1946-cı ildə kimya üzrə Nobel mükafatçısı – CEYMS BETÇELLER SAMNER (1887-1955)

 Fermentlərin zülal  təbiətini müəyyən edən və ilk dəfə fermenti kristal şəklində ayıran amerikalı biokimyaçı…

  

Ceyms Betçeller Samner  Massaçusets ştatının Kanton şəhərində Çarlz və Elizabeth Rand Samnerin (qızlıq soyadı Kelli) ailəsində anadan olmuşdur (1887-ci ilin noyabrın 19-da). Onun atası böyük bir mülkə sahib idi, babası isə pambıq fabriki və ferma sahibi idi. Belə ki, Samner uşaq ikən buxar maşınlarının və əyirici maşınların işini müşahidə etmək, eləcə də təsərrüfat həyatını izləmək imkanı əldə edə bilmişdir.Gənclik illərində Sumner odlu silahlarla maraqlanırdı və tez-tez ova gedirdi. Belə səfərlərin birində, Samner 17 yaşında olarkən bədbəxt hadisə baş verdi. Yoldaşı təsadüfən onun sol qolundan odlu silahla yaraladı və dirsəkdən amputasiya edilməli oldu. Deyilənə görə bu hadisəyə Samnerin solaxay olması səbəb olubmuş. Lakin zaman keçdikcə o, sağ əlindən məharətlə istifadə etməyi öyrənmişdir.Uşaq ikən Samner bir neçə il “Eliot Grammar School”-da oxumuş, daha sonra yaxşı təhsilin vacibliyinə əmin olan atasının təkidi ilə qatarla səyahət etməli olduğu Roxbury Latın Məktəbinə göndərilmişdir. Bu məktəb onların evindən təxminən iki mil məsafədə yerləşirdi. Sumner kollec hazırlığı üçün burada 6 il oxumuşdur. Məktəbdə ən çox sevdiyi fənlər kimya və fizika idi.
Orta məktəbdə təhsilini başa vurduqdan sonra Samner elektrik mühəndisliyi ixtisası üzrə Harvard Kollecinə daxil olmuşdur (1906). Bir neçə həftə ərzində bu sahədə riyazi biliklərinin olmadığını və kimyaya üstünlük verdiyini anlayan Samner təhsilnin istiqamətini dəyişmək məcburiyyətində qalır. Tədqiqatlarının sonunda o, professor Q.A.Torrey ilə birgə papaverinin sintezinə yanaşma ilə bağlı ilk elmi işini nəşr etdirmişdir.
Harvard universitetini bitirdikdən sonra Samner əmisi Frederik V. Samnerin rəhbərliyi altında pambıqçılıq ailə biznesinə girdi və eyni zamanda Samner Trikotaj Doldurma Şirkətinin meneceri oldu (1910). Ceyms Samner şirkətin fabrikində şənbə günü istisna olmaqla, gündə 10 saat işləyirdi. Bu vaxt ərzində o, pambıq tayalarının boşaldılması, əyirici maşınların işə salınması və təmiri, yazışmaların çapı kimi onun üçün maraqsız olan tapşırıqları yerinə yetirirdi.
Bir neçə ay sonra o, Kanadaya getmək və orada bir semestr ərzində Mount Allison Sackvil kollecində kimya dərsi demək imkanı yaranır. Orada o, təbiət elmləri kafedrasının professoru vəzifəsini icra edir.
Evə qayıtdıqdan sonra Ceyms Samner Vorcester Politexnik İnstitutunda kimya üzrə köməkçi kimi işə düzəlmişdir. Lakin birinci semestrdən sonra o, Harvardda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmək üçün imkan qazanır. Dostlarının məsləhəti ilə o, tibb fakültəsində biokimya ixtisası üzrə professor Otto Folinin yanına gedir. Əvvəlcə professor ona bir qollu adam kimyəvi tədqiqatlarda uğur qazana bilməz deyir. Lakin Samner laboratoriya işlərində öz çevikliyini nümayiş etdirdi və tezliklə Otto Folinin rəhbərliyi altında tədqiqatlara başladı. Samner magistr (1913) və fəlsəfə doktoru dərəcəsini almışdır (1914). Onun doktorluq dissertasiyası heyvanlarda karbamidin əmələ gəlməsinə həsr edilmişdir.
Bundan sonra Samner sinif yoldaşı ilə birlikdə Avropaya səyahətə çıxır. Samner İnterlakendə olarkən ona Kornell Universiteti Tibb Kollecinin İthaka filialında biokimya üzrə dosent vəzifəsinə təyin olunmasını təklif edən teleqram alır. O, bu təklifi qəbul edir. Lakin Birinci Dünya Müharibəsi başlayır. O, İsveçrəni tərk edib Amerikaya qayıdana qədər bir ay vaxt keçir. Vəzifəsinin icrasına başladıqdan sonra Samner İncəsənət və Elmlər Kollecinin fakültəsinə və Tibb Kollecinin fakültəsinə göndəriş aldı. Beləliklə, Ceyms Samner Korneldə müəllimlik və tədqiqat karyerasına başlayır (1914). 
15 il dosent, sonrakı 9 il Tibb Kollecinin İthaka kafedrasının fiziologiya və biokimya fakültəsinin professoru olur. Sonra bu kafedranın bağlanması ilə əlaqədar İncəsənət və Elmlər Kollecinin Zoologiya kafedrasına biokimya professoru təyin edilir (1938). İki il sonra o, fəaliyyətini Kənd Təsərrüfatı Texnikumunda davam etdirir.
Kənd Təsərrüfatı Texnikumunda biokimya kafedrası yaradıldıqdan bir qədər sonra (1945) biokimya və qidalanma kafedrası adlandırılır və ona heyətinə Sumner rəhbər təyin edildi. İki il sonra bu kafedrada fermentlər kimyası laboratoriyası təşkil edilmiş və Samner onun direktoru olmuşdur (1947).
Samner Kornell Universitetində və bir sıra digər təhsil müəssisələrində olarkən bir neçə təcrübə keçmişdir. O, Belçika -Amerika qrantı alıb (1920-1921) və Brüssel Universitetinin tibb fakültəsində işləyib. Stokholm Universitetində təcrübə keçmiş (1929), Guggenheim təqaüdü ilə Uppsala Universitetində elmi işlə məşğul olmuşdur (1937). Elə həmin il Sumner fermentlər sahəsindəki elmi töhfələrinə görə İsveç Kimya Cəmiyyətindən Scheele Qızıl Medalını almışdır. 
Kornell Universitetinə daxil olduqdan (1914) sonra  Sumner vaxt azlığı səbəbindən orada tədqiqat apara bilmirdi. Onun vaxtının əsas hissəsi müəllimlik vəzifələrinə sərf olunurdu, həmçinin avadanlıqların və laborantların çatışmazlığı da tədqiqat işlərinə maneçilik törədirdi. Buna baxmayaraq, elmə töhfə vermək istəyi Samneri dərhal tədqiqata başlamağa məcbur etdi. Onun ilk işləri əzələlərdə və sidikdə ammonyak və karbamidin tərkibinin təyin edilməsinə həsr edilmişdir. Bununla belə, o, fermentlərin təbiəti probleminə daha çox maraq göstərir və tezliklə fermenti təmiz formada ayırmaq qərarına gəlir. Samner gələcəkdə Stokholmda Nobel mükafatı aldığı zaman çıxışında deyirdi (1948): “Sonra sizə demək istəyirəm ki, niyə fermenti təcrid etməyə cəhd etmək qərarına gəldim (1917). O vaxt mənim tədqiqat üçün vaxtım az idi, çox avadanlıq yox idi, tədqiqat və yardım üçün pulum çatmırdı. Mən həqiqətən vacib bir şey etmək istədim və riskə getməyə qərar verdim. Bəzi həmkarlar mənim fermenti ayırmaq cəhdimin mənasız olduğunu düşünürdülər, lakin buna baxmayaraq, axtarışın öz bəhrəsini verəcəyinə inamım daha da artırdı”.
Samnerin fermenti almaq cəhdləri ilə bağlı araşdırmaları 9 il davam etmişdir. Onun xüsusi hədəfi əvvəlki elmi məqalələrində yer alan ureaza fermenti idi. O, bu fermentin mənbəyinin kanavalli paxlalısının (Canavalia ensiformis)  olduğunu müəyyən etmişdir. Samner həmçinin fermentlərin zülal xarakterli olmasını təklif edirdi. Sumner çoxlu sayda təcrübələr apardıqdan sonra lobyadan tərkibində xırda kristallar olan qatı məhlul almışdır. Bu da sentrifuqada ayrıldıqdan sonra analiz edildi və onun zülal təbiətli olduğu müəyyən edilmişdir. Bu ureaza fermenti idi. Bu kəşflər və sonrakı təsdiqləyici tədqiqatlar nəticəsində Samner “Biological Chemistry” jurnalında məqalə dərc etdirdi və burada o, paxlalı bitkilərdən yeni kristal qlobulinin alındığını elan etdi. Həmin kristalların qlobulinin ureaza fermenti olduğunu sübut etdi (1926).
