Bakıda erməni kartofları satılır


      Bakıda kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların kütləvi satışı həyata keçirilir.

    Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən Azərbaycana hər gün yüz tonlarla kartof idxal olunur. Daha dəqiq desək, ölkəyə hər gün Gürcüstan ermənilərindən satın alınan təxminən 250 ton kartof gətirilir. Bunun da böyük hissəsi Azərbaycanda kartof idxalı ilə məşğul olan 4-5 işbazın payına düşür.

    Bəlli olduğu kimi, Gürcüstanın cənubunda yerləşən Samtsixe-Cavaxeti diyarı və mərkəzi Axalkalaki şəhərinin əhalisi əsasən ermənilərdir. Buradakı iş adamları da erməni diasporunun aktiv dəstəkçiləri hesab olunur. Dünyanın istənilən nöqtəsində yaşayan hər hansı erməninin də Azərbaycana münasibəti artıq hər kəsə bəllidir. Onda belə çıxır ki, biz öz əlimizlə erməni diaporunun varlanmasına, güclənməsinə dəstək oluruq. 4-5 işbazın "alveri" yaxşı gedəcək deyə, ölkədən milyonlarla manat vəsaiti erməni diasporunun cibinə axıdırıq.

    Digər tərəfdən, ölkənin qida təhlükəsizliyi də təhlükə altına düşür. Bu kartoflar vasitəsilə Azərbaycana hansısa təhlükəli xəstəliklərin, virusların ötürülməyəcəyinə kim təminat verə bilər? "Qırmızı Körpü"də kartof daşıyan yük avtomobillərini yoxlamaq üçün qapının ağzındakı kisələrdən ara-sıra bir-iki nümunə götürüb yoxlamaqla kifayətlənən Qida Təhlükəsizliyi Agentliyimi?

    Bəlkə "Qırmızı Körpü" gömrük postunun, Tovuz Gömrük İdarəsinin və ya Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi?

    Maraqlıdır ki, Gürcüstanın özünün kartofa olan tələbatını heç yarısını ödəyə bilmir və kartofun 50 faizini Türkiyədən idxal edir. Belə olduğu halda, sual yaranır: görəsən, Gürcüstan ermənilərini öz kartoflarını daha ucuz qiymətlərlə (15-20 qəpik), həm də kütləvi surətdə Azərbaycana satmağa sövq edən səbəblər hansılardır?

    Və ya, Rusiya, Ukrayna, Belarus kimi alternativ, həm də sərfəli variantlar olduğu halda, məhz erməni kartoflarını kütləvi sürətdə ölkəyə gətirib, bütün Azərbaycana yedizdirən 4-5 yerli işbazın hədəfləri, maraqları nədir?

    Bazarlarda kiçik bir reydimiz zamanı da maraqlı məqamların şahidi olduq. Yük avtomobillərinin sahibləri, satıcıların özləri də qeyri-rəsmi söhbətlərimizdə məhsulun məhz "erməni kartofu" olduğunu gizlətmədilər.

    Bu məhsullar Axalkalakidə əsas topdançılar olan Artu, Aşot, Levon,     Karen və Arnik adlı erməni işbazlardan alınır. Maraqlı məqam odur ki, Axalkalakidə böyük anbarları olan Artuş (soyadını dəqiləşdirə bilmədik- red.) və başqalarının anbarlarında həm də Ermənistandan gətirilən kartoflar saxlanılır və oradan da Azərbaycandan gələn yük avtomobillərinə yüklənilir.

     Göründüyü kimi, mövzu təkcə qida təhlükəsizliyi məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

    Ümid edirik ki, aidiyyəti qurumlar qaldırdığımız mövzuya ciddi yanaşaraq, dərhal məsələyə müdaxilə edəcək və ən azı, Gürcüstandan kartof idxalının qarşısını alcaqlar.

    Əks-halda, ölkənin əsas strateji məhsullarından hesab olunan və hər evdə gündəlik istifadə edilən kartofun "ölüm virusu"na çevrilməsi təhlükəsi var...


Facebook-da paylaş