Əsas Səhifə > Redaktor seçimi > QIRMIZI QOFTALI, YAŞIL TUMANLI...

QIRMIZI QOFTALI, YAŞIL TUMANLI...


16-10-2018, 13:30
      Mədinəni ilk dəfə 2013-cü il prezident seçkiləri zamanı müsahibə götürdüyümüz seçki dairəsində tanımışam. Oturduğu yerdən mənə baxıb-baxıb, səndə keçmiş arzularımı görürəm dedi. Heç nə başa düşmədiyimi hiss edib, təbəssümünü yubatmadı: mən də jurnalist olacaqdım, atam müəllim olmağımı istədi və mən müəllim oldum. İndi elə bildim keçmiş arzum kimi gəlib qarşımda dayanmısan- dedi.
   ... Mən onun qarşısından çəklilib evimə getdim. Amma neçə müddət sonra o yenə qarşımda dayanmışdı, bu dəfə önümüzü sadəcə bir kompüter monitoru kəsmişdi. Müəllimin haqqında yazdığın yazını oxuyub ağlamışam. Tanımıram o adamı. Amma çox təsirlənmişəm. Səni bir daha sevdim- deyəndə, anladım ki, bu qız kimdirsə, görünür, aramızdakı məsafə heç bir monitorluq da deyil.
   Yazımı oxuyub təsirlənən bu qızın kimliyi barədə xeyli düşünsəm də, onu xatırlaya bilmirdim. O isə məni unutmamışdı. Hər zaman belə olub- məni xatırlanmaqdan ziyadə unudulmamaq kədərləndirib və həm də sevindirib. Birinin səni xatırlamağı ilə birinin səni unutmaması arasında incə bir döngə var. Bax, mən Mədinəylə həmin döngədə tanış oldum.
     İlk dəfə idi birinin məni tapmasına bu qədər sevinirdim. Çünki məni Xanın mahnısındakı qırmızı qoftalı, yaşıl tumanlı qız tapmışdı. Hiss edirdim ki, Şuşanın dərdindən ölməyə gümanlısı da məhz onun özüdür.
  Şuşanın dərdindən ölməyə çoxdur gümanlısı, amma Mədinə Şuşanın dərdindən bir başqa ölür. Belə ki... adam ona qoşulub heç görmədiyi, ayağı belə dəymədiyi bir yurdun dərdindən ölmək istəyir.
     Bir musiqi onu kədərləndiribsə, bir şeir onu silkələyibsə, bir yağış damcısı üzünə şeh, bir fikir başına “duman” salıbsa, bunları mütləq mənə söyləməlidi.  Elə bil uşaqdı. Uşaq gəlinciyinin qolunu, ayağını itirəndə, “ana, bax, gəlinciyimin qolunu itirmişəm e” deyib  anasının üstünə qaçdığı kimi, Mədinə də bu gün başımı yaman itirmişəm- deyib üstümə yüyürür. Mədinə tez-tez başını itirən adamdı. Elə bil hər yerdə özünü axtarır, amma heç yerdə tapa bilmir. Elə bil o hər yerdə var, amma heç yerdə yoxdu.
     Bugünlərdə yenə “başını itirmişdi”. Hardasa tanış sətirləri gözümə sataşdı. Yazmışdı, “Füzuliyə gedən yoldayam... Səmaya, havaya, torpağa baxıb qəhərlənirəm. Bu yol bizi Şuşadan gətirdi. Bu yol məndən qardaşımı alıb apardı. İndi həm də ona çatmaq üçün bu yolu keçmək istəyirəm. Astaca pıçıldayıram, deyirəm, bəlkə heç dayanmayaq, birbaşa sürüb gedək Şuşaya sarı. Yoldaşım deyir, görəcəksən, bu yolu Şuşaya sürəcəyik. Ürəyimdən keçdi soruşum ki, nə zaman? Amma soruşmadım. Bircə kəlmə dedim ki, sür, bu yolla gedək. Teleqüllənin yanında saxlayarsan, düşüb evimizə ayaqyalın qaçacam...”

     ...Bu sətirləri oxuyandan sonra nəsə içimdən keçdi, gedib Mədinənin qarşısında dayanıb, soruşum ki: o gün Şuşaya ayaqyalın qaçırdın, noldu o işin axırı?

-Qaçammadım... İməklədim, qaldı qaçmağım.

-Bəlkə də çoxdan çatmısan, xəbərin yoxdu- nə bilmək olar.

-Hə, arada mən də özümdən şübhələnirəm...

