1943-cü ildə kimya üzrə Nobel mükafatçısı – DYERD DE HEVEŞİ (1885-1966)

 

Dyerd (Georq) Heveşi Budapeştdə  varlı ailədə anadan olmuşdur (1885-ci ilin martın 1-də). Milliyətcə macar olan Heveşinin ixtisası fiziki kimyaı və radiokimya olmuşdur. O, Budapeşt universitetini bitirmişdir  (1908). Mühəndis-kimyaçı olmaq qərarına gələn Heveşi Berlin texnologiya universitetində təhsilini davam etdirmişir. Daha sonra Almaniyanın cənubunda yerləşən Freyburq universitetində fiziki kimyanı öyrənmişdir. Onun doktorluq dissertasiyası ərimiş natrium hidroksid ilə metallik natriumun qarşılıqlı təsirinə həsr olunmuşdur. Bu işin müdafiəsinə görə o doktorluq dərəcəsi almışdır (1908).Heveşi hələ gənclik illərindən böyük elmi məktəb keçmişdir. Belə ki, o, Sürix universitetində, Karlsruedə Ali texniki məktəbdə F. Qaberin laboratoriyasında, Mançester universitetində E. Rezerfordun yanında (1911-1913), Vyanada Radium institutunda F.A. Panetin yanında çalışmışdır (1913). 
Birinci Dünya Müharibəsi zamanı avstriya-macarıstan ordusunda xidmət etmişdir. Budapeşt universitetində professor vəzifəsində (1918) çalışmışdır (1913-1920). Kopenhagen (1920 -1926 və 1934-1943), Freyburq (1926-1934) və Stokholm (1943) universitetlərinin professoru olmuşdur. Əsas elmi işləri radiokimya sahəsində olan Heveşi belə nəticəyə gəlmişdir ki, eyni elementlərin izotoplarının kimyəvi xassələri də eyni olur. Panet ilə birlikdə izotop indikatorları üsulunu təklif etmişdir (1913). Radioaktiv yerdəyişmələr qanununun ifadəsinin hazırlanmasında aktiv iştirak etmişdir. Hollandiya alimi D. Koster ilə birlikdə hafnium elementini kəşf etmiş və sübut etmişdir ki, o, sirkoniumun  kimyəvi analoqudur.
Hafnium gümüşü rəngli korroziyaya dayanıqlı plastik metaldır. Fransız kimyaçısı Jorj Urben ilk olaraq (1911) atom  kütləsi 72 olan elementin kəşfi haqda xəbər vermişdir. Lakin  Heveşi hollandiyalı Dirk Koster ilə birlikdə bu elementi Danimarkada kəşf etmiş və onun rentgen şəkillərini təqdim edərək, elementi kəşf etdiklərini sübüt etmişlər.
İlk dəfə bitkilərdə qurğuşunun paylanmasını öyrənmək üçün biologiyada radioaktiv indikator (radium D) istifadə etmişdir (1923). Nadir torpaq elementlərini 2 sıraya (ceriumdan evropiuma qədər və gadaloniumdan lutesiuma qədər) ayırmış və ittriumun xüsusi mövqeyini izah edərək bu elementlərin sistematikasını təklif etmişdir (1927).
Kimyəvi elementlərin rentgen şüalanması zamanı ikinci şüaları buraxması hadisəsini müəyyən etmişdir ki, bu da analizin fluoresent üsulunun əsasını təşkil etmişdir (1931).
İzotop durulaşdırma üsulunu işləyib hazırlamış (1932) və radioaktiv izotopları biokimyəvi prosesləri öyrənmək üçün tətbiq etmişdir (1934). Həmyerlisi kimyaçı Q. Levi ilə birlikdə neytron aktivləşdirici analiz üsulunu işləyib hazırlamışdır (1936). Canlı orqanizmlərdə su balansını müəyyən etmək üçün ağır su istifadəsi imkanını kəşf etmişdir (1941).
Bütün bu tədqiqatlar onu Nobel mükafatına gətirib çıxarmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, İkinci Dünya Müharibəsi ərəfəsində, yəni 1940-1943-cü illərdə Nobel mükafatı heç kimə verilməmişdir. Amma, növbəti ildə, 1944-cü il də 1943-cü il üçün Nobel mükafatı “kimyəvi proseslərin öyrənilməsi zamanı izotopların nişanlanmış atomlar kimi istifadəsi üzrə işlərə görə” Heveşiyə verilmişdir. Bundan başqa o, sülhyönümlü radioaktiv izatop istifadəsinə görə “Sülh üçün Atom” (1958), Faradey mühazirələri (1950) mükafat və Kopli medalı (1949) almışdır.
Heveşi London Kral Cəmiyyətinin, İsveç Kral Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının, Papa Elmlər Akademiyasının və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü olmuşdur.
Heveşi 80 yaşında ürək tutmasından Freyburqda vəfat etmiş və Kerepeçi məzarlığında dəfn edilmişdir (1966-cı ilin iyulun 5-də). 
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş