Əsas Səhifə > Təəssürat > Ağdam ağsaqqalları - Sonu ümidlə bitən kitablar...

Ağdam ağsaqqalları - Sonu ümidlə bitən kitablar...


6-03-2019, 13:36

      

       El ağsaqqalı, dəyərli insan Səlim Köçəri oğlu Əzimovu gənclik illərindən tanıyıram. Bakı Dövlət Universitetini bitirib Ağdamda işləyirdim. Rayon Kooperativlər İttifaqında Ticarət Şöbə müdiri işləyəndə rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak edirdim. Hələ o vaxtlar Səlim müəllimi rayonda bəlkə də hamı tanıyırdı. Onun rayonda keçirilən tədbirlərdə, Raykomun büro iclaslarında, müəllimlərin Avqust müşavirəsində və s. etdiyi çıxışları çox yığcam və maraqlı olurdu. Hər kəs onu həvəslə dinlərdi. Rəhmətlik böyük qardaşım Talış müəllimlə Səlim barəsində söhbət edəndə ona yaxşı bələd olduğunu deyərdi. Bir sözlə, Səlim müəllim qəlbimdə dərin iz buraxmışdı. Keçən ilin yayında “Bilgəh” sanatoriyasında müalicə olunarkən istirahət saatlarında həyətdə oturardıq, təmiz, geniş, hər tərəfi yaşıllıqlarla örtülmüş bağda gəzərkən yenidən Səlim müəllimə rast gəldim. 25 ildən çox idi ki, görüşmürdük. O məni, mən də onu yaxşı tanıyırdım. Sanatoriyada bir neçə ağdamlı İslam kişi, rayon ziyalılarının yaxından tanıdığı Bəbir müəllim, Seyid Kamran və başqa ağdamlılar, digər bölgələrdən olan dostlar var idi. Səlim müəllimlə görüşdük, öpüşdük. Səlim müəllimin şirin söhbətlərinə qulaq asdıqca elə bildim yenidən o doğma diyardayam, oraları ziyarət edib yenidən Bakıya qayıtmışam.
      Qarabağın sevilib-seçilən, bərəkətli guşəsi Ağdamdan- Ağdamın Novruzlu kəndindəndir Səlim müəllim. Həmin kəndin əsl tanınan ziyalısı, istedadlı, savadlı müəllim, bütün bilik və bacarığını dərs dediyi şagirdlərə həsr edir, onlara həm də həyat dərsi verir...
      Vaxtilə onun şagirdi olmuş, hazırda öz ixtisası üzrə işləyən müəllimlər, alimlər, həkimlər, elmlər doktorları və s. Səlim müəllimi indi də unutmur, onunla vaxtaşırı görüşürlər.
   Müəllimin “Müəllimin ömrü”, “Kamillik zirvəsi”, “Yurd yeri”, “Həyat hekayələri”, “Ömür deyir yaşa hələ”, “Ağdama gedən yol”, “Ömrün işığı, “Ömür keçir-gün keçir”, “Xatirələrdə yaşayan ömür” adlı oxunaqlı kitabları dost-tanışlarının şəxsi kitabxanasını bəzəyir, mənəvi yaddaşımıza işıq salır.
     Görünür, elə bu işığa görədir ki, Səlim müəllimin bütün kitablarının sonu bu ümidlə qurtarır: ”Ağdamda görüşmək arzusuyla...”
     Allah səni arzuna çatdırsın, Səlim müəllim!
    Səlim Əzimovun saysız-hesabsız təltifləri, onlarla məqaləsi, müxtəlif fəxri fərmanları da var. Eyni zamanda Respublika Ağsaqqallar Şurasının üzvü, “Qızıl qələm” laureatı, Respublikanın əməkdar müəllimidir.
    “Ağdama gedən yol” kitabın hər zaman masamın üstündədir, hörmətli Səlim müəllim! Götür o üçrəngli bayrağımızı, gedək Ağdama, Şuşaya, Laçına, bizi gözləyən yaralı torpaqlarımıza. Gedək Şırlana- Saxsı bulağa. Topxananı gəzək, keçək Turşsuya, Dəlidağa, İstisuya, Kəlbəcərə... Həmin yerlərə qarış-qarış sancaq bayrağımızı, himnimizi misra-misra dərələrin-dağların qulağına səsləndirək. O yerlər çoxdandır gözləyir bizi.
   Gedək, gedək Ağdama, Səlim müəllim. Mən arxayınam, ümidvaram. Siz də arxayın olun. Çünki müasir Azərbaycanın qüdrətli və iradəli ordusu, Azərbaycanımızın isə ağıllı və müdrik başçısı var.
  

Xuduş Ağdamlı,
Əmək veteranı, şəhid atası

Geri qayıt