Qədim xalq sənətinə məhəbbət

 

     Hələ  min il əvvəllər Azərbaycanda təşəkkül tapmış  xalq sənətkarlığının  bir növü olan  həsir toxuma cənub bölgəsində  böyük  həvəslə  görülür.  Həsir toxumaqla  indinin özündə  Masallı, Lənkəran, Astara camaatı daha çox məşğul olur. Buda əsasən adlarını çəkdiyim  rayonların iqliminin  rütubətli  olması ilə bağlıdır. Döşəməyə sərilən  həsir  evin  rütubətini  özünə çəkir. Hətta qədim zamanlarda  bu yerin əhalisi  həm də həsirdən  sərinkeş, soyuducu, eləcə də çəltik qurutmaqda  istifadə etmişlər.
   Bir müddət həsir  toxumaqla kollektiv şəkildə məşğul olunurdu. Son illər  bu xalq sənətini evlərdə yaşadırlar. Bəzi ailələrin gündəlik qazancı məhz həsir toxumaqdan çıxır. Həsir toxumaq mövsümü əsasən payızdır.  Yaz, yay aylarında həsirdən ötrü qamış toplanır. Həsirin ölçüsü fərqli olduğu kimi, toxunması da  zövqə görədir. Bir  həsir  naxışından, çeşnisindən, uzunluq və enindən asılı olaraq 3-5 günə başa çatır. Üstündə işlənilən həndəsi fiqurların çoxluğu onun keyfiyyətindən xəbər verir.  Bazara çıxarılan həsirlərə  indinin özündə  Bakı, ətraf rayonlardan  daha çox maraq göstərirlər. Həsirlər ölçüsünə görə 15-20 manat arasında rahat satılır.  Həm də qamışdan hazırlanan  müxtəlif formalı zənbillər,  çantalar, papaqlar, tərəzilər alıcının diqqətindən yayınmır.
 Astara rayonunun  Kakalos kəndində gənclər bu qədim xalq sənətinə  ürəklə girişirlər. Gənclərin marağını nəzərə alaraq  kənd mədəniyyət  evi nəzdində “Xalq tətbiqi  sənəti klubu” yaradılıb. Burada  20 gənc  hazırda  həsirçilik  sənətinin sirlərinə yiyələnir. Onların toxuduqları həsirlər Astara bazarında müxtəlif qiymətlərə satılır. Gənclərin qədim xalq sənətinə  məhəbbətinə gəlincə isə, bu, tarixi-milli mədəniyyətimizin qorunması və yaşadılmasında çox önəmlidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Facebook-da paylaş