Çobanoğlu dünyası... Bir palıd kölgəsi
Müəllim...
Yayda Çobanoğlu hardansa tədbirdən gəlirdi, hava da isti. Redaksiyaya çatanda əlindəki iki butulka sərin suyun birin mənə uzatdı, birin də tələm-tələsik içməyə başladı. Sən də iç -deyə israr edəndə, susamamışam –dedim: Mənə su al demişdm ki?
-Nə bilim, necə susamışdımsa, elə bildim sən də susamısan, sənə də aldım -dedi...
...Amma mən alanda təkcə özümə alıram. Yəni mən özümçün susayıram, Çobanoğlu isə hamının yerinə susayan adamdı.
Ona publisist deyirlər, jurnalist deyirlər, Çobanoğlu deyirlər, müavin deyirlər, dədə, dost, doğma deyirlər, mənsə ona müəllim deyirəm.
Hə, müəllim, pedaqojidən aldığın diplomun adın tez-tez çəkib, “bala, mən qırmızı diplomla bitirmişəm e” dediyin üçün yox, məhz mənə bir şam kimi baxıb, yandırdığın üçün müəllimsən. Bilmirəm, bu şam yanmasa, kimsə qaranlıqda qalardımı, bilmirəm, bu şam yandı kimsə aydınlığa çıxdımı... Hər halda, sən “mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa” ədəbi ənənəsinə həmişə sadiq qalmısan.
Əsəbləşəndə mənim üslubum, yolum başqadı desəm də, qələm, söz elədi ki, ömrün boy çiçəyidi- ətrindən duyurlar. Sən özünü dana bilərsən, sözün səni danmır axı. Tamella Pərvin necə demişdi? Nə işdisə yazdığınızı da ayrımaq olmur, niyə sizin yazılarınız bir-birinə bənzəyir ki?
Sənsə... Nə vaxt məni fikirli görsən, deyirsən, hə, nədi ürəyində düşünürsən ki, nə olardı, mən də Çobanoğlu kimi yaza biləydim?
Həmişə etiraz eləmişəm, indi isə etiraf... Səni çox yamsıladım, alınmadı. Uduzdum, amma adam belə məğlubiyyətdən sonra bir yüngüllük duyur. Onsuz da mənə başqa yol qoymamışdın. Folkner Heminqueyin “Qoca və dəniz” romanı haqqında necə deyirdi? Deyirdi, “o, mənə deməyə söz qoymadı”.
Hə, deməyə söz qoymamısan, nə yazsam səni təkrarlamaq çıxır, müəllim. Hətta dinlədiyim mahnılar, baxdığım mənzərələr, oxuduğum əsərlər, altından xətt çəkdiyim sətirlər, bəndlər, misralar, hətta sevdiyim adamlar belə səni yamsılamaq çıxır.
Adam adama iş borclu olar, adam adama pul borclu olar, amma mən... bütün yaxşı adamları sənə borcluyam...
Birdən başımı əyib içimə boylanıram, görürəm bir gün çıxıb uzağa getsəm, içimdə aparacağım yaxşı adamların çoxu Çobanoğlunun dostlarıdı. O adamlar ki, hara getsəm onlarla birgə addımlayıram. Onları həm ədəbi adamlardı, həm əbədi... Onlar həm Martin İdenlərdi, həm Heminqueyin qoca dənizçisi, həm, Balzakın Qorio atası...
Çobanoğlunun sayəsində tanıdığım bu ədəbi və əbədi, bu real və xəyali adamların sözü də, səsi yaddaşımdan heç vaxt silinməyəcək. Onlar xatirə adamlardı, söz adamlardı. O sözlər mənim zamanla sevdiyim imzalara dönüb, o səslər mənim sevdiyimi ifaçılara dönüb. Əksətiyyəti isə onun nəslinin tanıdıqlarıdı. Mənim nəslim tanımır.
Bəzən ən pis adamı da ona göstərib, bunu mənə təqdim elə deməyim gəlir. Çünki o, ən pis adamın da yaxşı tərəflərindən ümidini üzməyən adamdı. Qaranlıqda işıq axtarmaq onun xobbisidi. Çünki Çobanoğlu özü də həyatın Martin ideni, Qoca Santiagosu, Qorio atasıdı...
...onun sükutu belə ətrafını sahmana salır
Bir dəfə Əli müəllimə şikayət elədim ki, siz işdə olmayanda Çobanoğlu sizin otaqda siqaret çəkir, redaksiyada otura bilmirəm. Əli müəllim əsəbləşdi: Faaariz, axırıncı dəfə olsun. Get siqaretini bayırda yandır.
Sabahdan Çobanoğlu siqareti redaksiyada yandırdı, çəkdi, gedib foyedə söndürdü. İkinci etiraz və danlaqdan sonra isə gedib foyedə yandırıb gəlib redaksiyada söndürdü. Kəsəsi, o siqaretin dumanının bir ucu redaksiyamızdan heç zaman yan keçmədi.
... Fariz müəllim siqareti elə çəkir, deyərsən bəs siqaret yox, sevdiklərinin nazın çəkir. Çox qəribədi, hər səhər işə gələndə rastlaşdığım mənzərə -kompütredən gələn “Şahnaz” təsnifi də, pəncərədən şəhərin darısqal küçələrilə burula-burula uzaqlara pənah aparan tüstü də, otağı bürüyən duman-çən də- bunlar hamısı onun sevdiklərinin nazıdı. Adam nazı belə ürəklə çəkər... üstündə “bu sizin sağlığınız üçün zərərlidir!” yazılan qutunun içindəkini yox.
Fariz müəllimin yazı yazanda redaksiyada siqaret tüstüsü içində o baş-bu başa necə dəqiqliklə gedib- gəldiyini yazıçılar birliyi görsə, sözün keşiyində belə sədaqətlə dayandığı üçün Çobanoğlunu ömrülük prezident təqaüdünə layiq görər.
Adam əməlli başlı made in Pakistandı...
Yaxşı adamlar barədə deyir ki, filankəs köhnə kişilərdəndi. Fariz müəllim özü də köhnə kişilərdəndi. Klasik bir mahnının müasir aranjimanı kimidi. Belə bi intiresni, maraqlı.
Ay Fariz müəllim, sən Allah, sabahdan o kostyumu geyinmə.
-Niyə bala, redaktor müavininə oxşayıram, ona görə?
-Hə, işə saat 1-də gələ bilmirəm, düzənim pozulur. Heç olmasa, o qalstuku çıxar qoy kənara. Foyeyə də çıxmaq olmur, hamı soruşur ki, nə məsələdi, Çobanoğlu başqa vəzifəyə gedib?
Həmin gün isə Çobanoğlu vəzifəyə yox, dostunun doğum gününə elə hazırlaşmışdı. Onun üçün dostluqdan böyük vəzifə yoxdu. O, dostlarının xoş gününə də vəzifəyə gedirmiş kimi hazırlanır.
Keçən il müəllimin paltosunun yubileyi öz yubileyindən qabağa düşdü...
...İl 2019. ”Şuşa”da masa arxasında əyləşmişik. Bizə qulluq edən cavan oğlan içəri girir, görür başda bir boş oturacaq var, çiynində palto, qarşısında boş bir badə, hamı badəsini gətirib ona vurub sağlıq deyir. Hamı ona baxıb danışır, palto elə bil məktəb direktorudu, əmri indicə verilib...
Oğlanın bu anlaşılmaz baxışına Binnət müəllim açıqlama vermək istəyir, əlini palto tərəfə tuşlayıb gülümsünür: -Qaqa, paltonun yubileyidi, onu qeyd edirik.
Binnət müəllimin bu sözləri oğlanın anlaşılmaz baxışını elə bil ikiyə vurur. Bir paltoya baxır, bir bizə, bir paltoya, bir bizə... Paltonun yuxarı başda oturması oğlanın “necə də zarafatcıl adamlardı” düşüncəsinin əl-qolunu tamam bağlayır. İnanmaqdan savayı yolu qalmır. Üzündəki məcburi təbəssümlə bayıra çıxır, nə etsin?.
Ardınca “nəsə bir istəyiniz varmı” sualıyla “ofisant” gəlir. Deyirik, qaqa, bu paltoya yüz süz, vursun - elə bilir zarafat edirik. Paltonun yubileyidi deyəndə, bizi gülümsəməsiylə yola verir. Durub nə desin? Desin birinci dəfədi burda kimsə paltosuna yubiley keçirir?
Əgər burdakılar Qoqolun “Şinel”indən xəbərdar olsaydı, kiminsə paltosuna yubiley keçirməsi onlarda saxta təbəssüm yox, kədər yaradardı. Heç təsadüfi deyil ki, Qoqolun Azərbaycan dilinə tərcümə olunan ilk iki əsərindən biri “Şinel” olub- yəni palto. Akaki Akakiyeviçin paltosu itəndə biz hamımız üşümüşdük. Dostoyevskinin biz hamımız “Qoqoulun şinelindən çıxmışıq” ifadəsini yarada biləcək gücdə bir əsər olan “Palto”ya yubiley keçirmək nə üçün sadəcə təbəssüm yaratsın ki, biz həm də bir yerdə təəssüflənməyi öyrənirdik. Eynən “Şinel”dəki kimi... Öyrənirdik ki, köhnə paltolar heç vaxt itmir. Təzə palto isə səni hər an qışın ortasında unudar, donarsan.
Həmin gün dostlarının bir-bir əlini sıxıb, üzü-gözündən öpdüyü paltonun sinəsində bir Vətən gülünün yeri göynəyirdi- qərib bir Mətanət gülü...
Ah o kölgənəcək...
Bir dəfə yoldan keçirdik, Çobanoğlu nəhəng bir palıdı göstərib, şəklini çək, altından da yazarsan, kaş adamın da belə kölgəsi ola... dedi.
O kölgənin fotosun telefonuma köçürdüm ki, zaman gələr, deyərəm, düzdü, adamın belə kölgəsi olmur, amma Çobanoğlunun kölgəsi belədi. O da bu qocaman ağac kimi həyatını elə düzgün, elə təmiz yaşayıb ki... Kimsə təsadüfən dayanıb kölgəsinin şəklini çəksə, eynən belə məğrur, qürurlu, əyilməz düşər.
Mən indi müəllimimə 50 yaşlı kölgə kimi baxıram. Onun qəm-kədəri məni onunla eyni yolun yolçusu olduğumuz fikrinə gətirib çıxarsa da, o mənə həmişə uşaq kimi baxacaq, mən ona qoca palıd kimi...
Qollu-budaqlı iri bir palıd, elə bir palıd ki ətrafında minlərlə adam dincələ bilər. Hə, eynən sizin kimi düşünürəm... bu palıdı sellər-sular, külək və çovğunlar sındırıb yıxa bilməz. Yurd həsrəti, ayrılıq köksünü oysa da, dərdi başında gəzdirir, ucalığa əyilən başında- Çobanoğlu dünyasında, ruhunun, mənəvi aləminin palıd kölgəsində...
Təranə Əlizadə
Facebook-da paylaş