"Gövhərağa"ya "fars məscidi" adı verən İran arxitektorları...

       

Ötən ilin sonlarında erməni işğalçıları Şuşadakı məşhur Gövhərağa məscidini “fars məscidi” kimi restavrasiya edib işə salıblar. Və işğal altındakı Azərbaycan ərazilərinə gələn xarici turistlərə məscidi “fars məscidi” kimi təqdim edərək guya bu torpaqlarda müsəlman irsinə hörmət bəslədiklərini təbliğ edirlər.
      Virtualaz.org xəbər verir ki, EurasiaNet.org saytının şərhçisi Coşua Kuçera bu mövzunu araşdırıb. Müəllif qeyd edir ki, 1880-ci illərdə Şuşada, o zaman Dağlıq Qarabağın ən iri şəhərində tikilmiş bu məscidin ermənilər tərəfindən restavrasiya edilməsi hər iki tərəfdə entuziazmla qarşılanmayıb. İndi Gövhərağa məscidi işğal altındakı Azərbaycan ərazilərində, tamamilə xristianların yaşadığı bu torpaqlarda ilk müsəlman abidəsi kimi turizm obyektinə çevrilib.
 Ermənilər beş ildir ki, məscidin restavrasiyasını həyata keçirirdilər və ötən ilin oktyabr ayında onun “rəsmi açılışı” olub. Qondarma Qarabağ hakimiyyəti bu yolla turistləri, o cümlədən iranlı turistləri Şuşaya cəlb etməyə çalışır.
 Eurasianet.org saytının müxbiri Şuşaya baş çəkib və orada qanunsuz məskunlaşmış ermənilərlə söhbətləşib. Bəlli olub ki, şəhərdə yaşayan ermənilər məscidin bərpasına və yenidən açılmasına birmənalı yanaşmırlar. “Bunu məmurlar istəyib- insanlar yox. İnsanlar hesab edirlər ki, əgər burada məscid varsa o zaman bir çox illərdən sonra müsəlmanlar hesab edəcək ki, Şuşa onların torpağıdır”,-məscidin yanında dayanmış yük maşınının banından kuzovundan meyvə satan Artur Poqosyan adlı erməni deyib.
 “Şəxsən bu bina tarixi abidə kimi mənim xoşuma gəlir. Amma məscid kimi...”, - Şuşadakı məktəblərdən birində müəllim işləyən Nune Akopyan bildirib. Bir az tərəddüd edəndən sonra fikrini tamamlayıb: “Bura xristian torpağıdır”.
     Müəllif qeyd edir ki, məscid tikiləndə Şuşanın əhalisi qarışıq idi, burada həm azərbaycanlılar, həm ermənilər yaşayırdı. Lakin XX əsrin əvvəllərindən iki icma arasında münaqişə dərinləşib, ermənilər Şuşada tədricən azalıb. Şuşa azərbaycanlı şəhərinə çevrilib. İndi isə bunun tərsi baş verir, bir neçə dağılmış tarixi abidədən başqa Şuşada azərbaycanlıların yaşadığını təsdiq edən əlamət qalmayıb. Şəhərdə məskunlaşan ermənilərin sayı isə ildən ilə artır.
     “Bu gün Şuşada müsəlman yoxdur. Lakin ənənəvi müsəlman arxitekturasının bir çox gözəl nümunələri var ki, onlar Şuşanın erməni arxitektur stili ilə harmonik şəkildə çuğlaşır”,-məscidin qarşısındakı stenddə turistlər üçün qoyulmuş broşürda belə deyilir.
    Xatırladılır ki, rəsmi Bakı məscidinin “fars tarixi abidəsi” kimi restavrasiya edilməsini işğal altındakı mədəni irsin məhv edilməsinə yönəlmiş addım kimi qiymətləndirib. Dağlıq Qarabağdakı qondarma rejimin “mədəniyyət nazirliyindən” Artak Qriqoryan isə deyib ki, məscidin “fars məscidi” kimi müəyyən edilməsi qərarı onun restavrasiyası ilə məşğul olan İran arxitektorları tərəfindən qəbul edilib. 
Lakin həmin arxitektorlarla əlaqə saxlamaq mümkün olmayıb.




Facebook-da paylaş