-Bəlkə heç ordan çıxmamısan, əminsən ki, özünü gətirmişdin? Bəlkə özünü qoyub gəlmisən...

-Heç nədən əmin deyiləm, Təriş, heç nədən.

-Bax elə yer var ki, orda özündən əmin olmamağın özü də yaxşı haldı. Məhz burdakı kimi... Çünki bu əminolmayış işarə verir ki, ola bilsin sən hələ də Şuşadasan. Məsələn, nədən əmin olmaq istərdin?

-Səmimi deyim, Təriş?

-Əlbəttə!

- İnsanların sevgisindən əmin olmaq istərdim- təmənnasız sevgisindən.

-Yaxşı, onda de görüm, insanların hansı vaxtı üçün darıxırsan? İnsanlığın da ola bilər...

-Səmimi olduqları zaman üçün... Onda insanlar məhz özləri kimi idilər. başqaları kimi yox. İndiysə görürəm ki, adamlar heç özlərinə də səmimi deyillər, özlərini belə aldadırlar.

-Adamların Şuşa vaxtı yadındadı?

-Yadımdadı. Hamı özünü xan hesab edirdi. Hamı özünü bəy kimi aparırdı.
Odur ki, kimsə dilinə yalan söz gətirməzdi. Axı xanın yalan danışmaq nəyinə lazım?

-Nə gözəl adamlarmış. Onda mənə şuşalı adamlardan danış- Şuşa adamlardan...

-Nədir, yenə məni ağlatmaq fikrin var?

-Yox, sadəcə səni dinləmək xoşuma gəlir. İçinə qədər görə bildiyim adamları sevirəm. Sən də onlardansan, qəti gizlənə bilmirsən. Allah bilir uşaq vaxtı gizlənqaç oynayanda da həmişə birinci sən yaxalanırsnamış. 

-Düz deyirsən, gizlənə bilsəm, birinci bu yurd-yuvasızlıqdan qaçıb gizlənərdim. Heç nə yox, biz elə o torpaqda, o şəhərdə yaşadığımız üçün xan idik. Bir dəfə universitetdə müəllimə irad bildirdim ki, bizə qaçqın deməyin, cənnəti görüb gələnlər deyin.
    Cənnəti görən adamlar hara getsələr, razı qalmayacaqlar axı. Biz burdakı şəraitimizdən narazı deyilik, sadəcə cənnəti görmüşük deyə, heç yerə doğmalaşa bilmirik. Şuşalılar bu dünyanın adamları deyildilər, Təriş. Cənnət adamlar idi. Ora başqa dünya idi. Münasibətlər başqa. Orda musiqi də başqa cür çalınırdı, şeir də başqa cür səslənirdi. Adamlar deyirəm e sənə. O qədər mədəni və sakit idilər ki... Mənim babam Qarabağda ilk fizik olub- Rüstəm Zeynalov. Çox ziyalı biri imiş. Anam ondan danışanda hər dəfə ona yenidən heyran oluram. Anam deyir o, ölənədək nənəmə Ağca müəllimə deyə müraciət etdi. Biz onun hündürdən danışdığını eşitmədik. Nənəm burda rəhmətə getdi, hüzr yerinə bir məktəb direktoru gəlmişdi. Deyir, 40 ilə yaxın onu tanıdım, bircə dəfə səsini eşitmədim. Nənən adama salamı da pıçıltı ilə verirdi. Anama dedim, elə kişinin belə xanımı olar də. Və təsəvvür et ki, elə müəllimiin şagirdləri necə olar? Mən də onun şagirdi olmuşam.
Şuşa məhz o torpaq idi ki, nə qədər belə alicənab kişilər, qadınlar yetirmişdi.  Ora cənnətin özü idi.  Əgər bir gün cənnətə gedəcəmsə, Tanrıya yalvarmışam, məni elə Şuşaya salsın.

-Şuşa sənin içindədi də, mən həmişə sənin içindən Şuşaya boylanıram. Şuşa səndən elə gözəl görünür ki. Başımı qatma, de görüm, məni nə vaxt Şuşaya aparırsan? O gün Şuşaya tək qaçırdın e, elə bilmə görmədim. 

-Təriş, nə vaxt Şuşaya gedə bilsəm, sən də yanımda olacaqsan. Çünki gözəlliyi və sevgini anlayan dostlarımı da özümə yoldaş etmək xoşbəxtliyini də yaşamaq istəyirəm. Burda qazandığım dostlarımı aparıb Şuşaya göstərmək üçün elə səbirsizlənirəm ki... Qoy Şuşa görsün ki, tək mən deyiləm, nə qədər dərdindən öləni var. 

-Hə, bəxtəvər Şuşanın başına... 
   
        ...Səhər Mədinənin səksəkəli mesajı məni yuxudan oyatdı. Yazıb ki, “Təriş, sənin əlin mənə düşərli oldu. Dünən səndən sonra mənə Şuşadakı evimizin şəklini göndərdilər. Gecə saat 1idi. Təsəvvür et də, 26 il sonra evini görən adam hansı hissləri keçirər. Dözə bilməyib, tez atamgili də oyatdım. İnan, evimizə baxıb o qədər ağlamışam ki... Oğlum deyir, ana, adam da evdən ötrü belə ağlayar? Uşaq nə bilsin ki, o, sadəcə bir ev deyil axı, həm də mənim qırılıb-qalan həyatımın bir parçasıdı. O evdə qala bilsəydik, indi tamam başqa həyatı yaşayırdıq. Sənə də göndərəcəm o şəkli, baxarsan...”

      ...Demişdim axı, Mədinənin ayağına daş da dəysə, məni axtarıb tapmalıdı, o ki qala “qırmızı papaqlı” evini tapa...
      Mütləq göndər, gözləyirəm-dedim. Bir neçə dəqiqə sonra Şuşa qarşımdan dünya gözəli bir rəsm əsəri kimi asılıb. Bələdçim də Mədinədir. Deyir, bax, binalardan o tərəfə 2 həyət evi var- biri qırmızı damlıdı. O, bizim evimizdir. Həyətində böyük armud ağacı var. Evimizin hər tərəfi alma bağı, ağaclıq idi. İndi baxıram, ağaclar və o bağ yoxdur səhralığa döndəriblər. Ağaclar da arzularım kimi quruyub kökündən belini əyib.
      Mədinə danışdıqca, düşünürəm ki, evlərinin qırmızı damlı olmağı lap təsirli oldu. Elə bil ürəklərinə damıbmış ki, bir gün evlərini itirəcəklər, evlərinin damını qırmızıya boyayıblarmış ki, evlərini milyon evin içindən rahatlıqla tapsınlar-əl boyda bir fotoda belə. Anlayıram ki, əli, ünü çatmayan o ev indi sahibinə ovuc içi qədər xoşbəxtlik kimi görünür...
     Yadıma bir nəğmə düşdü. Bilirsinizin də hansı nəğmə? Orda-uzaqda bir ev köy var, getməsək də, görməsək də, o köy bizim köyümüzdür. Bax, bu rəsm elə bil o nəğmənin fotosudur -o köy bizim köyümüzdür. Siz fotodakını başa düşdünüz, amma mən həm də Mədinənin içindəki kəndi deyirdim.
         
     Mədinə üç oğul anasıdır. Deyir,  həyatımdakı 4 kişi mənim ömrümü oğurlamaqla məşğuldu. Elə hey sevincimi, istirahətimi, sağlığımı onlara verirəm, onlar da arsızca alıb çeynəyirlər. Amma narazı deyiləm. Elə həvəslə gözləyirəm ki, bir gün oğullarımı əsgər yola salacam. Bax, onda oturub oğlumun Şuşa sevinci, Şuşa sorağıyla evimizə dönəcəyini gözləyəcəm. Mən Azərbaycan əsgərinə güvənirəm. İnanıram ki, Azərbaycan əsgərinin səsi gec-tez Şuşadan gələcək. İnanıram ki, əsgər oğlum bir gün mənə Şuşadakı evimizdə çəkilmiş fotosunu göndərəcək, gecənin bir yarısı yenə evdəkiləri sevinclə oyadacam. Amma bu dəfə fotoya baxmaq üçün yox, yola düşmək üçün. Mən evimə tələsəmirəm, mən bizi gözləyən bir yurda tələsirəm. Bir gün ora ayaqyalın qaçacam. Məhz Şuşa bizi gözləyir deyə...
    ...Çünki o, Şuşanın tabor komandiri Fəxrəddin Səfərovun pərvanəsidir. Fəxrəddin Səfərov kimi Vətən oğlunun ocağında böyümüş qızın burdan Şuşaya ayaqyalın qaçacağına kim inanmırsa, əlini qaldırsın. Şəxsən mən inanmaya bilmərəm. Axı o, Şuşanın Mədinəsidi... 

İmza: Təranə Əlizadə
   

Geri qayıt