Əsas Səhifə > Manşet > Qədim xalq sənətinə məhəbbət
Qədim xalq sənətinə məhəbbət28-10-2019, 16:28 |
Hələ min il əvvəllər Azərbaycanda təşəkkül tapmış xalq sənətkarlığının bir növü olan həsir toxuma cənub bölgəsində böyük həvəslə görülür. Həsir toxumaqla indinin özündə Masallı, Lənkəran, Astara camaatı daha çox məşğul olur. Buda əsasən adlarını çəkdiyim rayonların iqliminin rütubətli olması ilə bağlıdır. Döşəməyə sərilən həsir evin rütubətini özünə çəkir. Hətta qədim zamanlarda bu yerin əhalisi həm də həsirdən sərinkeş, soyuducu, eləcə də çəltik qurutmaqda istifadə etmişlər. Bir müddət həsir toxumaqla kollektiv şəkildə məşğul olunurdu. Son illər bu xalq sənətini evlərdə yaşadırlar. Bəzi ailələrin gündəlik qazancı məhz həsir toxumaqdan çıxır. Həsir toxumaq mövsümü əsasən payızdır. Yaz, yay aylarında həsirdən ötrü qamış toplanır. Həsirin ölçüsü fərqli olduğu kimi, toxunması da zövqə görədir. Bir həsir naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə başa çatır. Üstündə işlənilən həndəsi fiqurların çoxluğu onun keyfiyyətindən xəbər verir. Bazara çıxarılan həsirlərə indinin özündə Bakı, ətraf rayonlardan daha çox maraq göstərirlər. Həsirlər ölçüsünə görə 15-20 manat arasında rahat satılır. Həm də qamışdan hazırlanan müxtəlif formalı zənbillər, çantalar, papaqlar, tərəzilər alıcının diqqətindən yayınmır. Astara rayonunun Kakalos kəndində gənclər bu qədim xalq sənətinə ürəklə girişirlər. Gənclərin marağını nəzərə alaraq kənd mədəniyyət evi nəzdində “Xalq tətbiqi sənəti klubu” yaradılıb. Burada 20 gənc hazırda həsirçilik sənətinin sirlərinə yiyələnir. Onların toxuduqları həsirlər Astara bazarında müxtəlif qiymətlərə satılır. Gənclərin qədim xalq sənətinə məhəbbətinə gəlincə isə, bu, tarixi-milli mədəniyyətimizin qorunması və yaşadılmasında çox önəmlidir. Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri qayıt |