İllərin o tayından gələn səs...
O, səsini dünəndən bu günə yetirə bilən adamdı. Onun səsi 50 ildir ki, yol gəlir, amma “yoruldum” demir. Azərbaycan televiziya və radiosunun “o vaxtkı” 34 diktorundan biri kimi tanınıb, sevilən, həmişə Azərbaycandan danışan bu səs bu dəfə yurdundan danışacaq. Müsahibimi deyirəm... Müsahibim ömrünün yarım əsrini Azərbaycan radiosuna həsr etmiş Az.TV-nin diktoru, xalq artisti Əli Məhəmmədoğludur.
— Əli müəllim, deyirlər Abdal-Gülablını Ağdamın digər kəndlərindən fərqləndirən əsas cəhət budur ki, onun məşhur yetirmələri daha çox olub...
— Bəli, mədəniyyət sahəsində tarzən Qurban Pirimovun adını çəkə bilərəm. Hətta kənd işğal olunmazdan az əvvəl onun yaşadığı evi xatirə muzeyi etmişdilər. Kəndin daha bir yetirməsi olan Şamil Mirzəyev Ali Məhkəmənin sədri olub. Ümumiyyətlə, bilənlərə bəllidir ki, Abdal-Gülablıdakı Mirzəyevlər nəsli çox tanınmış nəsil olub. Götürək dövrün tanınmış maarifçisi və xeyriyyəçisi Camal Mustafayevi. Qarabağda onu tanımayan yox idi. Vaxtikən Mircəfər Bağırovu da o, evində saxlayıb, müalicə etdirib və Bakıya yola salıb. Hərb tariximizin görkəmli nümayəndəsi general-mayor Murtuz Quliyev də Abdal-Gülablıdan olub. Daha sonra hazırda fəaliyyət göstərən, Azərbaycan Milli Ordusunun korpus komandiri general-leytenant Rövşən Əkbərov da əslən o kənddəndir. Məsələn, kino sahəsində özündən sonra silinməz izləri qalan aktyor, rejissor Ceyhun Mirzəyev də Abdal-Gülablıdan idi. Azərbaycansy xalq artisti Sara Qədimova 1922-ci ildə Bakıda anadan olsa da, ata-anası Ağdamın Abdal-Gülablı kəndindəndir. Mərhum xanəndə hər zaman özünü qarabağlı kimi təqdim edib.
Abdal-Gülablının daha bir yetirməsi unudulmaz Səxavət Məmmədovdur. Mərhumun kiçik qardaşı Feyruz Səxavət də bu kənddə doğulub.
Hamının Rəmiş kimi tanıdığı gitara ifaçısı da Abdal-Gülablının daha bir tanınmış simasıdır. Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs də bu gün doğma kəndi olan Abdal-Gülablının ən yaxşı təmsilçilərindəndir. Məşhur “Qaynana” filminin müəllifi, dramaturq, əməkdar artisti Məcid Şamxalov da Abdal-Gülablı kəndinin yetirmələrindəndir. Ağdamdan xeyli sayda xanəndə çıxsa da, aşıq nadir hallarda çıxırdı. Amma Aşıq Xaspolad Gülablı və Aşıq Valeh kimi respublikanın tanınmış aşıqları bu kəndin yetirmələri kimi boşluğu doldurmuşlar.
— Bəs ömrünün yarım əsrini Azərbaycan radisouna həsr etmiş, bu sahədə kifayət qədər tanınıb, səsini bütün Azərbaycana yetirmiş Respublikanın xalq artisti Əli Məhəmmədoğlunun adını niyə çəkmədiniz? O da Abdalın yetirməsidir axı.
— Bəli, mən də 1942 - ci il mayın 5 -də Ağdamın Abdal kəndində dünyaya gəlmişəm.
— Kəndin adı Abdaldır, ya Abdal-Gülablı?
— Ayrı-ayrı kəndlərdir. Amma bir-birinə çox yaxın olduqları üçün adları həmişə qoşa çəkilir. Bu iki kəndi sadəcə aralarından keçən bircə yol ayırır. Maraqlıdı ki, bu iki kənd arasında iqlim fərqi, təxmini 20 günlük fəsil fərqi də var. Təsəvvür edin, Gülablıda tut yetişir, yeyilir, amma Abdalda hələ dəyməyib. Orda tut qurtarandan sonra Abdalda yetişir. Danışıqlarına gəlincə isə, qəribədir ki, Qarabağın heç bir bölgəsində elə danışıq, ləhcə yoxdur. Nəinki Qarabağda, bəlkə də heç Azərbaycanın özündə ümumiyyətlə, elə bir ləhcə yoxdur. Çox fərqli bir danışıq tərzidir.
— Necə?
— Doğrudur, Qazax tərəfin danışığına bənzəyir, amma bir qədər fərqlidir. Məsələn, getmeyrəm, amma təsdiqdə gedirəm. Birinə acıqları tutanda, “əşi, saallah niyə ölmeersən” deyirlər. Artıq 50 ildir radioda çalışıram. 50 ildə bir diktor kimi danışığım nə qədər təmiz olsa da, o kənddən bir adam görən kimi, hər şey yaddan çıxır. Oluram o kəndçilərin biri—əsl abdallı. Başlayıram həmin ləhcədə danışmağa. Bu ləhcə daha çox inkarda fərqlənir, təsdiqdə hamı necə danışırsa, elədir- fərq yoxdur.
— Kəndinizi bizə necə təsvir edə bilərsiz? Ən çox hansı təbiət mənzərələri Abdaldan sizə xatirə kimi qalıb?
— Rayonumuzda bir yer vardı, adına Qalagörükən deyirdilər. Qala deyəndə, Şuşanı nəzərdə tuturdular. Ordan baxanda Şuşa rahatca görünürdü.
Bundan başqa yadımda o qalıb ki, kəndimizdə bir meşə vardı, ona meşə də demək olmazdı heç. Elə bil bağ idi. Sovetdən qabaq hərənin o meşədə öz yeri-yurdu olub.Tutaq ki, filankəsin bağı, filankəsin yeri— deyib ad edirdilər. Orda meyvə ağacları əkmişdilər. Alma, armud, heyva... Hətta o meşədə gavalıya da rast gəlmişdim. Təsəvvür edin, meşə hara, gavalı hara?!
Kəndimizin bir qala yolu vardı. Qala yolunu hamı yaxşı tanıyırdı. Həmin meyvələri qala yoluyla aparıb Şuşa bazarında satıb geri qayıdardılar.
Kəndimizin Nuru dərəsi də gözlərimin önündə necə var, eləcə dayanıb. O qədər gözəl havası vardı ki... Təxminən Şuşa havasına bənzəyirdi. Orda bir kəhriz vardı, barmağını içərisinə salıb, ona qədər saya bilməzdin—barmağın donardı. Abdalda bir neçə kəhriz vardı- Bala kəhriz, Yuxarı kəhriz və başqaları. Ordan yadımda Damcı bulaq qalıb. Qayalardan damcı-damcı süzülürdü həmin bulaq. Bir də Bəy bulağı vardı. Hamı ora istirahətə gedərdi, turistlər də ora axın edərdi. Kef, əyləncə yeri idi. Gözəlliklərini saymaqla bitməz . Mən də hər yayı orda keçirərdim.
— Məktəbi bitirəndən sonra İncəsənət Universitetini seçməyiniz təsadüfi oldu, yoxsa qəti qərarınız idi?
— Yox, təsadüfi olmadı. Məktəbdə bir fizika müəllimim vardı— Camal Qaradağlı. Məşhur Qaradağlılardan, diktor Aydın Qaradağlının əmisi oğlu idi.
Təxminən 7-ci sinif vaxtımdan danışıram, səsin formalaşmağa, dəyişməyə başladığı vədələrdən. Həmin ərəfələrdə Camal müəllim bir radio qovşağı yaratmışdı. Tədris ilinin sonunda hər sinifdən bir nəfər rübü qiymətləri oxuyurdu. Bizim sinifdən də məni seçmişdilər. Ədəbiyyata, sözə də xüsusi marağım olduğunu, yaxşı şeir dediyimi bilirdilər. Elə oldu ki, mən qiymətləri oxuyandan sonra Camal müəllim “sənin radiofonetik səsin var” dedi. “Radiofonetik” ifadəsinin nə olduğunu soruşduqda isə, bildirdi ki, səndən radio üçün yaxşı diktor olar, səsin ürəyəyatımlıdır. Dedi, mənim əmimoğlu Aydın Qaradağlı da məşhur diktordur, sənin yerində olsam, bu işin arxasınca gedərdim. Elə o vaxtdan ağlıma batdı. Amma orta məktəbi bitirəndən sonra bu istəyimin arxasınca getməyə heç ürək eləmədim. Tale elə gətirdi ki, gəlib Bakıda Razindəki Neft Texnikumuna daxil oldum. Təhsilimi başa vura bilmədim, məni hərbi xidmətə apardılar. Qayıdandan sonra isə sənədlərimi alıb incəsənət universitetinə verdim. Elə həmin məqsədlə... Müəllimimin dedikləri hələ də qulağımda qalmışdı- “səndən yaxşı diktor çıxar”.
— Əli müəllim, Abdalla bağlı elə bir xatirəniz varmı ki, onu unuda bilmirsiniz...
— Kənddə evimiz vardı. Elə oldu ki, şəhərdə də ev tikdirəsi olduq və məcburən kənddəki evimizi satdıq. Amma yenə hər yay istirahətə kəndə—babamgilə gedərdik. Bilirsiz ki, kəndlərdə çörək zavadu olmurdu. Orda hər kəs öz çörəyini bişirirdi. Kənddə də ən dözümlü, yük götürən heyvan ulaq olduğu üçün, odun-ocaq qalamaq üçün həmin ulaqlarla gedib meşədən çör-çöp, çırpı yığıb gətirirdilər. Bir maraqlı məsələ də vardı ki, həmin heyvanlar öz evlərini tanıyırdılar. Təxmini 8-9-cu sinifdə oxuduğumuz vaxtlardı. Əmim oğluyla getmişdik meşəyə. Əvvəlcə onun ulağını yükləyib yola saldıq. Yükləyən kimi heyvanı yük altında qoymamaq üçün yola salırdıq, özü gedib ünvana yetişirdi. Sonra isə mənim odunumu, çırpımı ulağa yükləyib gəlirdik. Gördük yolda əvvəl göndərdiyimiz ulaq yıxılıb yerə, üstündəki yük də aşıb. Yaşımız azdı, naşıyıq də. Ehtimal ki yükü yaxşı sarımamışıq. Ya bir tərəfi az olub, ya bir tərəfi çox. Kəsəsi, ulaq yolun yarısında yıxılıb yerə. Gördük bir cavan kişi, yanında da təxmini biz yaşlarında bir qız uşağı ulağın yükünü açırlar. Ulaq yıxılıb qalıb yükün altında. Kişiylə qız da yükü açırlar ki, ulaq yazıq ağırlığın altından ayağa qalxa bilsin. Bizi görən kimi qayıtdı, ə, bu ulaq sizindi? Dedik: hə. Ə, bəs yekə oğlansınız, bunu elə yükləyin ki, yol gedə bilsin də—deyib gülümsündü. Kişi üzdən tanış gəldi mənə, amma nə bilim kimdi?! Bir yerdə köməkləşib ulağın yükünü açırdıq. Müharibədən sonranın bir maşını vardı, adına "Sudabbeker" deyirdilər o vaxt. Hündür maşın idi, təxmini indiki KamAzları xatırladırdı. Onun kabinəsində o vaxtın arıq, amma olduqca zəhmli kolxoz sədri Şirxanov (ona hamı belə deyirdi), kuzovunda isə kolxozun “ispalkom”u, briqadiri, nə bilim, yalan olmasın bir on adam olardı. Tez Şirxanov düşdü maşından: “əşi, zəhmət çəkmə, zəhmət çəkmə” deyib, böyük hörmət-izzətlə kişiyə tərəf yaxınlaşdı. Bizə baxıb təəssüf formasında başını da bulayıb, getdi. Maşındakılardan bir neçəsini düşürtdülər ki, bizə kömək etsinlər. Qalanları isə maşına oturub getdi. Bir neçə gün sonra kolxozun ümumi iclası olub. İclasda Şirxanov durub deyib ki, Mirzə İbrahimov elə Abdala gəlibmiş ki, Qara kişinin oğlunun(əmimi, əmim oğlunu nəzərdə tutur) ulağını açıb yığsın. Bu əhvalat hətta kəndi də gəzib-dolaşmışdı, bizimsə aləmdən xəbərimiz yox. Sən demə, o gün bizə kömək edən həmin mehriban adam məşhur yazıçımız Mirzə İbrahimov imiş. Demişdim axı, o kişi mənə tanış gəldi. Ədəbiyyat dərsliyindən tanıdığım kişini həyatda tanımamışdım. Ağlımdan da keçməzdi heç...
— Yurdunuz işğaldan azad olunanda, əvvəlcə hara getməyi düşünürsünüz? Ürəyinizi çəkib aparan yeri deyirəm... Darıxdığınız, daha çox qəribsədiyiniz bir yer, ünvan varmı sizinçün?
— Abdal qəbiristanlığına getmək istəyərdim. Atamın qəbrini ziyarət eləmək üçün tələsirəm. Səxavət Məmmədov həmin qəbiristanlıqda axırıncı dəfn olunan adam oldu. Səxavətlə əminəvəsi idik. Təəssüfləndiyim məqamlardan biri də odur ki, onu doğma kəndlərində dəfn etsələr də, qəbiri üçün məzar daşlarını Bakıdan Abdal-Gülablıya yollayan zaman kənd artıq işğal edilmişdi. Əfsus ki Səxavətin ömrü kimi, məzarı da yarımçıq qaldı...
— Daha efirlərə çıxmağa vaxtınız qalmır, bildiyim qədər, gənc kadrların hazırlığı ilə məşğul olursunuz. Yəqin ustadlarınızdan öyrəndiklərinizi tələbələrinizə öyrətməklə radio məktəbinin ənənələrini yaşatmağa çalışırsınız.
— Bəli, amma deyim ki, bunun üçün qarşı tərəfin də müəyyən hazırlığı olmalıdır. İndi mütaliə edən yoxdur. Yanıma gələn on nəfərdən biri üzdən güclə oxuyur. Bizə deyirdilər ki, gündə 1 saat oxu. Amma biz deyirik ki, heç olmasa gündə 15 dəqiqə oxuyun. Bədbəxtlik ondadır ki, yeni kadrların əksəriyyəti elə bilir ki, hər şeyi bilirlər. Bununla yanaşı, ümidsiz deyiləm, inanıram ki, radio aparıcıları çox çalışsalar, peşəkar radio ənənələrini davam etdirə biləcəklər. İçərilərində istedadlısı, zəhmətkeşi də çoxdur.
— Əli müəllim, neçə il oldu Bakı danışır?
— 91 il oldu “Danışır Bakı”.
— Hə, onda bir az da mediamızın 90 yaşlı ağsaqqalından danışaq. Aranız necədi? Bu günə qədər aranızda “sevmirsənsə, get ayrı dolan, Qaragilə” söhbəti olubmu heç? Yoxsa həmişə can deyib, can eşidirsiniz...
— Nədənsə, özümü heç vaxt “Qaragilə”siz təsəvvür edə bilməmişəm. Bu, elə bir nazəndə sevgilidi ki... Sözlə izah etmək olmur. Adam bəzən ürəyini açıb ortaya qoymaq istəyir ki, bəlkə görüb başa düşələr, anladılası deyil... Bax, radio da mənim üçün həmin mövzudu ki, ancaq və ancaq ürəyimi açıb ortaya qoymaq istəyirəm. Bu barədə istəsəm də, danışa bilmirəm. Mənim üçün iki gözəl bayram var. Biri milli bayramımız olan Novruz, ikinci isə Azərbaycan radiosunun efirə vəsiqə aldığı gün. Radiomuzun keçən il dövlət səviyyəsində qeyd etdiyimiz 90 illik qələbəsinin 50 ili mənim payıma düşür. Bunu böyük fəxrlə deyirəm, elə bilirəm özümün yubileyimdir. Diktor kimi yetişməyimdə rəhmətlik Ramiz Mustafayevin böyük əməyi olub. O qədər sıxıntı vardı içimdə, nə qədər istəyirdilər məni diktor kimi təqdim etsinlər, o sıxıntı imkan vermirdi. Ramiz müəllim məni burda hazırlamaqla yanaşı evinə də dəvət edirdi ki, o sıxıntı, xof içimdən çıxsın. Müəllimlərimi həmişə böyük minnətdarlıq hissi ilə xatırlayıram. Bu gün nəyə nail olmuşamsa, hamısı ustadlardan öyrəndiklərimdir. Özümü hamısına borclu və minnətdar hesab edirəm.
Dünən olduğu kimi, bu gün də radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət-ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirməyə, bizi milli tellərimizlə bir-birimiziə bağlamağa çalışır. Mənim üçün Azərbaycan radiosu doğma ocaqdır, evdir. Bilirsiniz ki, Azərbaycanda radio yayımın genişlənməsinə, özəl və internet radioların çoxalmasına baxmayaraq, dalğalar arasında “Ana radio” öz danışıq üslubu, nəfəsi ilə tanınır.
Nə yaxşı ki bu yolu seçmişəm. Bu yolda bir cığır da mən özüm üçün sala bilmişəmsə, nə böyük xoşbəxtlik! İndi mənim üçün ən müqəddəs cığır 50 illik zəhmətim hesabına cızdığım bu cığırdı. Ö ötən illər radioya olan sevgimi nəinki azaltmayıb, əksinə, özümü efirsiz təsəvvür belə edə bilmərəm. Bu gün də bir ayağım radiodadır. Yenə də hər həftənin ikinci günləri “Köhnə-Yeni Bakı”da dinləyicilərlə görüşə tələsirəm. İstirahət də edə bilirəm, işləyə də bilirəm. Yaratdığı şəraitə görə Azərbaycan radiosuna minnətdaram. Sədrimiz Arif Alışanovdan ( "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri) yerdən-göyə qədər razıyam. Gələn gündən zəhmətimi birinci qiymətləndirən o olub.
— Deyəsən, boş vaxtlarınızı bağınızda keçirirsiniz?
— Bəli, şəhərdə hava soyuqdu, orada istidi. Qaz sobası buranı yaxşı qızdırır. Həm buraların havası səhhətimə də yaxşı təsir edir.
— Bəlkə bunların hamısı bəhanədi?! Təsadüfən məsələ orada kəndi xatırlamaq, kənd ab-havası ilə yaşamaq deyil ki?
— Yəqin ki elədi. Bağ mənə hardasa kənd mühitini az da osla xatırlada bilir. Hiss edirəm ki, ayağım torpaqdadı. Qapını açıb təmiz hava uda bilirəm, tozun içində boğulub qalmıram. Hər yaz, hər bahar bağımdakı ağaclara, çiçəklərə yurd yerlərimizə qayıdacağımızın müjdəçisi kimi baxıram. Hər yaz deyirəm, qaldı gələn bahara...
— Çox yox, elə üzümüzə gələn bahar, yazar diliylə desək, xətrini çox istədiyiniz, yanından salamsız-kəlamsız keçmədiyiniz, danışanda sözünü kəsmədiyiniz, bir dəfə də olsun, əlini havada qoymadığınız Azərbaycan radiosunun səsi Qarabağdan, Şuşadan, Laçından, Ağdamdan gəlsin...
Təranə ƏLİZADƏ
Facebook-da paylaş