1938-ci ildə kimya üzrə Nobel mükafatçısı – RİXARD KUN (1900-1967)

 


Avstriya kimyaçı və biokimyaçısı hesab edilən Riçard Kun Vyanada mühəndis Klement Kun və ibtidai məktəb müəllimi Anjelika (Rodler) Kunun ailəsində anadan olmuşdur (1900-cü ilin dekabrın 3-də).  Əvvəlcə balaca Riçarda anası dərs deyirdi. Onun 9 yaşı olanda sinif yoldaşlarından birinin Volfqanq Pauli olduğu Deblinq gimnaziyasına daxil olur. Orta məktəbi bitirdikdən (1917) sonra Kun hərbi xidmətə çağırıldı və (1918) Birinci Dünya Müharibəsində atəşkəs bağlanana qədər xidmət etdi.Ordudan qayıtdıqdan sonra Kun Vyana Universitetinə daxil olur, lakin üç semestr oxuduqdan sonra Münhendəki universitetə keçir. Orada o, Riçard Villstatterin rəhbərliyi altında kimya üzrə təhsil alır və də “Karbohidrogen mübadiləsində fermentlərin xüsusi rolu haqqında” dissertasiyası müdafiyə edərək doktorluq dərəcəsi alır(1922-1925). Kun Sürixdəki Federal Texnologiya İnstitutuna işləmək üçün dəvət alana qədər (1926)  Münhen Universitetində tədqiqatlarını davam etdirmişdir.Kun Federal Texnologiya İnstitutundan istefa verdi (1929) və Heydelberg Universitetində yaradılan Kayzer Vilhelm Tibbi Tədqiqatlar İnstitutunda (1950-ci ildən - Maks Plank İnstitutu) kimya şöbəsinə rəhbərlik etdi və eyni zamanda universitetdə kimya professoru vəzifəsini tutdu. Bir neçə il sonra Tibbi Tədqiqatlar İnstitutun institutun direktoru olmuş və karyerasının sonuna kimi bu vəzifədə qalmışdır (1937).
Villştatterin işindən ilhamlanan Kun, üzvi birləşmələrin kimyasının onların bioloji sistemlərdəki funksiyası ilə necə əlaqəli olduğu xüsusilə maraqlandırdı. Fermentlər - alimin erkən tədqiqat mövzusu - hüceyrələrdə baş verən kimyəvi reaksiyaların gedişini sürətləndirən katalitik zülallardır. Hər bir ferment xüsusi kimyəvi (substrat) reaksiyanı sürətləndirir. Kun üzvi molekullarda atomların düzülüşünü (yəni, molekulların konfiqurasiyasını təyin etmək) və bu molekulların onlardan keçən işığı necə səpələdiyini öyrənməyə (yəni, onların optik izomerliyini təyin etməyə) çalışırdı. O, həmçinin qoşa və tək kimyəvi rabitələrin bir-biri ilə növbələşdiyi molekulyar quruluşu olan birləşmələrlə də maraqlanırdı. Kun öz tədqiqatının hər iki istiqamətini birləşdirərək, canlı hüceyrələrin mühüm tərkib hissəsi olan karotenoidləri - bioloji piqmentləri öyrəndi. Belə bir maddənin, yerköküdə olan bir piqmentin - karotinin kimyəvi formulu əvvəllər Villstatter tərəfindən müəyyən edilmişdir. Kun və Paul Karrer müstəqil olaraq karotində iki fərqli komponent kəşf etdilər: işığı səpələyən alfa-karotin və işığı səpələməyən beta-karotin (1931). İki il sonra Kun başqa, üçüncü növ - qamma-karotini də kəşf etmişdi. Bu üç növ (üç izomer) eyni kimyəvi formula malik olub, lakin onların molekullarının müxtəlif konfiqurasiyaları vardı.