Əksər biokimyaçılar Samnerin fermenti kristal şəklində aldığına şübhə ilə yanaşırdılar. Samnerin kəşfi xüsusilə alman kimyaçısı Villstatter və onun Almaniyadan olan həmkarları tərəfindən şiddətlə tənqid edildi. Onlar uzun illər təmiz ferment əldə etməyə çalışdılar və onların tərkibində zülalların olmadığı barədə səhv nəticəyə gəldilər. Alman alimləri Samnerin kəşfini - onun kristallaşdırdığı zülalın sadəcə olaraq fermentin daşıyıcısı ola biləcəyini əsas gətirərək rədd etdilər. Bunun ardınca uzun elmi müzakirə aparıldı. Növbəti beş il ərzində Samner öz ilkin nəticəsini bir çox elmi məqalələrdə izah etmişdir. Bu məqalələrdə o, öz mövqeyini dəstəkləmək və tənqidlərə sərt cavab vermək üçün əlavə məlumatlar təqdim etdi.
Sumner amerikalı biokimyaçı Con Norropun pepsin fermentinin kristallaşmasını bildirməsindən sonra güclü dəstək aldı (1930). Bir az sonra Northrop və Kunitz tripsin və kimotripsinin kristallaşması haqqında  mətbuatda xəbər verdilər. Samnerin işinin ümumbəşəri tanınması, həmçinin fermentlərin zülal təbiətli olmasının  son sübutu daha sonra baş verdi.  
Ceyms Betçeller Samner “fermentlərin kristallaşması hadisəsini kəşf etdiyinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1946).  Onun yarısı Sumnerə "fermentlərin kristallaşma qabiliyyətinin kəşfinə görə" verildi. Digər yarısı amerikalı biokimyaçı Con Norropun və Rokfeller İnstitutunda işləyən W. M. Stanley arasında (“fermentləri və virus zülallarını təmiz formada əldə etmək üçün”) bölündü.
Sumnerin fermentlər üzərində apardığı tədqiqatlar təkcə ureaza ilə məhdudlaşmırdı. Dovns ilə birlikdə o, katalazanı kristallaşdırdı və onun zülal təbiətini təyin etmişdir. O, Brüssel Universitetində işləyərkən ilk dəfə tromboplastik maddələrdən təmizlənmiş fibrinogeni əldə etmişdir.
Ümumilikdə, Samner maraq dairəsi ilə bağlı 100-dən çox elmi və bir çox digər texniki və ya populyar elmi məqalələr dərc etmişdir. 
Samner üç dəfə evlənmişdir. İlk dəfə o, 1930-cu ildə boşandığı Berta Luiza Riketslə evlənir (1915). Bu evlilikdən beş uşaq dünyaya gəlmiş və onlardan dördü sağ qaldı. Sonra Samner isveçli Agnes Pauline Lundqvist ilə evləndi və ondan da boşandı (1931). Üçüncü dəfə Samner Meri Morrison Beyerlə evlənmişdir (1943). Bu evlilikdən iki uşaq dünyaya gəlmiş və onlardan yalnız biri sağ qalmışdır.
Uşaqlıqdan Samner bəzi idman növlərini sevirdi, lakin keçirdiyi qəzaya görə müxtəlif idman oyunlarında fərqlənmək üçün çox çalışmalı olmuşdur. Sol əlinin olmamasına baxmayaraq, 60 ildən sonra oynamağa davam etdiyi tennisdə fərqlənirdi. Kornell Tennis Klubu Fakültəsi Çempionatının qalibi olmuşdur.
Sumner həmçinin konki, xizək sürmə, üzgüçülük, bilyard və atıcılıqda çox usta idi. O, həm də bacarıqlı bir fotoqraf idi. Yemək bişirməyi çox sevirdi və bəzən tələbələrlə yemək bişirmək haqqında danışırdı. Alman, fransız və isveç dillərində oxuyub danışa bilirdi.
İllər boyu Samner bir əli olmadığı üçün maşın sürməməli olduğuna inanırdı. Ancaq sonralar sürücülük vəsiqəsi aldı və mahir sürücü oluduğunu hamıya göstərə bildi. Samnerin həm İsveç, həm də ingilis dillərində əmrlərə cavab verməyi öyrətdiyi Hunden adlı cins iti var idi. Bütün bunlar Samnerin nə qədər həyat sevər olduğunu göstərir.
Ceyms Betçeller Samner  67 yaşında Nyu-Yorkda vəfat etmişdir (1955-ci ilin avqustun 12-də).
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş