Əsas Səhifə > Redaktor seçimi > Nə ömrə acıyır, nə yaşa dünya...

Nə ömrə acıyır, nə yaşa dünya...


23-10-2018, 15:12

Dağların ölməyən ruhu... 

     Avtomatın darağındakı sonuncu güllə... Bu güllə bəzən igidin, mərdin öz ürəyinə də saplana bilər.
Bu günlərdə vəfat etmiş İlham Rza oğlu Əşrəfovun fotosu qarşımda dayanıb. İnsan həyatında ən çətin hallardan biri də odur ki, itirdiyin sənə doğma, dost bir insanın şəkli ilə üzbəüz qalasan. Bu şəkil danışmalıdır ki, duyğulanasan, qələmin də qəlbin kimi işləyə bilə. Hürufilər əbəs yerə demirlər ki, insanın üzü bir kitabədir. O kitabədə insanın həyatı, ömür yolu, onun xarakteri, dünyagörüşü, cismani və daxili əzəməti həkk olunmasa, danışmağa dilimiz də gəlməz. Həqiqətən də, İlhamın fotosuna baxıb, işıqlı bir sima, həyatı ləyaqətlə başa vurmuş bir insanın baxışları ilə söhbətləşirəm.
İlham Əşrəfov Şuşada doğulmuşdu. Bu dağlar qalasında, dağlar şəhərində sayılıb-seçilən, hörmətli, ziyalı bir ailənin övladı olub. O, təkcə Şuşada yox, elə Dağlıq Qarabağın bir çox yerlərində ehtiramla qarşılanan tanınmış bir nəslin davamçısı idi. Çox nəcib keyfiyyətlərə malik olan İlham qonşuları, dostları arasında səmimiliyi, vətənpərvərliyilə seçilir, özündən böyüklərə hər zaman hörmət, kiçiklərə isə qayğı ilə yanaşmağı bacarırdı.
Respublikanın bir vaxtlar ən nüfuzlu, ən dəbdə olan ali məktəblərindən birini — Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə kredit” şöbəsinə daxil olmuşdu. Və o illərdə də İlhamın qabiliyyətini, savadını, təşkilatçılıq bacarığını qiymətləndirib məsul bir sahəyə rəhbər təyin etmişdilər... Qarabağın işğalından sonra o neçə il dövlət vergi müfəttişi kimi daha bir məsul vəzifənin öhdəsindən də uğurla gəlmişdi.
İlhamın həyatının ən mühüm bir parçası isə müharbə ilə bağlıdır. amansız müharibə — Qarabağ uğrunda savaş başlayanda, İlham dözmür, əlinə silah götürüb, ana torpaq uğrunda qəsbkarlarla döyüşə başlayır. Gecə-gündüz səngərdə keşik çəkir, düşmənin amansız hücumlarını dəf etməkdə bir vətəndaş inadı, bir vətəndaş mübarizliyi göstərir. Şuşada Könüllü özünümüdafiə dəstəsinin komandiri olur. Döyüş yoldaşları onun haqqında təəssüratlarını fəxarət hissilə bölüşürlər. Deyirlər ki, İlham təhlükənin üzərinə getməkdən heç vaxt çəkinmirdi. Düşmənin törətdiyi vəhşiliklərə qarşı intiqam hissini heç kəsdən gizlətmirdi.
Təbiətindəki şairanəlik, yurda, torpağa həssas münasibət, insanları, həyatı sevmək hissi İlhamı həm yaşından cavan saxlayır, həm də ona müdrik bir görkəm verirdi. Toylarda, el şənliklərində yurd, Vətən mövzulu şeirlərə diqqət kəsilər, hər zaman təəssüf hissilə “Bircə o yerlərə qayıtsaydıq”, deyirdi.
Nə edəsən ki, arzular, istəklər həmişə çin olmur. Elə nağıllar, elə hekayətlər var ki, eynən İlhamın həyatına bənzəyir. Canı qədər sevdiyi Şuşaya qayıtmamaq, Qarabağın hər düzündə, hər yamacında qoyub-gəldiyi uşaqlıq, gənclik xatirələrinə qovuşa bilməmək onu zaman-zaman üzür, ömrünü gödəldirdi. Birmənalı şəkildə deyə bilərəm ki, İlhamı həyatla vidalaşdıran torpaqlarımızın işğalıyla barışa bilməməsi, şəhidlərimizin intiqamını vaxtında ala bilməməyimiz, gözəlliklər diyarımız Qarabağın hələ də erməni işğalı altında qalması oldu. Doğma Qarabağına, Şuşasına qovuşmadan 66 yaşında vəfat etdi köhnə döyüşçü — hər zaman ruhu təzə-tər olan İlham.
Son anlarında da cəsurluğu, mərdliyi ifadə edən cizgiləri simasından silinmədi. O, qorxaq insan deyildi. Görünür, ölüm xofu da onu sındıra bilmədi. Həyatla vidalaşarkən, daxili əzəmətini qoruyub-saxlayan insanlar bu hərəkətlərilə də onu seyr edənlərin qəlbində özləri haqqında yeni bir əsər yazmış olurlar. Ki onun hər səhifəsindən həyata vurğun bir insanın işıqlı portreti boylanır. Elə mən də bu yazını qələmə alarkən qəlbimdə onu əbədiləşdirən təəssüratalrımı bir kənara qoyaraq fotosuna baxıb yazdım. İnsan özü bir kitabədir — demişlər. O insan xoşbəxtdir ki, o insan ömrə, həyata uduzmayıb ki, onun üz kitabəsi hər kəsə nümunə, örnək olur.
Dağların ölməyən ruhu İlhamın dəyərli ailəsi, övladları var. Onun vaxtsız ölümünə hamımız acıdıq, amma təsəlli yerimiz də olmamış deyil. Bilirəm ki, övladları qəhrəmanı İlham olan bir həyat hekayətinin davamını uğurla yazıb başa gətirəcəklər. Vaxt gələcək, onlar Şuşada, Gəlinqayada, Cıdır düzündə, Topxanada atalarının adını şərəflə, misilsiz bir fəxarət hissiylə çəkməklə öyünəcəklər. Qeyrətli kişinin ocağı həmişə yanar, işığı heç vaxt sönməz...
Yadınızdadırsa, düşüncələrimin əvvəlində bir cümlə işlətmişdim — avtomatın darağındakı sonuncu güllə. Bu ifadə təkcə fiziki mənada başa düşülməməlidir. Bu, həm də bir mənəviyyat məsələsidir. Sonuncu güllə kişinin ehtiyatda saxladığı axırıncı qeyrət yumruğudur. Bəzən bu zərbə igidin öz başına enir. İlhamın da sonuncu gülləsi öz içərisində boğa bilmədiyi qeyrəti idi. Vətən ayrılığına, az qala, 30 ilə yaxın bir həsrətə dözə bilməmək onu yıxdı. Amma hələ bir ehtiyat da qalır. Bu, məsləkdir. İlhamın məsləki bu günün — Azərbaycan gəncliyinin, torpağımızın hər qarışı uğrunda canını fəda etməyə hazır olan soydaşlarımızın məsləkidir. Qeyrəti olanın məsləki də olur. Nə vaxt İlhamı xatırlasaq, bu iki məfhum da dilimizin ucunda olacaq— qeyrət və məslək...
İmza: Əli Mahmud

Geri qayıt