Araşdırmanı davam etdirən Kun, belə qərara gəlir ki, bioloji sistemlər tərəfindən A vitamininin sintezi üçün zəruri “başlanğıc material” karotinin maddəsidir. Vitamin A ali heyvanların böyüməsində və selikli qişanın bərpa olunmasında mühüm rol oynayır. Bundan əlavə, Kun qaraciyərin bir beta-karotin molekulundan və ya iki alfa-karotin molekulundan iki molekul A vitamini hazırlaya biləcəyini kəşf etmişdir. Kun və onun əməkdaşları bir çox bitki və heyvanlarda karotenoidlərin mövcudluğunu aşkar etdilər və bununla da xromatoqrafiya kimi mühüm analitik cihazdan istifadə imkanlarını xeyli genişləndirdilər. 
Daha sonra alim suda həll olan B vitaminlərinin tədqiqinə diqqət yönəltmişdir. O, Albert Szent-Gyorgyi və Julius Vagner-Jauregg ilə işləyərək minlərlə litr süddən bir qrama yaxın laktoflavin ayırmışdır. Laktoflavinin parçalanma məhsulu olan lumiflavinin strukturunu müəyyən edən Kun beləliklə, laktoflavinin özünün kimyəvi tərkibini öyrənə və sonda hər iki birləşməni sintez edə bilmişdir. Laktoflavinin (indi riboflavin və ya B2 vitamini kimi tanınır) tənəffüs prosesi ilə əlaqəli fermentlərin fəaliyyətində son dərəcə mühüm rol oynadığını göstərməklə Kun canlı sistemlərdə vitaminlərin funksiyasını başa düşülməsində həlledici addım atdı. O, həmçinin sinir sisteminin maddələr mübadiləsini tənzimləməyə kömək edən, əvvəllər adermin (1939-cu ilə qədər), hazırda B6 vitamini adlanan maddəni almış, kimyəvi tərkibini və molekulyar quruluşunu təyin etmişdir.
Riçard Kun “karotenoidlər və vitaminlər üzərindəki  işinə görə” kimya üzrə (1938) Nobel mükafatına layiq görüldü. Lakin nasist hökuməti Almaniya vətəndaşı kimi ona mükafatı almağı qadağan etdi. Burada bir məsələni qeyd etmək lazımdır ki, 4 il əvvəl Nobel Sülh Mükafatı nasizmin tənqidçisi Karl fon Osetskiyə mükafatı verilmişdir (1936). Bu məsələ Hitleri Nobel mükafatı komitəsinə qarşı qəzəbləndirmişdir. Ona görə də Hitler Alman vətəndaşlarına bu mükafatı almağı qadağan etmişdir (1937). Buna baxmayaraq Nobel mükafatı komitəsi Alman kimyaçıları Riçard Kuna (1938), Adolf Butenandta (1939) və fzioloqu Herxard Domaqka (1939) mükafatı təqdim etmişdir. Ancaq onlar təqdimat prosesində iştirak edə bilməmişdilər. Medallar alimlərə İkinci dünya müharibəsi bitdikdən sonra təqdim edilmişdir, ancaq pul Nobel fondunda qalmışdır.
Riçard Kun nasistlərlə çox diqqətlə davranırdı. O, yüksək rütbələr dövlət adamları ilə mehriban davranır, Reyx ilə daim əlaqə saxlayırdı. O, yazırdı “Mənə dedilər ki, yəhudi alimləri ilə əlaqə saxlamayım – onlarla işləməyi dayandırdım. Zəhərli maddələr hazırlamaq əmri verdilər - bəs bunun nəyi pisdir?” Əgər, Almaniya Kunun yaratdığı zəhərdən (fosforüzvi kimyəvi döyüş silahı) istifadə etmək qərarına gəlsəydi (1944), kim bilir, Kun Stokholm Nobel mükafatı almaq yerinə (1949)  Nürnberqdə məhkəmə zalında (1945) olardı. O, Alman kimya cəmiyyətinin prezidenti (1938-1945) və Prussiya Elmlər Akademiyasının, Bavariya Elmlər Akademiyasının üzvü olmuşdur.
Riçard Kun  Heydelberqdə 66 yaşında vəfat etmiş və Bergfriedhofda dəfn edilmişdir (4 avqust 1967-ci ildə).
 
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş