1913-cü ildə kimya üzrə Nobel mükafatçısı – ALFRED VERNER (1866-1919)
Alfred Verner Elzasda xarrat ailəsində anadan olmuşdu (1866-cı ilin dekabrın 12-də). O, Sürixdə Texnoloji İnstituta daxil olur və kimyaçı-texnoloq diplomu ilə institutu bitirir (1889). Bir neçə il sonra Texnoloji İnstitutda privat-dosent vəzifəsi almışdır (1892). Verner Sürix Universitetində üzvi kimya professoru (1893-1915), həmin universitetin Kimya İnstitutunun direktoru işləmişdir (1909). O, isveçrə vətəndaşlığını qəbul etmişdir (1895). Vernerin ilk işləri üzvi kimyaya aid olmuşdur. O, A. R. Qanç ilə birlikdə oksimlər tipində azotlu birləşmələrin və azobenzolun strukturunu müəyyən etmiş və C=N ikiqat rabitəli birləşmələrin stereoizomerliyi nəzəriyyəsini təklif etmiş, dördlü aminlərin quruluşlarını öyrənmişdir. “Qeyri üzvi birləşmələr haqqında” adlı əsas işini çap etdirmiş (1893) və burada kompleks birləşmələrin quruluşu haqqında mülahizələrini - bir neçə postulata əsaslanan koordinasiya nəzəriyyəsini təklif etmişdir.
Verner öz nəzəriyyəsini izah etmək üçün çoxlu sayda kompleks birləşmələr sintez etmiş, onların tərkib və quruluşlarını təyin etmək üçün eksperimental üsullar işləmiş, o dövrdə məlum olan bütün kompleks birləşmələrin sistematikasını hazırlamışdır. Asimmetrik karbon atomuna malik olmayan, optiki fəal komplekslərin mövcudluğu haqqında əvvəlcədən fikir söyləmişdir (1899).
Verner 40-dan çox optiki fəal koordinasiyon birləşmə sintez etmiş (1911-ci ilə qədər) və kimya cəmiyyətini bu nəzəriyyənin doğruluğuna tam əmin etmişdir.
Onun təsəvvürləri kompleks birləşmələr kimyasının nəzəri fundamenti oldu və kimyanın müxtəlif sahələrində geniş istifadə olunmağa başlanıldı. O, turşu və əsasların yeni nəzəriyyəsini işləyib hazırladı (1907). Bu nəzəriyyə sonralar Y.N. Brenstedin turşu və əsaslar haqqındakı nəzəriyyəsinin ilk əsasları oldu. Verner İ.İ. Ostromıslenskdən asılı olmayaraq müəyyən etmişdir ki, olefinlər tetranitrometan ilə rəngli kompleks birləşmələr əmələ gətirir. Verner “molekullarda atomlar arasında kimyəvi rabitənin (1910) təbiəti haqqındakı işlərinin qəbul edilməsi əlaməti olaraq” kimya üzrə Nobel mükafatına layiq görülmüşdü (1913).
O, həmçinin Fransız kimya cəmiyyətinin Leblan medalı ilə təltif edilmiş, Britaniya Kimya Cəmiyyətinin, Qettingen elmlər akademiyasının və bir sıra digər cəmiyyətlərin üzvü olmuşdur.
Alfred Verner Sürixdə vəfat etmişdir (1919-cu ildə noyabrın 15-də).
Əli ZALOV
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş