Əsas Səhifə > Sosial > "Peşə Reabilitasiya Mərkəzi" adlı insan məktəbi

"Peşə Reabilitasiya Mərkəzi" adlı insan məktəbi


19-09-2018, 16:38
Orda qaranlıq zirzəmidən işığa çıxış var

Bu günə qədər almazın dəyərindən, gözəlliyindən və parlaqlığından çox danışılsa da, bağrından çıxdığı bərəkətli torpağa, müasir emalatxanaya və qızıl əllərə, yəni zərgərlərə diqqət yetirilmir, onlardan danışılmır.
Necə ki bütün şeirlər, mahnılar - bir sözlə, poeziya yağışa həsr olunar, amma yağışı bətnində böyüdən, şimşək sancıları ilə doğub yağışa da, aləmə də can verən buluddan heç söz açılmaz. Bu gün mən sizə əsərdən yox, əsəri var edənlərdən danışacağam.
İlk dəfə 2014-cü ildə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldim. Lazımsız əşya kimi cəmiyyətin zirzəmisinə atılmış və toz basmış insanlardan cürbəcür qiymətli daşlar yaradan bu emalatxana məni də cəmiyyətin qaranlıq zirzəmisindən çıxarıb işığa qovuşdurdu. Mərkəzin direktoru Rəhilə xanımın nəzarətində və müəllimlərin əllərində dəyər qazanmağa, parıldamağa başladım. İlk zərgərim kompüter müəllimi Fazilə xanım oldu. O, mənə kompüterdə səsli proqramla yanaşı, brail əlifbası və 3-cü sinifdən bəri unutduğum orfoqrafiyanı da yenidən öyrətdi. Qeyd edim ki, səsli proqram, brail tədrisi müəllimin ixtisası deyil və görmə məhdudiyyətli biri ilə ilk dəfə çalışırdı. Buna baxmayaraq bir zərgər dəqiqliyi ilə gözləri qamaşdıran almaz var etdi.  
Bir başqa zərgərim isə toxuma müəllimi Zemfira xanım oldu.
O, mənə yalnız muncuqdan gül toxumaq öyrətmədi. Həm də səbri, təmkini, sükunəti öyrətdi və ən əsası, mənə rənglərin mənasını yenidən qazandırdı.
Digər müəllimlərdən və işçilərdən də az şey öyrənməmişəm.
Ümumiyyətlə, "Peşə Reabilitasiya Mərkəzi" adlı insan məktəbində fədakarlıq, təmənnasız sevgi öyrənmiş və böyük təcrübə, möhkəm dostluqlar qazanmışam.
Bu mərkəzdəki birinci dövr həyatımda bir era rolu oynadı desəm, yerinə düşər. Çünki 27 ildə edə bilmədiklərimi bu mərkəzdən sonra etməyə başlamışam. Yeni erada könüllü fəaliyyətlər, sosial layihələr, təlimlər və ən önəmlisi, yarımçıq qalmış təhsilimi tamamlamaq üçün ciddi addımlarım oldu.
Qeyd edim ki, Rəhilə xanımın yönləndirməsi ilə ilk olaraq 2015-ci ildə eksternat qaydada 9-cu sinif buraxılış imtahanlarında iştirak edib şəhadətnamə aldım və gözdən əlillərin qiyabi gecə məktəbinə daxil oldum.
Bu ilin əvvəlində Rəhilə xanımın dəvəti ilə həyatımda ikinci Peşə Reabilitasiya dövrü, yəni inqilab dövrü başladı. Direktorumuz, mərkəzə Bakı Dövlət Universitetindən təcrübə üçün tələbələrin gələcəyini və onların köməyindən istifadə edərək universitetə hazırlaşmağımı tövsiyə etdi. Bu dəyərli tövsiyə bir inqilabın rüşeymi oldu. Sosial Elmi Psixologiya fakültəsinin tələbələri olan gənclərdən üçü məni hazırlaşdıra biləcəyini bildirdi.
Bununla da yeni zərgərlərimin əlində gərgin keçən düz 4 ay başladı. İcazənizlə, gözəl zərgərlərimi sizə tanıtmaq istəyirəm.
Onlardan biri Azərbaycan dili və ədəbiyyat fənnindən məni hazırlaşdıran və sinif rəhbərim hesab etdiyim Aynurə Əliyevadır. Bu fədakar insan mənə dərs keçmək üçün həftənin beş günü mərkəzə gəlir, günün 5-6 saatını mənimlə məşğul olurdu. Həftə sonları isə telefonda dərs hazırlaşdırırdı.
İnanın, görməyən birinə dərs çalışdırmaq savaddan, təcrübədən çox, həm də qat-qat artıq səbir tələb edir. Aynurənin və haqlarında danışacağım xanımların səbri, dəyanəti məni sadəcə heyran qoydu. Nəzərinizə çatdırım ki, bu tələbə qız dörd ay müddətində Azərbaycan dili və ədəbiyyat fənlərini mənə geniş şəkildə öyrədərək və tam təkrarını başa çatdıraraq bir imkansızı bacardı. Peyğəmbərimiz buyurub: "Mənə bir hərf öyrədənin qırx il qulu olaram". Bu gənc xanım isə mənə nəinki bir hərf, ana dilimi öyrətdi.
Digər zərgərim tarix müəlliməm Aysel Əhmədovadır. Aysel xanım özü iki dil kursuna qatılmağına baxmayaraq, mənimlə çox ciddi tərzdə məşğul olurdu. Zəngin tərkibi olan tarix dərsini dörd aya təkrarı ilə keçən və xüsusən, 11-ci sinif Azərbaycan tarixi dərsini bir həftəyə öyrədən bu gənc xanımın adı, məncə, tarixə qızıl hərflərlə yazılmalıdır.
Əziyyətimi çəkənlərdən biri də Əsli Xəlilovadır. Əvvəla, məlumat üçün deyim ki, görmə məhdudiyyəti olan insan üçün riyaziyyat, öyrənilməsi ən çətin fəndir. Buna baxmayaraq, Əsli xanım məni layiqincə çalışdırdı.
Özün magistraturaya hazırlaşdığım bir vaxtda görməyən birisinə telefon vasitəsi ilə riyaziyyat dərsi keçmək, həm də professional şəkildə... Mən, sadəcə, riyaziyyat üzrə Nobel mükafatını bu gənc xanımın almalı olduğunu düşünürəm. Etiraf edim ki, dərslərimi yaxşı çalışmadığım vaxtlarda sərt şəkildə danlanırdım. Bu, təbii ki, kişilik qüruruma ağır gəlirdi.
Lakin ağlım qızcığazlar tərəfindən deyil, peşəkar müəllimlər tərəfindən danlandığımı və bunun mənim xeyrim üçün edildiyini qəbul edirdi.
Demək istədiyim, biz bu dörd ayı fiziki və əqli imkanlarımızın fövqündə çalışdıq. Nəticə etibarı ilə 428 bal toplayaraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Belə bir deyim var: hər güclü kişinin arxasında bir qadın durur. Mən isə o kişilərdən altı qat daha güclü olduğumu düşünürəm.
Diqqətli oxucular başda qeyd etdiyim emalatxana, yəni Peşə Reabilitasiya Mərkəzindən, zərgərlər - yəni müəllimlərimdən danışdığımı, ancaq torpaqdan söhbət açmadığımı duydu. Torpaq mənim ailəmdir. Almazın dəyərindən, bağrından çıxdığı torpağın bərəkətini anlamaq olar. Məncə, xüsusi bəhs etməyə ehtiyac yoxdur. Sonda oxuculardan bir xahişim var. "Mən" ilə başlayan heç bir uğur piarına inanmayın. Çünki uğur zirvəsinə tək qalxmaq, demək olar ki, mümkün deyil.

İmza: Xanoğlan Sadiq
Geri qayıt