəf və güc sərf etmədən mürəkkəb qarışıqların analizinə imkan verir. Tezliklə kağız xromatoqrafiyası kimyanın müxtəlif sahələrində istifadə edilməyə başladı və zülalların, antibiotiklərin, vaksinlərin, polisaxaridlərin strukturuna və nadir torpaq elementlərinə aid olan əhəmiyyətli kəşflərə imkan verdi. Arçer Con Porter Martin “paylayıcı xromatoqrafiyanın kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür(1952). Bu mükafatı o, Riçard Sinq ilə bölünmüşdür. Martin Ceyms E.T. ilə birlikdə qaz maye xromatoqrafiyası üsulunu işləyib hazırlamışdır (1953). Bu üsul mikroqramlar miqdarında olan yağ turşularının və steroid qarışıqlarının xarakteristikası üçün xüsusilə faydalı olmuşdur. Martinin elm və texnikaya xidmətlərinə görə çoxlu sayda başqa təltifləri də olmuşdur: London Kral Cəmiyyətinin Fello medal (1950), İsveç tibb cəmiyyətinin Berselius medalı (1950), Con Skott medalı (1958) (Con Skott medalı 1822-ci ildən bəri verilən elmi və texnoloji nailiyyətlərə görə mükafatdır. Laureatlar hazırda Filadelfiya Şəhər Şurası tərəfindən müxtəlif şəhər təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından seçilir. 1836-1919-cu illərdə namizədlər Franklin İnstitutu (Filadelfiya, Pensilvaniya, ABŞ) tərəfindən təklif edilirdi. Mükafata mis medal, sertifikat və pul mükafatı daxildir. İndiyə qədər onun laureatları tanınmış elm adamları, o cümlədən 38 Nobel mükafatçısı olub), Con Prays Veterilla medalı (1959), Franklin institutunun Franklin medalı (1960) və Leverxalm medalı (1963) (Leverxalm medalı London Kral Cəmiyyəti tərəfindən verilir. Medal 1960-cı ildə təsis edilib və hər üç ildən bir kimya və ya mühəndislik sahəsində nailiyyətlərə görə verilir. Qızıl medalla 2000 funt sterlinq pul mükafatı da verilir). Arçer Con Porter Martin Böyük Britaniyada Lingarron şəhərində 92 yaşında vəfat etmişdir (2002-ci il iyulun 28-də).
Əli Zalov Kimya elmləri doktoru, professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri
Geri qayıt
|